Məhkəmə qərarları › İş №2-1(112)-10800/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10800/2023

05.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10800/2023 05.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı Cavabdehin nümayəndəsi X4 iştirakları ilə İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə qarşı “qərarın ləğv edilməsi” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi GİRİŞ HİSSƏSİ: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 12 may 2023-cü il tarixli və 30 may 2023-cü il tarixli tədiyyə bildirişlərinin etibarsız hesab edilməsi, ötən il və cari il üçün hesablanmış əmlak vergisi ödəməli olduğu barədə Binəqədi bələdiyyəsi tərəfindən qəbul edilmiş müvafiq qərarların ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 12 may 2023-cü il tarixli **********5553 saylı və 30 may 2023-ci il tarixli **********3759 saylı tədiyyə bildirişlərinin etibarsız hesab edilməklə hesablanmış vergi borclarının silinməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Binəqədi bələdiyyəsinin 12 may 2023-cü il tarixli tədiyyə bildirişinə əsasən iddiaçıya məlum olmuşdur ki, vergi ödəyicisi kimi ünvanı Dərnəgül qəsəbəsi, Yusifzadə küçəsi, ev 167 olması qeyd olunmaqla 2023-cü il üçün Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 198.1.1-ci maddəsinə əsasən 121.6 manat əmlak vergisi hesablanmaqla, verginin ödənilmə müddəti 1 5.08.2023-cü il tarixədək 60.8 manat, xx.xx.2023-cü il tarixədək 60.8 manat ödənilməli olması, həmçinin ötən dövrlər üzrə vergi borcunun 243.2 manat olması, bununla bağlı faiz məbləğinin 71.62 manat olması qeyd edilməklə ümumilikdə 436.42 manat bələdiyyəyə vergi ödəməlidir. Bundan sonra, Binəqədi bələdiyyəsi tərəfindən yenidən iddiaçıya 30 may 2023-cü il tarixli tədiyyə bildirişi göndərilərək vergi ödəyicisi kimi ünvanı Ə.Əliyev küçəsi 36, 2-ci döngə ev 7 olması qeyd olunmaqla 2023-cü il üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1.1-ci maddəsinə əsasən 116.93 manat əmlak vergisi, 1.79 torpaq vergisi hesablanmaqla, verginin ödənilmə müddəti xx.xx.2023-cü il tarixədək 69.36 manat, xx.xx.2023-cü il tarixədək 59.36 manat ödənilməli olması, həmçinin ötən dövrlər üzrə vergi borcunun 237.44 manat olması, bununla bağlı faiz məbləğinin 72.06 manat olması qeyd edilməklə ümumilikdə 436.22 manat bələdiyyəyə vergi ödəməlidir. Əvvəla, qeyd etmək istəyir ki, iddiaçının əmlak vergisi ödəməli olmağı barədə iddiaçıya heç bir xəbərdarlıq edilməmiş, ümumiyyətlə nə bu il, nə də ötən il bununla bağlı iddiaçıya heç bir məlumat verilməmişdir. Digər tərəfdən də iddiaçının mülkiyyətində olan əmlakla bağlı sənədlər cavabdehə təqdim olunmadan, ümumiyyətlə qeyd olunan əmlakla bağlı hansı xüsusatlara görə qeyd olunan məbləğdə vergi borcunun hesablanması iddiaçıya bildirilməmişdir. Yuxarıda qeyd etdiyi 12 may 2023-cü il tarixli və 30 may 2023-cü il tarixli tədiyyə bildirişlərindən də göründüyü kimi iddiaçı tərəfindən ödənilməli olan vergi məbləğləri müxtəlif göstərilməklə orada vergi ödəyicisi kimi ünvanında da müxtəlif göstərilmişdir. Bütün bu qeyd olunan hallar, onu deməyə əsas verir ki, inzibati orqan tərəfindən inzibati akt qəbul edilərkən heç bir araşdırma aparıılmamış, yalnız onlarda olan ümumi məlumatlar əsasında iddiaçının ümumilikdə 436.22 manat bələdiyyəyə vergi ödəməli olmağı qənaətinə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra - İnzibati- Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdeh və üçüncü şəxslərə göndərilmiş, onlara iddiaya dair öz münasibətlərini (etirazlarını) yazılı şəkildə məhkəməyə bildirmələri təklif olunmuşdur, yazılı münasibət (etirazlar) məhkəməyə daxil olmamışdır. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və barışıq sazişinin bağlanmasına yardım etmək məqsədi ilə proses iştirakçıları dəvət edilmiş, iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, hesablanmış vergi borcu ilə əlaqədar iddiaçıya heç bir bildiriş göndərilməmiş, inzibati icraat aparılmamış və qərar qəbul edilməmişdir. Yalnız, elektron sistem vasitəsilə iddiaçıya məxsus fərdi yaşayış evinin ölçülərinə uyğun vergilər hesablanmışdır. Sonda iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* nömrəli çıxarışdan görünür ki, İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ xx.xx.2017-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 12 may 2023-cü il tarixli **********5553 tədiyyə bildirişindən görünür ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 198.1.1-ci maddəsinə əsasən iddiaçıya 121.6 manat məbləğində əmlak vergi hesablanmışdır. Cəmi ödəniləcək məbləğ 436.42 manat təşkil edir. - Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 30 may 2023-ci il tarixli **********3759 nömrəli tədiyyə bildirişindən görünür ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 198.1.1-ci maddəsinə əsasən iddiaçıya 116.93 manat məbləğində əmlak vergi hesablanmışdır. Cəmi ödəniləcək məbləğ 428.22 manat təşkil edir.

ƏSASLANDİRMA HİSSƏSİ:

4.İddianın növü və mümkünlüyü

İddiaçı Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 12 may 2023-cü il tarixli **********5553 və 30 may 2023-ci il tarixli **********3759 nömrəli tədiyyə bildirişləri ilə hesablanmış vergi borclarının silinməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Hazırki iddia İPM-in 2.2.5.-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) aid oldugundan mümkün iddiadır. Həmçinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, işdə olan və məhkəmə araşdırması zamanı tədqiq edilən sübutlara məcmusu ilə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin aşagıdakı maddələri bu işə tətbiq olunur: 3.1. vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. 3.8. heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11. vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 4.1. Azərbaycan Respublikasında aşağıdakı vergilər müəyyən edilir və ödənilir: 4.1.1. dövlət vergiləri; 4.1.2. muxtar respublika vergiləri; 4.1.3. yerli vergilər (bələdiyyə vergiləri). 4.4. Yerli vergilər (bələdiyyə vergiləri) dedikdə, bu Məcəllədə və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur. Bələdiyyələr tərəfindən tətbiq edilən digər məcburi ödənişlər müvafiq qanunla müəyyən edilir. Yerli vergilərin (bələdiyyə vergilərinin) dərəcələri vergi qanunvericiliyində təsbit edilmiş hədlər daxilində müəyyən edilir. Vergi qanunvericiliyinə uyğun olaraq bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcəsini azaltmaq barədə qərar qəbul edə bilərlər. 8.1. Yerli vergilər (bələdiyyə vergiləri) aşağıdakılardır: 8.1.1. bu Məcəllənin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi;... 8.2. Yerli vergilərin hesablanması və ödənilməsi qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları müvafiq qanunvericiliklə müəyyən edilir. 200.4. Bələdiyyələr verginin ödənilməsi barədə tədiyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verməlidirlər. 200.5. Cari il üçün verginin məbləği bərabər hissələrlə - həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilir. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir. 203.1. Torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya torpaqdan icarə və ya digər əsaslarla istifadə edən şəxslərin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır. 203.2. Rezident və qeyri-rezident fiziki şəxslər, habelə rezident və qeyri-rezident müəssisələr torpaq sahələri barədə özlərinin mülkiyyət və istifadə hüquqlarını təsdiq edən sənədləri aldıqdan sonra fiziki şəxslər və bələdiyyə müəssisələri bələdiyyələrdə, digər müəssisələr isə vergi orqanında 1 ay ərzində uçota durmalıdırlar.

204. Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində torpaq sahələri olan, o cümlədən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrini icarə və digər əsaslarla istifadə edən fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir.

205. Fiziki şəxslərin və müəssisələrin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Respublikası Qanununa əsasən: 17.1. Azərbaycan Respublikasında torpaqdan istifadə pulludur. 17.2. Torpaq haqqı torpaq vergisi və icarə haqqı formalarında müəyyən edilir. 18.1. Azərbaycan Respublikasında torpaqdan istifadəyə görə torpaq vergisi tutulur. Mülkiyyətində və istifadəsində torpaq sahəsi olan rezident və qeyri-rezident fiziki şəxslər torpaq vergisi ödəyirlər. 18.2. Torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya istifadəçilərinin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyyə formasında hesablanır. 18.3. Rezident və qeyri-rezident fiziki şəxslər torpaq sahələri barədə özlərinin mülkiyyət və istifadə hüquqlarını təsdiq edən sənədləri aldıqdan sonra ərazi üzrə müvafiq bələdiyyələrdə bir ay ərzində uçota durmalıdırlar. 18.4. Bələdiyyələr öz ərazilərində Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilən hədlərdə torpaq vergisinin dərəcələrini və vergi güzəştlərini müəyyən edirlər. 18.5. Torpaq vergisinin dərəcəsi kənd təsərrüfatı torpaqları üzrə 1 şərti bal üçün 0,06 manat həcmində müəyyən olunur. 18.6. Kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla şərti balların müəyyənləşdirilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 18.6. Kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla şərti balların müəyyənləşdirilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 18.7. Digər təyinatlı bələdiyyə torpaqları üzrə torpaq sahəsinin hər 100 (yüz) kvadratmetrinə Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən olunmuş vergi dərəcələri tətbiq edilir. 18.10. Torpaq vergisi torpaq barəsində mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədlər əsasında müəyyən edilir. Tikililərin və qurğuların altında olan torpaqlara, həmçinin obyektlərin sanitariya-mühafizə zonalarının torpaq sahələrinə görə torpaq vergisi tutulur. 18.11. Bələdiyyələr tərəfindən hər il iyulun 1-dək fiziki şəxslərə torpaq vergisi hesablanılır və tədiyyə bildirişləri avqustun 1-dən gec olmayaraq onlara çatdırılır. 18.12. Ayrılıqda bir neçə fiziki şəxsin mülkiyyətində və ya istifadəsində olan tikililərin altında qalan və ya onlara xidmət üçün ayrılmış torpaq sahələrinə görə vergi onlara məxsus tikili sahələrinə mütənasib surətdə hesablanır. 18.13. Torpaq vergisi bərabər məbləğlərdə 15 avqust və 15 noyabr tarixlərindən gec olmayaraq bələdiyyə büdcəsinə ödənilir. Hazırki iddia tələbi ilə cavabdehin vergi borcunun tutulması barədə qərarla razılaşmayan iddiaçı onu mübahisələndirmişdir. İddiaçının tələbinin hüquqi əsasını həmin vergilərin hesablanması ilə inzibati icraata iddiaçının cəlb olunmaması təşkil etmişdir. Mövcud qanunvericiliyə əsasən bələdiyyələr öz səlahiyyətləri çərçivəsində, onlar tərəfindən həyata keçirilən fəaliyyətin səmərəliliyini təmin edən və hüquqi nəticələrinə görə fərqlənən müvafiq normativ hüquqi aktlar və qeyri-normativ aktlar (qərarlar) qəbul edə bilərlər. Belə ki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 1.0.1-ci maddəsinə görə normativ xarakterli akt – bu Konstitusiya Qanununda nəzərdə tutulan dövlət və ya yerli özünüidarə orqanı tərəfindən qəbul edilmiş, məhdud subyektlər dairəsi üçün məcburi davranış qaydalarını əks etdirən və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəd kimi müəyyən edilmişdir. X3 4.1.6-cı maddəsinə əsasən normativ xarakterli aktların sırasına yerli özünüidarə orqanlarının qərarları da daxil edilmişdir. Qanunvericiliyə uyğun olaraq yerli özünüidarə orqanları müxtəlif subyektlərin təsərrüfat fəaliyyətini tənzimləmək sahəsində müvafiq səlahiyyətlərə malikdirlər. Yerli özünüidarə orqanları öz səlahiyyətlərini yerinə yetirərkən konkret fiziki və ya hüquqi şəxslərə müəyyən fəaliyyət növü ilə məşğul olmaq üçün mülkiyyətində olan topraqların icarəyə verilməsi haqqında qeyri-normativ aktlar (qərarlar) qəbul edirlər. Bələdiyyələrin qeyri-normativ aktları (qərarları) fərdi-birdəfəlik və fərdi-müəyyən xarakter daşıyır, hüquqi faktlar və hüquq normaları əsasında qəbul olunmuş, konkret şəxsin (fiziki və ya hüquqi şəxsin) hüquqlarını, vəzifələrini və hüquq məsuliyyətinin həddini müəyyən edən normatətbiqedici (hüquqtətbiqedən akt, hüququn tətbiq edilməsi üçün aktlar) sənəddir. Onlar normayaratma fəaliyyətinin (hüquq normalarının müəyyən edilməsi ilə əlaqədar fəaliyyətin) deyil, yerli özünüidarə orqanlarının normatətbiqetmə fəaliyyətinin (hüquq normasının tətbiq edilməsi sahəsində fəaliyyətin) nəticəsi olan rəsmi sənədi ifadə edirlər. Bununla yanaşı, mövcud qanunvericilikdə bu növ aktların ləğv olunması qaydası maraqlı şəxslərin mülki hüquqlarının və qanuni mənafelərinin pozulub-pozulmaması ilə əlaqəlidir. Belə ki, MM-in 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli akt məhkəmə tərəfindən etibarsız sayıla bilər. “Bələdiyyələrin statusu haqqında” Qanunun 48-ci maddəsinin 4-cü bəndinə əsasən bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna və ya məhkəmənin qərarı ilə etibarsız sayıla bilər. İşin hallarına görə iddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətçisidır. Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 12 may 2023-cü il tarixli **********5553 saylı və 30 may 2023-ci il tarixli **********3759 saylı tədiyyə bildirişləri ilə iddiaçıya Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 198.1.1-ci maddəsinə əsasən ayrı-ayrılıgında 436.42 manat və 428.22 manat vergi borcları hesablanmışdır. İddiaçı hazırki iddia tələbində cavabdehin tədiyyə bildirişlərinin etibarsız hesab edilməklə vergi borclarının əsassız hesablandıgını bildirərək onları mübahisələndirmişdir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın hərəkətləri qanunsuz və əsassız olmuşdur. “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Beləliklə, qeyd olunan sənədlər əsasında aparılan araşdırma onu deməyə əsas verir ki, cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış - iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən ona vergi borclarını hesablamışdır. Bundan əlavə məhkəmə xüsusi olaraq vurgulayır ki, vergi yoxlamasının həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi, bir tərəfdən sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və bu halda bələdiyyə orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Bu onunla bağlıdır ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsininin yoxlanılmasını da ehtiva edir. Bu baxımdan, hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, əldə etdiyi mənbəyi bəlli olan məlumatın nələrdən ibarət olduğunu dəqiq göstərməyə, habelə yoxlamanın aparılması ilə baglı məlumatları öz qərarında əsaslandırmağa borcludur. Ali Məhkəmənin İnzibati Kollegiyası 2-1(102)-583/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qərarındakı xüsusi olaraq vurğulamışdır ki, VM-in 38.3.5-ci maddəsinin vergi yoxlamasının başlanılması ilə bağlı vergi qanunvericiliyində nəzərdə tutulmuş əsaslardan yan qaçmağın pərdələnmiş vasitəsi kimi istifadə olunması və vergi ödənişlərinin təmin edilməsinə yönəlmiş vergi inzibatçılığının asanlaşdırılması üçün praktik məqsədlər baxımından həmin maddəyə ümumi şəkildə istinad edilməsi yolverilməzdir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın, xüsusilə də növbədənkənar yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Hazırkı mübahisəyə münasibətdə bələdiyyə orqanının vergi üzrə yuxarıda istinad olunan normaların tələbləri və həmin normaların təfsiri ilə bağlı məhkəmənin hüquqi mövqeyi baxımından inzibati orqanın diskresion səlahiyyətlərindən düzgün istifadə etdiyi, diskresion səlahiyyət əsasında qəbul etdiyi qərarını əsaslandırdığı, yoxlamanın keçirilməsi üçün yuxarıda qeyd olunan əsasların mövcudluğu, həmin əsasların mötəbərliyi və qanunauyğunluğu iş üzrə materiallarla təsdiq olunmur. Göründüyü kimi cavabdeh orqan tərəfindən qanunvericiliyin tələblərini pozulmaqla vergi borcları əsassız olaraq hesablanmışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin X1rşı iş üzrə 17 noyabr 2005-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə 1 saylı Protokolun 1-ci maddəsi, ilk növbədə və xüsusən tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinin tərkib hissəsidir (§ 71). Qerasimova Rusiyaya qarşı iş üzrə 16 sentyabr 2004-cü il tarixli yekun qərardadında isə Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya orqanlarının formalaşmış presedent hüququna əsasən yerli özünüidarə orqanları şübhəsiz dövlət orqanlarıdır, bu mənada ki, onlar ümumi (publik) hüquq ilə idarə olunur, Konstitusiya və qanunlarla onlara həvalə olunmuş dövlət funksiyalarını həyata keçirir. Avropa Məhkəməsi qeyd etmişdir ki, beynəlxalq hüquqa əsasən “dövlət orqanı” anlayışı yalnız mərkəzi icra hakimiyyəti orqanları ilə məhdudlaşmır. Dövlət hakimiyyətinin bəzi vəzifələrinin yerli orqanlara verildiyi (desentralizasiya) hallarda bu anlayış dövlət funksiyaları həyata keçirən istənilən milli hakimiyyət orqanına şamil olunur. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək və İPM-nin 52-ci maddəsinin tələblərindən çıxış edərək hesab edir ki, iddia tələbi işdə olan sübutlara görə əsaslı və qanuni olduğuna görə təmin olunmalı, Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 12 may 2023-cü il tarixli **********5553 və 30 may 2023-ci il tarixli **********3759 nömrəli tədiyyə bildirişləri etibarsız hesab edilməklə hesablanmış vergi borclarının silinməsi vəzifəsi Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə həvalə edilməldir.

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 12 may 2023-cü il tarixli **********5553 saylı və 30 may 2023-ci il tarixli **********3759 saylı tədiyyə bildirişləri etibarsız hesab edilməklə hesablanmış vergi borclarının silinməsi vəzifəsi Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə həvalə edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 5akim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar