Məhkəmə qərarları › İş №2-1(112)-1085/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1085/2022

25.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1085/2022 25.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi iddiaçının nümayəndəsi X3, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Nardaran qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının “Vətəndaşlara fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq sahəsinin ayrılması haqqında” 5 oktyabr 2005-ci il tarixli 02/607 nömrəli qərarı ilə İddiaçı Nardaran bağ massivində fərdi yaşayış evinin tikintisi üçün 2.200 kv.m ölçüdə olan 805A saylı torpaq sahəsi ayrılmışdır. Bundan sonra iddia ailə üzvləri ilə birlikdə həmin torpaq sahəsinə faktiki sahiblik edərək, oranı daş hasara almış, oraya elektrik xətti çəkdirmişlər. Torpaq sahəsi qayalıq yerdə olduğundan, orada yaşıllıq salmaq çox vəsait və əmək tələb etsə də, onlar 75 metr dərinlikdən su quyusu vurdurmuş, xeyli ağac və üzüm tingləri əkmişdir. Həmin torpaq sahəsində gələcəkdə özlərinə ev tikərək məskunlaşmaq üçün çox vəsait sərf etməklə, abadlıq işləri aparmışlar. Sonradan müxtəlif səbəblərdən həmin torpaq sahəsinin özəlləşdirilməsi (sənədləşdirilməsi) ilə məşğul olmamışlar. Ancaq bu günədək həmin torpaq sahəsi iddaçının ailəsinin istifadəsindədir. Torpağa qulluq qulluq edilir və oradan bağ sahəsi kimi istifadə olunur. İddiaçı müvafiq sənədləri rəsmi olaraq cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edərək, həmin torpaq sahəsinin özəlləşdirilməsini xahiş etsə də, ona imtina cavabı verilmişdir. Buna görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin 12 aprel 2021-ci il tarixli cavab məktubunda imtinaya əsas səbəb kimi göstərilmişdir ki, həmin məsələ ilə bağlı 26 aprel 2018-ci il tarixli **********92 nömrəli məktubla verilmiş cavabda qeyd olunan iradlar tam aradan qaldırılmamışdır. Qurumun 26 aprel 2018-ci il tarixli sözügedən məktubunda isə göstərilmişdir ki, qeyd olunan torpaq sahəsinə dair Nardaran qəsəbə nümayəndəliyi tərəfindən verilmiş qərardan çıxarış qanunvericiliyə uyğun (torpağın ayrılması səlahiyyətləri xaricindədir) deyildir. Lakin bu zaman cavabdeh orqan nəzərə almamışdır ki, Azərbaycan Respublikasının 1995-ci ildə qəbul edilmiş Konstitusiyasının “Keçid müddəalarının” 6-cı bəndində göstərilmişdir ki, bu Konstitusiya qüvvəyə mindiyi gündən Azərbaycan Respublikası yerli xalq Deputatları Sovetlərinin səlahiyyətlərinə xitam verilir. Azərbaycan Respublikasının qanunvericiliyi yerli xalq deputatları sovetlərinə aid edilmiş səlahiyyətləri yerli icra hakimiyyəti orqanları həyata keçirir. İddiaçıya torpağın ayrılmasına dair qərarın verildiyi vaxt qüvvədə olan Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tələblərini nəzərə alan cavabdeh onu da nəzərə almalı idi ki, xalq deputatları sovetinin ləğv edilməsi və onun yerinə yerli icra hakimiyyəti qurumunun yaradılması ilə xalq deputatları sovetinə məxsus olan mülkiyyət və səlahiyyətlər də yerli icra hakimiyyətinə keçmişdir. Belə olan halda isə ona (iddiaçıya) torpaq ayrılmasına dair qərar verən qurum faktiki olaraq öz mülkiyyətində olan torpağa dair qərar vermişdir və həmin qərar tam olaraq qanunidir və hər hansı bir əlavə səlahiyyətlərin verilməsinə dair sənədə ehtiyac yoxdur. Xüsusilə vurğulanır ki, həmin torpaq sahəsinə dair Bakı şəhəri Sabunçu RİH Nardaran qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının 5 oktyabr 2005-ci il tarixli 02/607 nömrəli qərarında da göstərilmişdir ki, həmin qurum tərəfindən Nardaran qəsəbəsində fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq fondu ayrılarkən məhz Bakı şəhəri XDS-i İK-nm 13/713 saylı 27 yanvar 1989-cu il tarixli qərarı rəhbər tutulmuşdur ki, həmin qərara əsasən də məhz fərdi mənzil tikintisinə ehtiyacı olan vətəndaşlara Nardaran qəsəbəsində həyətyanı torpaq fondu ayrılmışdır. Bunlara baxmayaraq, cavabdeh qurum hansısa səbəbdən Azərbaycan Respublikası Konstitusiyasından irəli gələn qeyd olunan hallara laqeyd yanaşmış və bu xüsusatların mövcudluğuna əhəmiyyət vermədən onun (iddiaçının) qanuni tələbini icra etməkdən imtina etmişdir. Göstərilənlərə və İPM-in 2.2.2, 14, 33, 35-ci maddələrinə əsaslanaraq, məhkəmədən Bakı şəhəri Sabunçu RİH Nardaran qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının “Vətəndaşlara fərdi yaşayış evi tikilməsi üçün həyətyanı torpaq sahəsinin ayrılması haqqında” 5 oktyabr 2005-ci il tarixli 02/607 nömrəli qərarı ilə Nardaran bağ massivində ayrılmış 805A saylı 2.200 kv.m. torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarımın qeydiyyata alınması öhdəliyinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılması xahiş olunur. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə ünvanlanmış 22 iyun 2021-ci il tarixli məktubunda iddia ilə bağlı aşağıdakılar bildirilir: - İddiaçı iddiası etirazla qarşılanır. DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə poçt vasitəsi ilə daxil olmuş sənədlər surətdir və Nardaran qəsəbə nümayəndəliyi tərəfindən verilmiş qərardan çıxarış qanunvericiliyə uyğun (torpağın ayrılması səlahiyyətləri xaricindədir) deyildir. Həmçinin bildiririk ki, elektron kadastr məlumatına əsasən sözügedən ərazi (2 hissəyə bölünüb) Nardaran bağ massivi 683 saylı sahəyə uyğun gəldiyindən, qanunvericiliyə uyğun sənədlər təqdim edilməmişdir və ərazinin bir hissəsi isə elektrik xəttinin mühafizə zolağında yerləşdiyi müəyyən edilmişdir. Bu səbəbdən də ərizənin icrası mümkün olmamış və iddiaçıya 26 aprel 2018-ci il tarixli məktub ünvanlanmışdır. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 358.1-ci maddəsinə, «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 7, 8, 11.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 103 nömrəli 10 iyun 2005-ci il tarixli qərarının müddəalarına əsaslanaraq, İPM-in 48.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, iddianın təmin olunmaması məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. O, əlavə olaraq qeyd etdi ki, bağ sahəsində olan "xxxx" ASC-yə məxsus elektrik avadanlıqları həmin qurumla bağlanmış müqaviləyə əsasın götürülmüşdür. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı münasibətdə göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin birinci hissəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. İş materiallarında olan Bakı şəhəri Sabunçu RİH Nardaran qəsəbəsi üzrə Nümayəndəliyinin 5 oktyabr 2005-ci il tarixli 02/607 saylı qərarından çıxarışın surətindən görünür ki, Bakı Şəhər XDS İK-nın 13/888 saylı 27 yanvar 1989-cu il tarixli qərarını rəhbər tutaraq, fərdi mənzil tikintisinə ehtiyacı olan vətəndaşlara Nardaran qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsinin ayrıldığı nəzərə alınaraq, Bakı şəhərinin Baş Planına uyğun şəkildə vətəndaşlar İddiaçı və digərlərinə, adıçəkilən şəxsə 805A saylı sahədə 2.200 lv.m ölçüdə torpaq sahəsi ayrılmışdır. Məhkəmə mübahisəyə qiymət verərlən aşağıdakı qanunvericilik normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsininm Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 19-cu maddəısinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.1) qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; - (8.0.8) bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan SSR-in 1970-ci il tarixli 7 iyul tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Torpaq Məcəlləsinin 20-ci maddəsinin İİ – İV hissələrinə əsasən rayon və şəhər (respublika tabeliyində olan şəhər) xalq deputatları Sovetlərinin icraiyyə komitələri bu Məcəllənin 70, 94, 95, 128, 131, 137, 143 və 151-ci maddələrinə uyğun surətdə torpaq sahələrini istifadəyə verirlər. Şəhər və qəsəbə xalq deputatları Sovetlərinin icraiyyə komitələri bu Məcəllənin 107-ci maddəsinə müvafiq olaraq, qəsəbə xalq deputatları Sovetlərinin icraiyyə komitələri isə, həmçinin bu Məcəllənin 17-ci maddəsində nəzərdə tutulmuş qaydada qəsəbə Sovetinə ayrılmış torpaqlardan daimi və ya müvəqqəti istifadəyə torpaq sahələri verirlər. Kənd xalq deputatları Sovetlərinin icraiyyə komitələri kolxozların, sovxozların və digər kənd təsərrüfatı müəssisələrinin, idarələrinin, təşkilatlarının istifadəsindəki torpaqların tərkibinə daxil olmayan kənd yaşayış məntəqələri torpaqlarından və bu Məcəllənin 17-ci maddəsində nəzərdə tutulmuş qaydada kənd xalq deputatları Sovetinə ayrılmış torpaqlardan daimi və ya müvəqqəti istifadəyə torpaq sahələri verirlər. Azərbaycan Respublikasının 9 noyabr 1991-ci il tarixli Torpaq Məcəlləsinin 7-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaq xalq deputatları Sovetlərinin ixtiyarındadır və onlar torpaq barəsində öz səlahiyyətləri dairəsində sərəncam verirlər: Xalq deputatları Sovetləri qanunla müəyyən edilmiş hallarda torpaq sahələrini bu Məcəllənin 20-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş torpaq sahələri istisna olmaqla, vətəndaşların, kolxozların, sovxozların və digər dövlət, kooperativ, ictimai kənd təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının, eləcə də digər hüquqi şəxslərin xüsusi mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə verirlər. Xalq deputatları Sovetləri onlara aid ərazidə torpağın verilməsinə və geri alınmasına dair müəyyən səlahiyyətlərini müvafiq icra orqanına verə bilərlər. Göründüyü kimi, əvvəlki dövrlərdə qüvvədə olan qanunvericilik normaları dövlət mülkiyyətində olan torpaq ərazilərindən vətəndaşlara müəyyən təyinat üzrə torpaq sahələrinin ayrılması səlahiyyətlərini rayon (şəhər) xalq deputarları sovetləri tərəfindən onların müvafiq icra orqanına, habelə kənd xalq deputatları Sovetlərinin icraiyyə komitələrinə verilməsini nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının Keçid Müddəalarının 6-cı bəndində nəzərdə tutulmuşdur ki, bu Konstitusiya qüvvəyə mindiyi gündən Azərbaycan Respublikası yerli xalq Deputatları Sovetlərinin səlahiyyətlərinə xitam verilir. Azərbaycan Respublikasının qanunvericiliyi yerli xalq deputatları sovetlərinə aid edilmiş səlahiyyətləri yerli icra hakimiyyəti orqanları həyata keçirir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə 439 nömrəli Fərmanı ilə “«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Siyahıda aşağıdakılar nəzərdə tutulmuşdur: 2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair – (2.6) fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar. Bundan başqa, qeyd olunmalıdır ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.3-cü maddəsinə görə inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Həmin Qanunun 64.4-cü maddəsinə görə etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2021-ci il tarixli qərarında «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə istinad edərək vurğulamışdır ki, qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə, məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilibedilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir. Qeyd olunanlara əsasən belə nəticə əldə olunur ki: - vətəndaşlara Bakı Şəhər XDS İK-nn 27 yanvar 1989-cu il tarixli qərarı ilə fərdi mənzil tikintisi üçün Bakı şəhəri Lenin (indiki Sabunçu) rayonunun Nardaran qəsəbəsində həyətyanı torpaq fondu üzrə təhkim edilmiş ərazidən Bakı şəhəri Sabunçu Rayon İH başçısının Nardaran qəsəbəsi üzrə nümayəndəliyinin torpaq sahəsi ayırması qanunsuz sayıla, yəni səlahiyyətsiz orqanın torpaq ayırması kimi qiymətləndirilə bilməz, müvafiq torpaq fondu 1989-cu ildə ayrıldığından Azərbaycan SSR-in 1970-ci il tarixli 7 iyul tarixli Qanunu ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının 9 noyabr 1991-ci il tarixli Torpaq Məcəlləsi qüvvəyə minənədək qüvvədə olmuş Azərbaycan SSR Torpaq Məcəlləsinin 17 və 20-ci maddələrinə görə RİH başçısının Nardaran qəsəbəsi üzrə nümayəndəliyi torpaq sahəsiniun vətəndaşa verilməsində səlahiyyətli olmuşdur; - Bakı şəhəri Sabunçu Rayon İH başçısının Nardaran qəsəbəsi üzrə Nümayəndəliyinin 5 oktyabr 2005-ci il tarixli 02/607 nömrəli qərarına münasibətdə «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, iddiaçı etimadın qanunla qorunması hüququna malikdir. Bundan başqa, sözügedən 5 oktyabr 2005-ci il tarixli qərar iddiaçıya aid hissədə geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır; - Bakı şəhəri Sabunçu Rayon İH başçısının Nardaran qəsəbəsi üzrə Nümayəndəliyinin 5 oktyabr 2005-ci il tarixli 02/607 nömrəli qərarı «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9 və 10-cu maddələrinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə 439 nömrəli Fərmanının müddəalarına (Fərmanla təsdiq edilmiş Siyahının 2.6-cı bəndi) uyğun olaraq iddiaçının həmin qərarla ona ayrılmış 2.200 kv.m ölçüdə torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınması üçün əsasdır. Bununla da, işdə olan sənədlərlə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivindəki 805”A” saylı 2.200 kv.m ölçüdə torpaq sahəsinin hazırkı İddiaçı qanuni əsaslarla ayrıldığı öz təsdiqini tapır və məhkəmə icraatında həmin sənədlərdəki məlumatların həqiqi olmamasına dair cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən heç bir dəlil və sübut təqdim olunmadığından, onlar mötəbər sayılır. Cavabdehin iddiaya qarşı etirazda gətirdiyi digər dəlillərə (RİH qəsəbə nümayəndəliyinin torpaq ayrılması üzrə səlahiyyətli olmaması ilə bağlı xüsusata yuxarıda qiymət toxunuldu) gəldikdə isə, məhkəmə qeyd edir ki, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin koordinatlarında uyğunsuzluğun mövcud olması qeydiyyatdan imtina üçün əsas deyil. Çünki, bu, həm iddiaçının iradəsindən asılı olan hal deyil, həm də müvafiq uyğunsuzluğun aradan qaldırılması cavabdeh inzibati orqanın özünün səlahiyyəti daxilindədir. Etirazda göstərilən “ərazinin elektrik xəttinin mühafiz\ zolağında yerləşməsi” isə artıq aradan qaldırılmış haldır və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci və 15-ci maddələrinə görə hüquqların qeydiyyatından imtina üçün əsas hesab olunmur. Belə olan halda, məhkəmə qeyd edir ki, hazırkı İddiaçı ona Bakı şəhəri Sabunçu RİH Nardaran qəsəbəsi üzrə Nümayəndəliyinin 5 oktyabr 2005-ci il tarixli 02/607 saylı qərarı ilə Nardaran bağ massivindəki 805”A” saylı 2.200 kv.m ölçüdə torpaq sahəsinə «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən mülkiyyət hüququ əldə etmişdir. Odur ki, məhkəmə cavabdeh inzibati orqanın imtina ilə əlaqədar dəlillərini formal xarakterli və tutarlı sübutlara əsaslanmayan kimi qiymətləndirir və hesab edir ki, iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 17 iyun 2015-ci il tarixli 533 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaq sahəsinin planı və ölçüsünün təsviri”ndə aşağıdakılar qeyd olunmuşdur: - (1-ci bənd) bu sənəddə torpaqlara dair AR Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilən torpaq sahəsinin planı və ölçüsü təsvir edilir; - (2-ci bənd) nümunəsi bu sənədə əlavə edilən plan və ölçünü AR Əmlak Məsələləri Dövlət Komitəsinin strukturuna daxil olan qurum Azərbaycan Respublikasının dövlət dilində A4 formatlı xüsusi kağızda tərtib edir. Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2019-cu il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilmiş və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yeni strukturu təsdiq edilmişdir. Fərmanla təsdiq olunmuş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturu”nda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə «Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları» təsdiq edilmişdir. Qaydaların 4-cü bəndinə görə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 gün müddətində icra edilir. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. Məhkəmə həmçinin qeyd edir ki, torpaq sahəsinə hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı halda, mövcud qanunvericilik bu barədə reyestrdən çıxarışın və “Torpaq sahəsinin planı və ölçüsü”nün verilməsini birmənalı şəkildə nəzərdə tutur. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, İddiaçı Bakı şəhəri Sabunçu RİH Nardaran qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının 5 oktyabr 2005-ci il tarixli 02/607 saylı qərarı ilə Bakı şəhəri, Nardaran bağ massivində ona ayrılmış 805 “A” saylı 2.200 kv.m ölçüdə torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və İPM-in 4.1, 23.1, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri Sabunçu RİH Nardaran qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının 5 oktyabr 2005-ci il tarixli 02/607 saylı qərarı ilə Bakı şəhəri, Nardaran bağ massivində ona ayrılmış 805 “A” saylı 2.200 kv.m ölçüdə torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim:Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar