Məhkəmə qərarları › İş №2-1(112)-10807/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10807/2023

12.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10807/2023 12.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “doğum haqqında akt qeydində düzəliş edilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhər Cavabdeh tərəfindən verilmiş xx.xx.1968-ci il tarixli 193 saylı doğum haqqında akt qeydində adının “Kifaxat” qrafasından “Kifayət” kimi yazılmasına dair qeyd aparılmaqla düzəliş edilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulmasını xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1968-ci il tarixdə doğulmuş və o zaman valideynləri adını İddiaçı olaraq yazdırmışdır. Bu barədə ona qeydiyyatda olduğu Bakı şəhər Cavabdeh tərəfindən doğum haqqında şəhadətnamə verilmişdir. İddiaçı doğum haqqında şəhadətnaməsini itirmiş və təkrarən doğum şəhadətnaməsi almaq üçün xx.xx.2023-ci il tarixdə Cavabdehnə müraciət etmişdir və oradan bildirdilər ki, xx.xx.1968-ci il tarixli 193 saylı doğum haqqında akt qeydinizdə uşaq haqqında məlumat qrafasında adı “Kifaxat” yazıldığı halda Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1992-ci il tarixdə tərtib olunmuş 479 saylı nikah haqqında akt qeydində qadın haqqında məlumat qrafasında adı “Kifayət” yazıldığı müəyyən edilmişdir. Həmçinin Asan-5 tərəfindən xx.xx.2020 ci il tarixdə verilmiş AA******* saylı şəxsiyyət vəsiqəsində adı “Kifayət” kimi qeyd olunmuşdur. Qeydiyyat şöbəsi bu səhvin düzəldilməsi üçün iddiaçıya məhkəməyə müraciət etməyi bildirmiş və bu barədə imtina məktubu vermişdir. Onun bütün hüquqmüəyyənedici sənədlərində adı Kifayətdir. Kifaxat adı ümumiyyətlə gülünc doğuran bir addır və valideyini bu adı heç vaxt qoymazdılar. Yəqin ki, doğum akt qeydin tərtib edən adam rus təhsilli olub və Kifaxat yazıb. Bundan da qeydiyyat şöbəsinə müraciət edəndə xəbəri olub. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilərək cavabdehin imtinasının əsassız hesab edilərək Cavabdeh tərəfindən verilmiş xx.xx.1968-ci il tarixli 193 saylı saylı doğum haqqında akt qeydləri kitabında qeydə alınmış X2 “Kifaxat” sözü “Kifayət” kimi yazılmaqla doğum akt qeydinə düzəlişin edilməsinə dair cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməlidir.

3. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “Sənədlər nəzərdən keçirilərkən Cavabdeh tərəfindən xx.xx.1968-ci il tarixdə tərtib edilmiş 193 saylı doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında adınız “Kifaxat” yazıldığı halda, Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1992-ci ildə tərtib edilmiş 479 saylı nikah haqqında akt qeydində qadın haqqında məlumat qrafasında adınızın "Kifayət” göstərildiyi müəyyən edilmişdir. Həmçinin sizin Asan 5 tərəfindən xx.xx.2020-ci ildə verilmiş AA******* nömrəli şəxsiyyət vəsiqənizdə adınızın “Kifayət” qeyd edildiyi aşkar edilmişdir. Bildiririk ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinin tələblərinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər.”

4. Cavabdeh tərəfindən məhkəmə sərəncamına uyğun olaraq verilmiş iddiaya dair münasibətdə bildirilmişdir ki, vətəndaşın şöbəyə təqdim etdiyi sənədləri nəzərdən keçirilərkən Cavabdeh tərəfindən xx.xx.1968-ci il tarixdə tərtib edilmiş 193 saylı doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında adının “Kifaxat” yazıldığı halda, ərizəçinin ASAN 5 tərəfindən xx.xx.2020-ci ildə verilmiş AA******* nömrəli şəxsiyyət vəsiqəsində adının “Kifayət” qeyd edildiyi aşkar edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinin tələblərinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər.

5. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda məhkəmə iclasında cavabdeh qurumun iştirakı olmadan keçirilərək qərar qəbul edilməsi xahiş edilmişdir.

6. Şifahi məhkəmə dinləmələri (məhkəmə baxış iclası) zamanı iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

II. İddianın növü və mümkünlüyü

8. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Ədliyyə nazirliyinin rayon qeydiyyat idarələri inzibati orqanların təsnifatına aid edilmişdir.

9. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

10. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPMin 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.

11. İddia mümkündür. Belə ki, iddiaçı iddia tələbini düzgün cavabdehə irəli sürmüş, iddia müddətinə əməl etmiş və iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.

III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar

12. AA******* nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsini surətindən görünür ki, İddiaçı xx.xx.1968-ci il tarixdə anadan olmuşdur. Vəsiqədə şəxsin ata adı “Kifayət” kimi göstərilmişdir.

13. xx.xx.1968-ci il tarixli 193 nömrəli doğum akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, X1 xx.xx.1968-ci il tarixdə doğulmuşdur.

14. Məhkəmənin sorğusuna cavab olaraq DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi xx.xx.2023-cü il tarixli məktubu ilə bildirmişdir ki, xx.xx.1968-ci il təvəllüdlü İddiaçı ilk dəfə ilk dəfə xx.xx.2003-cü il tarixdə Sabunçu Rayon Polis Şöbəsi tərəfindən adı “Kifayət” qeyd olunmaqla “1CDUDF” FİN ilə AZE-00814352 nömrəli, xx.xx.2011-ci il tarixdə AZE- 09069002 nömrəli, xx.xx.2018-ci il tarixdə 4 saylı Bakı “ASAN xidmət” mərkəzindən AA475113 nömrəli, xx.xx.2020-ci il tarixdə 5 sayl Bakı “ASAN xidmət” mərkəzindən AA******* nömrəli şəxsiyyət vəsiqələri ilə təmin edilmişdir. Qeyd olunan AZE-00814352 nömrəli və AZE-09069002 nömrəli, şəxsiyyət vəsiqələrinin verilməsinə əsas olan sənədlərin saxlama müddəti bitdiyinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məhv edildiyindən təqdim edilməsi mümkün deyildir. Qeyd olunan məlumatları əks etdirən AZE-00814352 nömrəli şəxsiyyət vəsiqəsinin fərdi uçot kartoçkasının kserosurəti məhkəməyə təqdim edilmişdir. Həmin sənədə əsasən iddiaçının şəxsiyyət vəsiqəsi müvafiq sənədlər - xx.xx.1985-ci il tarixli pasport, xx.xx.1992-ci il tarixli nikah haqqında şəhadətnamə və xx.xx.2003-cü il tarixli qeydiyyat vəsiqəsi əsasında verilmişdir.

IV. Məhkəmənin mövqeyi

15. İş materiallarında olan sənədlərə əsasən məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı ona məxsus doğum haqqında şəhadətnaməni itirmişdir, iddiaçının doğum haqqında akt qeydində adı “Kifaxat”, daha sonra tərtib edilmiş hüquqmüəyyənedici sənədlərdə - “1CDUDF” FİN, AZE-00814352 seriya nömrəli, AZE-09069002 seriya nömrəli, AA475113 və AA******* nömrəli şəxsiyyət vəsiqələrində və nikah haqqında şəhadətnaməsində, eyni zamanda, ümumvətəndaş pasportunda isə “Kifayət” kimi qeyd olunmuşdur. İddiaçı ona məxsus doğum akt qeydində adının “Kifaxat” kimi deyil, “Kifayət” kimi qeyd olunmasını, buna görə də təkrar doğum haqqında şəhadətnaməni ala bilmədiyini bildirməklə həmin sənəddə düzəliş edilməsini xahiş edir.

16. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 160.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»ın 1-ci hissəsi vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik qaydasını tənzimləyir. Həmin hissənin: 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. 2-ci bəndinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda. 4-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qərarı; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. 5-ci bəndə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Ölənlər barəsində vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr qanunvericiliyə uyğun olaraq varislərin, yetkinlik yaşına çatmayanların qanuni nümayəndələri tərəfindən verilir. 6-cı bəndinə əsasən qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi məsələsinə ərizənin daxil olduğu gündən bir ay müddətində baxılır. 8-ci bəndinə əsasən ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. 10-cu bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.

18. Beləliklə, istinad olunan normalardan görünür ki, akt qeydində səhv məlumatlar olduqda şəxs ona dəyişiklik edilməsini tələb edə bilər.

19. Belə ki, iddiaçının şəxsiyyət vəsiqəsi mövcuddur, Sabunçu rayon Polis Şöbəsi tərəfindən xx.xx.2003-cü il, xx.xx.2011-ci il tarixlərdə və Bakı “ASAN xidmət” mərkəzindən xx.xx.2018ci il, xx.xx.2020-ci il tarixlərdə verilmişdir şəxsiyyət vəsiqələrinin ad qrafasında şəxsin adı “Kifaxat” deyil, “Kifayət” olaraq qeyd olunmuşdur. Həmçinin, müəyyən olunur ki, AZE- 00814352 nömrəli xx.xx.2003-cü il tarixli şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olan sənədlər qismində iddiaçının qeydiyyat vəsiqəsi, nikah haqqında şəhadətnaməsi, eyni zamanda, ümumvətəndaş pasportu göstərilmişdir.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»: 1.7. Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər əsasında aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı nəticəsində hüquqi əhəmiyyətini itirən sənədlər istisna edilməklə, bu Qaydada nəzərdə tutulan sənədlər barədə məlumatların elektron informasiya ehtiyatlarından əldə edilməsi mümkün olduqda, həmin sənədlərin təqdim edilməsi tələb olunmur. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün tələb olunan ərizə blanklarının formaları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunur.

21. Qanunveriliyin tələbindən də göründüyü kimi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər əsasında aparılır. Yəni, müvafiq qeydiyyat şöbəsi tərəfindən iddiaçıya şəxsiyyət vəsiqəsi tərtib olunarkən onun doğum haqqında şəhadətnaməsi (şəxsiyyətini təsdiq edən sənəd) nəzərə alınmışdır.

22. Şəxsiyyət vəsiqəsinin vətəndaşın doğum haqqında şəhadətnaməsi əsasında verildiyini nəzərə alan məhkəmə qeyd edir ki, həmin şəxsin müvafiq tarixlərdə verilmiş şəxsiyyət vəsiqələrində, eyni zamanda, nikah haqqında şəhadətnaməsində adının “Kifayət” olması iş materialları ilə müəyyən edilir.

23. Məhkəmə hesab edir ki, qeydiyyat orqanlarının hərəkəti nəticəsində doğum haqqında akt qeydində yol verilmiş yanlışlıqlar şəxsin hüquqlarının pozulmasına, o cümlədən sosial təminat hüququnu həyata keçirməsinə mane olmamalıdır. Buna görə də məhkəmə iddiaçının adının “Kifayət” olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçının doğum haqqında akt qeydində düzəliş edilməli və onun adı “Kifaxat” kimi deyil, “Kifayət” kimi göstərilməlidir.

24. «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»ın 10-cu bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.

25. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

26. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,

Qərara aldı: İddia təmin edilsin. İddiaçı cavabdeh tərəfindən verilmiş xx.xx.1968-ci il tarixli 193 saylı doğum haqqında akt qeydində adının “Kifaxat” qrafasından “Kifayət” kimi yazılmasına dair qeyd aparılmaqla düzəliş edilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar