Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1080/2020 20.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, iddiaçının nümayəndəsi X3, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X4, üçüncü şəxs X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X5 və X9 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “reyestrdən çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri,N.Vəzirov küçəsi,56) şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) qarşı “reyestrdən çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanındakı 3 və 5 saylı mənzillərin 2 ümumi dəhlizinin, ½ nisbətində bölünməsi və bu barədə hüquq müəyyənedici sənədin-çıxarışın verilməsi öhdəliyinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən, ümumi və yaşayış sahəsi 42 kv metr təşkil edən, 3 otaqdan ibarət olan 5 saylı mənzil onun mülkiyyətindədir. Bu barədə ona xx.xx.2011-ci il tarixdə DƏDRX Bakı Ərazi İdarəsi tərəfindən MA seriyalı ******* N°li Çıxarış verilmişdir. O cümlədən ona məxsus olan mənzilə AR DƏDRX tərəfindən xx.xx.2009-cu il tarixdə 11/106 inventar nömrəsi ilə “Daşınmaz Əmlakın Texniki Pasportu” da verilmişdir. Eləcə də ünvan 3 ünvanında yerləşən 3 otaqlı, 3 nömrəli mənzil paylı mülkiyyət hüququ üzrə qonşuları - X2 ümumi sahəsi 14,2 m2 təşkil edən 1 otaq, X11ma ümumi sahəsi 34 m2 təşkil edən 2 otaq məxsusdur. Qeyd edilən 3 saylı mənzilə dair Daşınmaz Əmlakın Dövlət Reyester Xidmətinin 1 saylı Bakı ərazi İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixədə paylı mülkiyyət hüququna dair MH seriyalı, ******* saylı çıxarış verilmişdir. Qonşulara məxsus 3 saylı mənzilə də Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti tərəfindən xx.xx.2009-cu il tarixdə 11/116 inventar nömrəsi ilə Daşınmaz Əmlakın Texniki pasportu verilmişdir. Yaşadıqları ünvandaki 3 və 5 saylı mənzillərə məxsus olan mətbəx, hamamxana razılıqlarına əsasən ½ nisbətində bölünmüşdür. Lakin ona və qonşulara məxsus 5 və 3 saylı mənzillərin 2 dəhlizi ümumi istifadədədir. Həmin dəhlizlərin də 1/2 nisbətində bölünməsi xahişi ilə cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə dəfələrlə müraciət etmələrinə baxmayaraq həmin qurum tərəfindən onların qanuni tələblərindən müxtəlif və əsassız bəhanələrlə imtina edilmiş, eyni məzmunlu, heç bir məntiqə əsaslanmayan standart cavablar verilməklə kifayətlənilmişdir. Halbuki hər iki dəhlizin bərabər olaraq bölünməsi heç bir çətinlik yaratmır. Onlar növbəti müraciəti ilə bağlı AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubla bildilir ki, AR Mənzil Məcəllə 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Ancaq nəzərə alınmır ki, onların bölünməsini xahiş etdikləri hər iki ümumi dəhliz yalnız 2 ailəyə məxsusdur və mənzilləri daxilindədir. Bu səbəbdən onlar xx.xx.2019-cu il tarixdə DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə yenidən ərizə ilə müraciət etmiş, xx.xx.2019-cu il tarixdə poçt vasitəsi ilə aldıqları məktubda cavabdeh bildirmişdir ki, guya ki, bundan əvvəl onlara ünvanlanmış məktubda qeyd etdikləri məsələ ilə bağlı onlar tərəfindən irəli sürülən iradları aradan qaldırılmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2019-cu il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair yazılı etiraz etmiş və etirazını onunla əsaslandırmışdır ki, sözügedən mənzil daşınmaz əmlakın dövlət reyestrindən paylı mülkiyyət kimi qeydiyyatdan keçmişdir və iddia edilən sahələr mənzilin ümumi istifadəsində olan birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Bu səbəbdən də ərizəsinin icrası mümkün olmamışdır. Məhkəmənin xx xxxx 2020-ci il tarixli qərardadı ilə inzibati iş üzrə X1 və X6 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmələri qərara alınmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxs X2 qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, o, məhkəmə iclasında iştirak etməmiş və gəlmədiyinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən üçüncü şəxsin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi X7 iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 iddia tələbinə dair yazılı etirazını məhkəməyə təqdim etdiyini bildirərək və etirazda qeyd olunanların nəzərə alınmaqla iddia tələbinin əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs X9 iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının, üçüncü şəxsin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan; xx.xx.2011-ci ildə Bakı şəhər Səbail rayon polis idarəsi tərəfindən verilmiş Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1976-cı ildə Bakı şəhərində doğulmuşdur. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş MA seriyalı ******* saylı və MH seriyalı ******* saylı Çıxarışların notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, müvafiq olaraq Bakı şəhəri, Səbail rayonu, Adil İsgəndərov küçəsi, ev 3/3, mənzil 5 xüsusi mülkiyyət hüququ ilə İddiaçı, Bakı şəhəri, Səbail rayonu, Adil İsgəndərov küçəsi, ev 3/3, mənzil 3 xüsusi mülkiyyət hüququ ilə X6 adına qeydiyyata alınmış, mənzillərə dair texniki pasportlar tərtib olunmuşdur. İddiaçı hazırkı tələblə bağlı ərizələr ilə cavabdeh inzibati orqana müraciət etmişdir. DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin **********02 №li xx.xx.2019-cu il tarixli cavab məktubunda müraciətçiyə bildirilmişdir ki, sözügedən mənzil daşınmaz əmlakın dövlət reyestrindən paylı mülkiyyət kimi qeydiyyatdan keçmişdir və iddia edilən sahələr mənzilin ümumi istifadəsində olan birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. İdarənin xx.xx.2019-cu il tarixli **********38 saylı imtina məktubu ilə isə iddiaçıya sözügedən ünvanda yerləşən mənzilə dair **********02 №li xx.xx.2019-cu il tarixli məktubla cavab verildiyi və həmin cavab məktubunda qeyd olunan iradların aradan qaldırılmadığı göstərilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Həmin Məcələnin 36.4-cü maddəsinə əsasən çoxmənzilli binada olan sahənin mülkiyyətçisinin aşağıdakıları etməyə hüququ yoxdur: çoxmənzilli binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payını natura şəklində ayırmağa (36.4.1.); çoxmənzilli binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payını özgəninkiləşdirməyə, habelə həmin payın göstərilən sahəyə mülkiyyət hüququndan ayrılıqda keçməsinə səbəb olan digər hərəkətləri etməyə (36.4.2.). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi) daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının mübahisəli əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcuddur. Belə ki, iddiaçı tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi tələb olunan daşınmaz əmlak çoxmənzilli binanın ümumi əmlakı olmaqla ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur və mənzil qanunvericiliyinin yuxarıda qeyd olunan tələblərinə əsasən mənzil mülkiyyətçisinin (hazırda iddiaçı) göstərilən sahəyə mülkiyyət hüququndan ayrılıqda keçməsinə səbəb olan digər hərəkətləri etmək hüququ yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iddiaçının, üçüncü şəxsin və cavabdehin nümayəndələrinin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-1080/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1080/2020
20.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver