Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10809/2025 20.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona münasibətdə artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması haqqında qərarının qanunsuz hesab edilərək ləğv edilməsi və bu qərarın icrası nəticəsində ona dəymiş ziyanın (tutulmuş pensiya ödənişi) ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı xx.xx.2025-ci il tarixdə iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, 1950-ci il 26 aprel təvəllüdlü pensiyaçı İddiaçı oğlu 19 yaşından, yəni 1969-cu ildən əmək fəaliyyətinə başlamış və bu günə qədər də Dövlət Sosial Müdafiə Fonduna ödənişlər edir. 2025-ci ilin aprel ayında ona ödənilən pensiyanın məbləği əvvəlki aylarla müqayisədə xeyli (292,36 AZN) aşağı olmuşdur. Dövlət Sosial Müdafiə Fondu ilə əlaqə saxlayaraq bunun səbəbi ilə maraqlandıqda, pensiyadan tutmanın həyata keçirildiyi bildirilmişdir. Səbəb kimi 2019-cu ilin avqustundan başlayaraq ona ödənilən pensiya məbləğinin səhv hesablandığı və artıq ödənişlərin edildiyi bildirilmişdir. Cavabdehin 2025-ci il 1 may tarixli 3-17-1/2-Q-101217/3/2025 nömrəli cavab məktubunda (məktub mənə 10 may 2025-ci ildə poçt vasitəsilə çatdırılmışdır) şikayətinin hüquqi tərəfi ilə bağlı ümumiyyətlə mövqe ifadə olunmamış, pensiyadan tutma barədə qərar yenə də ona göndərilməmişdir. Məktubda 2021-ci il 1 oktyabr tarixindən 2025-ci il 31 mart tarixinədək artıq ödəmənin müəyyən edildiyi bildirilmiş, bu səbəbdən də aldığı pensiya məbləğinin 495,45 AZN-ə qədər azaldıldığı (əvvəllər 787,81 manat məbləğində pensiya almışdır) bildirilmişdir. Hazırda pensiyadan 292,36 manat pul tutulmaqdadır. Cavabdehin iddiaçının pensiyasından tutma haqqında qərarı qanunsuzdur, Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsi və İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi ilə təmin edilən mülkiyyət hüququna qanunsuz müdaxilədir və buna görə də ləğv olunmalıdır. İddiaçının artıq 75 yaşı var. Son 6 ildə Nazirliyin “səhv” hesab etdiyi pensiyanı almış və həyatını buna uyğun qurmuşdur. Lakin hətta bu pensiya belə normal həyat şəraitinin təmin olunmasına kifayət etmədiyindən, bu yaşında işləməli olur. İndi tutulan pensiya məbləğini kompensasiya etmək üçün iddiaçı daha gəlirli iş yeri tapmalıdır ki, 75 yaşda bunu etmək mümkünsüzdür. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək, göstərmişdir ki, Mərkəzi Filial tərəfindən qəbul olunmuş xx.xx.2025 tarixli “ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında" qərarla iddiaçının xx.xx.1970-ci il tarixindən xx.xx.1972ci il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 28 il 3 ay 15 gün sığorta stajı və xx.xx.2007-ci il tarixindən xx.xx.2013-cü il tarixinədək fərdi şəxsi hesabınının sığorta hissəsində qeydə alınmış 780,10 manat (2013cü il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanaraq xx.xx.2021-ci il tarixindən (artıqödəmənin müəyyən edildiyi tarixdən 3 il əvvələ) 267,24 manat müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra - Qanun) 29.1-ci maddəsinin tələblərinə əsasən onun əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2022-ci il tarixindən 276,33 manata çatdırılmışdır. İddiaçı xx.xx.2022-ci il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün Qanunun 37.3.1 -ci maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2016-cı il tarixindən işdən çıxdığı tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 4777,74 manat (2022- ci il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanaraq xx.xx.2022-ci il tarixindən 342,69 manat müəyyən edilmişdir, iddiaçının əmək pensiyasının məbləği Qanunun 29.1-ci maddəsinin tələblərinə əsasən indeksləşdirilərək xx.xx.2023-cü il tarixindən 412,17 manata (Qanunun 26.4-cü maddəsinin tələbləri də nəzərə alınmaqla), xx.xx.2024-cü il tarixindən 458,33 manata, xx.xx.2025-ci il tarixindən 495,45 manata çatdırılmışdır. Həmçinin, iddiaçının əmək pensiyasının məbləğində xx.xx.2021-ci il tarixindən (artıqödəmənin müəyyən edildiyi tarixdən 3 il əvvələ) xx.xx.2025-ci il tarixinədək artıqödəmə müəyyən edilmişdir. Artıq ödəmənin ümumi məbləği 10881 manat təşkil edir. Hazırkı iş üzrə iddiaçıya münasibətdə artıq ödəmə müəyyən edilsə də, heç bir tutulma aparılmamışdır. Lakin bu hal Mərkəzi Filialı “Əmək pensiyaları haqqında" Qanunun 39.1-ci maddəsinə əsasən məhkəmə qaydasında tutulmanın həyata keçirilməsi üçün tədbirlər görmək hüququndan məhrum etmir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya etiraza uyğun izahat verərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işdə olan xx.xx.2013-cü il tarixli 938 saylı qərardan görünür ki, iddiaçıya xx.xx.2013-cü ildən yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdehin ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, ərizəçinin pensiya uçot vərəqi dublikat olduğundan pensiya işinə Fərdi hesabındakı mövcud kapitallarına uyğun olaraq baxılmış və avtomatlaşdırılmış qaydada ƏMAS-da qeyd olunmuş məlumatlar əsasında xx.xx.2022-ci il tarixindən pensiyası yenidən hesablanmış, məbləğ 728,78 manatdan azaldılaraq 458.33 manat müəyyən edilmişdir. Nəticədə, Qanunun 39.1-ci maddəsi tətbiq edilməklə 01.10 2021-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək 9192.72 manat artıq vermə aşkar edilmişdir. Cavabdehin xx.xx.2025-ci il tarixli ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında qərarından görünür ki, iddiaçının pensiya uçot vərəqi dublikat olduğundan pensiya işinə Fərdi hesabındakı mövcud kapitallarına uyğun olaraq təkrar baxılmış və avtomatlaşdırılmış qaydada ƏMAS-da qeyd olunmuş məlumatlar əsasında xx.xx.2022-cı il tarixindən pensiyası yenidən hesablanmış, məbləğ 787.81 manatdan 495.45 manat müəyyən edilmişdir. Nəticədə Qanunun 39.1 maddəsi tətbiq edilməklə xx.xx.2021 -ci il tarixindən 31.03 2025-ci il tarixinədek 10881.15 manat artıq vermə aşkar edilmişdir. Vətəndaş inzibati icraata dəvət edilmiş, lakin iştirak etməmişdir İddiaçı hazırda bu qərarları mübahisələndirərək, onun əmək pensiyasının yenidən hesablanmasının qanunsuz olduğunu bildirir. İşdə olan cavabdehin xx.xx.2025-ci il tarixli, 3-17-1/2-Q-101217/2025 nömrəli məktubundan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra- Qanun) 7-ci maddəsinin xx.xx.2013-cü il tarixində qüvvədə olmuş tələblərinə əsasən iddiaçıya həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Xidməti yoxlama zamanı yaşa görə əmək pensiyasının qanunauyğunluğunun araşdırılması zərurəti yaranmışdır. Pensiya işi qovluğuna daxil olan sənədlərin surətlərində qeyd olunmuş və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən xx.xx.1970-ci il tarixindən xx.xx.1972-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 28 il 3 ay 15 gün sığorta stajı və xx.xx.2007ci il tarixindən xx.xx.2013-cü il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 780,10 manat (2013-cü il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanaraq xx.xx.2021-ci il tarixindən (artıqödəmənin müəyyən edildiyi tarixdən 3 il əvvələ) 267,24 manat müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinin tələblərinə əsasən əmək pensiyasının məbləği indeksləşdirilərək 01.01,2022-ci il tarixindən 276,33 manata çatdırılmışdır. Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2022-ci il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün xx.xx.2016-cı il tarixindən işdən çıxdığı tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 4777,74 manat (2022-ci il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanaraq xx.xx.2022-ci il tarixindən 342,69 manat müəyyən edilmişdir. Qanunun 29.1ci maddəsinin tələblərinə əsasən əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2023-cü il tarixindən 412,17 manata (Qanunun 26.4-cü maddəsinin tələbləri də nəzərə alınmaqla), xx.xx.2024-cü il tarixindən 458,33 manata, xx.xx.2025-ci il tarixindən 495,45 manata çatdırılmışdır. Əmək pensiyasının məbləğində xx.xx.2021-ci il tarixindən (artıqödəmənin müəyyən edildiyi tarixdən 3 il əvvələ) xx.xx.2025-ci il tarixinədək artıqödəmə müəyyən edilmişdir. Məhkəmə işin göstərilən hallarını nəzərə alaraq qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər. Həmin normaya əsasən qiymət verilməli birinci məsələ inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların nədən ibarət olmasıdır. Yəni, inzibati orqan hansı hala (hallara) əsaslanıb qəbul etdiyi inzibati aktı ləğv etmək, yaxud dəyişdirmək qərarına gəlmişdir. İkinci məsələ isə inzibati aktın ləğv olunmasına və ya dəyişdirilməsinə səbəb olan halın (halların) inzibati orqana məlum olmasından sonra 1 (bir) il ərzində yeni qərar qəbul edilməsidir. Beləliklə, inzibati orqan şəxsə pensiya təyin olunması barədə əvvəllər qəbul etdiyi qərarın ləğv olunması barədə qərar qəbul etmək üçün yuxarıda qeyd olunduğu kimi, “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun inzibati icraat aparmalıdır. Yalnız apardığı inzibati icraat çərçivəsində həmin Qanunun 67.12-ci maddəsində olan şərtlər mövcud olduğu halda (inzibati aktın ləğv olunmasına səbəb olan hal(lar)ın mövcud olması, həmin hal(lar)ın inzibati orqana məlum olmasından 1 (bir) il müddətin keçməmiş olması) əvvəllər qəbul etdiyi qərarın tam, yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi barədə əsaslandırılmış qərar qəbul edə bilər. İşin yuxarıda sadalanan hallarından görünür ki, inzibati aktın dəyişdirilməsini şərtləndirən hal iddiaçıya 2013-cü ildə pensiya təyin edilərkən fərdi hesabdakı kapitalın və sığorta stajının düzgün hesablanmamasıdır. Həmin halın cavabdeh inzibati orqana məlum olmasına gəldikdə, işdən görünür ki, iddiaçıya təyin edilmiş əmək pensiyası 2022-ci ildə yenidən hesablanmış, deməli, inzibati aktın dəyişdirilməsini şərtləndirən hal həmin dövrdən inzibati orqana məlum olmuşdur. Qeyd edilməlidir ki, İİQ-nın 67.12-ci maddəsində “aktın ləğv olunmasını şərtləndirən halların məlum olduğu gün” dedikdə, inzibati orqanın həmin halı bildiyi və ya bilməli olduğu gün başa düşülür. Burada inzibati orqanın aktın ləğv olunmasını şərtləndirən halı bildiyi gün, səlahiyyətli şəxs tərəfindən qanun pozuntusunun tam şəkildə aşkar edildiyi gündür. Lakin əgər pozuntu sənədlərdən aşıq-aşkar görünürsə, inzibati orqan lazımi diqqət yetirməklə onu aşkar edə bilərdisə, lakin etinasızlığı nəticəsində həmin səhvi görməyərək qanunsuz inzibati akt qəbul etmişdirsə, burada 1 illik müddət həmin sənədlərin inzibati orqana təqdim edildiyi vaxtdan hesablanır. Yəni inzibati orqanın ehtiyatsızlığı 1 illik müddətin uzadılması üçün əsas ola bilməz. Məhz qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, cavabdehin mübahisələndirdiyi hallar ona 2013-cü ildən, ən geci isə 2022-ci ildən məlum olmuş, lakin, lazımı diqqət göstərərək müvafiq qərar qəbul etməli olduğu halda bunu etməmiş, 2024-cü ildə isə həmin aktı dəyişdirmək üçün 1 illik müddəti ötürmüşdür. Bundan əlavə, inzibati orqan 2013-cü ildə pensiyanın hesablanması zamanı hansı səhvin edilməsini əsaslandıra bilməmiş, pensiya uçot vərəqinin dublikat olmasına istinad etmişdir. Halbuki, uçot vərəqinin dublikat olması pensiya məbləğinin səhv hesablanması nəticəsinə gəlmək üçün kifayət deyildir. Yenidən hesablamadan görünür ki, cavabdeh iddiaçının əmək kitabçasındakı bütün dövrləri də qəbul etməmiş, bununla onun sığorta stajını az hesablamış (1992-1996-cı illərdəki iş dövrünü qəbul etməmişdir), lakin bunun əsaslarını qeyd etməmişdir. Bu isə əvvəlki hesablamanın deyil, inzibati orqanın hazırkı hesablamasının doğru olmadığı nəticəsinə gəlmək üçün əsasdır. Beləliklə, göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, cavabdeh xx.xx.2024 və xx.xx.2025-ci il tarixli qərarları qəbul edərkən qanunvericiliyin tələblərinə uyğun hərəkət etməmişdir, bu səbəbdən iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialınaın “Ümumi əsaslara görə əmək pensiyanın yenidən hesablanması haqqında” xx.xx.2024-c üil tarixli və xx.xx.2025-ci il tarixli qərarlarıı ləğv edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Qənbərova
Məhkəmə qərarları › İş №2-1(112)-10809/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10809/2025
20.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver