Məhkəmə qərarları › İş №2-1(112)-10835/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10835/2022

13.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10835/2022 13.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin uzadılması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona qiymətləndirildiyi xx.xx.2021-ci il tarixdən sonrakı dövr üçün üçüncü dərəcə əlilliyin uzadılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, İddiaçı 2003-2010-cu illərdə Azərbaycan Respublikası Hərbi Prokurorluğunda xidmət etmiş və sağ bud-çanaq oynağında aldığı xəsarət xidmət dövründə “sağ-bud çanaq oynağının qapalı küt travmasından sonrakı bud sümüyünün qeyri düzgün bitişmiş sınığı nəticəsində bud-çanaq oynağının İİ mərhələ - deformasiyaedici osteoartroz” xəstəliyinə inkişaf etmişdir. İddiaçı ehtiyata buraxıldıqdan sonra Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmiş, həmin xəstəliyin hərbi xidmət dövründə alınması müəyyən olunmuşdur. Tibbi Sosial Ekspert Komissiyasının qərarı ilə 27 yanvar 2012-ci il tarixdən iddiaçıya üçüncü dərəcəli əlillik təyin edilmiş, sonrakı dövrlərdə əlilliyin müddəti 2021-ci ilin fevral ayınadək uzadılmışdır. İddiaçı əlilliyin növbəti dəfə uzadılması ilə bağlı qeydiyyatda olduğu Bakı şəhəri 1 nömrəli poliklinikasının göndərişinə əsasən Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda müayinədə olmuş və 08 yanvar 2021-ci il tarixli arayışla iddiaçıya “Sağ bud sümüyünün boynunun qeyri-düzgün bitişmiş sınığı, sağ bud çanaq oynağının postravmatik koksartrozu, ağrı sindromu ilə. Sağ bud çanaq oynağının kontrakturası, hərəkət məhdudluğu ilə, sağ bud sümüyünün başının osteoporozu” diaqnozu qoyulmuşdur. 2017-ci ilin sentyabr ayından iddiaçıda şəkərli diabet xəstəliyi aşkar olunmuş, 2019-cu ilin dekabr ayından Respublika Endrokrinoloji Mərkəzdə “İnsulindən asılı şəkərli diabet. Tip İ” diaqnozu ilə qeydiyyata alınmış və gündə 3 dəfə “Novorapid”, 1 dəfə isə “Tresiba” adlı insulin inyeksiyalarından istifadə edir. Qeydiyyatda olduğu Bakı şəhəri 1 nömrəli poliklinikasının 2782003AABXW nömrəli göndərişi ilə iddiaçı tibbi sənədləri Əlilliyin qiymətləndirilməsi üçün Tibbi Sosial Ekspert Komissiyasına təqdim etmişdir. Lakin 2021-ci ilin fevral ayından sonrakı dövrdə əlilliyi uzadılmamış və bununla bağlı ona əlavə məlumat verilməmişdir. İddiaçı dəfələrlə şifahi olaraq cavabdehə müraciət etsə də, sənədlərinin yoxlamada olduğu və əlavə olaraq iddiaçıya məlumat veriləcəyi bildirilmişdir. 2021-ci ilin iyul ayında iddiaçı 1 saylı Bakı DOST Mərkəzinə dəvət olunmuş, 06 iyul 2021-ci il tarixdə həmin Mərkəzdə fəaliyyət göstərən TSEK-də qəbul edilməklə, tələb edilən sənədləri bir daha təqdim etmişdir. Sonrakı dövrdə əlilliyinin qiymətləndirilməsi ilə bağlı iddiaçıya hər hansı bir məlumat verilməmişdir. 16 noyabr 2021-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “142 Çağrı mərkəzi”nə zəng edərkən, iddiaçıya əlilliyinin təyin edilməsindən imtina olunduğu bildirilmişdir. İddiaçının xx.xx.2021-ci il tarixli müraciətindən sonra yenidən sonuncunun ixtisaslaşmış səhiyyə müəssisəsi tərəfindən ətraflı müayinə-müalicə edilərək göndəriş (forma-88) rəsmiləşdirildikdən sonra əlilliyin yenidən qiymətləndiriləcəyi bildirilmişdir. Daha sonra, yenidən iddiaçı xx.xx.2022-ci il tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini X5" X6 Elmi- Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna müraciət etmiş, həmin idarə tərəfindən verilən xx.xx.2022-ci il tarixli arayışda iddiaçıya “Sağ bud sümüyünün boynunun qeyridüzgün bitişmiş sınığı, sağ bud çanaq oynağının posttravmatik koksartrozu, ağrı sindromu ilə sağ bud çanaq oynağının kontrakturası, hərəkət məhdudluğu, bud sümüyünün başının osteoparozu, yerişin çətinləşməsi, sağ aşağı ətrafın 2 sm qısalığı.” diaqnozu qoyulmuşdur. Həmçinin, Respublika Endokrinoloji Mərkəz X3 verilən 26 yanvar 2022-ci il tarixli çıxarışa əsasən iddiaçıya “İnsulindən asılı şəkərli diabet. Çoxsaylı ağırlaşmalarla” diaqnozu qoyulmşdur. İddiaçı 01 aprel 2022-ci il tarixində 34 nömrəli Şəhər Poliklinikasının Həkim Məsləhət Komissiyası tərəfindən bir daha müayinə olunmuş və bu barədə göndəriş “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə xx.xx.2022-ci il tarixli, 2784003AACTT nömrəli Həkim Məsləhət Komissiyasının təkrar bildirişi ilə daxil edilmişdir. Nəhayət, 12 aprel 2022-ci il tarixində iddiaçı cavabdeh orqana dəvət olunaraq yenidən müayinədən keçmişdir. İddiaçıya əlilliyin qiymətləndirilməsi barədə rəsmi məlumatın veriləcəyi bildirilsə də, ona hər hansı bir rəsmi məlumat verilməmişdir. Daha sonra cavabdeh orqan tərəfindən xx.xx.2022-ci il tarixli əyani müayinənin nəticələrinə əsasən şəhadətnamədə qeyd edilən diaqnoz və ağırlaşmaların əlillik səviyyəsində öz təsdiqini tapmadığı və əlillik təyininə əsas vermədiyinin müəyyən edildiyi bildirilmişdir. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, iddiaçıda mövcud olan xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin müvafiq bəndlərinə əsasən əliliyin təyini, təyin olunduqda isə müvafiq olaraq uzadılması üçün əsasdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 izahatında bildirdi ki, iddiaçının əlillik vəziyyətinə 3 saylı Şəhər Poliklinikasının xx.xx.2012-ci il tarixli göndərişi əsasında baxılmış və səbəbi hərbi xidmət dövrü ilə əlaqədar göstərilməklə sağ-bud çanaq oynağının qapalı küt travmasindan sonrakı bud sümüyünün qeyri düzgün bitişmiş sınığı nəticəsində bud-çanaq oynağının İİ mərhələ -deformasiyaedici osteoartroz diaqnozu ilə bir il müddətinə üçüncü dərəcə əlillik verilmişdir. 3 saylı Şəhər Poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və səbəbi hərbi xidmət dövrü ilə əlaqədar göstərilməklə sağ bud çanaq oynaqların qapalı küt travmasindan sonrakı vəziyyət, sağ bud sümüyü boynunun qeyri-düzgün bitişmiş sınığı diaqnozu ilə bir il müddətinə üçüncü dərəcə əlillik verilmişdir. Bakı M.Hüseynov adına 3 nömrəli Şəhər Poliklinikasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və səbəbi hərbi xidmət dövrü ilə əlaqədar göstərilməklə sağ bud sümüyü boynunun qeyri düzgün bitişmiş sınığı diaqnozu ilə bir il müddətinə üçüncü dərəcə əlillik verilmişdir. Elektron Təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və səbəbi hərbi xidmət dövrü ilə əlaqədar göstərilməklə sağ bud sümüyü boynunun qeyri düzgün bitişmiş sınığı diaqnozu ilə beş il müddətinə üçüncü dərəcə əlillik verilmişdir. Bakı 1 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və bud sümüyü boynunun sınığı, Sağ bud sümüyü boynun qeyri-düzgün bitişmiş sınığı. Lokalizə olunmuş osteoporoz (Leken), Sağ bud sümüyü boynunun osteopartozu. Oynaqların kontrakturası, Sağ bud çanaq oynağında hərəkət məhdudluğu. Kəskin ağrı, Sağ bud çanaq oynağının postravmatik koksartrozu, ağrı sindromu ilə. Xroniki faringit. İnsulindən asılı şəkərli diabet, Şəkərli diabet tip İİ Qasıq yırtığı, Soltərəfli qasıq yırtığı. Vegetativ damar distoniyası diaqnozu ilə göndərişin natamam doldurulması, xəstəliyin başladığı vaxtdan dinamikası və aparılan müalicələr barədə məlumat qeyd edilmədiyi səbəbi ilə imtina verilmişdir. Bakı 1 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və sağ bud-çanaq oynağı nahiyəsinin qapalı küt travmasından (2002) sonrakı bud sümüyünün boynunun qeyri-düzgün bitişmiş sınığı nəticəsində bud-çanaq oynağının İİ (ikinci) mərhələ deformasiyaedici osteoartrozu, funksiyanın müalyim dərəcədə pozulması diaqnozu ilə diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə imtina verilmişdir. Həmçinin, iddiaçı cavabdeh orqana əyani müayinə olunması üçün dəvət olunmuşdur. 16 may 2022-ci il tarixli protokola əsasən iddiaçıya həmin vaxt qüvvədə olmuş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Beləliklə, həm elektron qiymətləndirmənin, həm də əyani müayinənin nəticəsi olaraq iddiaçıya əlillik təyinatının aparılmasından imtina edilmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçının nümayəndəsi və vəkilinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: İddiaçı xx.xx.2022-ci ildə Agentliyin müvafiq Tibbi-Sosial Ekspert Komissiyasında nəzarət qaydasında əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq barəsində “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Belə ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2011-ci il tarixli 148 nömrəli şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Sağ bud-çanaq oynağı nahiyəsinin qapalı küt travmasından (2002) sonrakı bud sümüyünün boynunun qeyri-düzgün bitişmiş sınığı nəticəsində budçanaq oynağının İİ (ikinci) mərhələ deformasiyaedici osteoartrozu, funksiyanın mülayim dərəcədə pozulması ilə. TH4-TH5, L5-S1 fəqərəarası disklərin protruziyası, funksiyanın pozulmaması ilə. Vertebrogen mənşəli xroniki residivverən döş, bel-oma radikuliti, natamam remissiya mərhələsində. Burun arakəsməsinin əyriliyi, burun tənəffüsünün cuzi pozulması ilə” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi Xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı şikayətləri hərəkət edərkən ayağında olan məhdudluqdan, ağrıdan ibarətdir. Müayinə zamanı novorapid istifadə etdiyini bildirdi. Aşağı ətraflarda pulsasiya dolğundur. Sol ətrafda diz refleksi və Axil refleksi sağa nisbətən zəif çağırılır. Əzələ gücü distal və proksimalda norma daxilindədir. Sağ bud-çanaq oynağında hərəkətlər tam həcmdədir. Sağ bud sümüyündə sümük tamlığı pozulmamışdır. Bud-çanaq oynağında rentgenoloji olaraq oynaq yarığı açıqdır, oynaq səthləri hamardır. Aşağı ətraflarda nəzərə çarpan atrofiya və qısalıq qeyd olunmur. Əyani müayinənin nəticələrinə əsasən şəhadətnamədə qeyd olunan diaqnoz və ağırlaşmaları əlillik səviyyəsində öz təsdiqini tapmamış və əlillik təyininə əsas vermədiyi müəyyən edilmişdir. Bundan irəli gələrək, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” yə uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə əsaslı qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən xx.xx.2022-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş Tibbi-Sosial Ekspert Komissiyasında ətraflı qiymətləndirmə məlumatından görünür ki, İddiaçı 3 saylı Şəhər Poliklinikasının göndərişi əsasında xx.xx.2012-ci il tarixdə hərbi xidmət dövrü ilə əlaqədar sağ-bud çanaq oynağının qapalı küt travmasından sonrakı bud sümüyünün qeyri-düzgün bitişmiş sınığı nəticəsində bud-çanaq oynağının İİ mərhələ-deformasiyaedici osteoartoz diaqnozu ilə xx.xx.2013-cü il tarixədək 1 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. Həmin məktuba əlavə edilmiş İddiaçı 3 saylı Şəhər Poliklinikasının göndərişi əsasında xx.xx.2014-cü il tarixdə hərbi xidmət dövrü ilə əlaqədar sağ bud çanaq oynaqlarının qapalı küt travmasından sonrakı vəziyyət, sağ bud sümüyü boynunun qeyridüzgün bitişmiş sınığı diaqnozu ilə xx.xx.2015-ci il tarixədək 1 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. Həmin məktuba əlavə edilmiş İddiaçı Bakı M.Hüseynov adına 3 saylı Şəhər Poliklinikasının 2750003AAA76 nömrəli göndərişi əsasında xx.xx.2015-ci il tarixdə hərbi xidmət dövrü ilə əlaqədar sağ bud sümüyü boynunun qeyri-düzgün bitişmiş sınığı diaqnozu ilə xx.xx.2016-cı il tarixədək 1 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. Həmin məktuba əlavə edilmiş İddiaçı elektron təyinat əsasında xx.xx.2016-cı il tarixdə hərbi xidmət dövrü ilə əlaqədar sağ bud sümüyü boynunun qeyri-düzgün bitişmiş sınığı diaqnozu ilə xx.xx.2021-ci il tarixədək 5 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. Həmin məktuba əlavə edilmiş İddiaçı Bakı 1 nömrəli Şəhər Poliklinikasının 2782003AABXW nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə Bud sümüyü boynunun sınığı. Sağ bud sümüyü boynun qeyri-düzgün bitişmiş sınığı. Lokalizə olunmuş osteoporoz [Leken], Sağ bud sümüyü boynunun osteopartozu. Oynaqların kontrakturası. Sağ bud çanaq oynağında hərəkət məhdudluğu. Kəskin ağrı. Sağ bud çanaq oynağının psotravmatik koksartrozu, ağrı sindromu ilə. Xroniki faringit. İnsulindən asılı şəkərli diabet. Şəkərli diabet tip İİ Qasıq yırtığı, Soltərəfli qasıq yırtığı. Vegetativ damar distoniyası diaqnozu ilə göndərişin natamam doldurulması, xəstəliyin başladığı vaxtdan dinamikası və aparılan müalicələr barədə məlumat qeyd edilmədiyi səbəbindən əlillik dərəcəsinin təyin edilməsindən imtina olunmuşdur. Həmin məktuba əlavə edilmiş İddiaçı Bakı 1 nömrəli Şəhər Poliklinikasının 2782003AABXW nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə Sağ bud-çanaq oynağı nahiyəsinin qapalı küt travmasından (2002) sonrakı bud sümüyünün boynunun qeyri-düzgün bitişmiş sınığı nəticəsində bud-çanaq oynağının İİ (ikinci) mərhələ deformasiyaedici osteoartrozu, funksiyanın müalyim dərəcədə pozulması diaqnozu ilə diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən əlillik dərəcəsinin təyin edilməsindən imtina olunmuşdur. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın: 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir; 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir; 1.6-cı bəndinə əsasən əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır; 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır; 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür; 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir; 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər; 2.9-cu bəndinə əsasən göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir; 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin: 2.3-cü bəndinə əsasən üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Üçüncü dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.3.2-ci bəndinə əsasən dirsək oynağının funksional yararsız vəziyyətdə (60 dərəcədən az və ya 150 dərəcədən çox) olması, yaxud saidin tam supinasiya və ya pronasiya halında qalması, ankilozu və ya kəskin kontrakturası (hərəkətin həcminin 10 dərəcədən artıq olmaması) (M21.2, M24.5-M24.6, M25.6, M67.1, M99.0). 4.2-ci bəndinə əsasən ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın: 1.5-ci bəndinə əsasən göndəriş verilməsi üçün əsas aşağıdakılardır: şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması (1.5.1); şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir) (1.5.2); əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi (1.5.3); peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi (1.5.4); əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması (1.5.5). Məhkəmə tərəfindən müəyyən edildi ki, xx.xx.2011-ci il tarixli 148 nömrəli Xəstəlik haqqında şəhadətnaməyə əsasən İddiaçı SQ Baş Klinik Hospitalın poliklinika şöbəsinin hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş, sağ bud-çanaq oynağı nahiyəsinin qapalı küt travmasından sonrakı bud sümüyünün boynunun qeyri-düzgün bitişmiş sınığı nəticəsində bud-çanaq oynağının İİ (ikinci) mərhələ deformasiyaedici osteoartrozu, funksiyasının mülayim dərəcədə pozulması ilə … diaqnozu ilə «Xəstəlikdir, Hərbi Xidmət Dövründə Alınmışdır» səbəb əlaqəsi Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə təsdiq olunmuşdur. İddiaçı 3 saylı Şəhər Poliklinikasının göndərişi əsasında xx.xx.2012-ci il tarixdə hərbi xidmət dövrü ilə əlaqədar sağ-bud çanaq oynağının qapalı küt travmasından sonrakı bud sümüyünün qeyri-düzgün bitişmiş sınığı nəticəsində bud-çanaq oynağının İİ mərhələ-deformasiyaedici osteoartoz diaqnozu ilə xx.xx.2013-cü il tarixədək 1 il müddətinə üçüncü dərəcə əlillik, 3 saylı Şəhər Poliklinikasının göndərişi əsasında xx.xx.2014-cü il tarixdə hərbi xidmət dövrü ilə əlaqədar sağ bud çanaq oynaqlarının qapalı küt travmasından sonrakı vəziyyət, sağ bud sümüyü boynunun qeyri-düzgün bitişmiş sınığı diaqnozu ilə xx.xx.2015-ci il tarixədək 1 il müddətinə üçüncü dərəcə əlillik, Bakı M.Hüseynov adına 3 saylı Şəhər Poliklinikasının göndərişi əsasında xx.xx.2015-ci il tarixdə hərbi xidmət dövrü ilə əlaqədar sağ bud sümüyü boynunun qeyri-düzgün bitişmiş sınığı diaqnozu ilə xx.xx.2016-cı il tarixədək 1 il müddətinə üçüncü dərəcə əlillik, elektron təyinat əsasında xx.xx.2016-cı il tarixdə hərbi xidmət dövrü ilə əlaqədar sağ bud sümüyü boynunun qeyri-düzgün bitişmiş sınığı diaqnozu ilə xx.xx.2021-ci il tarixədək 5 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. Daha sonra isə iddiaçıya Bakı 1 nömrəli Şəhər Poliklinikasının 2782003AABXW nömrəli xx.xx.2021-ci il tarixli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə Bud sümüyü boynunun sınığı. Sağ bud sümüyü boynun qeyri-düzgün bitişmiş sınığı. Lokalizə olunmuş osteoporoz [Leken], Sağ bud sümüyü boynunun osteopartozu. Oynaqların kontrakturası. Sağ bud çanaq oynağında hərəkət məhdudluğu. Kəskin ağrı. Sağ bud çanaq oynağının psotravmatik koksartrozu, ağrı sindromu ilə. Xroniki faringit. İnsulindən asılı şəkərli diabet. Şəkərli diabet tip İİ Qasıq yırtığı, Soltərəfli qasıq yırtığı. Vegetativ damar distoniyası diaqnozu ilə göndərişin natamam doldurulması, xəstəliyin başladığı vaxtdan dinamikası və aparılan müalicələr barədə məlumat qeyd edilmədiyi səbəbindən, həmçinin Bakı 1 nömrəli Şəhər Poliklinikasının 2782003AABXW nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə Sağ bud-çanaq oynağı nahiyəsinin qapalı küt travmasından (2002) sonrakı bud sümüyünün boynunun qeyri-düzgün bitişmiş sınığı nəticəsində bud-çanaq oynağının İİ (ikinci) mərhələ deformasiyaedici osteoartrozu, funksiyanın müalyim dərəcədə pozulması diaqnozu ilə diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən əlillik dərəcəsinin təyin edilməsindən imtina olunmuşdur. Məhkəmə qeyd edir ki, cavabdeh qurumun imtinası qanunazidd olmaqla iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilir ki, TSEK-ə göndərişə əsas verən müayinə vərəqəsində qeyd olunan Əsasnamənin 2.2.7-ci (E00, E07-E07.9, E10, E12, E15-E16.1, E22.0-E22.1, E23.0-E23.2, E23.7, E24-24.9, E25.8, E26.9, E27.1-E27.9, E32-E32.8, E34-E34.1, E34-E35.8), 2.3.2-ci (M21.2, M24.5- M24.6, M25.6, M67.1, M99.0) və 2.5.9-cu (Q65.0, M16.3, M16.5) bəndlərinə əsasən əlillik əlaməti təyin edən diaqnoz göstərilməsinə baxmayaraq, cavabdeh tərəfindən aparılan qiymətləndirmədə diaqnozun əlillik əlaməti təyin etmədiyi göstərilmişdir. Belə ki, 2017-ci ilin sentyabr ayından iddiaçıda şəkərli diabet xəstəliyi aşkar olunmuş, 2019-cu ilin dekabr ayından Respublika Endrokrinoloji Mərkəzdə “İnsulindən asılı şəkərli diabet. Tip İ” diaqnozu ilə qeydiyyata alınmışdır. Həmçinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda müayinədə olmuş və 08 yanvar 2021-ci il tarixli arayışla iddiaçıya “Sağ bud sümüyünün boynunun qeyri-düzgün bitişmiş sınığı, sağ bud çanaq oynağının postravmatik koksartrozu, ağrı sindromu ilə. Sağ bud çanaq oynağının kontrakturası, hərəkət məhdudluğu ilə, sağ bud sümüyünün başının osteoporozu” diaqnozu qoyulmuşdur və həmin diaqnoz ilə iddiaçıya xx.xx.2012-ci ildən xx.xx.2021-ci ilədək üçüncü dərəcə əlillik təyin edilmişdir (sonuncu dəfə xx.xx.2016-cı il tarixdə xx.xx.2021-ci il tarixədək 5 il müddətinə). Göründüyü kimi, iddiaçıya ilkin əlilliyin təyini və təkrar əlillik üçün müayinə zamanı qoyulan diaqnozlar eyni olmuşdur (şəkərli diabet istisna olmaqla), cavabdeh eyni diaqnoz əsasında iddiaçıya 2016-cı il tarixdə 05 il müddətinə əlillik təyin etsə də, həmin diaqnoz əsasında 2021-ci il tarixdə əlilliyin uzadılmasından imtina etmişdir. Eyni zamanda təkrar tibbi müayinə zamanı iddiaçıda İnsulindən asılı şəkərli diabet diaqnozu da müəyyən edilmişdir ki, bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnamənin tələblərinə əsasən əlilliyin təyin edilməsi üçün əsasdır. Eyni zamanda əlillik altsistemində xx.xx.2021-ci il tarixdə göndərişin natamam doldurulması, xəstəliyin başladığı vaxtdan dinamikası və aparılan müalicələr barədə məlumat qeyd edilmədiyi göstərilir. Lakin göndərişin natamam və ya yanlış doldurulması imtina üçün deyil, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişin altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərilməsi üçün əsasdır. Bundan başqa, xx.xx.2021-ci il tarixdə qiymətləndirmə zamanı iddiaçının əllilliyi ilkin olaraq təyin edilmədiyindən cavabdehin iddiaya yazılı etirazında “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.5.1-ci bəndinə istinadı əsassızdır. Belə ki, Qaydaların 1.5.3-cü bəndinə əsasən, əlillik müddətinin bitməsindən sonra qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi göndərişin verilməsi üçün əsasdır. Göründüyü kimi, qanunvericilik əlillik müddəti bitdikdən sonra əlilliyin təyini zamanı müəyyən olunmuş pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi halında, təkrar əlilliyin qiymətləndirilməsi zamanı əlil şəxsin ambulator və ya stasionar müalicədə olması ilə bağlı şərt müəyyən etmir. Məhkəmə onu da qeyd edir ki, Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş diaqnoz iddiaçıya üçüncü dərəcə əlilliyin təyininə əsas olmuşdur və iddiaçıya xx.xx.2021-ci il tarixədək üçüncü dərəcə əlillik təyin edilmişdir. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının qeyd olunan qərarı hazırda da qüvvədədir və iddiaçıya əlilliyin təyininə əsas olan həmin diaqnoz tibbi müəssisəsinin xx.xx.2021-ci il tarixli göndərişində də əks olunmuşdur. Belə olan halda həmin halın əlavə olaraq məhkəmə tibbi ekspertizasının rəyi ilə təsdiq və ya təkzib olunması zərurəti yoxdur. Qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, cavabdeh imtinasının hüquqi və faktiki əsaslarını göstərə bilməmiş, imtinasını əsaslandırmamış, bununla da əsassız olaraq iddiaçının konstitusion hüququ olan sosial təminat hüququnu pozmuş, imtinası qanunvericiliyin tələblərinə zidd olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58.1, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı qiymətləndirildiyi xx.xx.2021-ci il tarixdən sonrakı dövr üçün üçüncü dərəcə əlilliyin uzadılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar