Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-108/2021 01.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına qarşı “görüşlərə və telefon danışıqlarına icazə verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qardaşı X7 ilə görüşməsinə icazə verilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən qardaşı məhbus X7 ilə qanunla müəyyən edilmiş qaydada görüşlərinə və telefon danışıqlarına icazə verilməməsinin Avropa Konvensiyasının 8-ci maddəsinin pozuntusu kimi tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X3 izahatında bildirdi ki, 15 sentyabr 2018-ci il tarixdən başlayaraq iddiaçı X5 Bakı İstintaq Təcridxanasında saxlanan qardaşı məhbus X7 ilə qanunla müəyyən edilmiş qaydada qısa müddətli görüşlərinə və telefon danışıqlarına Bakı İstintaq Təcridxanasının rəhbərliyi tərəfindən heç bir əsas olmadan icazə verilməmişdir. Görüşlərə və telefon danışıqlarına qoyulan məhdudiyyətlərin aradan qaldırlması üçün iddiaçı dəfələrlə Penitensiar Xidmətə, Bakı İstintaq Təcridxanasına müraciət etmiş, lakin müraciətlərinə cavab verilməmişdir. İddaçının şikayətlərindən sonra görüşlər barədəki məhdudiyyətlər, sonra isə telefon danışıqlarına məhdudiyyətlər aradan qaldırılmışdır. Hazırda məhbus X1 Xidmətin 13 saylı cəzakəçmə müəssisəsində saxlanılır və iddiaçının qardaşı ilə qısa müddətli görüşülərinə və telefon danışıqlarına məhdudiyyətlər mövcud deyil. Lakin hesab edir ki, iddiaçı bir ildən çox müddətə qardaşı məhbus C.Hacıyevlə görüşmək və telefon danışıqlarından məhrum edildiyi üçün bu qanunsuzluğa məhkəmə tərəfindən hüquqi qiymət verilməli və bununla əlaqədar olaraq Avropa Konvensiyasının 8-ci maddəsinin pozuntusu tanınmalıdır. Göstərilənlərə əsasən cavabdehlər tərəfindən iddiaçının qardaşı məhbus X7 ilə qanunla müəyyən edilmiş qaydada görüşlərinə və telefon danışıqlarına icazə verilməməsinin Avropa Konvensiyasının 8-ci maddəsinin pozuntusu kimi tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarından görünür ki, iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etməmişdən əvvəl telefon danışıqlarına icazə verilməsi ilə bağlı cavabdehlərə müraciət etməmişdir. Məhkəməyə yalnız görüşə icazə verilməsi ilə bağlı cavabdehlərə müraciətlərin surəti təqdim edilmişdir. Həmin müraciətlər 20.10.2018-ci ildə imzalanmış, 23.10.2018-ci ildə poçt xidmətinə təqdim edilmişdir, iddia ərizəsi ilə məhkəməyə isə 02.11.2018-ci ildə müraciət olunmuşdur. İddiaçı iddia ərizəsində onun müraciətlərinə cavabdehlər tərəfindən cavab verilmədiyini, bundan sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini qeyd edir. Lakin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçənədək (qanunvericiliklə daha qısa və ya daha uzun müddətin müəyyən olunduğu hallar istisna olmaqla) məhkəmədə iddia qaldırılmasına yol verilmir. Göründüyü kimi, inzibati orqanın hərəkətsizliyindən müdafiə ilə əlaqədar iddiaçı tərəfindən iddia müddətinə əməl edilməmişdir. Bundan başqa, iddia tələbindən görünür ki, iddiaçı qardaşı ilə qanunla müəyyən edilmiş qaydada görüşlərinə və telefon danışıqlarına icazə verilməməsinin Avropa Konvensiyasının 8-ci maddəsinin pozuntusu kimi tanınması barədə qərar qəbul edilməsini xahiş edir. Lakin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində inzibati məhkəmə icraatı qaydasında baxılan iddia növləri arasında belə bir iddia növü nəzərdə tutulmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki iddia tələbinin inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-108/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-108/2021
01.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver