Məhkəmə qərarları › İş №2-1(112)-10804/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10804/2022

18.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10804/2022 18.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ikinci dərəcə əlilliyin müddətsiz təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona xx.xx.2021-ci il tarixdən etibarən 2-ci dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlilliyin təyin olunması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı dekabr 1992-ci ildən mart 1994-cü ilədək 772 saylı xüsusi təyinatlı (komandir Şuşa fatehi Hikmət Mirzəyev) hərbi hissədə müddətli həqiqi hərbi xidmət keçmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Hal-hazırda o, 2-ci qrup Qarabağ müharibə əlilidir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının müdafiəsi zamanı xx.xx.2016-cı ildən xx.xx.2021-ci ilədək 5 il müddətinə ona 2-ci qrup əlillik təyin edilmişdir. Əlillik müddətinin bitməsi ilə əlaqədar xx.xx.2021-ci ildə qeydiyyatda olduğu 1 nömrəli X1 Həkim Məsləhət Komissiyasının 0031002AABDF nömrəli bildirişlə göndəriş “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə daxil edilmişdir ki, onun təkrar 2-ci qrup əliliyinin növbəti müddətsiz təyin edilsin. İddiaçı bununla bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu müraciətə rəsmi cavab verməmişdir. İddiaçı hesab edir ki, onun ikinci dərəcəli əlilliyin müddətsiz təyin edilməsini tələb etmək hüququ olduğu halda, cavabdeh bunu təmin etməmiş, bununla da iddiaçının hüquqlarını pozmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin məhkəmə daxil olmuş etirazından göründüyü kimi cavabdeh hesab edir ki, əlilliyin qiymətləndirilməsi zamanı qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq olunmuş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarında iddiaçının xəstəliyi müddətsiz İİ qrup əlillik təyin etməyə əsas vermir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Əlavə olaraq məhkəmə bildirir ki, iddiaçının müraciəti üzrə rəsmi cavab verilməməsi iddianın qeyri-mümkün hesab edilməsinə əsas vermir. Belə ki, iddiaçı hazırki iddia tələbi üzrə aidiyyəti üzrə cavabdeh inzibati orqana müraciət etmiş, lakin onun müraciəti üzrə cavab verilməmişdir. Müraciətdən görünür ki, müraciət xx.xx.2022-ci il tarixə aiddir. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçı tərəfindən müraciətin olmamasını mübahisələndirmədiyindən, mövcud olan elektron müraciət də məhkəmə üçün şübhə doğurmur. Belə olan halda, məhkəmə hesab edir ki, iddia mümkün iddiadır. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İddiaçıya əlillik təyin edilən zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin: 1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 2.2-ci bəndinə əsasən ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. 4.2-ci bəndinə əsasən ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir.İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. 4.3-cü bəndinə əsasən əlillik dərəcəsindən asılı olmayaraq Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik müddət göstərilmədən təyin edilir. Yuxarıda səciyyələnmiş bəndlərin təhlilinə keçməzdən əvvəl, məhkəmə bildirir ki, əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. Əlilliyin təyin olunması meyarlarını tənzimləyən qanunvericilik şəxsin birinci, ikinci və ya üçüncü dərəcəli əlilliyin təyin olunması üçün xəstəliklərin əhatə dairəsini müəyyən etmiş və əlillik dərəcələrinin müddətini ərtləndirmişdir. Hazırki idia tələbininin məzmunundan görünür ki, iddiaçının irəli sürdüyü tələbin məqsədi ondan ibarətdir ki, o, ikinci dərəcə əlilliyin müddətsiz təyin edilməsini arzulayır. İddiaçının əsaslandığı yeganə hal odur ki, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.4.1-ci maddədə nəzərdə tutulan xəstəlik iddiaçıda olduğundan, ona ikinci dərəcəli əlillik müddətsiz təyin edilməlidir. Məhkəmə iddiaçının irəli sürdüyü bu tələb ilə bağlı aşağıdakiları vurğulamağı zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasına əsasən: -1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. -1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. - 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.4-cü maddəsinə əsasən, tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda ikinci dərəcə əlillik müddətsiz təyin edilir: - 2.4.1. ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09,İ11.0, İ13.0-İ13.2, İ23-İ23.8, İ24-İ24.8, İ25.3-İ25.5, İ50-İ50.9, Z95.0); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası”na əsasən: 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: - 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; - 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); -1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; -1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; -1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. Məhkəmə diqqətə çatdırır ki, doğrudur ki, iddiaçıya əlillik təyin edildiyi zaman qüvvədə olan normativ hüquqi aktların müddəalarına görə ikinci dərəcəli əlilliyin müddətsiz təyin edilməsi iki halda mümkündür: - İkinci dərəcəli əlillik fasiləsiz olaraq 10 ildən çox davam etdikdə; - Tibbi göstəriş olan xüsusi hallarda. Nəzərə alınmalıdır ki, “tibbi göstəriş olan xüsusi hal” ifadəsi özündə “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.4-cü maddəsində səciyyələnmiş xəstəliklərin vətəndaşda olması mənasını ifadə edir. Başqa sözlə desək əgər yuxarıda göstərilən maddədə səciyyələnmiş xəstəliklər vətəndaşda aşkar olunarsa və bu hal tibbi göndərişdə əks olunarsa, vətəndaşa ikinci dərəcəli əlillik müddətsiz olaraq təyin edilir. Hazırki işin faktiki hallarından görünür ki, xx.xx.1974-cü il təvəllüdlü İddiaçı “Ağ ciyərlərin fibroz-kavernoz vərəmi. Xroniki respirator çatmamazlıq, İİ dərəcəli tənəffüs çatmamazlığı” diaqnozu əsasında xx.xx.2016-cı il tarixdə 5 il müddətinə ikinci qrup əlillik təyin edilmiş, əlilliyin səbəbi – Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olmuşdur. Bundan sonra təkrar müayinə nəticəsində iddiaçıya “Ağ ciyər vərəmi, bakterioloji və histoloji müayinələrin nəticələri mənfi olmaqla, Ağciyərlərinin fibrozkavernoz vərəmi TDM (-). Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu ilə İİ dərəcəli tənəffüs çatmamazlığı. Xroniki respirator çatmamazlıq. İnsulindən asılı olmayan şəkərli diabet. Şəkərli diabet İİ tip, orta ağır forma. Ürək çatmamazlığı. Ürək çatmamazlığı, Xroniki ürək çatmamazlığı İİİ F.S.NYHA” diaqnozu əsasında xx.xx.2021-ci il tarixdən etibarən ikinci qrup əlilliyin dərəcəsi yenidən 5 il müddətinə uzadılmışdır. Bundan başqa işdə olan İ nömrəli X2 tərəfindən iddiaçı barəsində tərtib olunmuş Forma 88-0031003AABFD nömrəli göndərişə əsasən iddiaçının TSEK-ə göndəriş zamanı əsas diaqnozu A16.0- Ağ ciyər vərəmi, bakterioloji və histoloji müayinələrin nəticələri mənfi olmaqla, Ağciyərlərinin fibroz-kavernoz vərəmi TDM (-). Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu ilə İİ dərəcəli tənəffüs çatmamazlığı. Xroniki respirator çatmamazlıq. İnsulindən asılı olmayan şəkərli diabet. Şəkərli diabet İİ tip, orta ağır forma.XÜÇ İİİ F.S.NYHA; ağırlaşma J96.1-Xroniki respirator çatmamazlıq. Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu ilə İİ dərəcli tənəffüs çatmamazlığı; yanaşı xəstəliklər E11 İnsulindən asılı olmayan şəkərli diabet. Şəkərli diabet orta ağır forma, İ50 Ürək çatmamazlığı. Ürək çatmamazlığı. Xroniki ürək çatmamazlığı İİİ F.S.NYHA. Göründüyü kimi iddiaçıya ikinci qrup əlilliyin təyin olunmasına əsas olan xəstəlik A16.0-Ağ ciyər vərəmi, bakterioloji və histoloji müayinələrin nəticələri mənfi olmaqla, Ağciyərlərinin fibroz-kavernoz vərəmi TDM (-). Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu ilə İİ dərəcəli tənəffüs çatmamazlığı. Xroniki respirator çatmamazlıq. İnsulindən asılı olmayan şəkərli diabet. Şəkərli diabet İİ tip, orta ağır forma. XÜÇ İİİ F.S.NYHA olsa da, iddiaçıda hal-hazırda yanaşı xəstəlik kimi İ50 Ürək çatmamazlığı. Ürək çatmamazlığı. Xroniki ürək çatmamazlığı İİİ F.S.NYHA. xəstəliyi var. Bu xəstəlik isə “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.4.1-ci yarımbəndində nəzərdə tutulmuşdur ki, bu hal hazırki vəziyyətdə iddiaçıya ikinci dərəcəli əlilliyin müddətsiz təyin olunması üçün əsas verir. Məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.4-cü bəndində göstərilən hal, yəni ikinci dərəcəli əlilliyin müddətsiz təyin olunması üçün tibbi göndərişdə olan xəstəliyin əsas və ya yanaşı xəstəlik olmasından asılı olmamışdır. Bu hal isə ona dəlalət edir ki, ikinci dərəcəli əlilliyin müddətsiz təyin olunması üçün əsas verən xəstəliyin (İ50 Ürək çatmamazlığı. Ürək çatmamazlığı. Xroniki ürək çatmamazlığı İİİ F.S.NYHA.) iddiaçıda yanaşı xəstəlik kimi olması hər bir halda vəziyyəti iddiaçının ziyanına dəyişmir. Eyni zamanda Məhkəmə qeyd edir ki, baxmayaraq ki iddiaçıda olan həmin xəstəlik (İ50 Ürək çatmamazlığı. Ürək çatmamazlığı. Xroniki ürək çatmamazlığı İİİ F.S.NYHA.) yanaşı xəstəlik olsa da, bu xəstəlik iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar aldığı xəstəliyin ağırlaşmış formasıdır. Belə ki, Bakı Baş Səhiyyə Mərkəzi 1 nömrəli X2 tərəfindən verilmiş arayışdan görünür ki, ağciyərlərinin fibroz-kavernoz vərəmi TDM (-). Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu ilə İİ dərəcəli tənəffüs çatmamazlığı (A.16.Y96.1) ağırlaşmasından xroniki üzrə çatmamazlığı İİİ F.S.NYHA olur (İ.50). Arayışın məzmunundan da göründüyü kimi, iddiaçıda olan yanaşı xəstəlik əsas xəstəliyin patoloji dəyişikliyindən meydana gəlmiş və əsas xəstəliyin ağırlaşmış forması hesab olunur. Bu səbəbdən də Məhkəmə hesab edir ki, iddiaçıda ikinci dərəcəli əlilliyin təyin olunmasına əsas verən xəstəlik əsas xəstəliyin ağırlaşmış forması olmaqla yanaşı, bilavasitə onun Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar aldığı xəstəlik ilə bağlı olmuşdur. Beləliklə, hazırki iddia tələbi üzrə “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.4.1-ci yarımbəndində göstərilən xəstəlik iddiaçıda mövcud olduğundan, onun ikinci dərəcəli əlilliyin müddətsiz təyin edilməsini tələb etmək hüququ yaranmışdır. Bu hüquq isə iddiaçıda xx.xx.2021-ci il tarixdən yaranmışdır. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarını əsas gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1012/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarından görünür ki, hazırki mübahisədə olduğu kimi həmin mübahisə ikinci dərəcəli əlilliyin müddətsiz təyin edilməsi ilə bağlı olmuşdur ki, kassasiya instansiya məhkəməsi bu mübahisədə “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.4-cü bəndində göstərilən halların olması əsası ilə vətəndaşa ikinci dərəcəli əlilliyi müddətsiz təyin etmişdir. Eyni zamanda apellyasiya instansiya məhkəməsinin bu möqveyi Gəncə Apellyasiya Məhkəməsinin 2-1(104)-487/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarında da nümayiş etdirilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.2021-ci il tarixdən etibarən 2-ci dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlilliyin təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar