Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1081/2025 09.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********179800 nömrəli qərarının qanunsuz hesab edilərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü ildə AVİS elektron sisteminə yerləşdirilmiş xx.xx.2024-ci il tarixli **********179800 nömrəli qərarı ilə Cəmiyyətə 5503.48 AZN mənfəət vergisi hesablanmışdır. Belə hesablanmanın heç bir faktiki və hüquqi əsası göstərilməmişdir. Cəmiyyət tərəfindən həmin qərara yazılı etiraz verilmişdir ki, Cəmiyyətin fəaliyyəti xx.xx.2022-ci il tarixdə dayandırılmışdır, 2022-ci ilin 4 ayı ərzində bəyan edilməmiş heç bir mədaxil və ya məxaric əməliyyatı olmamışdır. Vergi orqanı tərəfindən xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə eyni mövzulu uyğunsuzluq məktubları göndərilmiş, açıqlama və dəqiqləşdirilmiş bəyannamə tələb olunmuşdur. xx.xx.2024-cü il tarixdə dəqiqləşdirilmiş bəyannamə təqdim edilmiş və **********427100 nömrəli məktubla hesablanmış 5503.48 AZN mənfəət vergisinin silinməsi və azalma verilməsi xahiş olunmuşdur. Habelə vergi orqanına məlumdur ki, Cəmiyyət 2021-ci ili mənfəət vergi bəyannaməsinə əsasən 4229.06 AZN, 2022-ci ili nəzərə alındıqda 20769.07 AZN zərərlə başa vurmuşdur. Vergi orqanı tərəfindən xx.xx.2024-cü il tarixdə **********78880 nömrəli Eran Müdür oğlunun adına ölkədən getmək hüququnun məhdudlaşdırılması haqqında borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq göndərilmişdir. xx.xx.2024-cü il tarixdə **********179800 nömrəli qərarla hər hansı faizlər hesablanmamış, qərardan onun təqdim olunduğu vaxtdan bir ay ərzində məhkəməyə və ya üç ay ərzində yuxarı vergi orqanına şikayət etmək hüququ göstərilmişdir. Lakin vergi orqanı qərarın mübahisələndirilməsi müddətini gözləmədən qərarın göndərildiyi gün, yəni 07 mart 2024cü ildə Bakı Kommersiya Məhkəməsinə ərizə verərək Cəmiyyətin icra orqanının rəhbərinin ölkədən getmə hüququnun məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bununla vergi ödəyicisinə və onun rəhbərinə qarşı qərəzli və qanunsuz yanaşmaya yol verilmişdir. Vergi orqanının ərizəsinə əsasən Bakı Kommersiya Məhkəməsinin 11 mart 2024-cü il tarixli, e-2- 2(113)-2334/20244 saylı qətnaməsi ilə Cəmiyyətin icra orqanının rəhbərinin ölkədən getmə hüququ əsassız və qanunsuz olaraq məhdudlaşdırılmışdır. Cavabdeh vergi orqanına, Dövlət Vergi Xidmətinə və X2 Baş İdarəsinə 09 mart 2024-cü il tarixli müraciətlərlə əlavə vergi hesablanmasının silinməsi xahiş olunsa da, bu günədək müraciətlərinə cavab verilməmişdir. 28 mart 2024-cü il tarixli cavabdehə və Dövlət Vergi Xidmətinə təkrar müraciətlərlə inzibati şikayətə baxılmasının nəticələri barədə məlumat verilməsi xahiş olunsa da, heç bir nəticə olmamışdır. Beləliklə, hər hansı faktiki qanuni əsas olmadan Cavabdeh vergi orqanı İddiaçının hüquqlarına və qanuni mənafeyinə bilərəkdən ziyan vurmaq məqsədilə hərəkət etmiş, əsassız vergi hesablamışdır. Vergi orqanının mövqeyi Azərbaycan Respublikası Konstitusiyasının, azad sahibkarlıq hüququna təminat verən normativ-hüquqi aktların müddəalarına birbaşa zidd olmaqla, Cəmiyyətin qanuni mənafeyinə ciddi xələl gətirmiş və Cəmiyyətin xarici investisiyalı müəssisə kimi nüfuzuna və əmlak vəziyyətinə mənfi təsir göstərmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi “İddiaçı MMC-yə 2022ci il üzrə əlavə mənfəət vergisinin hesablanmasına əsas olmuş xx.xx.2024-cü il tarixli 3- 21-2-3/2-367562/2024 saylı "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarınn ləğv olunması və Cəmiyyətin şəxsi hesab vərəqəsindəki vergilər və faizlər üzrə borcların silinməsinin təmin olunması” barədə dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Dəqiqləşdirilmiş iddia tələbi onunla əsaslandırılmışdır ki, AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhər Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********179800 saylı "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarı əsasında "xxxx" MMC-yə 2022-ci il üzrə 5503,48 manat həcmində əlavə mənfəət vergisi hesablanmışdır. Həmin hesablama əsassızdır. Belə ki, cavabdeh tərəfə ünvanlanmış müvafiq məktublar və həmin məktublara verilmiş müvafiq cavablardan görünür ki, Cəmiyyətə kameral yoxlama qərarı əsasında mənfəət vergisi AR Vergi Məcəlləsinin 151-ci maddəsinin tələbləri əsasında hesablanmışdır. Həmin maddədə göstərilir ki, hüquqi şəxsin əvvəlki ilin dövriyyəsi əsas götürülməklə cari ildə 4 rüb üzrə əlavə vergilərin ödənilməsi təmin olunur. Həmin ödənilən vergilər isə hüquqi şəxsə cari il üçün mənfəət vergisi bəyannaməsini növbəti ilin mart ayının 31-dək olan dövr ərzində təqdim etmək və əlavə hesablanan vergiləri ödəmək hüququ verir. Cəmiyyətin cari ildə heç bir fəaliyyəti olmadıqda isə sözügedən maddə hüquqi şəxsə heç bir hüquqi məsuliyyət və öhdəlik yarada bilməz. Cəmiyyət tərəfindən xx.xx.2018-ci il tarixdə **********50100 saylı qeydiyyat ərizəsi əsasında 5 (beş) il müddətinə, yəni xx.xx.2023-cü il tarixədək fəaliyyətinin dayandırılması ilə bağlı vergi orqanına müvafiq müraciət təqdim olunmuşdur. Sözügedən dövr aralığında isə Cəmiyyətin heç bir fəaliyyəti olmamışdır. Bundan başqa, Cəmiyyət tərəfindən xx.xx.2022-ci il tarixdə **********302600 saylı qeydiyyat ərizə əsasında 5 (beş) il müddətinə fəaliyyətinin dayandırılması ilə bağlı əlavə olaraq müvafiq müraciət vergi orqanına təqdim olunmuşdur. Lakin buna baxmayaraq, vergi orqanı tərəfindən fəaliyyəti olmayan, dayandırma müddətində heç bir iqtisadi göstəriciləri olmayan Cəmiyyətə analoji qaydada mənfəət vergisi hesablanmışdır. Bundan başqa bildirmək istəyirəm ki, Dövlət Vergi Xidmətinin Bakı Şəhər Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********179800 saylı "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarında əlavə vergilərin hesablanması barədə heç bir əsaslandırma öz əksini tapmamışdır. Həmin qərardan hesablamanın əsası, hansı müddəalara istinad olunması və hansı meyarlar əsasında vergilərin hesablanması barədə izahat əks olunmur. Bu da öz növbəsində vergi orqanı tərəfindən qanunsuzluğa yol verilməklə hesablama aparılmasını bir daha sübuta yetirir. İddianın predmeti üzrə işin faktiki hallarından göründüyü kimi, vergi orqanı AR Vergi Məcəlləsi ilə və digər qanunvericilik aktları ilə ona verilmiş hüquqlardan və səlahiyyətlərdən sui-istifadə edərək və ya faktiki hallara biganə yanaşaraq müvafiq araşdırma aparmadan Cəmiyyətə əlavə olaraq anoloji qaydada 2022-ci il üzrə kameral yoxlama əsasında əsasız mənfəət vergisi hesablamışdır. Bundan başqa, cavabdeh tərəfindən elektron məhkəmə sisteminə əlavə edilmiş xx.xx.2024-cü il tarixli vəsatətdən görünür ki, iddiaçı tərəfindən 2022-ci ilin mənfəət vergisi ilə əlaqədar dəqiqləşmiş bəyannamə təqdim edildiyi üçün, vergi orqanı tərəfindən xx.xx.2024-cü il tarixli **********179800 saylı qərar ləğv olunmuş və eyni mahiyyət üzrə xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-126968/2024 saylı "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” yeni qərar qəbul edilmişdir. Həmin qərardan da görünür ki, "xxxx" MMC-yə 2022-ci il üzrə 5503,48 manat həcmində analoji qaydada əlavə mənfəət vergisi hesablanmışdır. Bir sözlə həmin qərarla hesablanmış vergi məbləği də hazırkı iddianın predmeti ilə eynilik təşkil edir. xx.xx.2024-cü il tarixli 3-21-2-3/2- 126968/2024 saylı "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi üçün iddiaçı tərəfindən vergi orqanına inzibati qaydada şikayət olunmuş və vergi orqanının xx.xx.2024-cü il tarixli **********064400 saylı qərarı əsasında iddiaçının şikayəti təmin edilməmiş və məhkəmədə mübahisləndirilməsi əsas gətirilməklə inzibati şikayət üzrə icraata xitam verilmişdir. Göründüyü kimi, vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-126968/2024 saylı "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərardan məhkəməyə şikayət verilməsi üçün 30 gün müddət nəzərdə tutulsa da, inzibati qaydada şikayət verildiyi təqdirdə iddia müddətinin axımın dayandırılması qanunvericilikdə öz əksini tapmışdır. xx.xx.2024-cü il tarixdə iddia ərizəsinin dəqiqləşdirilməsi ilə bağlı yenidən ərizə verilərək İddiaçı MMC-yə 2022-ci il üzrə əlavə mənfəət vergisinin hesablanmasına əsas olmuş xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-126968/2024 saylı "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarrın ləğv olunması və Cəmiyyətin şəxsi hesab vərəqəsindəki vergilər və faizlər üzrə borcların silinməsinin təmin olunması ilə bağlı Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə öhdəlik qoyulmasına dair qərar qəbul edilməsi xahiş olunmuşdur. Sonradan məlum olmuşdur ki, AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhər Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-367562/2024 saylı "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarı əsasında "xxxx" MMC-yə 2022-ci il üzrə yenidən 5503,48 manat həcmində əlavə mənfəət vergisi hesablanmış və sözgedən qərarın qəbul edilməsi ilə xx.xx.2024-cü il tarixli 3-21-2-3/2- 126968/2024 saylı "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” eyni məzmunlu qərar ləğv edilmişdir. Beləliklə, "xxxx" MMC-yə 2022-ci il üzrə 5503,48 manat həcmində əlavə mənfəət vergisinin hesablanmasına əsas olmuş Dövlət Vergi Xidmətinin Bakı Şəhər Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-367562/2024 saylı "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarı əsassız olduğundan ləğv edilməlidir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh Dövlət Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsi iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, aparılan araşdırma zamanı 2022-ci il ərzində iqtisadi göstəricilərin, eləcə də əvvəlki illər üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin 1 nömrəli Əlavəsində dövrün sonuna qalıqların olmasına baxmayaraq, vergi ödəyicisi tərəfindən 2022-ci il üzrə mənfəət vergisi bəyannaməsinin təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. İddiaçı tərəfindən xx.xx.2024cü il tarixdə təqdim edilmiş bəyannamənin kameral vergi yoxlaması zamanı bəyannamənin 1 N-li Əlavəsinin 1.1-ci (Əsas vəsaitlərin dəyəri ) sətrinin “Hesabat dövrünün sonuna” xanalarında 281837.11 manat məbləğ göstərilməsinə baxmayaraq bəyannamənin aid olduğu il üzrə təqdim edilmiş “Əmlak vergisinin bəyannaməsi”nin 504cü (Hesabat ilinin sonuna əmlakın ümumi qalıq dəyəri) (Əmlakın ümumi qalıq dəyəri) sətrində 226492.73 manat məbləğ əks etdirilmişdir ki, nəticədə də 55344.38 manat məbləğində fərq müəyyən edildiyindən kənarlaşma yaranmışdır. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********179100 nömrəli “2022-ci il üçün təqdim edilməmiş mənfəət (gəlir) vergisi bəyannaməsi üzrə yaranmış uyğunsuzluqlar barədə" uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə cari vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən əsaslı izahat, təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2022-ci il üçün mənfəət vergisi bəyannaməsi üzrə 5503.48 manat əlavə vergilərin hesablanması təmin edilərək, xx.xx.2023-cü il tarixli **********203500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar vergi ödəyicisinə göndərilmişdir. Daha sonra vergi ödəyicisi hesablanmış vergi məbləğini azaldaraq dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim etmiş, bununla bağlı vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********606200 nömrəli uyğunsuzluq məktubu göndərilərək hesablanmış vergi məbləğinin azaldılması barədə izahat tələb olunmuşdur. Vergi ödəyicisi tərəfindən kənarlaşmalar aradan qaldırılmadığı üçün hesablanmış vergi məbləği bərpa edilməklə xx.xx.2024-cü il tarixli **********179800 nömrəli, xx.xx.2024-cü il tarixli **********456400 nömrəli və xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-367562/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarlar vergi ödəyicisinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş iddiaçı tərəf iddia tələbini müdafiə edərək cavabdehin xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-367562/2024 saylı "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İnzibati icraat materialları ilə təqdim edilmiş sənədlərin surətlərindən görünür ki: - Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-367562/2024 nömrəli qərarı ilə 2022-ci il mənfəəət vergisi üzrə hesabat dövrü ərzində təqdim edilmiş bəyannamə, hesabat üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi və ya sığorta haqqı 0,00 manat, vergi orqanı tərəfindən əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 5.503,48, əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 5.503,48 manat müəyyən edilmişdir. - Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında 19 dekabr 2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, təqdim edilən bəyannamənin 200-cü (Malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir) sətir 165104.40 manat + 201-ci (Amortizasiya olunan əsas vəsaitlərin təqdim edilməsindən gəlir) sətir 0 manat + 202-ci (Amortizasiya olunmayan aktivlərin təqdim edilməsindən gəlir) sətir 0 manat + 203-cü (Daşman və daşınmaz əmlakın icarəyə verilməsindən gəlir) sətir 0 manat + 206-cı (Əvəzsiz əsasla təqdim edilmiş aktivlərin dəyəri) sətir 0 manat + 217-ci (Yuxarıdakı bəndlərdə nəzərdə tutulmayan digər gəlirlər (o cümlədən mənfəət vergisindən azad edilən gəlirlər) sətri 0 manat, cəmi 165104.40 manat məbləğində hesabat dövrünün gəlirləri (ƏDV və aksiz nəzərə alınmadan) göstərilməsinə baxmayaraq, bəyannamənin aid olduğu hesabat ili üzrə “Əlavə dəyər vergisinin bəyannamələri” təqdim edilmədiyindən kənarlaşma aşkar edilmişdir. Hesablama metodu ilə təqdim edilən bəyannamənin “Xammal və materiallar” (221.3-cü), “Malın dəyəri” (221.4-cü), “Enerji xərcləri” (221.7-ci), “Qaz xərcləri” (221.8-ci), “Yanacaq xərcləri” (221.9-cu), “Su və kanalizasiya xərcləri” (221.10-cu), “Rabitə xərcləri” (221.11-ci), “Mühafizə xərcləri” (221.12-ci), “Reklam xərcləri” (221.14-cü), “Biləvasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” (221.15-ci), “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər” (226-cı), "Nəqliyyat xərcləri" (229-cu) və “Digər xərclər” (232-ci) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə (137587.00 manat), tərəfinizdən əvvəlki il üzrə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin (və ya “Sadələşdirilmiş verginin bəyannaməsinin”) 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləği ( 0 manat) (+) cari il ərzində əldə edilmiş e-qaimə-fäkturaların (rislki e-qaimə-iakturaların məbləği (0.00) istisna olmaqla) və alış aktlarının məbləği (327.12 manat) (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal-materialların ( 0.00 manat) məbləği (+) bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannamələri”nin 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər) (+) 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri) (+) 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr) + 1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərinin ( 0 manat) cəmi məbləğindən ( 327.12 manat) bəyannamənin 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin ( 0 manat) çıxılması nəticəsində yaranan (327.12 manat) məbləğin müqayisəsi nəticəsində 137259.88 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Bununla əlaqədar olaraq kameral vergi yoxlamasının başa çatdırılması üçün aşağıdakı zəruri sənədlərin (məlumatları) təqdim edilməsi tələb olunur: Həmin dövr üçün dəqiqləşdirilmiş Əlavə dəyər vergisi bəyannaməsi. - xx.xx.2023-cü il tarixli **********179100 nömrəli “2022-ci il üçün təqdim edilmiş mənfəət (gəlir) vergisi bəyannaməsi üzrə yaranmış uyğunsuzluqlar barədə" uyğunsuzluq məktubunda qeyd olunmuşdur ki, Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən vergi orqanın Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüququ vardır. Həmin Məcəllənin 37.3-ci maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Araşdırma zamanı uçot-baza məlumatlarına əsasən 2022-ci il üzrə gəlirinizin və xərcinizin olduğu müəyyən edilmiş lakin, 2022-ci ilin mənfəət (gəlir) vergisi bəyannaməsi Vergi Məcəlləsində nəzərdə tutulmuş müddət ərzində vergi orqanına təqdim edilmədiyi müəyyən edilmişdir ki, bu da kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Bununla əlaqədar olaraq, kameral vergi yoxlamasının başa çatdırılması üçün 5 (beş) iş gün ərzində cari (dəqiqləşdirilmiş) vergi bəyannamələri və zəruri sənədləri (məlumatları) vergi orqanına təqdim edilməsi tələb olunur. Göstərilən müddət ərzində cari (dəqiqləşdirilmiş) vergi bəyannamələri və zəruri sənədləri məlumatlar təqdim edilmədiyi halda, Vergi Məcəlləsinin 37,67 və 83-cü maddələrinin müddəalarına əsasən vergi orqanının Sizin vergi öhdəliklərinizi yenidən hesablamaq hüququ vardır - Mənfəət vergisinin bəyannaməsinə (kameral) əsasən 2022-ci il üzrə hesabat dövrünün gəlirləri - malların təqdim edilməsindən 165.104,40 manat (ümumi) gəlir, hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərcləri - malların təqdim edilməsi, iş görülməsi və xidmət göstərilməsi üzrə 137.587,00 manat (cəmi) xərclər, mənfəət 27,517.40 manat, mnfəət vergisi 5,503.48 manat müəyyən edilmişdir. -- Mənfəət vergisinin bəyannaməsinə (vergi ödəyicisi) əsasən 2022-ci il üzrə hesabat dövrünün gəlirləri - malların təqdim edilməsindən --- manat (ümumi) gəlir, hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərcləri --- malların təqdim edilməsi, amortizasiya ayırmaları, əsas vəsaitlərin təqdim edilməsi və ləğvi üzrə gəlirdən çıxılan xərclər 17,047.84 manat, gəlirdən çıxılan xərclər və yığımlar :torpaq vergisi 3,721.23 manat, əmlak vegisi 1,371.06 manat, əmlak vergisi 2,235.17 manat, cəmir xərclər 20.769.07 manat mənfəət 00 olmaqla mənfəət vergisi 0.00 olaraq təqdim edilmişdir. Mənfəət vergisinin 1 nömrəli əlavəsində əsas vəsaitlərin dəyəri 281, 837.11 manat olaraq göstərilmişdir. - Əmlak vergisinin bəyannaməsinə əsasən 2022-ci il üzrə hesabat ilinin əvvəlinə əsas vəsaitlərin ümumi qalıq dəyəri 243.540,57 manat, hesabat ilinin sonuna əsas vəsaitlərin ümumi qalıq dəyəri (o cümlədən vergiyə cəlb olunan) 226.492,73 manat, hesablanmış verginin məbləği 2.350,17 manat müəyyən edilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. İddiaçı cavabdehin onun barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli əliverişsiz inzibati aktını məhkəmə icraatı gedişində xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verməklə mübahisələndirmiş və bununla da 30 günlük iddia müddətini ötürməmişdir. İddianın mahiyyətinə gəlincə məhkəmə hesab edir ki, iddia əsaslıdır. İşin hallarından müəyyən olunur ki, iddiaçı xx.xx.2022-ci il tarixdə **********302600 saylı qeydiyyat ərizəsi əsasında 5 (beş) il müddətinə fəaliyyətinin dayandırılması ilə bağlı müraciət vergi orqanına təqdim olunmuşdur. İddiaçıya mübahisələndirilən qərarla 2022-ci ilin mənfəət vergisi üzrə 5503.48 manat vergi hesablanmışdır. Vergi orqanı qeyd edilən verginin hesablanmasına əsas kimi aşağıdakıları qeyd etmişdir: -İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə təqdim edilmiş mənfəət bəyannamənin kameral vergi yoxlaması zamanı bəyannamənin 1 N-li Əlavəsinin 1.1-ci (Əsas vəsaitlərin dəyəri) sətrinin “Hesabat dövrünün sonuna” xanalarında 281837.11 manat məbləğ göstərilməsinə baxmayaraq həmin il üzrə təqdim edilmiş “Əmlak vergisinin bəyannaməsi”nin 504-cü (Hesabat ilinin sonuna əmlakın ümumi qalıq dəyəri) (Əmlakın ümumi qalıq dəyəri) sətrində 226492.73 manat məbləğ əks etdirilmişdir ki, nəticədə də 55344.38 manat məbləğində fərq müəyyən edildiyindən kənarlaşma yaranmışdır. -həmin il üzrə 165104.40 manat məbləğində hesabat dövrünün gəlirləri göstərilmiş, 137259.88 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Vergi Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 13.2.10. Malların təqdim edilməsi – mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, habelə bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əməkhaqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsi. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə alqı-satqı müqavilələrinin sonradan eyni şəxslə notarial qaydada təsdiq edilməsi bu maddənin məqsədləri üçün vergi tutulan təqdimetmə hesab edilmir. 13.2.12. Gəlir – malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir. Vergitutma məqsədləri üçün gəlirin əldə edilmə vaxtı bu Məcəllənin 132-ci və 135-ci maddələri ilə müəyyən olunur. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə dövriyyələr vergiyə cəlb olunan gəlir hesab edilmir. 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; 23.1.2. vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək; 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 103.1. Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. 104.1. Rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. -196. Bu Məcəllənin 197-ci maddəsində göstərilən vergitutma obyektləri olan fiziki şəxslər və müəssisələr əmlak vergisinin ödəyiciləridir. -197.1. Aşağıdakılar vergitutma obyekti sayılır: 197.1.1. Rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililərin və ya onların hissələrinin (bundan sonra bina adlandırılacaq), həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri; 197.1.3. müəssisələrin, habelə fərdi sahibkarların balansında olan əsas vəsaitlər (bu Məcəllənin 197.1.1-ci maddəsində göstərilən aktivlər istisna olmaqla); 197.1.4. Azərbaycan Respublikasında özünün daimi nümayəndəliyi vasitəsilə sahibkarlıq fəaliyyətini həyata keçirən şəxslər üçün - yalnız daimi nümayəndəliklə bağlı olan əsas vəsaitlər (bu Məcəllənin 197.1.1-ci maddəsində göstərilən aktivlər istisna olmaqla). -197.2. Vergitutma obyekti olan, müəssisələr və fərdi sahibkarlar tərəfindən hüquqi şəxs yaratmadan birgə fəaliyyət aparmaq üçün birləşdirilən əsas vəsaitlərin dəyəri (bu Məcəllənin 197.1.1-ci maddəsində göstərilən aktivlər istisna olmaqla), bu əsas vəsaitləri birləşdirən birgə fəaliyyət iştirakçıları tərəfindən vergiyə cəlb edilməsi məqsədləri üçün bəyannaməyə daxil olunur. Birgə fəaliyyət nəticəsində yaradılmış (alınmış) əsas vəsaitlərin dəyəri (bu Məcəllənin 197.1.1-ci maddəsində göstərilən aktivlər istisna olmaqla) isə birgə fəaliyyətin iştirakçıları tərəfindən müqavilə üzrə mülkiyyətdə müəyyən olunmuş pay haqqına müvafiq olaraq bəyannaməyə daxil edilir. -53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. 94.0. Verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçının 2022-ci il üzrə malların təqdim edilməsindən gəlirini (ümumi dövriyyəni) 165.104,40 manat, xərcləri 137.587, 00 manat müəyyən etməklə 27.517,40 manat mənfəətdən 20% olmaqla 5503,48 manat mənfəət vergisi hesablasa da lakin iddiaçının 2022-ci il üzrə dövriyyəsinin olmasını göstərən sənədləri malların təqdim edilməsi, xidmətləri göstərilməsini təsdiq edən müvafiq elektron qaimələr, bank hesabı üzrə mədaxil, məxaric əməliyyatları və s. ilə bağlı məhkəməyə təqdim etməmişdir. Vergi orqanı iddiaçının 2022-ci ilin mənfəət vergisi bəyannaməsində əmlakın “Hesabat dövrünün sonuna” qalıq dəyərinin 281837.11 manat məbləğ göstərildiyi halda 2022-ci il üzrə təqdim edilmiş “Əmlak vergisinin bəyannaməsi”nin əmlakın ümumi qalıq dəyərinin 226492.73 manat məbləğ əks etdirildiyinə istinad edib iki bəyannamələr arasında olan fərqdən çıxış edərək kənarlaşmanın yarandığını qeyd etmişdir. Məhkəmə qeyd edir ki, sözügedən eyni ilə dair mənfəət vergisi və əmlak vergisi bəyannamələrində əmlakın qalıq dəyəri ilə bağlı fərqin olduğu müəyyən olunsa da bu hal vergi orqanına bilavasitə mənfəət vergisi hesablamasına əsas vermir. İl üzrə əmlakın dəyərində fərqin olması ilə bağlı kənarlaşmanın müəyyən edilməsi, əmlak vergisinin hesabatda göstərilən məbləği hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılması, habelə büdcəyə çatası əmlak vergisi məbləği hesabat təqdim etməməklə yayındırılması, vergi ödəyicisinə azaldılmış və ya yayındırılmış əmlak vergisi məbləğinin inzibati orqana həmin il üzrə əlavə əmlak vergisi hesablamağa əsas verə biləcəyi halda cavabdeh orqan əmlakın təqdim edilməsi əməliyyatını sübuta yetirmədiyi halda vergi ödəyicisinə mənfəət vergisi hesablamışdır. VM-in 94.0-cı maddəsinə görə verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: -94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; - 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. “İnzibati icraat haqqında” Qanunun aşağıdakı maddələrinə əsasən: - 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. -16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. -67.1 inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2 qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. -67.3 qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Beləliklə, göstərilənlərə əsasən müəyyən olunur ki, cavabdeh iddiaçının alış sənədləri olmadığı lakin satışının olduğu və qüvvədə olan vergi qanunvericiliyi ilə vergi hesablanmasının metodları nəzərdə tutulduğu halda müvafiq metodu seçmədən birbaşa ümumi gəlirə vergi dərəcəsi tətbiq etməklə vergi hesablamaqda haqlı olmamış, bu əsasdan mübahisələndirilən qərar maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilən qanunsuz əlverişsiz inzibati akt olduğundan ləğv edilməlidir. Qeyd edildiyi kimi qanunsuz əliverişsiz inzibati aktın ləğvi həmin aktla bağlı edilmiş hüquqi nəticələri də ləğv edir. Odur ki, hazırkı işin nəticəsi olaraq iddiaçının tələbi üzrə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-367562/2024 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ləğv edildiyindən əlavə olaraq cavabdehin üzərinə həmin qərarla Cəmiyyətin şəxsi hesab vərəqəsindəki vergilər və faizlər üzrə borcların silinməsi vəzifəsinin qoyulmasına zərurət qalmır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İPM-nin 52-ci maddəsinin tələbləri nəzərə alınmaqla iddia tələbi təmin edilməli, cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-367562/2024 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ləğv edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-2- 3/2-367562/2024 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-1081/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1081/2025
09.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver