Məhkəmə qərarları › İş №2-1(112)-1080/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1080/2025

17.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1080/2025 17.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində yerləşən 93 saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyetrində İddiaçı adına qeydiyyatına alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri İcra Hakimiyyətinin nizamnaməsi əsasında fəaliyyət göstərən X1 və istismarı birliyi ilə bağlanmış xx.xx.2002-ci il tarixli, 16805 saylı icarə müqaviləsinə əsasən Zirə qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsi İddiaçı istifadəsinə verilmişdir. Qeyd edilən torpaq sahəsi hal-hazırda da onun istifadəsindədir. O, qeyd edilən torpaq sahəsini İddiaçı adına dövlət qeydiyyatına alınaraq çıxarış almaq üçün xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə rəsmi müraciət etmişdir. 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2023-cü il tarixli bildirişi ilə onun müraciətinə cavab vermiş və torpaq sahəsinin dövlət qeydiyyatına alınmasından imtina etmişdir. İmtinanın əsası kimi torpaq sahəsinin yerləşdiyi ərazidən yüksək gərginlikli elektrik xəttinin keçdiyi üçün torpaq sahəsinin atasının adına dövlət qeydiyyatına alınmasından imtina edildiyi bildirilmişdir. O "xxxx" ASC-yə müraciət edərək arayış almışdır. Arayışda qeyd edilir ki, Zirə qəsəbəsi 93 saylı bağ sahəsi 6 kV-lıq elektrik şəbəkəsinin mühafizə zonasında yerləşir və qeyd edilən torpaq sahəsi elektrik verilişi xəttinin istismarına maneə törətmədiyi üçün qeydiyyata alınmasına etiraz etmirik. O qeyd edilən arayışı təqdim edərək ƏMDX 1 saylı Bakı Ərazi İdarəsinə ikinci dəfə müraciət etdi. 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2024-cü il tarixində onun ikinci müraciətinə baxmaqdan imtina etmiş və ona xx.xx.2023-cü il tarixli bildiriş ilə cavab verildiyini bildirmişdir. Hesab edir ki, inzibati orqanın hüquqların qeydiyyatından imtina ilə bağlı gəldiyi nəticə düzgün olmadığından bununla əlaqədar məhkəmə qərar qəbul etməlidir. Sözügedən torpaq müqavilə əsasında iddiaçının 22 ildən çoxdur ki, iddiaçının faktiki istifadəsindədir.

3. Cavabdehin iddiaçıya ünvanlandığı imtina məktubunda qeyd edilmişdir ki, elektron kadastr baza məlumatına əsasən torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Həmçinin göstərilən torpaq sahəsi arxiv bölgü sxemi və bağların bölgüsünə dair sxematik xəritəyə əsasən digər bağların ərazisinə uyğun gəlir. Elektrik şəbəkələrinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə tənzimlənir.

4. Cavabdehin iddiaya dair yazılı etirazını onunla əsaslandırılmışdır ki, elektron kadastr baza məlumatına əsasən torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Həmçinin göstərilən torpaq sahəsi arxiv bölgü sxemi və bağların bölgüsünə dair sxematik xəritəyə əsasən digər bağların ərazisinə uyğun gəlir. Belə ki, sxematik xəritəyə əsasən 94 saylı bağ sahəsinin bir hissəsinə, arxiv bölgü sxeminə əsasən isə 93A saylı bağ sahəsinin ərazisinə uyğun gəlir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən, Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilməsini təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılması qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

5. Məhkəmə sorğusu əsasında cavabdeh tərəfindən əldə edilmiş xx.xx.2002-ci il tarixli 93 nömrəli bağın icarəyə verilməsi haqqında 16805 nömrəli müqavilədə qeyd edilmişdir ki, X1 və İstismarı Birliyi ilə X2 arasında Zirə qəsəbəsində yerləşən 0,12 ha bağ sahəsinin icarəyə verilməsinə dair müqavilə bağlanılmışdır.

6. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 13- 13/2-2/064-H-9304-5/2023 nömrəli arayışında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli Qərarı ilə təsdiq edilmiş "Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 5a saylı bəndinə əsasən ona məxsus, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, 93 saylı bağ sahəsi 6 kV-luq elektrik şəbəkəsinin mühafizə zonasında yerləşir. Yuxarıda qeyd olunan bağ sahəsi elektrik verilişi xəttinin istismarına maneçilik törətmir və qeydiyyata alınmasına etiraz edilmir.

7. Məhkəmə sorğusu əsasında əldə edilmiş cavabdehin daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə (baxış) aktında qeyd edilmişdir ki, Zirvə bağ massivində yerləşən 93 saylı bağın faktiki sahəsi 1245 kv.m-dir, göstərilən sahə hasar daxilindədir. Sahənin şərq hissəsindən hasardan 1 metr aralı çöl tərəfdən 6 V-luk elektrik xətti keçir.

8. Məhkəmə sorğusu əsasında cavabdeh tərəfindən əldə edilmiş xx.xx.2002-ci il tarixli 93”a” nömrəli bağın icarəyə verilməsi haqqında 16805 nömrəli müqavilədə qeyd edilmişdir ki, X1 və İstismarı Birliyi ilə X3 arasında Zirə qəsəbəsində yerləşən 0,12 ha bağ sahəsinin və 39,13 kv.m olan otaqdan ibarət sahənin icarəyə verilməsinə dair müqavilə bağlanılmışdır.

9. Məhkəmə sorğusu əsasında cavabdeh tərəfindən əldə edilmiş bağların yerləşdiyi yerin cizgi sxemindən görünür ki, 93 və 93 “a” bağların yerləşdiyi yerlər müəyyən edilmişdir.

10. Məhkəmə sorğusu əsasında əldə edilmiş cavabdehin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, göstərilən sahə sənəd üzrə 1200.0 kv.m olsa da, faktiki olaraq hasardaxili 1245.0 kv.m təşkil edir. Torpaq sahəsi üzərində su quyusu mövcuddur. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Həmçinin göstərilən sahə arxiv bölgü sxemi və bağların bölgüsünə dair sxematik xəritəyə əsasən digər bağların ərazisinə uyğun gəlir.

11. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

İİ. İddianın növü və mümkünlüyü

13. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

14. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.

15. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

16. İddia mümkündür.

İİ. Məhkəmənin mövqeyi

17. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, X1 və İstismarı Birliyi ilə İddiaçı arasında Zirə qəsəbəsində yerləşən 0,12 ha bağ sahəsinin icarəyə verilməsinə dair müqavilə bağlanılmışdır. İddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, müraciətinin təmin edilməsindən imtina edilmişdir.

18. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:

19. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

20. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.

21. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

22. Azərbaycan Respublikası Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanununun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

24. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

25. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

26. Cavabdehin imtinada və iddiaya yazılı etirazında göstərdiyi əsas dəliləri ondan ibarət olmuşdur ki, elektron kadastr baza məlumatına əsasən torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir, həmçinin sxematik xəritəyə əsasən 94 saylı bağ sahəsinin bir hissəsinə, arxiv bölgü sxeminə əsasən isə 93A saylı bağ sahəsinin ərazisinə uyğun gəlir.

27. Bununla bağlı bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 may tarixli, 261 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər”in 1.4-cü bəndinə əsasən bu Tələblər qüvvəyə minənədək ərazisində elektrik şəbəkələrinin mühafizə zonası müəyyən edilən torpağın mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri həmin torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Elektrik şəbəkələrinin mühafizə zonasının ərazilərində təsərrüfat işlərini aparan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu Tələblərə əməl etməlidirlər.

28. Mübahisəli ünvanda yerləşən iddiaçının istifadəsində olan bağ sahəsi sözügedən «Tələblər» qəbul edilənə qədər, yəni X1 və İstismarı Birliyinin xx.xx.2002-ci il tarixli 16805 nömrəli müqaviləsi ilə ona ayrılmışdır.

29. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli arayışında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli Qərarı ilə təsdiq edilmiş "Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 5a saylı bəndinə əsasən iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, 93 saylı bağ sahəsi 6 kV-luq elektrik şəbəkəsinin mühafizə zonasında yerləşir. Yuxarıda qeyd olunan bağ sahəsi elektrik verilişi xəttinin istismarına maneçilik törətmədiyi və qeydiyyata alınmasına etiraz edilmədiyi bildirilmişdir.

30. Məhkəmə cavabdehin etirazda qeyd etdiyi digər dəlilini də əsassız hesab edir. Belə ki, cavabdeh tərəfindən bildirilən dəlil bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsindən imtina üçün əsas ola bilməz. Məhkəmə sorğusu nəticəsində əldə olunan bağ sahələrinin sxematik xəritəsinin və qonşuluqda yerləşən bağ sahələrinin cizgilərinin qarşılaşdırılması zamanı iddiaçının faktiki istifadəsində olan bağ sahəsinin “93” saylı bağ sahəsinə uyğunluğu müəyyən olunur.

31. İnzibati orqan səlahiyyətlərinə uyğun olaraq torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərinin və texniki sənədlərin tərtib edilməsi işlərinin aparılması qaydasında mümkün uyğunsuzluğu aradan qaldırmaqla bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və plan-ölçü verilməlidir.

32. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;

33. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuni hesab edilə bilməz və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

34. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

35. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

36. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

37. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində yerləşən 93 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyetrində İddiaçı adına qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar