Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10813/2022 27.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanova Fəridə Sultan qızının katibliyi, iddiaçının vəkili X8 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, vəkil işləyir), cavabdehin nümayəndəsi X6 (Bakı şəhərində qeydiyyatdadır, mütəxəssis vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına) qarşı “iddiaçıya ikinci dərəcəli əlilliyə görə xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinə qədər olan dövr üçün müavinətin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı məhkəmədə iddia qaldıraraq “ona ikinci dərəcəli əlilliyə görə xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinə qədər olan dövr üçün müavinətin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilkin olaraq xx.xx.2015-ci il tarixdə ikinci dərəcəli əlillik təyin edilmiş, xx.xx.2016-ci il tarixdə isə təkrar müayinədən keçdikdən sonra növbəti müayinə tarixi xx.xx.2020-ci il müəyyən olunmaqla həmin dövrdə ona əlilliyə görə müavinət ödənilmişdir. Daha sonra 2020-ci ilin noyabr ayından etibarən səhhətində xəstəliyi ilə əlaqədar ağırlaşmalar olduğuna görə, o, əvvəlcə xx.xx.2020-ci il tarixində Akademik C.Abdullayev adına X1 müayinə olunmuş, xx.xx.2020-ci il tarixdə 3 saylı şəhər Klinik Xəstəxanası tərəfindən verilmiş göndərişə əsasən Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müəyyən müayinələrdən keçirilmişdir. Bundan sonra isə xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək 3 saylı şəhər Klinik Xəstəxanasında stasionar müalicə almış və xx.xx.2020-ci il tarixində müalicə aldığı xəstəxana tərəfindən 39 saylı poliklinikaya göndərilmişdir. Həmin gündən 39 saylı poliklinikada ambulator müalicəsini davam etdirmiş və poliklinika tərəfindən əlilliyiin təkrar qiymətləndirilməsi məqsədilə göndəriş elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilmişdir. Lakin TSEK tərəfindən ona imtina verilmiş və Forma 88-də imtinanın əsası kimi “dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişin natamam doldurulduğu” qeyd olunmuşdur. Bundan bir müddət sonra 39 saylı poliklinika tərəfindən yenidən əlilliyinin təkrar qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilmişdir. Nəticədə onun əlilliyi təkrar qiymətləndirilmiş və xx.xx.2021-ci il tarixində yenidən əvvəlki meyarla ikinci dərəcəli əlillik təyin olunmuşdur. Lakin xx.xx.2021ci il tarixindən xx.xx.2021-ci il tarixinə qədər olan dövrə görə müavinət ona ödənilməmişdir. Qeyd etdiklərindən də məlum olur ki, iddiaçının əlilliyinin təkrar qiymətləndirilməsi onun təqsirindən yox, dövlət tibb müəssisələrinin səhlənkarlığından bu qədər uzanmışdır. Odur ki, müvafiq dövlət qurumlarının təqsiri üzündən əlilliyinin təkrar qiymətləndirilməsinin gec həyata keçirilməsi onun sosial təminat hüququnun pozulmasına səbəb ola bilməz. Bu səbəbdən də hesab edir ki, xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinə qədər olan dövrə görə müavinət ona ödənilməlidir. Göstərilənləri nəzərə alaraq, o, Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək qeyd olunan dövr üçün İİ dərəcəli əlilliyə görə ödənilməli olan müavinətin ən qısa zamanda ödənilməsini xahiş etmişdir. Lakin Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filial onun müraciətinə xx.xx.2022-ci il tarixli məktubla cavab verərək heç bir əsas olmadan ödəniş etməkdən imtina etmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmənin sərəncamına əsasən təqdim etdiyi etirazında cavabdeh göstərmişdir ki, İddiaçı xx.xx.2016-cı il tarixdən İİ dərəcə əlilliyə görə sosial müavinət təyin edilmiş və əlilliyin müddətinin bitməsi ilə əlaqədar ödənişi xx.xx.2020-ci il tarixdən dayandırılmışdır. X3 Sisteminin Əlillik altsisteminə əsasən iddiaçının xx.xx.2021-ci il tarixdən xx.xx.2026-cı il tarixədək İİ dərəcə əlilliyi müəyyən edilmiş və müvafiq olaraq xx.xx.2021-ci il tarixdən İİ dərəcə əlilliyə görə sosial müavinət təyin edilmişdir. Belə ki, xx.xx.2021-ci il tarixdən sonra əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi müəyyən edildikdə, yəni şəxsə əlillik müddəti bitəndən sonra 6 aya qədər dövr ərzində yenidən əlillik təyin edilibsə, bu yeni əlillik təyinatı onun əvvəlki əlillik müddətinin bitdiyi tarixdən, 6 ay keçibsə əlilliyin təkrar qiymətləndirilməsi tarixdən bərpa edilir. İddiaçı əlillik statusunu xx.xx.2021-ci il tarixdə “qazanmışdır”. İddiaçıya qeyd olunan tarixdə əlillik verildiyindən həmin tarixdən etibarən əlilliyə görə müavinət bərpa edilib ödənilir. Lakin 6 ay ötürüldüyündən qanunun tələblərinə müvafiq olaraq mübahisələndirilən dövrün ona ödənilməsi qanunun tələblərinə ziddir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:.. 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili R.A.Abbasov iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi E.E.Həşimova iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının vəkili və cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli **********6 nömrəli məktubunda bildirilmişdir ki, sizin xx.xx.2016-cı il tarixindən xx.xx.2020-ci il tarixinədək İİ əlilliyə görə müavinət təyin edilmiş və əlilliyinizin müddətinin bitməsi ilə əlaqədar müavinətinizin ödənişi xx.xx.2020-ci il tarixindən dayandırılmışdır. X3 Sisteminin Əlillik altsisteminə əsasən sizin xx.xx.2021-ci il tarixindən xx.xx.2026-cı il tarixinədək İİ dərəcə əlilliyiniz müəyyən edilmiş və müvafiq olaraq sizə xx.xx.2021-ci il tarixindən İİ dərəcə əlilliyə görə müavinət təyin edilmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən sözügedən Qanuna 3.3-1-ci maddə əlavə olunmuşdur (Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli №356-VİQD nömrəli fərmanına əsasən). Həmin maddəyə uyğun olaraq əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Belə ki, xx.xx.2021-ci il tarixindən əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi müəyyən edildikdə, yəni şəxsə əlillik müddəti bitəndən sonra 6 aya qədər dövr ərzində yenidən əlillik təyin edilibsə, bu yeni əlillik təyinatı onun əvvəlki əlillik müddətinin bitdiyi tarixdən, 6 ay keçibsə əlilliyin təkrar qiymətləndirilməsi tarixindən bərpa edilir. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, İİ dərəcə əlilliyiniz xx.xx.2021-ci il tarixindən müəyyən edildiyi üçün (“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununda sözügedən dəyişiklik xx.xx.2021-ci il tarixindən qüvvəyə mindiyi üçün) sizə ərizənizdə qeyd etdiyiniz dövrlər üzrə müavinətin təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubu ilə bildirilmişdir ki, sizin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə göndərilmiş əlillik dərəcənizin təyin olunmasına köməklik göstərilməsi haqqında müraciətiniz əsasında Agentliyin tapşırığı ilə 39 nömrəli Şəhər Poliklinikası öz səlahiyyəti daxilində müvafiq tədbir görmüş və nəticəsi barədə məlumat təqdim etmişdir. Təqdim edilmiş məlumatda sizin əlillik dərəcənizin təyini üçün sənədlərinizin hazırlanaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sistemində Tibbi-Sosial Ekspertiza və X7 (TSERAS) 4326003AABW6 nömrəli bildiriş kodu ilə yerləşdirildiyi və xx.xx.2021-ci il tarixində qiymətləndirilərək xx.xx.2021-ci ildən xx.xx.2026-cı ilədək İİ (ikinci) dərəcəli əlillik təyin olunduğu bildirilmişdir. Eyni zamanda məlumatda, sizin poliklinikaya müraciətinizin aldığınız müalicələrlə əlaqədar müəyyən fasilələrlə baş tutduğu üçün tibbi sənədlərinizin hazırlanması və TSERAS-a daxil edilməsi 6 (altı) aydan uzun müddəti əhatə etdiyi qeyd edilmişdir. Əlilliyin qiymətləndirilməsinin nəticələrinə dair TSEK tərəfindən qəbul edilmiş qərarlarla razılaşmadığınız təqdirdə aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz məqsədəmüvafiqdir. 13 saylı Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair xx.xx.2016-cı il tarixli məlumatına əsasən, təkrar müayinə nəticəsində ümumi xəstəlik səbəbilə xx.xx.2015-ci il tarixdə X9 ikinci dərəcəli əlillik təyin olunmuş, arterial hipertenziya İİİ dərəcə QDÇ İİ dərəcə diaqnozu qoyulmuşdur. Əlilliyinin müəyyən olunması meyarı: 2.2. İkinci dərəcə əlillik => Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlığı. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumata əsasən, dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur; həkimin rəyi: patofunksional göstəricilər və köməkçi diaqnostik instrumental müayinə nəticələri ətraflı qeyd olunmayıb. Tibbi-Sosial Ekspert Komissiyasında qiymətləndirmə üzrə məlumata əsasən, İddiaçı ümumi xəstəlik səbəbilə xx.xx.2021-ci il tarixdə qiymətləndirmə aparılaraq ikinci dərəcəli əlillik təyin olunmuşdur. Bazilyar arteriyanın tıxanması va stenozu. Vertebro bazilyar hövzəsində beyin qan dövranının pozğunluğu. Başın travmalannın nəticələri. Qapalı kəllə beyin travmasının nəticələri anamnestik. Vestibulyar funksiyaların dəqiqləşdirilməmiş pozğunluğu, Təkrarlanan vestibulyar aparatın pozulması. Digər və dəqiqləşdirilməmiş koordinasiya pozğunluğu, Koordinator pozuntular. Sümük tamlığının digər pozulmaları, Təpə nahiyyəsində 20x30 mm sümük defekti. Hipertenziv ensefalopatiya, tez tez təkrarlanan krizlərlə. Keçici korluq. Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, iki tərəfli ağıreşitmə, sağda İV, solda İİ dərəcə, Dizartriya epizodları, Aterosklerotik kardioskleroz diaqnozu qoyulmuşdur. İddiaçı əlavə sübut qismində 447 nömrəli xx.xx.2021-ci il tarixli, 384 nömrəli xx.xx.2021-ci il tarixli tibbi xidmətə göndəriş vərəqələri, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası poliklinika şöbəsi tərəfindən tərtib olunmuş ambulator xəstənin 19555 nömrəli tibbi vərəqəsi, ambulator, stasionar xəstənin tibbi kartasından TQS-027 nömrəli çıxarışı, Akademik C.Abdullayev adına X2 xx.xx.2020-ci il tarixli iddiaçının müalicəsinə dair məlumatı, ambulator kitabçadan çıxarışlarını məhkəməyə təqdim etmişdir. Cavabdeh tərəfindən məhkəməyə iddiaçının müraciət ərizələrinin, altsistemdən çıxarışların, müavinət təyin edilməsi barədə qərarının təqdim edilmişdir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu Qanun Azərbaycan Respublikasında sosial müavinətlərin təyin olunması və verilməsinin hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan digər münasibətləri tənzimləyir. Həmin Qanunun 1.0-cı maddəsinə əsasən bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir: 1.0.1. sosial müavinətlər (bundan sonra-müavinətlər) bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaiti; 1.0.2. əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Həmin Qanunun 4.0-ci maddəsinə əsasən bu Qanunla aşağıdakı müavinətlər təyin edilir: 4.0.1.3. əlilliyə görə müavinət. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: 9.1.2. əlilliyə müavinət-əlillik müddətinə. Həmin Qanunun 9.1-2. –ci maddəsinə əsasən, bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan müavinətin ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq müavinətin üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Həmin Qaydanın 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1dək əlilliyi olan şəxs hesab edilir. İşin faktiki hallarına əsasən, xx.xx.1967-ci il təvəllüdlü İddiaçı 2015-ci ildə “arterial hipertenziya İİİ dərəcə QDÇ İİ dərəcə” diaqnozu qoyulmuş, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qərarına əsasən xx.xx.2015-ci ildə 1 il, xx.xx.2016-cı ildə 1 il, xx.xx.2021-ci ildə isə 5 il müddətinə ümumi xəstəlik səbəbi ilə İİ dərəcə əlilliyi müəyyən edilmiş, cavabdeh tərəfindən xx.xx.2016-cı il tarixindən xx.xx.2020-il tarixədək, xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci ilə tarixədək aylıq sosial müavinət təyin olunmuş və ödənilmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək iddiaçının əlilliyi ilə bağlı məlumat qeyd olunmadığından cavabdeh müvafiq aylıq müavinəti ödəməkdən imtina edir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” xx.xx.2021-ci il tarixindən qüvvəyə minmiş 356-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 3.3-1-ci maddə əlavə edilmişdir: “Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.” Cavabdeh xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət üçün iddiaçıya müavinət ödəməkdən imtinasını yuxarıda göstərilən qanun normasının iddiaçıya əlilliyi müəyyən edildikdən (xx.xx.2021-ci il tarixindən) sonra qüvvəyə minməsi ilə əsaslandırmışdır. Məhkəmə cavabdehin etirazının əsasları ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin 7-ci hissəsinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 87.2-ci maddəsinin tələblərinə görə, fiziki və ya hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilibgöstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Məhkəmə hesab edir ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” xx.xx.2021-ci il tarixli Qanunu ilə əlavə edilmiş 3.3-1-ci maddəsində göstərilmiş hal iddiaçının “hüquqi vəziyyətini yaxşılaşdıran” hal kimi qəbul edilməlidir və göstərilən qanun norması iddiaçıya münasibətdə şamil edilməlidir. Bundan başqa nəzərə alınmalıdır ki, iddiaçının əlilliyi müddəti xx.xx.2020-ci il tarixdə bitdikdən sonra əlilliyinə əsas olan xəstəliklə bağlı müalicə və müayinələr aparılmış, əlilliyi müəyyən edən dövlət orqanına dövlət tibbi müəssisə tərəfindən müvafiq elektron sənədlər göndərilmiş, nəhayət 2021 –ci ilin iyul ayında əvvəlki diaqnoz əsasında əlillik müəyyən edilmişdir. Göründüyü kimi əlillik müddəti bitdikdən sonra iddiaçının əlilliyinin təkrar qiymətləndirilməsi nəticəsində əlilliyi yenidən müəyyən edilmiş, müddətin ötürülməsi iddiaçıdan asılı olmayan səbəblərdən baş vermişdir. Belə olan halda, iddiaçının ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab olunmalı, bu dövrlə bağlı müavinət iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilən bütün hallara məcmu qiymət verərək məhkəmə hesab edir ki, iddiaçının iddiası təmin edilməli, iddiaçıya ikinci dərəcəli əlilliyə görə xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinə qədər olan dövr üçün müavinətin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 34, 68 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı ikinci dərəcəli əlilliyə görə xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinə qədər olan dövr üçün müavinətin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-10813/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10813/2022
27.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver