Məhkəmə qərarları › İş №2-1(112)-10848/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10848/2024

03.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10848/2024 03.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X6 Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Bağırova Ayla Fuad qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Günəş Yusif qızının iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iş stajı nəzərə alınmaqla hüququnun yarandığı xx.xx.2023-cü il tarixdən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1989-cu il tarixindən xx.xx.2002-ci il tarixinədək iş stajının əmək stajına əlavə edilib əmək stajının yenidən hesablanaraq ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır və ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. O, yaşa görə əmək pensiyasının təyin olunması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəz Filialına müraciət etmiş və müraciət edərkən əmək kitabçasını təqdim etmişdir. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəz Filialı onun ümumi əmək stajını hesablayaraq ona yaşa görə əmək pensiyasının düşmədiyini hesab etmişdir. Bu səbəbdən də ona 220 manat sosial müavinət təyin olunmuşdur. O, təkrar olaraq cavabdehə əmək pensiyasının təyin olunması üçün müraciət etmişdir. Cavabdehin hesablamasına görə əmək kitabçasındakı iş stajı cəmi 12 il, 11 ay, 1 gün təşkil etmişdir. Lakin işlədiyi xx.xx.1989-cu il tarixindən xx.xx.2002-ci il tarixindək iş stajı müəsisə tərəfindən əməkhaqqı cədvəlinin təqdim olunmaması səbəbindən hesaba alınamışdır. Bu səbəbdən də müraciətinə xx.xx.2024-cü il tarixli 9-17-1/2-H-134390/2024 saylı cavabla yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. İş stajını cavabdehə təqdim etmək üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “X2 və Kordinasiya Mərkəzi” publik hüquqi şəxsinə arxiv arayışının təqdim edilməsi üçün müraciət etmişdir. Həmin müraciətinə xx.xx.2024-cü il tarixli cavab olaraq qeyd edilmişdir ki, xx.xx.1989-cu il tarixli 380 nömrəli əmri ilə həmin tarixdən ayda 100 rubl əməkhaqqı ilə 43 nömrəli mağazaya fəhlə vəzifəsinə qəbul olunmuş, xx.xx.1989-cu il tarixli 486 nömrəli əmr ilə xx.xx.1989-cu il tarixdən 4/3 nömrəli mağazanın filialına fəhlə vəzifəsinə keçirilmiş, xx.xx.1995-ci il tarixli 07 nömrəli əmr ilə həmin tarixdən 4/3 nömrəli mağazanın filialına fəhlə vəzifəsinə keçirilmiş, xx.xx.2002-ci il tarixli 220 K nömrəli əmri ilə Bakı şəhər Nizami rayonunda yerləşən təsərrüfat hesablı 4/3 nömrəli mağazanın fəhləsi, həmin tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. Lakin 43 nömrəli təsərrüfat hesablı 4/3 nömrəli mağazalar üzrə əməkhaqqı cədvəlləri mərkəzin arxivinə təhvil verilmədiyi üçün onun əməkhaqqı məlumatları Mərkəzdə tapılmamışdır. Bildirilmişdir ki, arxiv sənədindən də görünür ki, İddiaçı xx.xx.1989-cu il tarixindən xx.xx.2002-ci il tarixindək 43 №li təsərrüfat hesablı 4/3 №li mağazada fəhlə vəzifəsində işləmişdir. Həmin illər hesablansa 12 il, 10 ay, 21 gün staj təşkil edir. Həmin staj illəri də cavabdehin hesabladığı əvvəlki stajı ilə toplansa onun qanuna müvafiq olaraq pensiya stajı tamamlanır. 12 il, 11 ay, 1 gün + 12 il, 10 ay, 21 gün = 25 il, 9 ay, 22 gün. Yəni, xx.xx.1977-ci ildən xx.xx.1979-cu ilədək hərbi xidmət daxil olmaqla bugünə kimi 25 il, 9 ay, 22 gün iş stajı var. Bu da yaşa görə əmək pensiyasına çıxması üçün əsasdır. Həmçinin bildirmişdir ki, 43 №li təsərrüfat hesablı 4/3 №li mağazalar üzrə əməkhaqqı cədvəlləri mərkəzin arxivinə təhvil verilməməsinin günahkarı o deyil. Bunun üçün müəsisənin müvafiq vəzifəli işçiləri var. Onların səhlənkarlığı səbəbindən hazırda cavabdeh onun yaşa görə əmək pensiyasına çıxmasına əsassız maneələr yaradır. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 9-17-1/2-H-134390/2024 nömrəli imtina məktubunda qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1 - dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. xx.xx.2023-cü il tarixli müraciəti zamanı təqdim etdiyi sənədlərin surətlərinə və Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən sığorta stajı xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla 12 il 11 ay 1 gün təşkil edir. Eyni zamanda fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 12 il 8 ay 1 gün sığorta stajına uyğun olaraq 11733,93 manat, xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək 167,26 manat olmaqla ümumilikdə 11901,19 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Təqdim etdiyi əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1989cu il tarixindən xx.xx.2002-ci il tarixinədək əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “X2 və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli arxiv arayışına əsasən xx.xx.1989-cu il tarixindən xx.xx.2002-ci il tarixinədək 43 nömrəli və təsərrüfat hesablı 4/3 nömrəli mağazalar üzrə əməkhaqqı cədvəlləri sözügedən mərkəzin arxivinə təhvil verilmədiyindən qeyd olunan dövr üzrə əməkhaqqı alıbalmamasını müəyyənləşdirmək və həmin dövrü sığorta stajına daxil etmək mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq cavabdeh tərəfindən bildirilmişdir ki, ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün nəzərdə tutulandan (25 ildən) az olduğuna görə ona bu növ pensiyanın təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən ona xx.xx.2023-cü il tarixindən proaktiv qaydada 220 manat məbləğdə sosial müavinət təyin edilmiş və hazırda ödənilməkdədir. Cavabdeh xx.xx.2024-ci il tarixli 3-17-1/2-190781/2024 nömrəli etirazında qeyd etmişdir ki, iddiaçı 01 sentyabr 2023-cü il tarixdə ona yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdehə müraciət etmişdir. Ərizə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı mərkəzi filialı tərəfindən iddiaçı X4 qanunvericiliklə tələb olunan pensiya hüququna təminat verən kifayət qədər sosial sığorta stajının və pensiya kapitalının olmaması səbəbindən yaşa görə pensiyanın təyin edilməsindən əsaslı olaraq imtina edilmişdir. Qanunvericiliklə tələb olunan şərtlər ödənildiyi halda, iddiaçının pensiya hüququ 65 yaşla xx.xx.2023-cü il tarixdə yaranır. İş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasının və hərbi biletinin surətlərinə, əsasən İddiaçı mübahisələndirilməyən sığorta stajı (hərbi xidmət dövrü də daxil olmaqla) 12 il 11 ay 01 gün təşkil edir. Eyni zamanda iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 12 il 8 ay 1 gün sığorta stajına uyğun olaraq 11733,93 manat, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 167,26 manat olmaqla ümumilikdə 11901,19 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. İddiaçının təqdim etdiyi əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1989-cu il tarixən xx.xx.2002-ci il tarixədək olan əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “X2 və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli arxiv arayışına əsasən xx.xx.1989-cu il tarixdən xx.xx.2002-ci il tarixədək 43 nömrəli və təsərrüfat hesablı 4/3 nömrəli mağazalar üzrə əməkhaqqı cədvəlləri sözügedən mərkəzin arxivinə təhvil verilmədiyindən sözügedən dövrün sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Göründüyü kimi iddiaçının təqdim etdiyi sənədlərin surətlərinə əsasən sosial sığorta stajı qanunvericiliklə tələb olunan 25 ildən az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Həmçinin bildiririk ki, iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. İddiaçıya xx.xx.2023-cü il tarixdən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Cavabdeh etirazında iddia tələbinin təmin olunmaması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak edən İddiaçı iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, “xx.xx.1989-cu il tarixindən xx.xx.2002-ci il tarixinədək iş stajı nəzərə alınmaqla hüququnun yarandığı xx.xx.2023-cü il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin həmin tarixli qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdehin etirazının məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İş materiallarında olan: AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1958-ci ildə anadan olmuşdur. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsinə hüquq verən 65 yaş həddinə xx.xx.2023-cü il tarixdə çatmışdır. Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı DOST Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-17-7/2-H-22052/2024 nömrəli arayışında qeyd olunur ki, İddiaçı (FİN xxxxxxx) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan yaşa görə 220 (iki yüz iyirmi) manat məbləğində sosial müavinət alır. Təyinatın bitmə tarixi: müddətsizdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi sosial müavinət və təqaüd haqqında xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən yaşa görə 220 manat müavinət təyin edilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti “X3 və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli 3-21-3-06/2-H-0007-8/2024 nömrəli arxiv arayışında qeyd olunur ki, İddiaçı həqiqətən Bakı şəhəri Nizami rayonu Ərzaq Ticarətinin (ƏT): xx.xx.1989-cu il tarixli 380 №-li əmri ilə həmin tarixdən ayda 100 rubl əməkhaqqı ilə 43 №-li mağazaya fəhlə vəzifəsinə qəbul edilmişdir; xx.xx.1989-cu il tarixli 486 №-li əmri ilə xx.xx.1989-cu il tarixdən 4/3 №-li mağazanın filialına fəhlə vəzifəsinə keçirilmişdir. Bakı şəhəri Nizami rayonu Ticarət və İctimai İaşə İdarəsinin (Tİİİ) (keçmiş ƏT-nin əsasında); xx.xx.1995-ci il tarixli 07 №-li əmri ilə həmin tarixdən 4/3 №-li mağazanın filialına fəhlə vəzifəsinə keçirilmişdir. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin (DƏK) xx.xx.1999-cu il tarixli 230 №-li sərəncamı və xx.xx.1999-cu il tarixli 24 №-li əmrinə əsasən Bakı şəhəri, Nizami rayonu Tİİİ ləğv edilərək, onun arxiv sənədləri DƏK-in “İstehsalat və Təsərrüfat” İdarəsinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 229 №-li Fərmanı ilə DƏK ləğv edilərək, Dövlət Əmlakı Nazirliyi (DƏN) yaradılmışdır. DƏN-in xx.xx.1999-cu il tarixli 01 №-li əmri ilə “İstehsalat və Təsərrüfat” İdarəsi ləğv edilərək, xx.xx.2000-ci il tarixli 05 №-li əmri ilə onun əsasında Ticarət və Xidmət Müəssisə və X1 Mərkəzi (TXMOFƏM) yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli 475 №-li Fərmanı ilə TXMOFƏM-nin təsisçisi - DƏN-in və bir sıra keçmiş dövlət təşkilatlarının əsasında İqtisadi İnkişaf Nazirliyi (İİN) yaradılmışdır. İİN-nin TXMOFƏM-nin: xx.xx.2002-ci il tarixli 220K №-li əmri ilə Bakı şəhəri Nizami rayonunda yerləşən təsərrüfat hesablı 4/3 №-li mağazanın fəhləsi həmin tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. İİN-nin TXMOFƏM-nin hüquqi varisi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “X2 və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsidir (bundan sonra-Mərkəz). Qeyd: 43 №-li və təsərrüfat hesablı 4/3 №-li mağazalar üzrə əməkhaqqı cədvəlləri Mərkəzin arxivinə təhvil verilmədiyindən İddiaçı əməkhaqqı məlumatları Mərkəzdə yoxdur. ИТ-İ ******* nömrəli xx.xx.1977-cu il tarixdə doldurulmuş əmək kitabçasına əsasən iddiaçının əmək fəaliyyəti aşağıdakı kimi olmuşdur: xx.xx.1975-ci ildə 15 saylı çörək mağazasına satıcı kimi qəbul olunub; xx.xx.1977-ci ildə 15 saylı mağazaya kiçik satıcı kimi köçürülüb; xx.xx.1977-ci ildə öz xahişi ilə işdən azad edilib; xx.xx.1980-ci ildə Şaumyan Rayon Ərzaq Ticarəti 15 saylı mağazaya kiçik satıcı kimi işə düzəlib; xx.xx.1980-ci ildə 15 saylı mağazaya satıcı kimi köçürülüb; xx.xx.1981-ci ildə 12 saylı mağazaya kiçik satıcı kimi köçürülüb; xx.xx.1981-ci ildə Nizami ərzaq ticarətinə köçürmə səbəbi ilə işdən azad edilib; xx.xx.1981-ci ildə Nizami ərzaq ticarəti 4№ mağazaya köçürülüb; xx.xx.1981-ci ildə Şaumyan rayon mağazasından 4 saylı mağazaya satıcı kimi köçürülüb; xx.xx.1981-ci ildə öz xahişi ilə işdən azad edilib; xx.xx.1981-ci ildə V.M.Lenin adına Mədəniyyət Evinə təlimatçı kimi qəbul olunub; xx.xx.1983-cü ildə öz xahişi ilə işdən azad edilib; xx.xx.1983-cü ildə Nizami ərzaq ticarəti 4 saylı mağazaya satıcı kimi qəbul olunub; xx.xx.1986-cı ildə həmin mağazanın şərab və araq şöbəsinə maddi məsuliyyətli satıcı kimi hesab edilib; xx.xx.1987-ci ildə yenidən həmin mağazaya maddi məsuliyyətli satıcı kimi köçürülüb; xx.xx.1987-ci ildə 30 saylı mağazaya rəhbər kimi köçürülüb; xx.xx.1988-ci ildə Azərbaycan SSR Əmək Məcəlləsinin 36 m. 7 b. əsasən 3 (üç) il müddətinə qazancının 20 faizi dövlət gəlirinə tutulmaqla azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmadan islah işləri haqqında məhkəmənin hökmü qüvvəyə mindiyi üçün işdən azad edilmiş və ticarət müəssisələrində və ya ictimai iaşə obyektlərində, məişət xidməti, mənzil-məişət və ictimai xidmətlərdə vəzifə tutma hüququndan məhrum edilmişdir; xx.xx.1988-ci ildə 2-ci dərəcəli yamaqçı kimi işə qəbul olunub; xx.xx.1989-cu ildə öz xahişi ilə işdən azad edilib; xx.xx.1989-cu ildə Nizami ərzaq ticarəti 43 saylı mağazaya köməkçi kimi düzəlib; xx.xx.1989-cu ildə 43 saylı mağazanın 4 saylı filialına köçürülüb; 1985-ci ildə yerinə yetirdiyi işin nəticələrinə görə zərbəçi adına layiq görülmüşdür; 1986-cı ildə yerinə yetirdiyi işin nəticələrinə görə müddəti 1987-ci ilin sonuna qədər uzadılmaqla, əvvəl verilmiş “kollektiv əmək zərbəçisi” adı təsdiqlənmişdir; xx.xx.1988-ci ildə xx.xx.1988-ci ildən xx.xx.1991-ci ilə qədər olan 3 illik müddət ərzində ticarət idarələri və ictimai iaşə tresti müəssisələrində material məsuliyyətli vəzifə daşıması qadağan edilmişdir. xx.xx.1989-cu ildə 43 saylı mağazanın eyni mağazanın filialına çevrilməsi və ona 4/3 adının verilməsi ilə əlaqədar 4/3 saylı filialın siyahı tərkibində sayılır; xx.xx.1995-ci ildə Nizami rayon ərzaq ticarət idarəsi və Nizami rayon ictimai iaşə testi müəssisələrinin Nizami rayon Ticarət və İctimai İaşə İdarəsinə götürülməsi ilə əlaqədar həmin mağazada öz vəzifəsində Bakı şəhəri Nizami rayon Ticarət və İctimai İaşə İdarəsinin siyahı tərkibində sayılır. xx.xx.1999-cu il tarixdən DƏN-in 01 saylı əmrinə əsasən DƏKin İstehsalat və Təsərrüfat idarəsi ləğv edilib. DƏN-in Ticarət və Xidmət müəssisə və obyektləri fəaliyyətinin əlaqələndirilməsi mərkəzinin tabeliyinə verilib. xx.xx.2002-ci il tarixdə AR Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilib. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “X2 və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsinin 09 sentyabr 2024-cü il tarixli 3-21-3-06/2-1153/2024 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı şəxsi ərizəsinə əsasən Mərkəz tərəfindən ona xx.xx.2024-cü il tarixli 3-21-3-06/2-H-0007-8/2024 nömrəli əmək fəaliyyətinə dair arxiv arayışı tərtib olunaraq təqdim edilmişdir. Həmin arxiv arayışının verilməsinə əsas olmuş əmrlərin və sənədlərin surətləri məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Ticarət və xidmət müəssisə və obyektlərinin əlaqələndirilməsi Mərkəzinin 08 may 2002-ci il tarixli 220k nömrəli Əmrində qeyd edilmişdir ki, İddiaçı Nizami rayonunda yerləşən təsərrüfat hesablı 4/3 saylı mağazanın fəhləsi xx.xx.2002-ci il tarixindən ƏM-nin 69-cu maddəsinin 1-ci bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilsin. Məhkəmə işin yuxarıda qeyd olunan faktiki hallarını aşağıdakı qanunvericilik normaları ilə qarşılıqlı təhlil edərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. İPM-in 1.2-ci maddəsindən göndərişlə AR Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə, qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının xx.xx.2006-cı il tarixli Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddənin qeydindən çıxış edərək göstərilməlidir ki, xx.xx.2020-ci il tarixdən etibarən kişilər üçün yaşa görə əmək pensiyasının təyin olunmasına imkan verən yaş həddi 65 yaşdır. Qanunun 23.2-ci maddəsi ilə isə müəyyən edilmişdir ki, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 2-ci hissəsinin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr xasiyyətnamələr yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Normaların təhlili onu deməyə əsas verir ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunverici iki mühüm şərt müəyyən etmişdir: 1) əmək pensiyasının təyin olunması iddiasında olan şəxsin qanunla müəyyən edilmiş yaş həddinə çatması; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi və ya bu pensiya təminatına imkan vermədikdə azı 25 il sığorta stajının olması. İşin hallarından görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən yaşa görə 220 manat yaşa görə müavinət təyin edilmişdir. Belə ki, cavabdeh orqan iddiaçıya ünvanladığı məktubunda onun mübahisələndirilməyən sığorta stajının (hərbi xidmət dövrü də daxil olmaqla) 12 il 11 ay 01 gün təşkil etdiyini qeyd etmişdir. Həmçinin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 12 il 8 ay 1 gün sığorta stajına uyğun olaraq 11733,93 manat, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 167,26 manat olmaqla ümumilikdə 11901,19 manat təşkil etdiyini müəyyən etmişdir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır. Cavabdeh orqan iddiaçının əmək kitabçasında qeyd olunmuş xx.xx.1989-cu il tarixən xx.xx.2002-ci il tarixədək olan əmək fəaliyyəti dövrünün mötəbərliyinə əsaslı şübhələr olduğunu bildirərək xx.xx.1989-cu il tarixdən xx.xx.2002-ci il tarixədək 43 nömrəli və təsərrüfat hesablı 4/3 nömrəli mağazalar üzrə əməkhaqqı cədvəlləri sözügedən mərkəzin arxivinə təhvil verilmədiyindən sözügedən dövrü sığorta stajına daxil etməmişdir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “X2 və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsi tərəfindən sorğuya cavab məktubu ilə göndərilmiş arxiv arayışlarında İddiaçı xx.xx.1989-cu il tarixli 380 nömrəli əmrlə işə qəbul olunduğu və xx.xx.2002-ci il tarixli 220k nömrəli əmr əsasında Nizami rayonunda yerləşən təsərrüfat hesablı 4/3 saylı mağazadan işdən çıxması öz təsdiqini tapmışdır. Həmin sənədlərə əsasən iddiaçının ilkin əmək haqqısının 100 rubl olduğu müəyyən edimişdir. Odur ki, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya aid əmək kitabçasında göstərilən məlumatların mötəblərliyinin şübhə altına alınması əsassızdır. Cavabdeh tərəfindən iddiaçının əmək kitabçası ilə öz təsdiqini tapan əmək stajının müddətləri müxtəlif dövrlərə aid olan hissədə mübahisələndirilsə də, iddiaçının həmin illərə dair əmək stajını təkzib edən və ya işləməməsini təsdiq edən mötəbər dəlillər məhkəməyə təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş sənədlərə, arxiv məlumatlarına və əmək kitabçasında əks olunan qeydlərə əsasən əsasən müəyyən edilmişdir ki, iddiaçının işlədiyi dövr üzrə qanunvericiliklə müəyyən edilmiş ikinci şərti, yəni əmək stajına dair 25 illik müddət tələbi ödənilmiş olur. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur (Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2- 1(102)-1737/2021 nömrəli qərarında əks olunan hüquqi mövqe, həmçinin bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-45/2021 nömrəli qərarı). Beləliklə, məhkəmə araşdırması ilə sabit olur ki, iddiaçının ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarət tələbinə münasibətdə cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunmur, cavabdeh tərəfindən verilmiş imtinanın əsaslılığını istisna edən faktiki şərtlər iş materialları ilə müəyyən edilir. Belə ki, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla, iddiaçının hüquqlarını pozmuşdur. İddiaçı ona münasibətdə əmək pensiyasının təyin edilməsini zəruri edən qanunvericiliklə müəyyən edilmiş şərtlərə cavab verir. Cavabdehin imtinası əsassızdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Göstərilənlərə əsasən və İPM-in 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilir. İddiaçı xx.xx.1989-cu il tarixdən xx.xx.2002-ci il tarixədək iş stajı nəzərə alınmaqla hüququnun yarandığı xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X8.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar