Məhkəmə qərarları › İş №2-1(112)-10847/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10847/2024

10.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10847/2024 10.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X1 Sabir oğlunun sədrliyi, Bağırova Ayla Fuad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “22 iyun 2017-ci il tarixli əmrin ləğv edilməsi, həqiqi hərbi xidmətdən ehtiyata buraxılma əsasının dəyişdirilməsi, itirilmiş illərin xidmət illərinə əlavə edilməsi və məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb iddiaçıya ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmasına dair xx.xx.2017-ci il tarixli əmrin ləğv edilməsi və həqiqi hərbi xidmətdən ehtiyata buraxılma əsasının dəyişdirilməsi, itirilmiş illərin xidmət illərinə əlavə edilməsi və məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, İddiaçı xx.xx.1993-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. İddiaçı 2014-cü ilin dekabr ayından etibarən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində müddətdən artıq həqqi hərbi xidmət hərbi qulluqçusu olaraq xidmət etməyə başlamış, sonradan xidmətini 051 saylı həbi hissədə davam etdirmişdir. Müdafiə Nazirliyinin xx.xx.2017-ci il tarixli əmrlə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156cı maddəsinin “e" bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmışdır. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-25-19/2-Ə-5xx-xx/2024 nömrəli imtina məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Müdafiə nazirinin 2017-ci il 19 oktyabr tarixli 22 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”nin 1.5-ci bəndinə əsasən Müdafiə Nazirliyi tərəfindən pul təminatı Azərbaycan Ordusunda həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara ödənilir. Məktubdan göründüyü kimi, o, xx.xx.2017-ci il tarixdə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Bu səbəbdən bağladığı müqavilənin sonuna qədər olan müddət üçün ona pul təminatının ödənilməsi barədə müraciəti göstərilən Əsasnamənin tələblərinə zidd olduğu üçün təmin edilməsi mümkün hesab edilmir. Cavabdeh xx.xx.2024-cü il tarixli 3-25-4/2-4441/2024 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, iddiaçı iddia müddətini ötürdüyündən iddia ərizəsi təmin oluna bilməz. İddiaçı xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmasına dair xx.xx.2017-ci il tarixli müvafiq əmrini məhkəməyə 2024-cü ildə müraciət edərək mübahisələndirmiş, bununla da iddia müddətini ötürmüşdür. Məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2- 1(102)- 1101/22 nömrəli qərarı (bəndlər 22-28) nəzərə alınmalıdır. Həmin qərara əsasən: "... iddianın mümkünlük (b.23) şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. ... Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslığının yoxlanılması istisna olunur. (b. 24)”. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 38, 47.2-ci maddələrini, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001 -ci il tarixli Qərarını, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarın rəhbər tutaraq İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “xx.xx.2017-ci il tarixli əmrinin ləğv edilməsi ehtiyata buraxılmasının əsaslarının dəyişdirilməsi, itirilmiş illərin xidmət illərinə əlavə edilməsi və məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb ödənilməsi” tələbinə dair iddia ərizəsini təmin edilməməsi xahiş edilir. İddiaçıya xx.xx.2024-cü il tarixdə hüquqi yardım məktubu ünvanlanaraq, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra - “İPM”) 13-cü maddəsinə müvafiq olaraq nəzərinə çatdırılmışdır ki, İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Nəzərinizə çatdırılmışdır ki, İPM-in 24-cü maddəsinin tələblərinə görə: 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. 24.3. Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz... Göstərilənlərə əsasən, iddiaçıya İPM-in 24-cü maddəsində nəzərdə tutulmuş, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah olunmuş və yuxarıda göstərilənlərə münasibət bildirməsi təklif edilmişdir. İddiaçı iddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarxili və sonradan məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli buraxılmış müddətin bərpa edilməsinə dair ərizələrində Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması ilə bağlı əmrin ləğv edilməsi, həqiqi hərbi xidmətdən ehtiyata buraxılma əsasının dəyişdirilməsi, itirilmiş illərin xidmət illərinə əlavə edilməsi və məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb ona ödənilməsi vəzifəsinin qoyulması” tələbinə dair iddianın verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, 2017-ci ilin may ayında şərti olaraq “Tərtər işi” adlandırılan iş çərçivəsində qanunsuz sorğu-suala, dindirməyə və ağır işgəncələrə məruz qalmışdır. Bu qanunsuz prosesin baş verdiyi dövrdə, işgəncə və dindirmənin gedişində heç bir əsas olmadan “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmışdır. Qanunsuz və əsassız dindirməyə, işgəncələrə məruz qalması, ona qarşı cinayət əməllərinin törədilməsi Bakı Hərbi Məhkəməsinin 1-1(093)-58/2023 saylı, 29 noyabr 2023-cü il tarixli hökmündə öz təsdiqini tapmışdır. Həmin iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Çıxarılmış hökmlə yalnız ona qarşı törədilmiş cinayət əməlləri deyil, eyni zamanda həmin cinayət əməllərinin nəticəsində qanunsuz və əsassız olaraq xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması da öz təsdiqini tapmışdır. Ehtiyata buraxıldığı 2017-ci ildə və ondan sonrakı dövrdə zərərçəkmiş şəxs statusu tanınmadığından həqiqi hərbi xidmətdən ehtiyata buraxılma əsasının dəyişdirilməsi və məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının ödənilməsi barədə Müdafiə Nazirliyinə müraciəti ünvanlaya, yaxud hüquqi müdafiə vasitələrindən istifadə edə bilməmişdir. 2017-ci ilin may ayında cinayət əməllərinə məruz qalması Bakı Hərbi Məhkəməsinin 29 noyabr 2023-cii il tarixli hökmü ilə təsdiq olunduğundan və həmin hökm yalnız öz müraciəti əsasında ona 2024-cü ilin may ayında təqdim olunduğundan xx.xx.2024-cii il tarixdə həmin hökmə istinad edərək cavabdehə ərizə ilə müraciət etmişdir. Ərizəsində xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması ilə bağlı əmrin ləğv edilməsini, ehtiyata buraxılmasının əsasının dəyişdirilməsini və məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının ödənilməsini istəmiş, lakin müracəti təmin olunmamışdır. Odur ki, hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmış, lakin mübahisələndirmə haqqında iddia ilə məhkəməyə müraciət etmək üçün müddət ötürüldüyü üçün hazırda müddətin bərpa edilməsi zərurəti yaranmışdır. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində tərəf məhkəmə baxışı iclasına gəlmədiyi halda da onun iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. İddiaçı izahatında iddianın mümkün sayılaraq təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Bu baxımdan, mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. əlverişsiz inzibati akt olmalı; 3. iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalı; 5. qanunla tələb olunduqda digər əlavə şərtlərə əməl olunmalıdır (İPM- 2.2.1, 32, 35.1, 38.1). İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi iddiaçının üzərindədir. İş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçı Müdafiə Nazirliyinin xx.xx.2017-ci il tarixli əmrdən daha əvvəl məlumatlı olmasına baxmayaraq, qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İPM-in 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Məcəllənin 24.4-cü maddəsinə görə isə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmin Qərarın: 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir; 3.2-ci bəndinə görə, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir; 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir; 3.4-cü bəndinə görə, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər; 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir; 8.2-ci bəndinə görə bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir; 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. İddiaçıya məhkəmə tərəfindən yazılı şəkildə hüquqi yardım göstərilməklə dinlənilmə hüququ təmin edilmiş, qanunvericiliyin yuxarıda qeyd olunan normaları məhkəmə iclasında iştirak edən iddiaçıya izah edilmiş, mübahisənin faktiki və hüquqi halları onunla müzakirə olunmuş və bununla da iddiaçıya məhkəmə tərəfindən zəruri hüquqi yardım göstərilməsi tamamlanmışdır. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “22 iyun 2017-ci il tarixli əmrin ləğv edilməsi, həqiqi hərbi xidmətdən ehtiyata buraxılma əsasının dəyişdirilməsi, itirilmiş illərin xidmət illərinə əlavə edilməsi və məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb iddiaçıya ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. X2.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar