Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10830/2024 08.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızı, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə və "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “tenderin nəticələrinin ləğv edilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Ofis üçün tələb olunan mebel və aksesuarlarının satın alınması” adlı elan etdiyi 85162 №li açıq tenderin nəticələri ləğv olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı “Bakı Metropoliteni’’ Qapalı Səhmdar Cəmiyyətinin “Ofis üçün tələb olunan mebel və aksesuarlarının satın alınması” adlı elan etdiyi 85162 JMbli açıq tenderdə iştirak etməklə 197081.27 manat məbləğlə tenderdə iştirakçısı olmuşdur. Bu barədə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Açıq Tender prosedurunda təklif zərflərinin açılması üzrə xx.xx.2024-cü il tarixli, 2 saylı İclas Protokolu qəbul edilmiş, həmin protokolla, açılış ilə bağlı məlumatların iddiaçılara dərhal təqdim edilməsi və tender komissiyası tenderin əsas şərtlər toplusunda göstərilmiş təkliflərin qüvvədə olma müddətinin bitməsinə 10 (on) bank iş günü qalanadək qiymətləndirilməsini bitirərək qərar qəbul etməsini qərara alınmışdır. Cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və satınalan təşkilat hec bir hüquqi əsas olmadan qanunsuz şəkildə tenderden uzaqlaşdıraraq qiymət təklifinin kənarlaşdırılması barədə mənə məktub və müraciətə baxılmasının nəticəsi barədə imtina verərək faktiki olaraq məni real və sağlam iddiaçı olaraq tenderdən kanarlaşdırmışlar. Satınalma yerli, kiçik və orta sahibkatlıq subyektlərinin satınalmalarda iştirakını təmin etməklə, onların fəaliyyətinin sürətləndirilməsinə zəmin yaradan sistemdir. Həmin sistemlə dövlət satınalmaları sahəsində şəffaflığın artırılması və dövlət büdcəsinə maksimum qənaət edilməsi tənzimlənir. Məqsəd bu olsa da, cavabdehlər tərəfindən iddiaçının qeyd olunan tenderdə təklif zərfi qiymətləndirilməmiş, digər iştirakçılardan daha zəif mal və ya məhsul qəbul edilmə ehtimalı yaranmışdır. İddiaçının hazırki tenderdən kənarlaşdırılması qanunsuzdur, bu iş üzrə digər iki işritakçının ehtimal qiymətdən 20 fazi aşağı qiymət təklif etmələri malların şərtlər toplusunda verilən xarakteristika və keyfiyyətinin uyğun olmadığına əyani sübutdur. Belə ki, qeyd olunan tender üzrə mənim göstəriləcək xidmətlə əlaqədar təqdim etdiyim mal və məhsullar keyfiyyətli, zəmanətli olmaqla tenderdə qeyd olunan şərtlər toplusunda göstərilən meyarlara tam uyğundur. Aşağı qiymət təklifi və ya onun qəbulu şərtlər toplusunda qeyd olunan məhsulları tam keyfiyyətli olmasını təmin etmir, edə də biməz. İddiaçı qeyd edir ki, cavabdehlərin qanunsuz və düzgün olmayan hərəkət və qərarları birbaşa dövlət vəsaitinin israfına yönələn hərəkətlərdir. Qeyd edilən pozuntu, qeyri-müəyyənlik və digər iştirakçılar tərəfindən uyğun olmayan məhsulların veriləcəyi ehtimalı əsasında xx.xx.2024-cü il tarixdə cavabdeh satınalan təşkilatla yazışma zamanı iddiaçıya cavab verilmişdir ki, tender predmeti üzrə qiymətləndirmə davam edir. İddiaçı hesab edir ki, bu iş üzrə tender proseduru şəffaf və qanuni deyildir. Cavabdehlərin bu tipli qanunsuz hərəkətləri korrupsiya hallarına birbaşa yol acır və sahibkarlıq fəaliyyətinin qanuni fəaliyyətinə müdaxilədir həmdə sahibkarlıq fəaliyyətinin qeyri-qanuni yolla məhdudlaşdlırılmasıdır. İddiaçı hesab edir ki, cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Ofis üçün tələb olunan mebel və aksesuarlarının satın alınması” adlı elan etdiyi 85162 №li açıq tenderin nəticələri ləgv olunmalıdır.
3. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Ofis üçün tələb olunan mebel və aksesuarlarının satın alınması” satın alınması məqsədi ilə Açıq Tender prosedurunda təklif zərflərinin açılması üzrə xx.xx.2024-cü il tarixli, 2 №-li İclas Protokuluna əsasən "xxxx" Qapalı Səhmdar Cəmiyyəti X1 İnternet Portalında dərc etdiyi Ofis üçün tələb olunan mebel və aksesuarların satın alınması adlı 85162 nömrəli müsabiqə üzrə qiymət təkliflərinə baxılmışdır. Müsabiqədə toplam 3 iddiaçı iştirak etmişdir. İddiaçıların təqdim etdiyi qiymətlər aşağıdadır:
1. İLHAM TURAB OĞLU ABİŞOV şirkəti Ofis üçün tələb olunan mebel və aksesuarlarının satın alınması üzrə: 197081.24 AZN
2. “QARDAŞLAR MEBEL” QAPALİ SƏHMDAR CƏMİYYƏTİ şirkəti Ofis üçün tələb olunan mebel və aksesuarlarının satın alınması üçün 134689.92 AZN
3. “MEBEL AFƏROĞLU” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ şirkəti Ofis üçün tələb olunan mebel və aksesuarlarının satın alınması üzrə: 135027.16 AZN Müzakirələrdən sonra Tender Komissiyası qərara aldı:
1. Açılış ilə bağlı məlumatlar iddiaçılara dərhal təqdim edilsin.
2. Tender komissiyası tenderin əsas şərtlər toplusunda göstərilmiş təkliflərin qüvvədə olma müddətinin bitməsinə 10 bank günü qalanadək qiymətləndirməni bitirərək qərar qəbul etsin.
4. İddiaçı məhkəməyə ərizə təqdim edərək (“Elektron Məhkəmə” sistemi vasitəsilə) iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etmişdir.
II. İddianın geri götürülmüş sayılması
5. Məhkəmə qeyd edir ki, inzibati icraat qaydasında iddiaçının müraciəti əsasında iddia ərizəsinin iddia ərizəsinin baxılmamış saxlanılması və ya geri qaytarılmasına dair birbaşa norma olmasa da, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsi halını müəyyən edir.
6. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
7. Qanunun analogiya üzrə tətbiqi zamanı hüquq münasibətləri arasında əhəmiyyətli oxşarlıq olmalıdır. Məhz bu cür əhəmiyyətli oxşarlıq (eynicinslik) həmin münasibətlərdən birini tənzimləyən hüquq normasının analogiya üzrə digər münasibətlərə də tətbiqini mümkün edir. Buna görə, oxşar hüquq norması eyni hüquq institutunda, hüquq yarımsahəsində və sahəsində axtarılmalıdır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarı).
8. İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir.
9. Məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddiaçının məhkəmə icraatından yayınmasının passiv formasını müəyyən edir, iddia ərizəsinin baxılmamış saxlanılması və ya geri qaytarılmasına dair müraciət isə iddiaçının məhkəmə icraatından yayınmasının aktiv forması olmaqla iddiaçının iddiaya həmin ana prosessual marağının olmamasını ifadə edir. Odur ki, oxşar münasibət olduğundan həmin norma analogiya qaydasında tətbiq edilə bilər.
10. Bu səbəbdən məhkəmə hesab edir ki, oxşar münasibət İPM-lə tənzimlədiyindən Mülki Prosessual Məcəllənin iddianın baxılmamış saxlanmasına dair institutu tətbiq edilməməlidir. Belə ki, prorsessual qanunvericiliyin analogiyası ya normanın özündə göstərilmiş olduqda, ya da prosessual qanunvericilikdə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda tətbiq edilə bilər. Mülki Prosessual Məcəllənin 259-cu maddəsində nəzərdə tutulmuş iddianın baxılmamış saxlanmasına dair əsaslar inzibati icraatda bir qayda olaraq iddianın qeyri-mümkünlüyü üçün əsaslardır. İddia ərizəsinin qaytarılması MPM-in 152-ci maddəsi ilə tənzimlənir. İnzibati prosesdə isə həmin formal xətalar olduğu təqdirdə məhkəmə İPM-in 13-cü maddəsinə əsasən, hüquqi yardım göstərərək onların aradan qaldırılmasına kömək etməlidir. Belə ki, İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bu o deməkdir ki, iddia ərizəsinin qaytarılması və bu əsasla iddianın baxılmamış saxlanması inzibati icraat üzrə prosesə ziddir.
M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli qərarından
11. ...İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı).
12. İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25).
13. Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür.
14. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır...
15. ...İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyri-mümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir...
16. ...Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənlərə və Konstitusiyanın 60-cı maddəsinin İ hissəsindən irəli gələn tələblərə uyğun olaraq hesab edir ki, İPM-in 55.3-cü maddəsi həmin Məcəllənin 55.5-ci maddəsi ilə birlikdə deyil, İPM-in 81.1-ci və 83.3-cü maddələri ilə sistemli şəkildə tətbiq olunmaqla maraqlı şəxsin apellyasiya şikayətinin verilməsi hüququ təmin edilməlidir.
17. Konstitusiya məhkəməsinin plenumunun qeyd edilən qərarına əsasən ifadə edilən hüquqi mövqeyə əsaslanaraq məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsini müəyyən etdiyindən iddiaçının iddia ərizəsinin geri qaytarılmasına (bu əsasla baxılmamış saxlanmasına) və ya iddianın baxılmamış saxlanmasına dair müraciəti olduqda İPM-in 55.5-ci maddəsinə istinad etmədən məhkəmə tərəfindən məhz qeyd edilən məhkəmə aktı qəbul edilməlidir.
18. Məhkəmə hesab edir ki, iddiaçının iddiaya münasibətdə artıq prosessual marağı olmadığından prosessual qənaət prinsipindən çıxış edərək iddianın mümkünlüyünü yoxlamaq zərurəti mövcud deyildir.
19. İddianın geri götürülmüş sayılması barədə qərardadın qəbul edilməsi ilə məhkəməyə müraciət etmək hüququ məhdudlaşdırılmış olur. Həmin hüquq mütləq hüquq olmadığından (yəni məhdudlaşdırıla bilər) qərardadın (məhdudlaşdırmanın) legitim məqsəd daşıması və ağlabatan mütənasiblik əlaqəsinin mövcudluğu aydınlaşdırılmalıdır. Həmin mütənasiblik əlaqəsi qəbul edilən məhkəmə aktından şikayət verilməsi və yenidən iddia qaldırmaq imkanının mümkünlüyündə ifadə olunur. Hazırki iş üzrə icraata xitam verilmədiyindən (iddiaçı məhkəmədən yayınmadığı üçün iddiadan imtina etmiş sayılmır) iddiaçının yenidən iddia qaldırma imkanı istisna edilmir.
20. Göstərilənlərə əsasən və İPM-in 55.3, 81.1, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia geri çağırılmış hesab edilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva