Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1081/2023 05.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxslər X16, X23 və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) «qərarın qismən etibarsız sayılması»na dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs X16) «qərarın etibarsız sayılması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh ərazisində yerləşən 0,25 ha torpaq sahəsi olan 1464 nömrəli bağ sahəsinin üzərindəki tikililərlə icarəyə verilməsinə dair keçmiş X19 ilə iddiaçının babası X9 arasında 28 aprel 1980-ci il tarixli 280 nömrəli müqavilə bağlanmışdır. Böyükağa Axundovun vəfatından sonra iddiaçının atası X1 bağ sahəsinin onun adına keçirilməsinə dair ərizə ilə X13 müraciət etmişdir. Həmin ərizə əsasında Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh ərazisində yerləşən 0,25 ha torpaq sahəsi olan 1464 nömrəli bağ sahəsinin üzərindəki tikililərlə birlikdə istifadəyə verilməsinə dair keçmiş X5 və İstismarı Birliyi ilə iddiaçının atası X17 arasında 31 oktyabr 2003-cü il tarixli 288 nömrəli müqavilə bağlanmışdır. Firuz Axundov 21 yanvar 2008-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra həmin torpaq sahəsi iddiaçının anası X3 və digər ailə üzvlərinin sahibliyində və istifadəsindədir. Həmçinin bu günədək həmin bağ sahəsinə görə torpaq vergilərinin iddiaçının ailəsi tərəfindən ödənilmişdir. 16 noyabr 2013-cü il tarixdə Solmaz Axundova tərəfindən etibarnamə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) Bakı şəhər Ərazi İdarəsinə müraciət olunmuş və Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh ərazisində yerləşən 1464 nömrəli bağın torpaq sahəsinin sxematik bölgüsünün aparılması üçün bölgü sxeminin verilməsi xahiş edilmişdir. Müraciətə həmin İdarənin 19 dekabr 2013-cü il tarixli məktubu ilə cavab verilərək bildirilmişdir ki, Bakı şəhər Ərazi İdarəsinin arxiv sənədlərinə əsasən hüquqmüəyyənedici sənəd üzrə bağ torpağının ümumi sahəsi 2.500 kv.m təşkil edir. Yoxlama-ölçü işlərinin aparılması ilə əlaqədar mütəxəssislər ünvanda olarkən məlum olmuşdur ki, əlavə 1.600 kv.m torpaq sahəsi istifadə edilməkdədir. Beləliklə, Solmaz Axundovanın etibarnamə əsasında müraciəti öz həllini tapmamış və DƏDRX Bakı şəhər Ərazi İdarəsinin Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh ərazisində yerləşən 1464 nömrəli bağın torpaq sahəsinin sxematik bölgüsünün aparılması üçün bölgü sxemi verilməmişdir. Bundan sonra, Solmaz Axundova tərəfindən 17 iyul 2008-ci il tarixli ərizə ilə DƏDRX Bakı şəhər Ərazi İdarəsinə müraciət olunaraq, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində istifadəyə verilmiş 1464 nömrəli bağ sahəsinin plan-sxeminin alınması xahiş edilmişdir. Lakin müraciətdə qeyd olunan məsələnin həlli ilə bağlı məlumat verilmədiyi halda, DƏDRX Bakı şəhər Ərazi İdarəsinin 28 yanvar 2009-cu il tarixli xx/xx-1210 saylı məktubu ilə cavab olaraq bildirilmişdir ki, qeyd olunan bağ sahəsinə İdarənin mühəndisi tərəfindən baxış keçirilməsinə şərait yaradılmadığlndan, ölçü ilərinin aparılması mümkün olmamışdır. Bundan başqa, iddiaçı ərizə ilə Bakı şəhəri 41 saylı Notariat Ofisinə müraciət edərək, Firuz Axundovdan miras qalmış əmlaklarla bağlı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Notariat Ofisi 3 iyun 2020-ci il tarixdə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə məktubn ünvanlayaraq, mərhum Firuz Axundovun vəfatı ilə əlaqədar onun vərəsəsi kimi iddiaçının müraciəti üzrə vərəsəlik işinin açıldığını, vərəsələrin dairəsinin müəyyən edildiyini bildirmiş və Bakı şəhəri, Bilgəh ərazisində yerləşən 1464 nömrəli bağ sahəsinə dair X7 adına hüquqların daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir. Eləcə də, iddiaçının anasının həmin tprpaq sahəsinə hüququn qeydiyyatı ilə bağlı DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciətinə həmin İdarədən verilən cavab məktubunda bildirilmişdir ki, əlavə 1.415 kv.m torpaq sahəsi zəbt olunaraq istifadə edilməkdədir (ərizəçi tərəfindən) və ümumi göstərilən torpaq sahəsində digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş fərdi yaşayış evi mövcuddur. Qeyd olunanları nəzərə alaraq, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə istinadən hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ümumi göstərilən torpaq sahəsinə digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş fərdi yaşayış evinin mövcud olduğu bildirilsə də, həmin şəxsin kimliyi, reyestrdən çıxarışın hansı yollarla alındığı və çıxarışın rekvizitləri barədə məlumatlar verilməmişdir. Bu səbəbdən də iddiaçı hesab edir ki, həmin məlumatlar məhkəmə tərəfindən DƏDRX-dən sorğu əsasında tələb edilməli və sorğuya cavab verildikdən sonra həmin cavab əsasında iddia ərizəsinə dəqiqləşmə verilməlidir. İddiaçının istifadəsində olan torpaq sahəsinin üzərində hüquqlar qeydiyyata alınmış torpaq sahəsi ilə hansı əlaqəsinin olması, hansı əsasla iddiaçıya məxsusluğu, həmin torpağın ilkin ayırma sənədlərinin mövcudluğu, həmin torpağın texniki göstəricilərinin qeydiyyata alınmış torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən edilməlidir. Bilgəh bələdiyyə Şurasının qərarından 14 saylı 2 yanvar 2002-ci il tarixli çıxarışdan görünür ki, vətəndaşların fərdi mənzil tikilməsi üçün torpaq sahəsi ayrılması haqqında qərara əsasən X10 fərdi yaşayış evi inşa etmək üçün Bilgəh qəsəbəsi ərazisindən 0,36 kv.m torpaq sahəsi ayrılmışdır. Sözügedən sahə bələdiyyə fondu torpaqlarına aid deyil, əksinə sözgedən ərazi X5 və istismarına ayrılmış sahənin hüdudlarındadır. Bu səbəbdən, həmin sahəyə dair bələdiyyənin səlahiyyəti yox idi ki, torpaq sahəsi ayırsın. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 60cı maddəsinə, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 17, 64, 65, 67, 72-ci maddələrinə, İPM-in 2.2.5, 14, 36-cı maddələrinə əsaslanaraq, Bilgəh bələdiyyəsinin 14 saylı 2 yanvar 2002-ci il tarixli qərarının etibarsız sayılması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İPM-in 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Hazırkı inzibati məhkəmə icraatına məhkəmənin 16 iyun 2022-ci il tarixli qərardadı ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi, 20 sentyabr 2022-ci il tarixli qərardadı ilə X23 üçüncü şəxs qismində cəlb olunmuşlar. Cavabdeh Bakı şəhəri Cavabdeh iddia ilə bağlı məhkəməyə ünvanlanmış 5 dekabr 2022-ci il tarixli məktubunda bildirilir ki, Bilgəh bələdiyyəsinin 2000 – 2008-ci illərə aid sənədləri Arxiv İdarəsinin 18 fevral 2009-cu il tarixli aktına əsasən oxunması mümkün olmadığına görə ləğv edilmişdir. Ona görə də hər hansı məlumatın verilməsi mümkünsüzdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin məhkəməyə müvafiq sorğuya cavab olaraq ünvanlanmış 5 dekabr 2022-ci il tarixli məktubunda bildirilir ki, Cavabdeh 2 yanvar 2002-ci il tarixli 14 saylı sərəncamı (qərarı) X14 aşkar edilməmişdir. «Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında» Azərbaycan Respublikasının Qanunu 13 may 2003-cü il tarixdə qəbul olunmuş və bələdiyyə aktları qeyd olunan tarixdən sonra inzibati nəzarət icraatı qaydasında baxılması üçün Ədliyyə Nazirliyinə təqdim edilmişdir. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmənin 3 aprel 2023-cü il tarixli qərardadı ilə iş üzrə ekspertiza təyin edilərək, ekspertizanın keçirilməsi Əmlak Məsələləri Dövlət Xidmətinin yanında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin mütəxəssisləri cəlb olunmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunmuş və iş materialları həmin quruma göndərilmişdir. Eksperiza qarşısında aşağıdakı sullar qoyulmuşdur: - Bakı şəhəri Bilgəh bələdiyyəsinin 2 yanvar 2002-ci il tarixli 14 nömrəli qərarına əsasən X11 ayrılmış Bakı şəhəri, Bilgəh qəsəbəsi ərazində yerləşən 0,36 ha torpaq sahəsi ilə Bakı ŞİH başçısı aparatının Anadlaşdırma və X2 Departamentinin X5 və istismarı İdarəsi ilə bağlanmş 31 oktyabr 2003-cü il tarixli 288 saylı müqavilə əsasında X7 istifadəsinə verilmiş Bilgəh qəsəbəsi, 1464 saylı bağ sahəsinin yerləşdiyi torpaq sahəsi ilə hər hansı hissədə (tam və ya qismən) üst-üstə düşməsinin onların koordinatları və yerləşmə mövqeyi dəqiqləşdirilməklə müəyyən edilməsi. - Bakı şəhəri Bilgəh bələdiyyəsinin 2 yanvar 2002-ci il tarixli 14 nömrəli qərarına əsasən X11 ayrılmış Bakı şəhəri, Bilgəh qəsəbəsi ərazində yerləşən 0,36 ha torpaq sahəsinin məqsədli təyinatlarının (kateqoriyasının) müəyyən edilməsi. - Bakı şəhəri Bilgəh bələdiyyəsinin 2 yanvar 2002-ci il tarixli 14 nömrəli qərarına əsasən X11 ayrılmış Bakı şəhəri, Bilgəh qəsəbəsi ərazində yerləşən 0,36 ha torpaq sahəsinin ayrılan dövrlərdə Bilgəh bələdiyyəsinin mülkiyyətində olan, habelə Bakı ŞİH-in 31 avqust 2000-ci il tarixli 812 nömrəli sərəncamı ilə adışəkilən bələdiyyəyə ayrılması nəzərdə tutulan ərazi hüdudlarında yerləşib-yerləşməməsinin müəyyən edilməsi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 iyul 2023-cü il tarixli məktubu ilə iş materialları qurumun ekspertinin “məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə” məlumatı ilə birlikdə məhkəməyə qaytarılmışdır. Məlumatda bildirilir ki, məhkəmə ekspertizasının aparılması və rəy verilməsi aşağıdakı səbəblərə görə mümkün olmamışdır. Qərardadda ekspert qarşısında qoyulmuş sualların həlli üçün Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən qərardadda qoyulmuş suallarla əlaqədar olaraq tədqiq olunan torpaq sahəsinə dair faktiki koordinatıarən, baza məlumatlarının və mütəxəssis rəyinin Mərkəzə təqdim edilməsi zəruri olduğundan, bu barədə məhkəməyə 22 may 2023-cü il tarixli vəsatət göndərilmişdir. Vəsatətin verildiyi tarixdən 1 aydan artıq müddət keçməsinə baxmayaraq, mütəxəssislər tərəfindən tərtib edilməli müvafiq mütəxəssis rəyi Mərkəzə təqdim olunmamışdır. Göstərilənləri nəzərə alaraq, «Məhkəmə ekspertizası fəaliyyəti haqqında» Qanunun 12-ci maddəsinə və «Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat»ın 3.2-ci bəndinə əsasən hazırkı ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılır. Əmlak Məsələləri Dövlət Xidmətinin yanında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə təqdim olunmuş mütəxəssis rəyində müvafiq sullara cavab olaraq aşağıdakılar bildirilir: - göstərilən torpaq sahəsinin sərhədlərinin bir tərəfinin bir hissəsinə but daşı düzülüb, digər tərəfdən isə mişar daşı ilə hasarlanıb. Torpaq sahəsi faktiki olaraq 0,359 ha təşkil edir )sahədə yaşayışa yararsız birmərtəbəli köhnə yaşayış evi və həyət tikililəri var). Vahid elektron kadastr baza məlumatlarına əsasən ərazidə yerləşən fərdi yaşayış evi **********82-10301 reyestr nömrəsi ilə hazırda X20 mülkiyyətindədir (fərdi yaşayış evinin texniki pasportuna əsasən istifadədə olan torpaq sahəsi 0,401 ha təşkil edir). Qeyd olunan ümumi massiv Bilgəh bağ massivi olmaqla dövlət torpaqlarıdır; - Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla Dövlət torpaqğıdır; - Yuxarıda qeyd olunduğu kimi, vahid elektron kadastr baza məlumatlarına əsasən ərazidə yerləşən fərdi yaşayış evi **********82-10301 nömrəsi ilə hazırda X20 mülkiyyətindədir (fərdi yaşayış evinin texniki pasportuna əsasən istifadədə olan torpaq sahəsi 0,401 ha təşkil edir). Qeyd olunan ümumi massiv Bilgəh bağ massivi olmaqla dövlət torpaqlrıdır. Bundan başqa, iş materiallarında olan Bakı İnzibati Məhkəməsinin icraatında olmuş digər (2-1(112)-2017/2021 saylı) əlaqəli inzibati iş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri Xidmətinin 3 may 2021-ci il tarixli məktubu ilə məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində aşağıdakılar bildirilmişdir: - Mübahisələndirilən İddiaçı iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinı baxış keçirilmiş, koordinatları müəyyən edilməklə ölçülmüşdür. Naturada müəyyən edilmiş koordinatlara əsasən elektron kadastr bazasında araşdırma aparılmışdır. İddiaçı iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsi X8 (reyestr nömrəsi **********82-10301 olan çıxarışla) mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçı naturada göstərdiyi X8 mülkiyyətində olan torpaq sahələri Bakı ŞİH-in 31 avqust 2000-ci il tarixli 817 nömrəli sərəncamı ilə Cavabdehnə ayrılması nəzərdə tutulan dövlət mülkiyyəti torpağıdır. Qeyd: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazsi İdarəsi: Sxematik xəritəyə əsasən bu sahə 1464 saylı bağın ərazisinə uyğun gəlir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxslərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi gəlmiş, digər proses iştirakçıları gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün saydı. İPM-in 54.1-ci maddəsinə görə inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «cavabdehin 2 yanvar 2002-ci il tarixli 14 nömrəli qərarın “iddiaçının mərhum atasına ayrılmış 0,25 ha torpaq sahəsinə aid hissədə” etibarsız sayılması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitsiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. İPM-in 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən aşağıdakılar torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətlərinə daxildir: - qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; - qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi. Həmin Məcəllənin 84-cü maddəsinin İ hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. «Torpaq islahatı haqqında» Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinin 4-cü abzasına əsasən bu Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. «İnzibati icraat haqqında» Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 13.1-ci maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 16.1-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: (65.1.1) hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; (65.1.2) müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; (65.1.3) qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; (65.1.4) maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; (65.1.5) faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; (65.1.6) kimə ünvanlandığı aydın olmayan inzibati akt. MPM-in (Məcəllə Azərbaycan Respublikasının 28 dekabr 1999-cu il tarixli 780-İQ nömrəli Qanunu ilə təsdiq edilmişdir) 26-cı fəslinin 297 və 298-ci maddələrinə (Məcəllənin 26-cı fəsli 10 iyun 2011-ci il tarixli 143-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə çıxarılmışdır) görə: - (maddə 297.1) Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin məhkəmədə mübahisə edilən qərarlarına, hərəkətlərinə (hərəkətsizliyinə) elə kollegial və təkbaşına qərarlar, hərəkətlər (hərəkətsizlik) aiddir ki, onların nəticəsində şəxsin hüquq və azadlıqları pozulmuş olsun, şəxsin hüquq və azadlıqlarını həyata keçirməyə maneçilik yaransın, şəxsin üzərinə qanunsuz olaraq hər hansı vəzifə qoyulmuş olsun və ya o, qanunsuz olaraq məsuliyyətə cəlb edilsin; - (maddə 297.2) Göstərilən orqanların, təşkilatların, onların vəzifəli şəxslərinin aşağıdakı qərar və hərəkətlərindən (hərəkətsizliyindən) bu fəslə uyğun olaraq məhkəməyə şikayət verilə bilməz: Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq yoxlanılması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müstəsna səlahiyyətinə aid olan fərdi və normativ hüquqi aktlar, qanunla məhkəmə qaydasında onlardan şikayət etmənin başqa qaydası nəzərdə tutulan fərdi və normativ hüquqi aktlar. Həmin Məcəllənin 298-ci maddəsinə görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Məcəllə Azərbaycan Respublikasının 28 dekabr 1999-cu il tarixli 779-İQ nömrəli Qanunu ilə təsdiq edilmişdir) 19-cu maddəsinə görə dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Məhkəmə hazırkı inzibati mübahisə ilə bağlı müəyyən etdiyi aşağıdakı xüsusatları diqqətə çəkir: - mübahisə predmeti olan 2 yanvar 2002-ci il tarixli 14 nömrəli qərarın surətinin 1 yanvar 2011-ci il tarixədək hazırkı iddiaçıya məlum olmasına dair nə cavabdeh, nə də üçüncü şəxslər hər hansı bir sübut, dəlil təqdim etmədiyindən, eləcə də məhkəmə icraatında bu hal müəyyən edilmədiyindən, həmin tarixədək qanunvericilikıə müəyyən edilmiş 1 aylıq müddət buraxılmamış sayılır. 1 yanvar 2011-ci il tarixdən sonrakı dövrdə isə “müəyyənetmə və tanınma haqqında” iddialara münasibətdə iddia müddəti nəzərdə tutulmamışdır. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. - mübahisəli torpaq sahəsi dövlət mülkiyyətində olan torpaqlara aid olduğundan, Bakı ŞİH X5 və İstismarı İdarəsi ilə iddiaçının mərhum atası X17 arasında bağın icarəyə verilməsi barədə müqavilə 31 oktyabr 2003-cü il tarixdə bağlansa da, sonuncunun atası X4 tərəf kimi çıxış etdiyi Bakı Şəhər XDS İK Bağlar Təsərrüfatı İdarəsi ilə bağlanmış bağın icarəyə verilməsi barədə müqavilə ondan əvvəlki dövrə, yəni 28 aprel 1980-ci il tarixə (mübahisə predmeti olan 2 yanvar 2002-ci il tarixli qərarın qəbulundan əvvələ) təsadüf etdiyindən, X18 mübahisəli torpaq sahəsinə «Torpaq islahatı haqqında» Qanunun 9, 25-ci maddələrinə əsasən mülkiyyət hüququ əldə etmişdir; - müvafiq torpaq sahəsi bələdiyyə mülkiyyətində deyil, dövlət mülkiyyətidə olan torpaqlara (xüsusilə də bağ massivinə) aid olduğundan, müvafiq orqanlardan rəylərin alınıb-alınmamasından asılı olmayaraq, Bilgəh bələdiyyəsi həmin torpaq sahəsini bələdiyyə mülkiyyətində olan ərazi kimi 2 yanvar 2002-ci il tarixli 14 nömrəli qərarla başqa şəxsə ayırmaqda səlahiyyətli olmamışdır. Məhkəmə yuxarıda qeyd olunalara əsaslanaraq, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsini rəhbər tutaraq belə qənaətə gəlir ki, cavabdeh Bakı şəhəri Cavabdeh 2 yanvar 2002-ci il tarixli 14 nömrəli qərarı iddiaçının mərhum atasına ayrılmış hissədə etibarsız sayılmalıdır. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli və cavabdeh Bakı şəhəri Cavabdeh 2 yanvar 2002-ci il tarixli 14 nömrəli qərarı “iddiaçının mərhum atası X12 Bakı ŞİH X6 və İstismarı Birliyi ilə bağlanmış 31 oktyabr 2003-cü il tarixli müqavilə ilə ayrılmış 0,25 ha torpaq sahəsinə aid hissədə” etibarsız sayılmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 58.7, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri Cavabdeh 2 yanvar 2002-ci il tarixli 14 nömrəli qərarı “X12 Bakı ŞİH X6 və İstismarı Birliyi ilə bağlanmış 31 oktyabr 2003-cü il tarixli müqavilə ilə ayrılmış 0,25 ha torpaq sahəsinə aid hissədə” etibarsız sayılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-1081/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1081/2023
05.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver