Məhkəmə qərarları › İş №2-1(112)-10836/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10836/2022

13.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10836/2022 13.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinə qarşı X8 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri, Yasamal Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus olan ünvan 1 ünvanında yerləşən mənzildən X5 qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(112)-10836/2022 nömrəli qərardadı ilə X8 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, üçüncü şəxsin qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Mənzilə dair mülkiyyət hüququnu təsdiq edən çıxarış xx.xx.2012-ci il tarixdə verilmişdir. Üçüncü şəxs onun mərhum həyat yoldaşının bacısı olmuş, uzun müddət əvvəl onlarla yaşasa da, sonradan özü evi tərk edib getmişdir. Bir daha evə qayıtmamışdır. Onların aralarında həmin vaxtdan gediş-gəliş olmamışdır. Beləliklə üçüncü şəxslə heç bir əlaqəsi olmadığına, mənzilində yaşamadığına baxmayaraq, əsassız olaraq pasport qeydiyyatından bu günə kimi çıxmamışdır. Bu bir mülkiyyətçi kimi onun bir sıra hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmışdır. X5 mənzildən qeydiyyatdan çıxarılması ilə əlaqədar Yasamal rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli imtina məktubunda mülkiyyətçisi olduğu ünvan 1 ünvanından qeyd olunan şəxsin qeydiyyatdan çıxarılması ilə əlaqədar məhkəməyə müraciət edə bildiyi qeyd olunmuşdur. Yasamal rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin 21 saylı MKİS-nin xx.xx.2022-ci il tarixli arayışda üçüncü şəxsin qeydiyyatda olmadığı və mənzildə yaşamadığı qeyd olunmuşdur. Qonşuları tərəfindən imza edilmiş aktdan da göründüyü kimi X5 həmin mənzildə yaşamamış, qeydiyyatı tamamilə formal xarekter daşımışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh və üçüncü şəxs lazımi qaydada xəbərdarlıq edilmiş, cavabdeh məhkəməyə məktub ünvanlayaraq məhkəmə baxış iclasının iştirakı olmadan baxılmasına və qərar çıxarılmasına etiraz etmədiklərini bildirmiş, üçüncü şəxs isə hər hansı üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2012-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli çıxarışının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 41,06 kvm. ümumi sahəsi olan mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli, ******* №-li arayışdan görünür ki, xx.xx.1958-ci il təvəllüdlü İddiaçı, xx.xx.2013-cü il təvəllüdlü X16, xx.xx.1953-cü il təvəllüdlü X8, xx.xx.2010-cu il təvəllüdlü X17, xx.xx.1982-ci il təvəllüdlü X11 ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. - Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi, məhəllə 528, ev D ünvanında yaşayan X9, X18, X19 tərəfindən tərtib edilərək imzalanmış xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, ünvan 1-da qeydiyyatda olan X8 uzun müddətdir həmin ünvanda yaşamır. - Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyi 21 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 102 nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən də ünvan 1 ünvanında qeydiyyatdadır. X1 xx.xx.2006-cı ildən bu ünvanda qeydiyyatda olmasına baxmayaraq, uzun müddətdir ki, yuxarıda göstərilən ünvanda yaşamır. Arayış qonşuların tərtib etdiyi xx.xx.2022-ci il tarixli akta əsasən verilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyeystri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********1 nömrəli məktubdan görünür ki, X5 Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi, məhəllə 528, ev D, 19 saylı mənzildə istifadə hüquqlarının qeydiyyata alınması ilə bağlı məlumat aşkar edilməmişdir. - Həmin məktuba əlavə edilmiş sənədlərdən görünür ki, Oktyabr (indiki Yasamal) rayon İcraiyyə Komitəsi tərəfindən verilmiş 05815 №-li, xx.xx.1959-cu il tarixli orderə əsasən Oktyabr rayonu, Nərimanov prospekti, yeni tikili, 3 otaqlı, 41,06 kvm.-lik, 19 nömrəli mənzil 6 nəfər ailə tərkibi (oğlu Fəxrəddin Şahbazov, oğlu Şaməddin Şahbazov, qızı Dilşad Şahbazova, oğlu Nurəddin Şahbazov, arvadı Əminə Şahbazova) ilə X12 verilmişdir. Bakı şəhəri, Oktyabr rayonu İcra Hakimiyəti Başçısının xx.xx.1992-ci il tarixli, 283/28 №-li “Kirayə müqaviləsinin dəyişdirilməsi haqqında” sərəncama əsasən Ə.Ələkbərov küçəsi, 528-ci məhllə, “D” №-li evin 19 №-li mənzilində yaşayan mənzil kirayəçisi X2 yeni mənzil alması və mənzil qeydiyyatından çıxması ilə əlaqədar olaraq 3 otaqlı, sahəsi 41,06 kvm. olan mənzilin kirayə müqaviləsi onun oğlu X6 ilə (ailə tərkibi 4 nəfər – özü, arvadı Faizə, oğlu Rəşad, qızı Şəbnəm) bağlanmışdır. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyi 21 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.1997-ci il tarixli arayışa görə Ə.Ələkbərov küçəsi, 528-ci məhllə, “D” №-li evin 19 №-li mənzilində X6 özü xx.xx.1979-cu ildən, arvadı İddiaçı xx.xx.1980-cı ildən, qızı X7 1989-cu ildən, oğlu X11 1982-ci ildən, bacısı X8 1997-ci ildən qeydiyyatdadırlar. Ə.Ələkbərov küçəsi, 528-ci məhllə, “D” №-li evin 19 №-li mənzilində qeydiyyatda olan Dilşad Şahbazova Bakı şəhəri Texniki İnvetarlaşdırma Bürosunun rəisinə ünvanladığı xx.xx.1997-ci il tarixli ərizədə mənzillərinin qardaşı Şahbazov Nurəddinin adına özəlləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. xx.xx.2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 04 noyabr 2011-ci ildə vəfat etmiş X3 vərəsəsi - ünvan 1-da yaşayan arvadı İddiaçıdır və o miras əmlakdan irs almalıdır, miras əmlak Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, 528 məhəllə, “D” №-li binada yerləşən 19 №-li mənzildən ibarətdir. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, 091-43426Ş- 3222 nömrəli məktubdan görünür ki, müraciətinə baxılmışdır. Nəzərinə çatdırılır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüquqlarına xitam verildikdə məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi əsasında müvafiq İcra Hakimiyyəti orqanları tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Eyni zamanda bildirilir ki, ünvan 5 ünvanından X5 qeydiyyatdan çıxarılması ilə əlaqədar mülki qaydada məhkəməyə müraciət edə bilər. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, mübahisəli mənzil 05815 №-li, xx.xx.1959-cu il tarixli orderə əsasən üçüncü şəxs Dilşad Şahbazova da nəzərə alınmaqla X28 (Məmmədəli) oğlunun istifadəsinə verilmişdir. Bakı şəhəri, Oktyabr rayonu İcra Hakimiyəti Başçısının xx.xx.1992-ci il tarixli, 283/28 №-li sərəncama əsasən Ə.Ələkbərov küçəsi, 528-ci məhllə, “D” №-li evin 19 №-li mənzilin kirayə müqaviləsi X6 ilə bağlanmışdır. Həmin mənzil mənzildə qeydiyyatda olan şəxslərin, həmçinin üçüncü şəxs Dilşad Şahbazovanın razılığı ilə X4 adına özəlləşdirilmiş və xx.xx.1998-ci il tarixdə sonuncunun adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. X4 xx.xx.2011-ci il tarixdə ölümündən sonra qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən İddiaçı həmin mənzil üzrə xüsusi mülkiyyət hüquqları qeydə alınmışdır. İddiaçı hazırda mülkiyyətində olan mənzildə qeydiyyatda olan X1nın yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması ilə bağlı müraciəti cavabdeh inzibati orqan tərəfindən təmin edilməmişdir. Hazırda iddiaçı üçüncü şəxsin sözügedən mənzildə yaşamadığına istinad edərək onun qeydiyyatdan çıxarılmasını inzibati məhkəmə icraatında mübahisələndirir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun: - 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yeri üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycar Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. - 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqan: vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində “Azərbaycan Respublikası: vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında) daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunverciliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. - 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Həmin Qərarda həmçinin göstərilmişdir ki, “yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. Müraciətedənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Eyni zamanda nəzərə alınmalıdır ki, sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Bu isə məhkəmə qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və ya yaşayış sahəsindən çıxarılmış şəxslərin qeydiyyatdan çıxarılması üçün mülkiyyətçinin yenidən iddia qaldırmasının qarşısını almaqla, prosessual qənaət prinsipinin təmin edilməsinə də xidmət etmiş olur”. Beləliklə, Konstitusiya Məhkəməsinin adıçəkilən Qərarına istinad edərək məhkəmə qeyd edir ki, mülkiyyətçinin ərizəsi ilə digər şəxsin qeydiyyatdan çıxarılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: şəxs həmin yaşayış sahəsinə hər hansı əmlak hüququ əldə etməməlidir; şəxs həmin yaşayış sahəsində faktiki olaraq yaşamamalıdır. Hazırki mübahisə üzrə iddiaçı mübahisəli yaşayış sahəsi üzərində mülkiyyət hüququnu ərinin vəfatından sonra vərəsəlik hüququna əsasən əldə etmişdir. İş üzrə üçüncü şəxs atasına verilmiş order əsasında mübahisəli yaşayış yeri üzrə qeydiyyata alınmış və qeydiyyatda olduğu mənzil onun razılığı da nəzərə alınmaqla iddiaçının mərhum ərinin adına özəlləşdirilmişdir. Üçüncü şəxsin qeydiyyatdan çıxarılması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olması məhkəmə araşdırılması zamanı müəyyən edilməmiş, bu barədə əsaslar nə inzibati orqana, nə də məhkəməyə təqdim edilməmişdi. Bundan əlavə üçüncü şəxsin mübahisəli yaşayış sahəsinə hər hansı əmlak hüququnun olub-olmamasının müəyyən edilməsi nə inzibati orqan tərəfindən aparılan icraatda və nə də inzibati məhkəmə icraatında araşdırmanın predmeti deyildir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmaqla iddiaçının qanunla qorunan hüquqlarının pozulması ilə nəticələnməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirili - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın imtinası qanuna zidd olmadığından və iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar