Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1085/2021 14.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qzının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərinin Sığortalanması Fondu üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun faktiki olaraq ödədiyi, Texnikabank ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun da təsdiq etdiyi məbləğin təkrar olaraq, ədalətsizliklə ondan alınmasına dair qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 14.10.2020-ci il qərardadı ilə ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərinin Sığortalanması Fondu üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək onun faktiki olaraq ödədiyi, "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun da təsdiq etdiyi məbləğin təkrar olaraq, ədalətsizliklə ondan alınmasına dair 16.12.2019-cu il tarixli, **********6226500 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək vergi borcunun tələb edilməsi ilə əlaqədar hərəkətlərin qanunsuz hesab edilməklə Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 16.12.2019-cu il tarixli, **********6226500 №-li qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 08.06.2020-ci il tarixdə onu Bakı şəhəri Xətai rayon İcra və Pobasiya şöbəsinə çağıraraq bildirmişlər ki, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 16.12.2019-cu il tarixli, **********6226500 nömrəli qərarına əsasən o, 1682,39 manat əsas, 615,22 manat faiz, 100 manat sanksiya olmaqla ümumilikdə 2397,61 manat ödəməlidir. Qərarda göstərilən əsas borc onun tərəfındən notarius kimi fəaliyyət göstərdiyi vaxt, yəni 28.01.2016-cı il tarixdə və 29.01.2016-cı ildə müvafıq olaraq 8 və 9 JNk-li ödəniş tapşırıqları ilə "xxxx" ASC-yə ödənilmişdir. Bu barədə ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun onun müraciəti əsasında verdiyi məktubu Bakı şəhəri Lokal gəlirlər Baş İdarəsinə təqdim etmişdir. Həmin məktubda Lokal Gəlirlər Baş İdarəsinin ondan qanunsuz tələb etdikləri pulun onun tərəfindən ödənildiyi təsdiq edilir və bilidirilmişdir ki, həmin məbləğ Azərbaycan Respublikası “Banklar haqqında” Qanununun 82-ci bəndinə uyğun olaraq növbəlilik daxilində həyata keçiriləcəkdir. Cavabdeh iddia ərizəsinə etiraz vermiş və etirazını onunla əsaslandırmışdır ki, Vergi Məcəlləsinin 23.1.6-cı maddəsinə əsasən müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək; həmcinin həmin məcəllənin 23.1.16-cı maddəsinə əsasən bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə vergi orqanlarının təyinatına uyğun olaraq nəzərdə tutulmuş başqa hüquqları həyata keçirmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Yuxarıda qeyd edilən Vergi Məcəlləsinin müddəalarına əsasən iddiaçının 2397,59 manat vergi borcuna görə “Tələbin icraya yönəldilməsi haqqında” qərar çıxarılmışdır. Belə ki, iddiaçının 23.01.2018-ci il tarixə 1781,65 manat vergilər üzrə, 29.11.2019-cu il tarixə isə vergilər üzrə 1682,39 manat, maliyyə sanksiyası üzrə 100 manat, faizlər üzrə 615,20 manat borcu olduğundan “Vergi borcunun ödənilməsinə dair” bildiriş göndərilmişdir. Bildirişdə vergi borcunun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi bildirilmişdir. Lakin iddiaçı tərəfindən qanunvericiliyin tələbləri ciddi şəkildə pozulmuş və borc məbləğinin ödənilməsi təmin edilməmişdir. Daha sonra dövlət büdcəsinə olan borcun məcburi qaydada alınması məqsədilə qanunvericiliklə müəyyən edilmiş qaydada icra orqanına müraciət ediləcəyi barədə 29.11.2019-cu il tarixli xəbərdarlıq göndərilmişdir. Lakin borc məbləğinin ödənilməsi təmin edilməmişdir. Odur ki, Vergi Məcəlləsinin 23.1.6-cı və “İnzibati icraat haqqında” Qanunun 82-ci maddələrinin müddəalarına əsasən vergi orqanı borc tələbinin icraya yönəldilməsi haqqında 16.12.2019-cu il tarixli, **********626500 saylı inzibati qərar qəbul etmiş və qərar iddiaçının elektron qovluğuna göndərilməsi təmin edilmişdir. “Büdcə sistemi haqqında” 02.07.2002-ci il tarixli, 358-İİQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən dövlət büdcəsinə bütün daxilolmalar və ödəmələr, büdcədənkənar dövlət fondlarına haqlar (ödənişlər), büdcədənkənar dövlət fondları, dövlət təminatı ilə alınmış kreditlər üzrə əməliyyatlar və digər dövlət əməliyyatları qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun olaraq dövlət xəzinədarlığı vasitəsilə icra edilir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi daxilolmalar barədə reyestr və ödəniş sənədlərini 1 (bir) iş günü ərzində bank tərəfindən təqdim edilmiş məlumatlar əsasında vergi orqanına ötürür. Vəsaitin büdcəyə ödənildiyi tarix, onların xəzinə hesabına mədaxil edilməsi barədə ödəniş sənədlərində xəzinə orqanı tərəfindən qeyd edilən tarixdir. Belə ki, "xxxx" ASC ləğv edildiyindən vergi ödəyicisi tərəfindən ödənilmiş qeyd olunan vəsaitlər bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən dövlət büdcəsinə köçürülməmiş və dövlət büdcəsinin xəzinə hesabına mədaxil olunmamışdır. Bu səbəbdən də X2 tərəfindən həmin vəsaitlər barədə məlumat vergi orqanına təqdim edilmədiyindən iddiaçının şəxsi hesab vərəqəsində ödəniş kimi nəzərə alına bilməz. Həmçinin qeyd olunmalıdır ki, Vergi Məcəlləsinin 70.3-cü maddəsinə görə vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxs "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərinin Sığortalanması Fondu lazımi qaydada xəbərdarlıq edilmiş, lakin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsasən üçüncü şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci ildə doğulmuşdur. - Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı ünvanlaşmış **********250600 №-li, 23.01.2018-ci il tarixli vergi borcunun ödənilməsinə dair bildirişdən görünür ki, onun 23.01.2018-ci il tarixinə dövlət büdcəsinə ümumilikdə 1,781.65 manat, o cumlədən vergilər üzrə 1,781.65 manat borcu vardır. Vergi Məcəlləsinin 65.1-ci maddəsinə əsasən göstərilən borcların 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi tələb olunur. - Vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatdan görünür ki, həmin borc bildirişi iddiaçı tərəfindən 24.01.2018-ci il tarixdə oxunmuşdur. - İddiaçı tərəfindən cavabdehə ünvanlanmış 06.02.2018-ci l tarixli məktubdan görünür ki, məlumat üçün təkrarən bildirir ki, 28.01.2016-cı il tarixdə 1293,84 manat, 29.01.2016-cı il tarixdə 969,30 manat alqı-satqı üzrə vergi məbləği X6 filialı tərəfindən ödənişə qəbul edilmişdir. Həmin ödəniş tapşırıqlarının icrası barədə bankın qeydinin olmasına baxmayaraq həmin məbləğlər bu günə qədər şəxsi hesab vərəqədə öz əksini tapmamışdır. Həmin məbləğlərin şəxsi vərəqəyə daxil olması üçün köməklik göstərilməsi xahiş edilmişdir. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 14.02.2018-ci il tarixli, **********543200 nömrəli məktubdan görünür ki, ödənilmiş vəsait haqqında 06.02.2018-ci il tarixli müraciətinə baxılmışdır. Müraciətdə qeyd edilən vəsait barədə məlumat Maliyyə Nazirliyinin X2nə daxil olmamışdır. Ödənilmiş vəsaitlə bağlı aidiyyatı üzrə bank idarəsinə müraciət etməyi tövsiyyə edilir. - "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərinin Sığortalanması Fondunun iddiaçıya ünvanladığı **********741 №-li, 12.06.2018-ci il tarixli məktubdan görünür ki, X4 tərəfındən banka 28.01.2016-cı il tarixində alqı-satqı müqaviləsinə əsasən vergilərın köçurülməsı üçün 08 №-li və 29.01 2016-cı il tarixində 09 №-li təqdım edılmış ödəniş tapşırıqları bank tərəfindən qəbul olunsa da 02.02.2016-cı ıl tarixində "xxxx" ASC-nin lisenziyası ləğv olunduğu üçün bu ödənişlərin köçürulməsi mümkün olmamışdır. Hesablardakı 2263,14 (iki min iki yuz altmış üç manat 14 qəpik) manat, 975,72 (doqquz yuz yetmış beş manat 72 qəpik) manat, 100 (bir yuz manat) manat və 5,69 (beş manat 69 qəpik) manat məbləğındə qalıqlar 20 iyul 2016-cı il tarixində 15763, 15764, 15765 və 15766 nömrələrı ilə “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 77.1-maddəsinə uyğun olaraq muhasibat uçotu sənədlərındə əks etdirilmiş məbləğlərdə qəbul edilmişdir və Azərbaycan Respublikası “Banklar haqqında” Qanunun 82-cı maddəsinə uyğun olaraq ödəniş təqdım edilmiş rekvizitlər uzrə növbəlilik daxilində həyata keçiriləcəkdir. - Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı ünvanlaşmış **********8 №li, 29.11.2019-cu il tarixli vergi borcunun ödənilməsinə dair bildirişdən görünür ki, onun 29.11.2019-cu il tarixinə dövlət büdcəsinə ümumilikdə 2,397.59 manat, o cumlədən vergilər üzrə 1,682.39 manat, maliyyə sanksiyaları üzrə 100.00 manat, faizlər üzrə 615.20 manat borc vardır. Vergi Məcəlləsinin 65.1-ci maddəsinə əsasən göstərilən borcların 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi tələb olunur. - Vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatdan görünür ki, həmin borc bildirişi iddiaçı tərəfindən 08.06.2020-ci il tarixdə oxunmuşdur. - Cavabdeh tərəfindən tərəfindən qəbul edilmiş 27.11.2019-cu il tarixli, **********181600 №-li “vergi ödəyicisinin aktivləri barədə çəlumatın verilməməsinə görə məsuliyyətə cəlb edilməsi barədə” qərardan görünür ki, İddiaçı tərəfindən vergi ödəyicinin aktivləri barədə məlumat əsas olmadan müəyyən edilən müddətdə təqdim edilmədiyinə görə ona qarşı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 57.2-ci maddəsinə əsasən 100 manat maliyyə sanksiyasının tətbiq edilməsi qərara alınmışdır. - Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş **********626500 №li, 16.12.2019-cu il tarixli tələbin icraya yönəldilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı tərəfindən 1.682,39 manat əsas, 615,22 manat, faiz 100,00 manat maliyyə sanksiyası olmaqla ümumilikdə 2.397,61 manat vergi faiz və maliyyə sansksiyası qanunvericilikdə nəzərdə tutulmuş müddətə ödənilmədiyinə görə tələbkar Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 27.11.2019-cu il tarixli, **********181600 nömrəli qərarları 16.12.2019-cu il tarixdən icraya yönləndirilmişdir. - Üçüncü şəxs "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərinin Sığortalanması Fondu tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankı 04.02.2016-cı il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə "xxxx" ASC-nin iflas prosedurunun başlanmasına dair ərizə ilə müraciət edərək, Bankın müflis elan edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10.02.2016-cı il tarixli, 2-1(81)-1541/2016 saylı qərarı ilə "xxxx" ASC-nin müflis elan edilməklə, iflas prosesinə başlanılması, "xxxx" MMC-nin banka ləğvedici təyin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13.04.2016-cı il tarixli, 2-1(81)-154/2016 saylı qərardadı ilə ləğvedici dəyişdirilmiş və Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi təyin edilmişdir. İddiaçı tərəfındən Banka 28.01.2016-cı il tarixində alqı-saqtı müqaviləsinə əsasən vergilərin köçürülməsi üçün 08 saylı və 29.01.2016-cı il tarixli 09 saylı təqdim edilmiş ödəniş tapşırıqları bank tərəfındən qəbul edilsə də 02.02.2016-cı il tarixində "xxxx" ASC-nin lisenziyası ləğv olunduğu üçün bu ödənişlərin təyinatı üzrə köçürülməsi mümkün olmamışdır. Hesablardakı 2263,14 manat, 975,72 manat, 100 manat, 5.69 manat məbləğində qalıqlar 20 iyul 2016-cı il tarixində 15763, 15764, 15765 və 15766 nömrələri ilə “Banklar haqqında Azərbaycan Respublikası Qanunun” 77.1-ci maddəsinə uyğun olaraq mühasibat uçotu sənədlərində əks etdirilmiş məbləğlərdə qəbul edilmiş və “Banklar haqqında” Azərbaycan Respublikası Qanunun 82-ci maddəsinə uyğun olaraq ödəniş təqdim edilmiş rekvizitlər üzrə İddiaçı növbəlilik qaydasında ödəniləcəkdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq aşağdakı hüququ əsaslara görə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırıması zamanı müəyyən edilmişdir ki, iddiaçı xüsusi notarius kimi fəaliyyət göstərmiş və onun tərəfindən "xxxx" ASC-yə 28.01.2016-cı il tarixli alqı-saqtı müqaviləsi üzrə notariat əməliyyatları ilə bağlı vergilərin köçürülməsi üçün 08 saylı və 29.01.2016-cı il tarixli, 09 saylı təqdim edilmiş ödəniş tapşırıqları bank tərəfındən qəbul edilsə də 02.02.2016-cı il tarixində "xxxx" ASC-nin lisenziyası ləğv olunduğu üçün bu ödənişlərin təyinatı üzrə bank tərəfindən köçürülməsi mümkün olmamışdır. Həmin məbləğlər bankın ləğvedicisi tərəfindən “Banklar haqqında” Azərbaycan Respublikası Qanunun 77.1-ci maddəsinə uyğun olaraq mühasibat uçotu sənədlərində əks etdirilərək qəbul edilmiş və “Banklar haqqında” Azərbaycan Respublikası Qanunun 82-ci maddəsinə uyğun olaraq ödəniş təqdim edilmişdir. Cavabdeh vergi orqanı tərəfindən həmin notariat əməliyyatları ilə bağlı iddiaçının vergilər üzrə 23.01.2018-ci il tarixə 1781,65 manat, 29.11.2019-cu il tarixə isə vergilər üzrə 1682,39 manat, maliyyə sanksiyası üzrə 100 manat, faizlər üzrə 615,20 manat borcu olduğundan “Vergi borcunun ödənilməsinə dair” bildiriş göndərilmiş, sonradan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etmişdir. İddiaçı qeyd olunan məbləğlərin tərəfindən aidiyyatı üzrə banka ödənildiyini, bankın lisenziyası ləğv edildiyi üçün əməliyyatların tam başa çatmadığını, buna görə də ödədiyi məbləğlərlə bağlı onun təkrarən vergiyə cəlb edilməsi ilə bağlı vergi orqanın hərəkətlərinin qanunsuz olduğunu iddia edərək bu hərəkətləri və qərarı məhkəmədə mübahisələndirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə qanunla müəyyən edilmiş vergilər və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun: - 12-ci maddəsinə əsasən xüsusi notariuslar “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən işi təşkil edir, notariat hərəkətləri, tutulan haqlar, büdcəyə keçirilən vergilər və digər ödəmələr barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına hesabat və məlumat verirlər. - 25-ci maddəsinə əsasən vergilər və digər məcburi ödəmələr ödənildikdən sonra notariat hərəkətlərinin aparılmasına görə tutulan haqdan və bu Qanunun 20-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş xidmətlərə görə alınan haqdan qalan pul vəsaitləri xüsusi notariusun sərəncamında qalır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 16.1.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələri sırasına daxildir. - 16.1.11-6.3-cü maddəsinə əsasən notariuslar tərəfindən (notariat hərəkətlərinin aparılmasına və notariat hərəkətləri ilə əlaqədar) xidmətlərin göstərilməsi vergi ödəyicisinin vəzifələri sırasına daxildir. - 82.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisi vergi bazasını, vergi dərəcəsini və vergi güzəştlərini əsas götürərək, hesabat dövrü üçün ödənilməli olan verginin məbləğini sərbəst surətdə özü hesablayır. - 82.3-cü maddəsinə əsasən verginin məbləği bu Məcəllədə və ya ona müvafiq olaraq qəbul edilmiş qanunvericilik aktında müvafiq vergi üçün müəyyən edilmiş qaydada hesablanır. - 82.4-cü maddəsinin tələbinə görə müəyyən edilmiş müddətlərdə ödənilməli olan verginin məbləği vergi ödəyicisi və ya qanunla müəyyən edilmiş hallarda digər şəxs tərəfindən ödənilir (köçürülür). - 83.1-ci maddəsinə əsasən bu Məcəllədə vergi məbləğinin hesablanması konkret hesabat dövrü üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi orqanının uçot sənədlərində qeyd edilməsi deməkdir. Hesablanmış vergi məbləğlərinin vergi orqanları tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda yenidən hesablanaraq uçot sənədlərində qeyd edilməsi də vergilərin hesablanması deməkdir. - 96.1-ci maddəsinə əsasən xüsusi notarius tərəfindən bir ay ərzində aparılan notariat hərəkətlərinə, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətlərə görə alınan haqlar (xərclər nəzərə alınmadan) vergitutma obyektidir. - 99.3.10-cu maddəsinə əsasən xüsusi notarius tərəfindən aparılan notariat hərəkətlərinə, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətlərə görə alınan haqlar qeyri-sahibkarlıq fəaliyyətindən gəlirə aiddir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanunun 82.1-ci maddəsinin tələbinə görə müflis elan olunmuş bankın aktivləri onun kreditorları arasında aşağıdakı növbəlik qaydasında bölüşdürülür: - 9.1.7. bankın müflis elan olunmasına dair qərarın qəbul edildiyi tarixdən əvvəlki bir ildən çox olmayan müddət üçün büdcəyə məcburi ödənişlər üzrə vergilər, məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə ödənilməli məbləğlər. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, hazırki İddiaçı xidmət göstərdiyi xüsusi notarius vəzifəsinin icrası ilə əlaqədar müvafiq alqı-satqı əməliyyatları üzrə yaranmış vergi öhdəliyini vaxtında və tam şəkildə partnyor olduğu bankın, yəni "xxxx" ASC-nin müvafiq hesabına köçürmüşdür. Lakin əməliyyat həyata keçirildikdən sonra "xxxx" ASC-nin lisenziyası ləğv edildiyindən həmin ödəniş məbləğinin təyinatı üzrə dövlət büdcəsinə köçürülməsi mümkün olmamışdır. Həmin məbləğ bankın ləğvedicisi tərəfindən qəbul edilmiş və “Banklar haqqında” Azərbaycan Respublikası Qanunun 82-ci maddəsinin tələblərinə uyğun növbəlik qaydasında ödəniləcəyi bildirilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: - 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. - 58.1.-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə işin hallarına sadalanan qanunvericilik aktlarını tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçı Nəstəddin Əzimovun hərəkətlərində vergi qanunvericiliyinin hər hansı müddəasının pozulması halı müəyyən olunmur və müvafiq vergi məbləğinin təyinatı üzrə dövlət büdcəsinə köçürülməməsi iddiaçının iradəsindən asılı olmamaqla təqsirindən baş verməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı vergi ödəyicisi kimi müvafiq əməliyyatlar üzrə ödədiyi vergi məbləğini təkrar ödəməyə məcbur edilə bilməz. Odur ki, vergi borcunun tələb edilməsi ilə əlaqədar cavabdeh inzibati orqanın hərəkətləri qanunsuz hesab edilməklə 16.12.2019-cu il tarixli, **********6226500 №-li qərar ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 70.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı vergi borcunun tələb edilməsi ilə əlaqədar cavabdeh inzibati orqanın hərəkətləri qanunsuz hesab edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş **********626500 №-li, 16.12.2019-cu il tarixli tələbin icraya yönəldilməsi haqqında qərar ləğv edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-1085/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1085/2021
14.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver