Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10849/2024 22.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “mənzilin özəlləşdirilməsi üçün arayışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏ: X4 Əmir oğlunun sədrliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “mənzilin özəlləşdirilməsi üçün arayışın verilməsi” tələbinə dair iddia tələbinin mümkünlüyü məsələsinə Bakı İnzibati Məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Sosial Xidmətlər Agentliyinin üzərinə iddiaçının 2002-ci ildən növbədə olduğu 2019-cu ildə 2 otaqlı mənzil alması barədə arayışın (özəlləşdirmə) verilməsi vəzifə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2002-ci il tarixdə Qaradağ Rayon İcra Hakimiyyətində Qarabağ müharibəsi əlili kimi mənzil növbəsinə qəbul edilmişdir. İİ dərəcəli müharibə əlili kimi və 6 nəfər ailə tərkibi ilə növbəyə alınmışdır. Nazirlik tərəfindən bu illər ərzində çoxlu binalar tikilsə də ona mənzil verilməmiş, sonradan 8 fevral 2019-cu ildə Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi Lökbatan yolu ünvanında 2 otaqlı mənzillə təmin edilmişdir. SXA isə ona 3 otaqlı mənzilin verildiyini bildirir. xx.xx.2024-cü il tarixində Sosial Xidmətlər Agentliyinin İdarə heyətinin sədri Vüqar Behbudova ərizə ilə müraciət etmişdir. Müraciəti yaşadığı ünvandakı mənzilinin özəlləşdirilməsi ilə bağlı arayışın verilməsidir. İPM-in 13-cü maddəsinə əsasən iddiaçıya xx.xx.2024-cü il tarixli hüquqi yardım məktubu təqdim edilərək qanunvericiliyin müvafiq tələbləri izah edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək iş üzrə məhkəmə iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Cavabdeh iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən imtiyazlı şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 20 iyun 2014-cü il tarixli 569 nömrəli və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamlarına əsasən həyata keçirilir və həmin Sərəncamlarda 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çemobıl AES-də qəzanın ləğvi (o cümlədən, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020- 2023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mərhələlərlə və növbəlilik qaydasında mənzil və ya fərdi evlə təmin edilməsi tapşırığı verilmişdir. "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin, Çemobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 avqust 2021 -ci il tarixli 492s nömrəli Sərəncamı ilə həmin Sərəncamın qüvvəyə mindiyi tarixədək yuxarıda qeyd olunan uçotda olan şəxslərin mənzil ilə təmin olunması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Sosial Xidmətlər Agentliyinin (bundan sonra - Agentlik) Nizamnaməsinin 3.1.16-cı yarımbəndinə əsasən dövlət proqramları əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzillə və ya fərdi evlərlə təmin olunması üçün tədbirlər görmək Agentliyin vəzifələrindən biridir. İddiaçı Yəhya oğlu xx.xx.2002-ci il tarixdə Bakı şəhəri, Qaradağ Rayon İcra Hakimiyyətində 6 nəfər ailə tərkibi ilə (özü, həyat yoldaşı Əminə, uşaqları Mətanət, Elşən, Bədirə, Tural) mənzil növbəsinə dayanmış və Agentlik tərəfindən xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi- Lökbatan yolu ünvanında 2 otaqlı mənzil ilə təmin edilmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 146.2-ci maddəsinə görə “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin lll- İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. Həmin Məcəllənin 146.4-cü maddəsinə əsasən dövlət mənzil fondunun bu Məcəllənin 146.1-ci maddəsinə aid edilməyən yaşayış sahələrinin müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikası Prezidenti) müəyyən etdiyi hallarda özəlləşdirilməsinə yol verilir. Mənzil Məcəlləsinin 59.1-ci maddəsinə uyğun olaraq yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf-dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Göründüyü kimi sosial kirayə müqaviləsi üzrə yaşayış sahələri verilmiş şəxslər, onlara verilmiş mənzil üzərində Mülki və Mənzil Məcəllələrinə əsasən yalnız sahiblik və istifadə hüququna malikdir. Məhkəmə iclasında iştirak edən iddiaçı bildirdi ki, ona verilmiş mənzil üzərində hüququnun qeydiyyata alınmasını istəyir. Bunun üçün Sosial Xidmətlər Agentliyi arayış verməlidir. Sonda İddiaçı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi bildirdi ki, iddiaçıya mənzilin verilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Fondunun keçmiş direktoru Zakir Babayevin imzası ilə imzalanmış və hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş sənəd verilmişdir. Hansı ki, həmin sənəd iddiaçı tərəfindən məhkəməyə verilmiş ərizəsinə əlavə edilmişdir. Sosial Xidmətlər Agentliyi verilmiş mənzil ilə bağlı başqa hər hansı bir sənəd vermir. İddiaçı mənzil üzərində hüququnun qeydiyyata alınması ilə bağlı müvafiq qruma müraciət etməlidir. Sonda C.F.Qasımzadə iddianın mümkün sayılmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, hazırki iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ona verilmiş Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi-Lökbatan yolu ünvanında yerləşən mənzil üzərində hüququnun qeydiyyata alınması və bununla bağlı müvafiq çıxarışın verilməsindən ibarətdir. İPM-in 13-cü maddəsinə əsasən iddiaçıya xx.xx.2024-cü il tarixli hüquqi yardım məktubu təqdim edilərək, tələbin dəqiqləşdirilməsi, hüquqi marağına uyğun olaraq əsl olmayan cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əsl cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Əraz İdarəsi ilə əvəz edilməsi təklif olunmuş, həmin məsələlər məhkəmə iclasında da iddiaçının diqqətinə çatdırılmış, lakin onun tərəfindən qeyd edilən məsələlər ilə bağlı hər hansı bir hərəkət edilməmişdir. Nəzərə almaq lazımdır ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması, cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmaması ehtimalının mövcud olması və cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması mühüm əhəmiyyət kəsb etdiyindən məhkəmə ilk növbədə iddianın mümkünlük şərtlərini yoxlamalıdır. İşin məhkəmə tərəfindən araşdırılan hallarından görünür ki, İddiaçı Yəhya oğlu xx.xx.2002-ci il tarixində Bakı şəhəri, Qaradağ Rayon İcra Hakimiyyətində 6 nəfər ailə tərkibi ilə mənzil növbəsinə dayanmış və o, xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi-Lökbatan yolu ünvanında 2 otaqlı mənzil ilə təmin edilmiş, bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Fondunun keçmiş direktoru Zakir Babayevin imzası ilə imzalanmış və hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş sənəd verilmişdir. Hansı ki, həmin sənəd iddiaçı tərəfindən məhkəməyə verilmiş ərizəsinə əlavə edilmişdir. İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi-Lökbatan yolu ünvanında yerləşən mənzilə dair onun adına çıxarışın verilməsini (mənzilin özəlləşdirilməsini) Sosial Xidmətlər Agentliyindən tələb edir. İddiaçıya hüquqi yardım edilməsinə baxmayaraq, onun tərəfindən tələbi dəqiqləşdirilməmişdir. Sosial Xidmətlər Agentliyinin hər hansı daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək səlahiyyəti yoxdur. Mövcud qanunvericiliyə əsasən hər hansı daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək Sosial Xidmətlər Agentliyinin deyil, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin vəzifəsidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0.18-ci bəndinə əsasən daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək Xidmətin vəzifəsidir. Göründüyü kimi, iddiaçının hazırkı iddiası üzrə cavabdeh qismində göstərdiyi Sosial Xidmətlər Agentliyi həmin iddiaya cavab verməli inzibati orqan deyildir. İddiaçının məhkəmə iclasında nümayiş etdirdiyi - ona verilmiş mənzil üzərində hüququnun qeydiyyata alınması ilə bağlı Sosial Xidmətlər Agentliyinin arayış verməli olması barədə mövqeyə münasinətdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Sosial Xidmətlər Agentliyinin (bundan sonra - Agentlik) Nizamnaməsinin 3.1.16-cı yarımbəndinə əsasən dövlət proqramları əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzillə və ya fərdi evlərlə təmin olunması üçün tədbirlər görmək Agentliyin vəzifələrindən biridir. Agentliyinin nizamnaməsində onun iddiaçının iddia etdiyi şəkildə arayış verilməsi öhdəliyi nəzərdə tutulmamışdır. Yuxarıda qeyd edildiyi kimi iddiaçıya verilmiş mənzil ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Fondunun keçmiş direktoru Zakir Babayevin imzası ilə imzalanmış və hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş sənəd verilmişdir. Məhkəmə iddiaçıya izah edir ki, o, verilmiş mənzil üzərində hüququn qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarında qeyd edilmişdir ki, 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir... 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. 9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-nin 80.1-ci maddəsinə əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 35, 80 və 85.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər. X5
Məhkəmə qərarları › İş №2-1(112)-10849/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10849/2024
22.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver