Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10838/2025 09.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “qanuni qüvvəyə minmiş məhkəmə qərarında göstərilənlər nəzərə alınmaqla barəsində yeni məlumat vərəqəsinin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “qanuni qüvvəyə minmiş məhkəmə qərarında göstərilənlər nəzərə alınmaqla barəsində yeni məlumat vərəqəsinin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Əmək pensiya təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan məlumat vərəqəsi”nin Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəyə minmiş 7 iyul 2015-ci tarixli Qərarında göstərilən qaydada tərtib edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1987-ci ildən 2000-ci ilədək fasiləsiz hərbi qulluqçu kimi xidmət etmişdir. Lakin buna baxmayaraq ona pensiya təyin olunmamışdır. 2000-ci ilin noyabr ayında baş gizir hərbi rütbəsi ilə ordu sıralarından tərxis olmuşdur. Xidmət illərinin hesablanması, döyüş bölgəsində xidməti də nəzərə almaqla hesablanması və ona pensiya təyin olunması ilə əlaqədar dəfələrlə Müdafiə Nazirliyinə və müvafiq orqanlara müraciət etmişdir. Lakin Müdafiə Nazirliyi ümumi xidmətinin 17 il 7 ay 17 gün olmasını bildirərək müraciətini təmin etməkdən imtina etmişdir. Bununla razılaşmayaraq 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin 7 iyun 2015-ci il tarixli Qərarına əsasən iddiası təmin edilmiş pensiya hüququnun təmin olnması üçün və pensiyası təyin edilməsi məqsədilə xidmət illərinin bu qərarda göstərildiyi kimi düzgün hesablanması “Əmək pensiya təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan məlumat vərəqəsi”nin tərtib edilib Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə iş Departamentinə təqdim edilməsi vəzifəsi Müdafiə Nazirliyinə həvalə edilmişdir. Həmin qərar qüvvədədir. Lakin hal-hazıradək Müdafiə Nazirliyi tərəfindən sözü gedən hesablamalar Fonda təqdim edilmədiyindən ona pensiya təyin olunmamışdır. Məsələ ilə bağlı dəfələrlə müvafiq dövlət orqanlarına, Müdafiə Nazirliyinə və Fonda müraciət etməsinə baxmayaraq ərizə və şikayətləri cavabsız qalmışdır. Bununla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə yenidən müraciət edərək “Əmək pensiya təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan məlumat vərəqəsi”nin Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəyə minmiş 7 iyul 2015-ci tarixli Qərarında göstərilən qaydada tərtib edərək Fonda göndərilməsini və pozulmuş pensiya hüququnun bərpa edilməsini xahiş etsə, bunun hesablanmasından imtina edilmişdir. Göstərilənlərə əsasən Müdafiə Nazirliyinin bu məktubunu qanuna zidd hesab edir və hüquqlarının bərpa edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2025-ci il tarixli, 3-25-19/2- 2227/2025 №-li iddia tələbinə dair yazılı mülahizəsi məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizələri (etirazları): Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddia tələbinə dair yazılı münasibəti (etirazı) onunla əsaslandırılmışdır ki, İddiaçı 15 noyabr 1987-ci il tarixdən 01 dekabr 1989cu il tarixədək müddətli həqiqi hərbi xidmətdə,14 noyabr 1991-ci il tarixdən 28 sentyabr 1993-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin N saylı hərbi hissəsində, N noyabr 1993-cü il tarixdən 31 oktyabr 2000-ci il tarixədək isə Gəncə Qarnizonu Hərbi Tribunalında və Hərbi Dəniz Qüvvələrinin Hərbi Tibunalında həqiqi hərbi xidmətdə olmuşdur. Həmin ərəfədə N saylı hərbi hissədə xidmətdə olduğu N yanvar 1992ci il tarixdən 04 mart 1992-ci il tarixədək olan dövrün bir günü iki gün kimi sayılmaqla 02 ay 03 gün, bundan başqa 04 mart 1992-ci il 28 sentyabr 1993-cü il tarixədək olan dövrünün, yəni 01 il 06 ay 24 gün xidmətinin bir günü üç gün kimi sayılmaqla 03 il 01 ay 18 gün, habelə hərbi tribunallarda xidmətdə olduğu N noyabr 1993-cü il tarixdən 01 may 1997-ci il tarixədək olan dövrün bir günü iki gün sayılmaqla 03 il 05 ay 13 gün güzəştli xidmət illəri təşkil edir. Əsas Azərbaycan Respublikası Nazirlər Kabinetinin 631 nömrəli 23 noyabr 1992-ci il tarixli Qərarı. Beləliklə İddiaçı xidmət illəri təqvimlə - 10 il 10 ay 13 gün, xidmət illərinə güzəştli qaydada əlavə olunan müddət - 06 il 09 ay 04 gün, ümumi xidmət illəri isə 17 il 07 ay 17 gün təşkil edir. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin “a” bəndinin ("Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavə edilməsi barədə ”2004-cü il 1 sentyabr tarixli 728-İİ QD nömrəli Azərbaycan Respublikası Qanunu və həmin qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2004cü il 13 sentyabr tarixli 122 nömrəli Fərmanı qüvvəyə minənədək) müddəalarına görə xidmətdən buraxılanadək ümumi xidmət illəri (güzəştli şərtlərlə sayılan xidmət müddətləri də daxil olmaqla) 20 il və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların xidmət illərinə görə pensiya hüququ olmuşdur. Bundan başqa “Əmək pensiyaları haqqında “Azərbaycan Respublikası Qanununun 9.5-ci maddəsinə müvafiq olaraq, aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət qulluqçuları istisna olmaqla) hərbi quluqçu kimi yaşa gürə əmək pensiyası hüququ vardır. 9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; 9.5.2. hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.3. hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 48 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.4. hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi, orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsində saxlanılan 199 nömrəli şəxsi işində olan məlumatlara əsasən onun sonuncu xidmət yeri Hərbi Dəniz Qüvvələrinin Məhkəməsi olmuşdur. Məlumat üçün 18 may 1993-cü il tarixli 602 nömrəli “Hərbi tribunallar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununa əsasən hərbi tribunalların aparatının strukturu və ştatları Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən müəyyən edilmiş, maliyyə və maddi-texniki təminatı isə 1994-cü ildən başlayaraq Ali Məhkəmənin Hərbi Kollegiyası vasitəsi ilə dövlət büdcəsi hesabına həyata keçirilmişdir. Hərbi məhkəmələrdə (hərbi tribunallarda) xidmət etmiş hərbi qulluqçuların pul təminatının ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyası tərəfindən həyata keçirilmişdir. Yuxarıda qeyd olunanlara istinad olaraq qeyd edirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarına müvafiq olaraq ona Müdafiə Nazirliyi xətti ilə yaşa (xidmət illərinə görə əmək pensiyasının təyin olunması məqsədi ilə tərəflərindən hərbi xidmət müddəti və təminat xərcliyinə dair məlumatların Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Elektron məlumatlar bazası”na daxil edilməsi qanuna müvafiq deyildir. Eyni zamanda İddiaçı aidiyyəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinə müraciət etməsi məqsədəuyğun hesab olunur. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. FAKTİKİ HALLAR VƏ SÜBUTLAR İş materaillarında olanlar: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2-1(81)- 1745/2015 saylı Qərarından müəyyən olunur ki, İddiaçı pensiya hüququnun təmin olunması üçün və pensiya təyin edilməsi məqsədilə xidmət illərinin düzgün hesablanaraq, “Əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan məlumat vərəqəsi”nin tərtib edilib Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentinə təqdim edilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi qərara alınmışdır. İddiaçının hazırki tələblə bağlı müraciətinə cavab olaraq Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərfindən ona ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-25- 19/2-A-7xx-xx/2025 №-li cavab məktubunda sonuncya bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 1-ci bəndində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidmətində, Azərbaycan Respublikasının Strateji X3 Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması müəyyən edilmişdir. Həmin Qaydaların 2-ci bəndində isə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlarda nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğ kimi göstərilmişdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsində saxlanılan 199 nömrəli şəxsi işinizdə olan məlumatlara əsasən Sizin sonuncu xidmət yeriniz Hərbi Dəniz Qüvvələrinin Məhkəməsi olmuşdur. Məlumat üçün bildiririk ki, 18 may 1993-cü il tarixli 602 nömrəli “Hərbi tribunallar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununa əsasən hərbi tribunalların aparatının strukturu və ştatları Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən müəyyən edilmiş, maliyyə və maddi-texniki təminatı isə 1994-cü ildən başlayaraq Ali Məhkəmənin Hərbi Kollegiyası vasitəsi ilə dövlət büdcəsi hesabına həyata keçirilmişdir. Hərbi məhkəmələrdə (hərbi tribunallarda) xidmət etmiş hərbi qulluqçuların pul təminatının ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyası tərəfindən həyata keçirilmişdir. Yuxarıda qeyd olunanlara istinad olaraq bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarına müvafiq olaraq Sizə Müdafiə Nazirliyi xətti ilə yaşa (xidmət illərinə) görə əmək pensiyasının təyin olunması məqsədi ilə tərəfimizdən hərbi xidmət müddətiniz və təminat xərcliyinizə dair məlumatların Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Elektron məlumatlar bazası”na daxil edilməsi qanuna müvafiq deyildir. Eyni zamanda bildiririk ki, müraciətinizdə qeyd etdiyiniz məsələ ilə bağlı Sizə aidiyyəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinə müraciət etməyiniz məqsədəuyğun hesab olunur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlmədiyi barədə məhkəməyə məlumat vermədiyindən məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək və yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu; … 2.0.6. İnzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İnzibati Prosessual Məcəllə. ... Maddə 35. İddianın mümkünlüyü. 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. ... 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. ... 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. 9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. ...
12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.
13. İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. ... 14.1. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. 14.2. İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır.
İddianın növü və mümkünlüyü və buna dair məhkəmənin mövqeyi.
Əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd olunmalıdır ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Sözügedən Qanun inzibati orqanlar və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. Həmçinin qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Məhkəmə diqqətə çatdırır ki, iddiaçı tələbini zahirən ayrıca inzibati mübahisə kimi qiymətləndirsə də, belə deyildir. Belə ki, iddiaçının irəli sürdüyü tələb məhz qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasından meydana gəlmişdir ki, bu zaman mübahisəyə məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Çünki məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. Belə ki, İPM-nin 78-ci maddəsində deyilir ki, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli, 10 №-li qərarında göstərilmişdir ki:
25. İnzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icrasına dair çıxarılmış məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra hakim, əvvəlcə həmin məhkəmə aktını icranı həyata keçirməli olan inzibati orqana göndərməklə icra üçün müddət müəyyən etməli və icra olunmamaya görə cərimə tətbiq olunacağı barədə xəbərdarlıq etməlidir. İPM-in 120.1-ci maddəsində icra üçün müəyyən edilməli olan konkret müddətin göstərilməməsinin səbəbi inzibati orqan tərəfindən icra edilməli olan öhdəliyin (vəzifənin) hər bir konkret mübahisənin xarakterindən, icra üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmindən və buna görə tələb olunan vaxtdan asılı olaraq dəyişkən olması ilə bağlıdır. Odur ki, icra üçün müddətlər hər bir iş üzrə müxtəlif ola bilər. Lakin məhkəmə, mübahisənin xarakterini, icra təmin etmək üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmini və sərf ediləcək ehtimal olunan vaxtı, eləcə də tərəflərin bütün diqqətəlayiq digər maraqlarını nəzərə almaqla inzibati orqan üçün ağlabatan müddətlər müəyyən etməlidir. İcra üçün müəyyən edilmiş ilkin müddət bitdikdən sonra proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, işin hallarını və tərəflərin təqdim etdiyi dəlilləri nəzərə almaqla müvafiq əsasların mövcudluğu qənaətinə gəldikdə, məhkəmə icra üçün yeni müddət də müəyyən edə bilər. Lakin hər bir halda, bu müddətlər “İnzibati icraat haqqında” Qanunun 52.5-ci maddəsində inzibati icraatın müddəti üçün müəyyən edilmiş maksimal müddət olan 90 (doxsan) günü keçməməlidir.
26. İPM-in 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər.
27. İPM-in 120.3 və 120.4-cü maddələrinə görə cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. Bu normaların mənasına əsasən təkrar cərimə əvvəlki məcburi icra tədbirinin davamı kimi deyil, yeni müstəqil məcburi icra tədbiri kimi qiymətləndirilməlidir. İnzibati prosessual qanunvericilikdə isə borclu inzibati orqanın məhkəmə aktının icra edilməməsinə yönəlik hərəkətsizliyinin davam etdirilməsi və onun tələbkar qarşısında öhdəliklərini yerinə yetirməkdən yayınması ilə müşayiət olunan hüquq pozuntusuna görə tətbiq edilən məcburi icra tədbirlərinin nə ümumi sayına, nə də təyin edilən cərimələrin ümumi məbləğinə hər hansı məhdudiyyət qoyulmamış, əksinə, əvvəl seçilmiş məcburi icra tədbiri heç bir nəticə vermədiyi halda, daha ciddi və ya başqa məcburi icra tədbirinin tətbiqi imkanı nəzərdə tutulmuşdur. Bu mənada, məhkəmələr nəzərə almalıdırlar ki, qanunvericilikdə təyin edilmiş cərimə və təkrar cərimələrin birlikdə toplam ümumi məbləğinin 50.000 manatı aşmayacağına dair məhdudiyyət yoxdur. Yeganə məhdudiyyət bir dəfə tətbiq ediləcək cərimənin (və ya təkrar cərimənin) maksimal məbləğinin 50.000 manatdan çox ola bilməyəcəyi ilə bağlıdır. Məhkəmələr cərimənin məbləğini müəyyən edərkən ilk növbədə hər bir işin xüsusi hallarını, tərəflərin bütün diqqətəlayiq maraqlarını, icranın baş tutmamasının səbəblərini və mütənasiblik prinsipinin tələblərini nəzərə almalıdır. Məhkəmələrə həmçinin tövsiyə olunur ki, məcburi icra tədbiri qismində cərimə ilkin olaraq tətbiq edilərkən bir qayda olaraq, maksimal həddə cərimə seçilməməli, ilkin tədbir müsbət nəticə vermədiyi halda, getdikcə maksimal həddə yaxınlaşan daha yüksək məbləğdə təkrar cərimələrin tətbiq edilməsi və bununla da, məcburi icra tədbirlərinin ardıcıl sərtləşdirilməsi vasitəsilə məhkəmə qərarının icrasına nail olunmalıdır. Təyin edilmiş cərimə və təkrar cərimə məbləğlərinin məcburi qaydada tutulması isə İPM-in 119-cu maddəsi ilə müəyyən olunmuş qaydada icra olunmalıdır.
28. Cərimənin və ya təkrar cərimənin tətbiqi məcburi icra tədbiri hesab olunur və məhkəmə bu barədə məsələyə proses iştirakçılarının dinlənilmə hüquqlarını təmin etməklə məhkəmə iclasında baxaraq müvafiq qərardad çıxarmalıdır. İnzibati orqan üçün müəyyən edilmiş müddət bitdikdən sonra icra yenə də təmin edilməmiş qalarsa, məhkəmənin məcburi icra tədbiri kimi cərimənin tətbiqi ilə bağlı məsələni müzakirə etmək borcu yaranır. Məhkəmə bu məsələyə həm xidməti vəzifəsinə görə, həm də tərəflərin vəsatəti əsasında baxmalıdır. Məhkəmənin cərimənin təyin edilməsi, cərimənin təkrar təyin edilməsi və ya cərimənin (təkrar cərimənin) təyin edilməsindən imtina barədə qərardadlarından maraqlarına toxunan şəxslər şikayət verə bilərlər.
29. Məhkəmə cərimənin və ya təkrar cərimənin təyin edilməsinə baxmayaraq inzibati orqan tərəfindən yenə də icranın təmin olunmasına yönəlik real hərəkətlər edilmədiyi qənaətinə gəldikdə, bu barədə müvafiq qərardad çıxarmaqla “İcra haqqında” Qanunda nəzərdə tutulan məcburi icra tədbirlərinin tətbiqi üçün icra vərəqəsi verməklə onu icraya yönəltməlidir. Öz növbəsində icra vərəqəsini icraatına qəbul etmiş icra qurumu icranı təmin etmək üçün “İcra haqqında” Qanunun müəyyən etdiyi hərəkətləri etməli, xüsusən həmin Qanunun 70 və 82-ci maddələrində nəzərdə tutulmuş tədbirləri görməli və məhkəməni görülmüş işlər barədə məlumatlandırmalıdır. Göründüyü kimi inzibati məhkəmələr vasitəsilə hüquqların real təmin edilməsinə nail ola bilmək üçün həmin məhkəmələr tərəfindən çıxarılmış qərarların vaxtında və düzgün icrasının təmin olunması həlledici əhəmiyyət daşıyır. İddiaçı isə hazırkı iddianı irəli sürməklə məhkəmə qərarının icrasından kənar yeni məhkəmə qərarının qəbul edilməsini tələb edir ki, həmin hal istər inzibati prosessual qanunvericilik, istərsə də prosessual qənaət baxımından yol verilməzdir. Belə ki, iddiaçı məhkəməyə ərizə təqdim etməklə qərarın icrasına yönələn tədbirlərin həyata keçirilməsini tələb etmək hüququna malikdir ki, yeni iddiaya baxılması isə, əlavə vaxt və resurs itkisinə səbəb olmaqla faktiki olaraq iddiaçının hüquqi marağına xidmət etmir. Təbii haldır ki, məhkəmə qərarının icrası məcburidir və həmin qərarın qüvvədə olması halında inzibati orqan yeni mövqe nümayiş etdirmək və qərarın icrasından yayınmaq kimi səlahiyyətə malik olmamaqla qərarın qüvvədə olduğu halda onun icrasını həyata keçirməlidir. Bu həyata keçirilmədikdə məhkəmə yuxarıda qeyd olunan icra tədbirlərini həyata keçirmək, icra edilmədiyi təqdirdə ehtiyac olarsa cərimə tətbiq etmək kimi səlahiyyətə malikdir. Lakin məhkəmə bir dəfə baxılan işə qəbul edilən qərarın icra edilməməsi ilə bağlı yenidən baxmaq səlahiyyətinə malik deyil. Əks yanaşma isə məhkəmə qərarlarının formal sənəd hesab edilməsi, eyni məsələ ilə bağlı çıxarılmış məhkəmə qərarı icra edilmədiyinə görə yeni məhkəmə qərarlarının qəbul edilməsi və icrasız qalması kimi məntiqə uyğun olmayan nəticəyə səbəb olacaqdır ki, göstərilənlər nəzərə alınmaqla iddiaçıya qərarın icrasının təmini üçün sadə formada ərizə verilməsi hüquqi izah edilmiş, ayrıca iddianın qaldırılmalı olmaması diqqətinə çatdırılmışdır. Yuxarıda qeyd olunanlara əsasən, icra sənədinin icra olunması ilə bağlı hər hansı tədbirlərin görülməsi bilavasitə məhkəmə qərarından irəli gəldiyindən, sözügedən məsələlər məhz məhkəmə qərarının icrası çərçivəsində, yəni mübahisəyə məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Bu səbəbdən də hazırki mübahisənin inzibati iddia qaydasında ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Beləliklə, göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə iddiaçıya izah edir ki, iddiaçı icrasının düzgün icra edilmədiyini hesab etdiyi məhkəmə qərarının icrasının təmin edilməsi ilə bağlı aidiyyəti üzrə icraya nəzarət edən məhkəməyə icra icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir.
NƏTİCƏVİ HİSSƏ
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “qanuni qüvvəyə minmiş məhkəmə qərarında göstərilənlər nəzərə alınmaqla barəsində yeni məlumat vərəqəsinin verilməsi”nə dair iddia tələbi mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardaddan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Nəriman Abıyev