Məhkəmə qərarları › İş №2-1(112)-10825/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10825/2022

26.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10825/2022 26.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, xadimə işləyir), cavabdehin nümayəndəsi X6 (Yevlax rayonunda qeydiyyatdadır, Məhkəmə mübahisələri ilə İş üzrə Mərkəzi filialında mütəxəssis vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “iddiaçının xx.xx.1976-cı ildən xx.xx.1986-cı ilə qədər, xx.xx.1988-ci ildən xx.xx.1989-cu ilə qədər Cəlilabad rayonu Kalinin adına üzümçülük sovxozunda, xx.xx.1987-ci ildən xx.xx.1988-ci ilə qədər X9, xx.xx.1989-cu ildən xx.xx.1991-ci ilə qədər Cəlilabad rayonu Adnalı kəndində Əli Əliyevin evində açılmış uşaq bağçasında, xx.xx.1991-ci ildən xx.xx.2002-ci ilə qədər Xabarovsk diyarı Komsomolsk şəhərində “İntervostok” X5 125 nömrəli uşaq baxçasında işlədiyi dövrlər sığorta stajı kimi nəzərə alınmaqla 62 yaş 6 ay yaşının tamam olduğu xx.xx.2022-ci ildən yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddia tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddiaçının xx.xx.1976-cı ildən xx.xx.1986-cı ilə qədər, xx.xx.1988-ci ildən xx.xx.1989-cu ilə qədər Cəlilabad rayonu Kalinin adına üzümçülük sovxozunda, xx.xx.1987-ci ildən xx.xx.1988-ci ilə qədər X9, xx.xx.1989-cu ildən xx.xx.1991-ci ilə qədər Cəlilabad rayonu Adnalı kəndində Əli Əliyevin evində açılmış uşaq bağçasında, xx.xx.1991-ci ildən xx.xx.2002-ci ilə qədər Xabarovsk diyarı Komsomolsk şəhərində “İntervostok” X5 125 nömrəli uşaq baxçasında işlədiyi dövrlər sığorta stajı kimi nəzərə alınmaqla 62 yaş 6 ay yaşının tamam olduğu xx.xx.2022-ci ildən yaşa görə əmək pensiyasının təyin edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1959-cu ildə doğulmuşdur, Azərbaycan Respublikasının vətəndaşıdır, 62 yaş 6 ayı 2022-ci ilin aprel ayının 27-də tamam olmuşdur. xx.xx.1976-cı ildən xx.xx.1986-cı ilə qədər, xx.xx.1988-ci ildən xx.xx.1989-cu ilə qədər Cəlilabad rayonu Kalinin adına üzümçülük sovxozunda, xx.xx.1987-ci ildən xx.xx.1988-ci ilə qədər X10, xx.xx.1989-cu ildən xx.xx.1991-ci ilə qədər Cəlilabad rayonu Adnalı kəndində Əli Əliyevin evində açılmış uşaq bağçasında, xx.xx.1991-ci ildən xx.xx.2002-ci ilə qədər Xabarovsk diyarı Komsomolsk şəhərində “İntervostok” X4 125 nömrəli uşaq bağçasında işləmişdir. Əmək kitabçasına əsasən 26 ildən çox iş stajı vardır. Yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etdikdə cavabdeh təqdim edilən əmək kitabçasında göstərilən əmək stajını nəzərə almaqdan imtina etmişdir. Qızlıq soyadı İbişova olmuşdur, nikaha daxil olduqdan sonra yoldaşının İbadova soyadını götürmüş ki, bu da nikah haqqında şəhadətnamə ilə təsdiqlənir. Cavabdeh xx.xx.2022-ci il tarixli imtina məktubu ilə ona yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişdir. imtinanın əsası kimi göstərilmişdir ki, iddiaçının xx.xx.1976-cı ildən xx.xx.1986-cı ilə qədər, xx.xx.1988-ci ildən xx.xx.1989-cu ilə qədər Cəlilabad rayonu Kalinin adına üzümçülük sovxozunda, xx.xx.1987-ci ildən xx.xx.1988-ci ilə qədər X10, xx.xx.1989-cu ildən xx.xx.1991-ci ilə qədər Cəlilabad rayonu Adnalı kəndində Əli Əliyevin evində açılmış uşaq bağçasında işlədiyi dövrdə əmək haqqı kitabları arxivə təhvil verilməmişdir. Habelə 125 nömrəli uşaq bağçasının arxiv sənədlərinin saxlanıldığı ünvan məlum deyildir. İddiaçı həmin imtina məktubunu qanunsuz hesab edir. Cavabdeh tərəfindən əmək kitabçasında göstərilən məlumatların həqiqətə uyğun olmadığı və ya saxta olması sübuta yetirilməmişdir. Belə olan halda onun əmək fəaliyyəti ilə bağlı bütün şübhələr onun xeyrinə şərh olunmalıdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı ilə bağlı təqdim etdiyi iddiaya dair etirazında cavabdeh göstərmişdir ki, 30 aprel 2022-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına yaşa görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar müraciət etmişdir. Lakin filialın xx.xx.2022-ci il tarixli aktına əsasən 29.01,1976-cı il tarixdən xx.xx.1986-cı il tarixədək Cəlilabad rayonu Kalinin adına üzümçülük sovxozunda və xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Cəlilabad rayonu “Tara” müəssisəsində fəhlə vəzifəsində, xx.xx.1989-cu il tarixdən xx.xx.1991-ci i! tarixədək 125 nömrəli uşaq bağçasında işlədiyi dövrün əmək kitabları Cəlilabad rayon Dövlət Arxivinə təhvil verilmədiyi bildirilmişdir. Bundan başqa, filialın keçirdiyi monitorinq nəticələrinə əsasən əmək kitabçasında qeyd olunmuş 125 nömrəli Uşaq bağçasının xx.xx.1991-ci il tarixdən xx.xx.2002-ci il tarixədək olan arxiv sənədlərinin saxlanıldığı ünvan məlum deyil. Qanunvericiliyin tələblərinə əsasən İddiaçı əmək kitabçasında əks olunmuş Cəlilabad rayonu Kalinin adına üzümçülük sovxozunda və Cəlilabad rayonu “Tara” müəssisəsində fəhlə vəzifəsində, 125 nömrəli uşaq bağçasında işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyil. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-сi maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati icraat qaydasında baxılır. Həmin Qanunun 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etirazda göstərilən məzmunda izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahat və çıxışlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: AZE ******** seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, iddiaçı Azərbaycan Respublikası vətəndaşıdır və xx.xx.1959-cu ildə Cəlilabad rayonunda anadan olmuşdur. Nikahın bağlanması haqqında şəhadətnamənin surətinə əsasən X7 ilə X13 arasında xx.xx.1991-ci il tarixdə nikah bağlanmışdır.Nikah bağlanandan sonra arvadın familiyası İbadovadır. İT-İ ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surətinə əsasən, iddiaçı xx.xx.1976-cı ildən xx.xx.1986-cı ilədək və xx.xx.1988-ci ildən xx.xx.1989-cu ilədək “Kalinin” sovxozunda, xx.xx.1987-ci ildən xx.xx.1988-ci ilədək “X12”, xx.xx.1989-cu ildən xx.xx.1991-ci ilə qədər Cəlilabad rayonu Adnalı kəndində Əli Əliyevin evində açılmış uşaq bağçasında, xx.xx.1991-ci ildən xx.xx.2002-ci ilə qədər Xabarovsk diyarı Komsomolsk şəhərində “İntervostok” X5 125 nömrəli uşaq bağçasında işləmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********9 nömrəli imtina məktubuna əsasən bildirilmişdir ki, X1 Sistemi Pensiya altsistemi proqram təminatına əsasən sizin sığorta stajınız 2 ay təşkil edir. Eyni zamanda fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək 65,69 manat təşkil edir ki, bu məbləğ pensiya yaşınızın tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermir. xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əmək kitabçanızda qeyd olunmuş xx.xx.1976-cı il tarixindən xx.xx.1986cı il tarixinədək, xx.xx.1987-ci il tarixindən xx.xx.1988-ci il tarixinədək, xx.xx.1989-cu il tarixindən xx.xx.1991-ci il tarixinədək, xx.xx.1991-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Araşdırma zamanı məlum olub ki, Fondun 2 saylı X3nın xx.xx.2022-ci il tarixli aktına əsasən Cəlilabad rayonu Kalinin adına üzümçülük sovxozunun xx.xx.1976-cı il tarixindən xx.xx.1986-cı il tarixinədək, Cəlilabad rayonu “Tara” müəssisəsinin xx.xx.1987-ci il tarixindən xx.xx.1988-ci il tarixinədək, Adnalı kəndindəki Uşaq bağçasının xx.xx.1989-cu il tarixindən xx.xx.1991-ci il tarixinədək olan əmək haqqı kitabları Cəlilabad rayon Dövlət Arxivinə təhvil verilməyib. Eyni zamanda Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın keçirdiyi monitorinqin nəticəsinə əsasən əmək kitabçanızda qeyd olunmuş 125 №-li Uşaq bağçasının xx.xx.1991-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək olan arxiv sənədlərinin saxlanıldığı ünvan məlum deyil. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajınız qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məlumat üçün bildiririk ki, əlavə sənədlər təqdim edəcəyiniz təqdirdə sığorta stajınız qanunveriliciklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrlərinizə müvafiq qaydada araşdırılmaqla yenidən baxıla bilər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi və Milli Arxiv İdarəsi Cəlilabad rayon filialına ünvanladığı xx.xx.2022-ci il tarixli **********5 nömrəli məktubuna əsasən iddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1986-cı il tarixədək Cəlilabad rayonu Kalinin adına üzümçülük sovxozunda və xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Cəlilabad rayonu “Tara” müəssisəsində fəhlə vəzifəsində, xx.xx.1989-cu il tarixdən xx.xx.1991-ci il tarixədək 125 nömrəli uşaq bağçasında işlədiyini, əməkhaqqı aldığını iddia edir. İşə tam, hərtərəfli və obyektiv baxılmasını təmin etmək məqsədilə İddiaçı qeyd olunan müəssisələrdə əmək fəaliyyətini təsdiq edən sənədlərin (əməkhaqqı cədvəllərinin, işə daxilolma, işdən azad edilmə, məzuniyyətə çıxma və məzuniyyətdən qayıtma əmrlərinin) təsdiq olunmuş surətlərinin mümkün qədər qısa müddət ərzində təqdim edilməsinə dair göstəriş verilməsi xahiş edilmişdir. 13 iyun 2022-ci il tarixli akta əsasən Cəlilabad rayonunda DSMF 2 saylı X3nın Pensiya təminatı şöbəsinin mütəxəssisi X2, həmin filialın Cəlilabad rayon qəbul şöbəsinin baş mütəxəssisi X16 və Cəlilabad rayon Dövlət arxivinin müdiri X8 tərəfindən akt imzalanaraq ona görə tərtib edilmişdir ki, İddiaçı xx.xx.1976-cı ildən xx.xx.1986-cı ilədək “Kalinin” sovxozunda, xx.xx.1987-ci ildən xx.xx.1988-ci ilədək “X12”, xx.xx.1990-cı ildən xx.xx.1991-ci ilədək Cəlilabad Rayonu Adnalı kəndində açılmış uşaq baxçasında işləməsi yoxlanılmışdır. Əmrlər əmr kitabçası ilə üzləşdirilmişdir. Heç bir kənarlaşma faktı aşkar edilməmişdir. Yuxarıda aktda göstərilən müəssisənin əmək haqqı kitabçası arxivə təhvil verilmədiyi üçün əmək haqqının yoxlanılması mümkün olmamışdır. Cəlilabad rayon Dövlət Arxivinin 183 nömrəli xx.xx.2022-ci il tarixli arxiv çıxarışına əsasən 1959-cu il təvəllüdlü X13 xx.xx.1976-cı il tarixli 26 saylı əmrlə “Kalinin” adına sovxoza 9 nömrəli briqadaya fəhlə qəbul edilmiş, xx.xx.1986-cı il tarixli 662 nömrəli əmrlə işdən azad edilmiş, xx.xx.1987-ci il tarixli 23 nömrəli əmrlə “X17”nə fəhlə qəbul edilmiş, xx.xx.1988-ci il tarixli 27 nömrəli əmrlə işdən azad edilmişdir, xx.xx.1990-cı il tarixli 05 nömrəli əmrlə Şiləvəngə kənd ərazi nümayəndəliyinin Adnalı kəndində evdə açılmış uşaq baxçasına müdir təyin edilmiş, xx.xx.1991-ci il tarixli 35 nömrəli əmrlə işdən azad edilmişdir. Qeyd: “Kalinin” sovxozunun şəxsi-hesab kitabları Arxivə təhvil verilməmişdir. Şivələngə kən-nin şəxsi-hesab kitabları (cədvəlləri) Arxivə tam təhvil verilməmişdir. “Cəlilabad Tara müəssiəsi”nin şəxsi-hesab kitabları 1987-ci il üzrə Arxivə təhvil verilməmiş, 1988-ci ilin yanvar ayında isə 58 manat əmək haqqı almışdır. Məhkəmə iddiaçının tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci ilin iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır; Həmin maddənin qeyd hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunvericiliyin tələblərinə əsasən iddiaçıya pensiya yaşına çatmaqla fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda ona yaşa görə əmək pensiyası təyin edilə bilər. İddiaçının xx.xx.1959-cu il tarixdə doğulduğu nəzərə alındıqda, onun 62 yaşı 6 ayının tamam olduğu vaxtdan, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlər də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİnin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. İddiaçının Kalinin adına üzümçülük sovxozunda, X9, Cəlilabad rayonu Adnalı kəndində Əli Əliyevin evində açılmış uşaq bağçasında, Xabarovsk diyarı Komsomolsk şəhərində “İntervostok” X5 125 nömrəli uşaq bağçasında xx.xx.1976-xx.xx.2002-ci illərdə işlədiyini iddiaçıya məxsus İT-İ ******* nömrəli əmək kitabçası, Cəlilabad rayonu DSMF 2 saylı X3 tərəfindən təsdiq olunmuş akt və Cəlilabad rayon Dövlət Arxivi tərəfindən verilmiş arxiv çıxarışı ilə təsdiqləndiyindən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Digər tərəfdən əmək kitabçasında və orqanlar tərəfindən verilmiş aktda və arxiv çıxarışında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarında hər hansı əsaslar da müəyyən edilməmişdir. Vətəndaşların pensiya təminat məsələlərin həlli sahəsində cavabdeh öz fəaliyyətində əmək pensiyaları haqqında qanunvericiliklə yanaşı «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunu rəhbər tutmalıdır. Belə ki, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. «İnzibati icraat haqqında» Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Lakin cavabdeh tərəfindən iddiaçının əmək kitabçasında göstərilən xx.xx.1976xx.xx.2002-ci ilədək müddətdə işləməməsi barədə heç bir sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçının iş stajı, o cümlədən onun mübahisəli hissəsi (xx.xx.1976-xx.xx.2002-ci ilədək) əmək kitabçasında, arxiv çıxarışında olan məlumatlarla təsdiqlənir. Cavabdeh tərəfindən iddiaçının təqdim etdiyi əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığı və ya saxta olması sübuta yetirilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-384/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarının 42-ci bəndində qeyd edilmişdir ki, inzibati orqan icraat nəticəsində qəbul etdiyi imtina qərarında şəxsin müraciətinin təmin edilməsindən imtinasını qanunvericiliyin müvafiq maddələrinin müddəalarına istinad etməklə aydın şəkildə əsaslandırmağa borcludur. Bu zaman sadəcə müvafiq maddələrə istinad olunması yetərli sayıla bilməz. Şəxs inzibati orqanın onun müraciəti üzrə hansı halları müəyyən etdiyini, hansı halları, niyə müəyyən və qəbul etmədiyini, beləliklə də, imtinanın səbəblərini və bu zaman istinad olunan hüquq normalarının niyə məhz o cür təfsir edildiyini qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Şəxsin müraciəti üzrə icraatı həyata keçirməli olan inzibati orqan, o cümlədən cavabdeh də işin hallarını tam və hərtərəfli araşdırdıqdan sonra qərar qəbul etməyə borcludur. Həmin qərarın 43-cü bəndində qeyd olunur ki, inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa və müəyyən etməyə borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati orqan həmçinin icraat çərçivəsində şəxsin ziyanına olan halların araşdırılması məqsədi ilə, xüsusilə dövlət orqanlarına müvafiq sorğuların göndərilməsini, arayışların (arxiv arayışı, iş yerindən arayışı) tələb olunmasını təmin etmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya yaşa görə əmək pensiyasının təyin etməkdən imtinası qanuni olmamışdır. İddiaçının əmək kitabçasında qeyd olunan müddət nəzərə alınmaqla yaşa görə pensiya təyin edilməsi üçün tələb olunan 25 il sığorta stajına malik olduğu müəyyən edildiyindən iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməlidir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi təmin edilməli, ona xx.xx.1976-cı ildən xx.xx.1986-cı ilə qədər, xx.xx.1988-ci ildən xx.xx.1989-cu ilə qədər Cəlilabad rayonu Kalinin adına üzümçülük sovxozunda, xx.xx.1987-ci ildən xx.xx.1988-ci ilə qədər X9, xx.xx.1989-cu ildən xx.xx.1991-ci ilə qədər Cəlilabad rayonu Adnalı kəndində Əli Əliyevin evində açılmış uşaq bağçasında, xx.xx.1991-ci ildən xx.xx.2002-ci ilə qədər Xabarovsk diyarı Komsomolsk şəhərində “İntervostok” X5 125 nömrəli uşaq baxçasında işlədiyi dövrlər sığorta stajı kimi nəzərə alınmaqla 62 yaş 6 ay yaşının tamam olduğu xx.xx.2022-ci ildən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 68, 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.1976-cı ildən xx.xx.1986-cı ilə qədər, xx.xx.1988-ci ildən xx.xx.1989-cu ilə qədər Cəlilabad rayonu Kalinin adına üzümçülük sovxozunda, xx.xx.1987-ci ildən xx.xx.1988-ci ilə qədər X9, xx.xx.1989-cu ildən xx.xx.1991-ci ilə qədər Cəlilabad rayonu Adnalı kəndində Əli Əliyevin evində açılmış uşaq bağçasında, xx.xx.1991-ci ildən xx.xx.2002-ci ilə qədər Xabarovsk diyarı Komsomolsk şəhərində “İntervostok” X5 125 nömrəli uşaq baxçasında işlədiyi dövrlər sığorta stajı kimi nəzərə alınmaqla 62 yaş 6 ay yaşının tamam olduğu xx.xx.2022-ci ildən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar