Məhkəmə qərarları › İş №2-1(112)-1084/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1084/2022

24.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1084/2022 24.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona ödənilməli olan müalicə pulunun və geyim pulunun verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 2008-ci il tarixindən 2018-ci il tarixinə kimi ödənilməyən müalicə puluna görə hər il 805 manat aylıq əmək haqqının iki misli 1610 manat olmaqla 16100 manat müavinət pulunun, hər il 500 manat olmaqla 2016-2018-ci illərdə geyim puluna görə 1500 manatın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1981-ci il tarixdə Bərdə rayonunda anadan olmuşdur. 2006-cı ilin fevral ayının 9-dan etibarən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 17 saylı çəzaçəkmə müəsissəsində əmək fəaliyyətinə başlamışdır. 2009-cu ildə leytenant rütbəsi almışdır. Daha sonra mayor rütbəsində baş inspektor, rəisin növbətçi köməkçisi vəzifəsində işləmişdir. 24 may 2018-ci ildə ailə daxili məsələsinə görə onu əsassız olaraq işdən çıxartmışlar. Həmin vaxtdan bu günə kimi işdənçıxma əmrini ala bilmir. Əmək kitabçasını Penitesiar Xidmətindən işdən çıxarıldıqdan 2 il sonra çox böyük çətinliklə almışdır. Dəfələrlə işə bərpa olunmağı ilə əlaqədar Xidmətin rəhbərliyinə müraciət etmişdir. Lakin müraciət etməyinə baxmayaraq nə işinə bərpa olunmuşdur, nə də ona çatası pul məbləğini verməmişlər. Eyni zamanda bildirir ki, xidmət dövründə hər iki ayağı varikoz xəstəliyi tutub. Tibbi kartoçkasında bu barədə qeyd olunub. 2007-ci ildə bu xəstəliyə görə müavinət almışdır. Müayinə və müalicə üçün ayrılmış müavinəti axırıncı dəfə 2007-ci ildə almışdır. 2015-ci ildən 2018-ci ilə kimi geyimini öz hesabına almışdır. Həmin pullar bu günə kimi ona ödənilməmişdir. O, ödənilməli olan ödənişlərin verilməsi ilə əlaqədar Penitensiar Xidmətin rəhbərliyinə müraciət etmişdir. Lakin Penitensiar Xidmət tərəfindən ona ünvanlanmış məktubda ödənişidən imtina edilmişdir və həmin məbləğlər ona ödənilməmişdir. Cavabdeh iddia tələbinə qarşı etiraz vermiş və etirazını onunla əsaslandırmışdır ki, İddiaçı 09.02.2006-cı il tarixdən 26.05.2018-ci il tarixədək Penitensiar xidmətdə qulluqda olmuşdur. Xidmət etdiyi müddət ərzində 2007-ci ildə xəstəliklə bağlı müraciət etdiyi üçün ona müalicə olunması ilə əlaqədar birdəfəlik müavinət verilmiş, digər illərdə müraciət etmədiyinə görə verilməmişdir. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının 26 may 2006-cı il tarixli Qanununun 23.2-ci maddəsinə əsasən ədliyyə orqanlarının işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Həmin maddənin ikinci cümləsinə əsasən ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı həcmində birdəfəlik müavinət verilir. Azərbaycan Respublikası Ədliyyə Nazirinin 28 aprel 2008-ci il tarixli, 7-T nömrəli əmri ilə təsdiq olunmuş “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi Qaydaları” “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə uyğun olaraq hazırlanmış və ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi qaydalarını müəyyən edir. “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi Qaydaları”nın 2.1-ci bəndinə əsasən müavinət işçinin və ya onun nümayəndəsinin müraciəti əsasında verilir. “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi Qaydaları”nın 1.3-cü bəndinə əsasən işçinin hətta sərəncamda olduğu və ya vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıldığı müddətlərdə ona müavinət verilmir. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının 26 may 2006-cı il tarixli Qanununun 26.4-cü maddəsinə əsasən ədliyyə orqanları işçilərinə növbəti olaraq verilən xüsusi geyim formasının əvəzinə onun dəyəri məbləğində pul kompensasivası verilə bilər. Maddənin mətnindən göründüyü kimi bu norma icra edilməsi tələbinə görə dispozitiv normadır (belə normalarda hüquq subyektinin alternativ davranmaq imkanı nəzərdə tutulur) və inzibati orqanın diskresion səlahiyyətlərinə aiddir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.7-ci maddəsinə uyğun olaraq diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Azərbaycan Respublikasının İnzibati Prossesual Məcəlləsinin 73.3.1-ci maddəsinə uyğun olaraq inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Yuxarıda göstərilənləri nəzərə alaraq iddianın rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1981-cı ildə Bərdə rayonu, Soğanverdilər kəndində doğulmuşdur. - Cavabdeh orqan tərəfindən iddiaçıya ünvanlanmış 22 sentyabr 2020-ci il tarixli, 17/9-11632B-138/2 №-li məktubdan görünür ki, müraciətləri üzrə araşdırma aparılmışdır. Araşdırma zamanı xidmət etdiyi müddət ərzində 2006-2016-cı illərdə xüsusi geyim əşyaları ilə Təchizat idarəsində, 2017-ci ildə isə 17 saylı cəzaçəkmə müəssəsində təmin olunduğu müəyyən edilmişdir. Xidmət etdiyi müddət ərzində 2007-ci ildə xəstəliklə bağlı müraciət etdiyi üçün müalicə və müayinə məqsədilə birdəfəlik müavinət almışdır, digər illərdə isə müraciət etmədiyi üçün birdəfəlik müavinət ilə təmin olunmamışdır. Pentensiar xidmətə bərpa olmaqla bağlı Pentensiar xidmətə yenidən bu barədə müraciət ünvanlanmağı tövsiyə olunmuşdur. - Cavabdeh orqan tərəfindən iddiaçıya ünvanlanmış 29 oktyabr 2020-ci il tarixli 17/3- 13538B-138/4 №-li məktubdan görünür ki, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq ədliyyə orqanlarında əvvəllər yol verdiyi nöqsanlara görə xaric edilmiş şəxslər ədliyyə orqanlarına qulluğa qəbul edilə bilməzlər. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 17 saylı Cəzakəçmə Müəssisəsi tərəfindən məhkəməyə ünvanlanmış 13.12.2021-ci il tarixli 17/32-4884 №-li məktubdan görünür ki, X2 2007-2018-ci illər ərzində müalicə pulu ilə bağlı müraciət etməmişdir. Bundan başqa 2015-2018-ci illərdə xidməti geyimlə təmin olunub-olunmaması barədə sənədlər saxlama müddəti bitdiyi üçün məhv edilmişdir. Məlumat olaraq bildirmişlər ki, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Kollegiyasının 12 aprel 2016-cı il tarixli, 3/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının, idarə, müəssisə və təşkilatlarının fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlama müddətləri göstərilməklə nümunəvi siyahısı”nın 441 bəndinə əsasən xüsusi geyimlərin və ayaqqabıların, qoruyucu vasitələrin, xüsusi ərzaq normalarının işlənib hazırlanması, fəhlə və qulluqçuların onlarla təmin edilməsi haqqında sənədlərin (aktlar, təhriri, məruzələr, rəylər, yazışma) saxlama müddəti 3 ildir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Tibbi Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 20.08.2021-ci il tarixli, 20/02-2066 nömrəli məktubdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, sabiq əməkdaş İddiaçı 2006-cı ildən Ədliyyə Nazirliyinin Tibbi baş idarəsinin (TBİ) Poliklinkasında qeydiyyatda olmuş, mütəmadi olaraq dövri tibbi müayinələrdən keçirilmiş, səhhəti həkim nəzarətində olmuşdur. İddiaçı 25.07.2008-ci il tarixdə aşağı ətrafların damar patologiyası ilə əlaqədar TBİ-nin Poliklikası tərəfindən ambulator nəzarətə götürülmüş və 29.07.2008-ci il tarixdə Akademik M.Topçubaşov adına Cərrahiyyə Mərkəzində keçirilmiş müayinələrdən sonra ona “Aşağı ətrafların varikoz xəstəliyi. Hər iki böyük dərin venaların varikoz gemişlənməsi. Sağ kiçik dərin venaların tromboflebitlə fəsadlaşmış varikozu. Xroniki venoz çatışmamazlıq, İV funksional sinif” diaqnozu müəyyən edilərək çıxarış təqdim olunmuşdur. Tibbi tədbirlər 08.08.2008-ci il tarixə kimi davam etdirilmişdir. O, 29.12.2008-03.01.2009, 02.07.2010, 02- 04.2012 və 22-24.04.2014-cü il tarixlərdə aşağı ətrafların damar patologiyası ilə əlaqədar TBİ-nin Poliklinkasında ambulator müayinə və müalicələrə cəlb edilmişdir. Sonuncu dəfə İddiaçı 05.10.2017-ci il tarixdə TBİ-nin Poliklinikasına müraciət etmiş, döv qəfəsi orqanlarının rentgen müayinəsi olunmuş və nəticədə ağciyərlərdə patoloji görüntü aşkar edilməmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı 09.02.2006-cı il tarixdən 26.05.2018-ci il tarixədək Penitensiar xidmətdə qulluqda olmuşdur. Xidmət etdiyi müddət ərzində 2007-ci ildə xəstəliklə bağlı müraciət etdiyi üçün ona müalicə olunması ilə əlaqədar birdəfəlik müavinət verilmişdir. Hazırda İddiaçı ona 2008-ci il tarixindən 2018-ci il tarixinə kimi müalicə ilə bağlı müavinət pulunun və 2016-2018-ci illərdə geyim pulunun ona ödənilməsini tələb edir. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun: - 23-cü maddəsinə əsasən ədliyyə orqanları işçilərinin həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi sığorta edilir. Ədliyyə orqanlarının işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əməkhaqqı həcmində birdəfəlik müavinət verilir. - 24-cü maddəsinə əsasən ədliyyə orqanlarının işçilərinə və onların ailə üzvlərinə tibbi xidmətin göstərilməsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının tibb xidməti tərəfindən həyata keçirilir. - 26-cı maddəsinə əsasən Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası müvafiq icra hakimiyyəti orqanının mərkəzi aparatında, penitensiar və tibb xidmətlərində, regional qurumlarında qulluq keçən xüsusi rütbəsi olan ədliyyə işçiləri, habelə icra məmurları xüsusi geyim forması ilə təmin olunurlar. Xüsusi geyim formasının və fərqlənmə nişanlarının təsviri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Ədliyyə orqanları işçilərinə növbəti olaraq verilən xüsusi geyim formasının əvəzinə onun dəyəri məbləğində pul kompensasiyası verilə bilər. Azərbaycan Respublikası Ədliyyə Nazirinin 28 aprel 2008-ci il tarixli, 7-T nömrəli əmri ilə təsdiq olunmuş “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi Qaydaları”nın: - 1.3-cü bəndinə əsasən işçinin hətta sərəncamda olduğu və ya vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıldığı müddətlərdə ona müavinət verilmir. - 2.1-ci bəndinə əsasən müavinət işçinin və ya onun nümayəndəsinin müraciəti əsasında verilir. - 2.2-ci bəndinə əsasən müavinət verilməsi üçün müraciətə aşağıdakı sənədlərdən biri əlavə edilməlidir: 2.2.1. müalicə müəssisəsi (həkim) və ya nazirliyin tibb xidməti tərəfindən verilən müalicə olunmaq zərurəti barədə arayış və ya müvafiq müalicə, sanatoriya-kurort müəssisəsinə göndəriş; 2.2.2. müalicə müəssisəsi (həkim) tərəfindən verilən əmək qabiliyyətinin müvəqqəti itirilməsi barədə xəstəlik vərəqəsi və ya yerli, yaxud xarici müalicə müəssisəsində tibbi müayinədən və ya müalicədən keçmə haqqında sənəd; 2.2.3. sanatoriya-kurort müəssisəsinə putyovka və ya turizm xidməti müəssisəsinin müvafiq sənədi. - 2.3-cü bəndinə əsasən müavinətin verilməsi barədə müraciət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin aparatında, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində, habelə nazirliyin müstəqil balansa malik tabe qurumlarında fəaliyyət göstərən müavinət təyin edən komissiyalara (bundan sonra-komissiyalar) təqdim edilir. - 2.7-ci bəndinə əsasən müavinətin verilməsi məsələsi müsbət həll edildikdə protokolun bir nüsxəsi icra üçün müvafiq ədliyyə orqanının maliyyə xidmətinə təqdim edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. - 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Göründüyü kimi inzibati prosessual qanunvericilik inzibati mübahisələrin yalnız iki növ üzrə icraatda sübutetmə yükünü cavabdeh inzibati orqanın üzərinə qoyur: - “mübahisələndirmə haqqında” və “məcburetmə haqqında” iddialar. İddiaçının iddia tələbi “öhdəliyin icrası haqqında” iddiaya aid edildiyindən hazırki mübahisəyə İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlar əsassında qiymət verilməlidir. Məhkəmə araşdırılması zamanı İddiaçı xidmət etdiyi müddət ərzində yalnız 2007-ci ildə xəstəliklə bağlı müraciət etdiyindən həmin dövr üzrə müavinət alması, digər illərdə isə xəstəliklə bağlı müavinətin verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada cavabdeh inzibati orqana müraciət etməməsi müəyyən edilmişdir. Bundan əlavə İddiaçı 2015-2018-ci illərdə xidməti geyimlə təmin olunub-olunmaması barədə sənədlər saxlama müddəti bitdiyi üçün məhv edilmişdir. Bundan əlavə məhkəməyə cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş iddiaçının şəxsi işinin materiallarında iş üzrə əhəmiyyət kəsb edən sənədlər müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür ki, hazırki işdə iddiaçı iddiasının əsaslı olmasını təsdiq edən sübutları, yəni xəstəliklə bağlı müavinətin verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada cavabdeh inzibati orqana müraciət etməsinə, 2016-2018-ci illərdə öz hesabına xidməti geyimlə təmin edilməsinə dair sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bundan əlavə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - 2.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. - 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbinin əsası kimi istinad edilən hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilmədiyindən iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar