Məhkəmə qərarları › İş №2-1(112)-10857/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10857/2024

12.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10857/2024 12.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək İddiaçı 52 yaşı tamam olduğu yəni, xx.xx.2013-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, təyin ediləcək pensiya məbləği həcmində əvvəlki dövrlərin ödənilməmiş məbləği ona bərabər şəkildə olmaqla pensiya məbləğinin üzərinə əlava edilməklə ödənilməsi öhdəlinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 1961-cı il təvəllüdlüdür. Əmək fəaliyyətinə 1979cü ildən başlamışdır. Əmək fəaliyyətinin bir hissəsi zərərli işlərdə olmuşdur. 1979-ci ildən 1992-ci ilədək toxucu kimi çalışmışdır. 1992-2004-cü illər həna qablaşdırıcısı kimi (Kombinatda sonradan adı Məişət Malları ATSC olmuşdur) çalışmışdır. 2013-2020-ci ilədək Bakı şəhəri Pirallahı rayon MKTB də dalandar vəzifəsində işləmişdir. Ondan sonra səhhəti ilə əlaqədar olaraq çalışmamışdır. Sənədləri ilə əvvəlki DSMF-na 2015 ci ildə müraciət etmişdir ki, ona 52 yaşı olduğu gündən yəni xx.xx.2013-cü ildən güzəştli şərtlərlə əmək pensiyası təyin edilsin. Həmin dövrdə bundan imtina edilmişdir. İmtinanın səbəbi güzəştli arayışın olmaması olmuşdur. Bildirilmişdir ki, işlədiyi müəssisələr uzun illərdir ki, ləğv edilmiş və ya sökülmüşdur. İşlədiyi sahə (15 ilə yaxın) zərərli iş olmuşdur. Ona görədə həmin iş illəri onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına 2006-cı ilədək qüvvədə olmuş Qanuna əsasən pensiyaya çıxmağına imkan verir. Amma bunu yeni bilmişdir və cavabdehə ərizə ilə müraciət etmişəm ki, ona pensiya təyinatı aparsın. Sənədlərini toplayıb aidiyyatı üzrə cavabdehə ərizə ilə müraciət etmişdir. Müraciətinə xx.xx.2023- cü il tarixində cavab verilərək bildirilmişdir ki, arayış təqdim edilməlidir, hətta nümunədə göndərilmişdir. Hesab edirik ki, cavabdeh bununlada hərəkətsizlik edir və pensiya təyinatının apamasından süni şəkildə yayınır. Cavabdeh güzəştli arayış tələb edir, oda yoxdur. Əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı ilə işləyən hazırdada pensiyaya çıxan onlarla işçi vardır. Onlarada imtinalar verilmişdir adiyyatı üzrə məhkəməyə müraciətlər edilərək pensiyaya çıxmışdırlar. İlk dəfə məhkəməyə müraciət etmiş, səhhəti ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilmədiyindən iddianı geri götürmüş, sonradan əməliyyat olunmuş, hazırda səhhəti imkan verirki iddianı yenidən qaldırsın. İddiaçı məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət edir.

3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün sənədlərin təqdim olunması haqqında” məktubda qeyd olunmuşdur ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 2.2.1-ci yarımbəndinə və 4.1-ci bəndinə əsasən Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala aşağıdakı sənədlərin təqdim edilməsi zəruridir: 1.şəxsiyyət vəsiqənin surəti;

2. ümumi iş stajını təsdiq edən sənədlərin əslləri (əmək kitabçasının, həqiqi hərbi xidmətdə olduğu dövrü təsdiq edən sənəd və s.);

3. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayış;

4. pensiya təyin edilməsi ilə bağlı ərizə. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə yuxarıda göstərilən müvafiq sənədlər tam şəkildə Mərkəzi Filiala təqdim edildikdən sonra baxıla bilər.

4. Cavabdeh tərəfindən təqdim edilmiş yazılı etirazda qeyd olunmuşdur ki, iş materiallardan da aydın olduğu kimi İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün xx.xx.2023-cü il tarixdə Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət etmiş, lakin iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 2.2.1-ci yarımbəndinə və 4.1-ci bəndinə əsasən Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filiala qeyd edilən sənədlərin təqdim edilməsinin zəruri olduğu qeyd olunmuşdur: 1.şəxsiyyət vəsiqəsinin surəti; 2.ümumi iş stajını təsdiq edən sənədlərin əslləri (əmək kitabçasının, həqiqi hərbi xidmətdə olduğu dövrü təsdiq edən sənəd və s.);

3. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan islərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışı; 4.pensiya təyin edilməsi ilə bağlı ərizə. Bundan narazı qalan İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Hesab edirik ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. Bildiririlmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 il çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 64 yaşa çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017- ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.8-ci maddəsinə əsasən Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Qanunun 9.8-ci maddəsində göstərilən şərtlərə daxildir:

1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə qadınların 10 il güzəştli sosial sığorta stajı olmalıdır;

2. 20 il ümumi iş stajı olmalıdır. Bildirilmişdir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 2.2.1-ci varımbəndinə və 4.1-ci bəndinə əsasən Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filiala təqdim olunmalı sənədlərdən güzəştli arayışın olması zəruridir. Göründüyü kimi qanunvericilklə birbaşa olaraq şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan güzəştli stajı yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə is müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin xüsusi formada hazırlanmış arayışına əsasən müəyyən edilir. Yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, apellyasiya instansiyası məhkəməsi iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 58.6-cı maddəsinə uyğun olaraq işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən etməlidir. Analoji iş üzrə Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli 2- 1(102)-482/2024 nömrəli qərarında qeyd olunan hüquqi mövqeyə əsasən məhkəmə kollegiyası nəzərə almışdır ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün iddiaçı güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi Siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə kollegiyası, həmçinin oxşar mübahisələrlə bağlı Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə uyğun olaraq qeyd edir ki, məhkəmələr iş yerlərindən təqdim edilmiş belə arayışları heç də həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımırlar. Odur ki, işlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır (2-1 (102)-1410/2021, 2-1 (102)-131/2022, 2-1(102)- 1399/2023 №-li işlər üzrə qərarlar). Nəticədə, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin iddianın təmin edilməsinə dair qərarı ləğv edilmişdir. Analoji iş üzrə Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(102)-669/2024 nömrəli qərarında bildirilmişdir ki, apellyasiya məhkəməsi həmin nəticəyə gələrkən isin araşdırılması üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borclu olduğu halda, bunu etməmişdir. Ali Məhkəmə tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, apellyasiya instansiyası məhkəməsi iş verindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 58.6cı maddəsinə uyğun olaraq, işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiya hüququ verən sahədə və peşədə işləyibişləmədiyi mötəbər qaydada müəyyən edilməlidir. Nəticə olaraq cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli, 2-1(107)-430/2023 nömrəli qərarı ləğv edilmişdir. Digər analoji iş üzrə Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(102)-668/2024 nömrəli qərarında qeyd olunan hüquqi mövqeyə əsasən iddiaçının texniki peşə məktəbində şagird kimi təhsil aldığı müddətin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən staja aid olması ilə əlaqədar məhkəmələr ətraflı araşdırma aparmamış, şagird kontingentliyinin (şagird kimi təhsil aldığı müddətin) güzəştli staja aid olub olmaması ilə bağlı heç bir normativ akta və ya arayışa istinad etmədən həmin müddəti güzəştli əmək stajı kimi qəbul etmişlər. Məhkəmə iddiaçının peşə məktəbində qaynaqçı peşəsi üzrə şagird kimi təhsil aldığı müddətin Siyahılarda olan hansı peşəyə uyğunluğunu əsaslandırmamışdır. Məhkəmələrin bu yanaşması formalaşmış məhkəmə təcrübəsinə ziddir. Belə ki, Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Nəticədə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin 11 oktyabr 2023-ci il tarixli, 2-1(107)-270/2023 nömrəli qərarı ləğv edilmişdir. Bundan başqa “N.Əbilovun şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib- edilməməsinin səbəbləri aydın göstərilməlidir. Əlavə olaraq bildirilmişdir ki, iş üzrə iddiaçının işlədiyi "xxxx" ASC-yə ünvanlanmış sorğuya cavab olaraq İddiaçı işləməsinə dair arxiv sənədlərinin tam arxivinin mövcud olmaması bildirilmişdir. Bununla bərabər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən daxil olmuş cavab məktubunda Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli 755 nömrəli sərəncamı ilə iddiaçının işlədiyi "xxxx" ASC-nin 100% özəlləşdirilərək mülkiyyətiçisinin dəyişdiyi və özəlləşdirmə planında İddiaçı adının qeyd olunmadığı bildirilmişdir. Eyni zamanda bildirilmişdir ki, iddiaçı xx.xx.2006-cı il tarixədək ümumi iş stajının tamam olduğunu hesab etsə də, bütün dövrlərin daxil ediləcəyi təqdirdə belə onun 20 il ümumi iş stajı tamamlanmır. Belə ki, Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına ünvanlanmış 27 dekabr 2023-cü il tarixli 3-17-1/3-1 -110029/2023 nömrəli sorğuya cavab olaraq X. X1 təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən, onun ümumi iş stajının xx.xx.2006-cı il tarixədək bütün dövrlərin daxil ediləcəyi təqdirdə belə 19 il 8 gün (xx.xx.1979-xx.xx.1982-ci il, xx.xx.1989-07.01,1992-ci il, xx.xx.1992-xx.xx.2004-cü il tarixləri arasındakı dövrlər) təşkil etdiyi bildirilmişdir. Eyni zamanda iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı 29842,94 manat təşkil edir. Bildirilmişdir ki, “İnzibati icraat haqqında” Qanunun 32-ci maddəsinə əsasən inzibati orqan üç gün müddətində ərizənin bu Qanunun 30-cu maddəsində nəzərdə tutulmuş tələblərə uyğunluğunu yoxlayır. Ərizəçi qanun və digər normativ hüquqi aktlarda nəzərdə tutulan və isin həlli üçün zəruri olan sənədləri və ya məlumatları təqdim etmədiyi halda, inzibati orqan bu Qanunun 32.2-1-ci maddəsinin tələblərini nəzərə alaraq əlavə sənədlərin və ya məlumatların təqdim olunmasını tələb edə bilər. Məlum olduğu kimi İddiaçı tərəfindən təqdim olunmuş sənədlər tam olmadığından ona qanunvericiliyin tələblərinə əsasən tələb olunan sənədlərin təqdim edilməsi barədə məktub ünvanlanmışdır. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 175-nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası” na 4-nömrəli əlavədə müraciət edən şəxs tərəfindən pensiya təyin edilməsi üçün lazım olan sənədlər tam olaraq təqdim edilmədiyi hallarda aşağıdakı məzmunda bildirişin göndərilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş normaya tam olaraq riayət edilərək vətəndaşın heç biri hüququ pozulmadan tələb olunan sənədlərin siyahısı barədə məlumat xaraketerli bildiriş göndərilmişdir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı İddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İddiaçı "52 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması '’tələbinə dair 2-1(112)-10857/2024 nömrəli iş üzrə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

5. İddiaçı tərəfindən dəftərxana vasitəsilə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə daxil olmuşdur. Ərizəyə əsasən iddia tələbi “İddiaçı 52 yaşının tamam olduğu yəni xx.xx.2013cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, cavabdehə ilk dəfə xx.xx.2023-cü il tarixində müraciət etdiyi vaxtdan geriyə 3 il olmaqla pensiyanın ödənilməsi” kimi dəyişdirilməsi xahiş edilmişdir.

6. Şifahi dinləmələr zamanı (məhkəmənin baxış iclasında) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin təmin edilməsini xahiş etmiş və bilirmişdir ki, onunla eyni şəraitdə işləyən şəxslərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.

7. Şifahi dinləmələr zamanı (məhkəmənin baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə dair yazılı etirazın məzmununa uyğun izahat verməklə iddianın təmin olunmamasını xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

8. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

9. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

10. Məhkəmə hesab edir ki, güzəştli şərtlərlə pensiya təyini ilə bağlı mübahisələrdə pensiya hüququnun hansı dövrdən yarandığını müəyyən etmək zəruridir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd edilənlərdən asılı olaraq pensiya təminatının “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (23 sentyabr 1992-ci il tarixli qanun 06 mart 2007-ci il tarixdə qüvvədən düşmüşdür) və ya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu ilə (01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmişdir) tənzimləndiyi müəyyən edilməlidir.

11. Məhkəmənin qeyd edilən qənaəti həm də hüquqi müəyyənlik prinsipindən irəli gəlir; - Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. - Konstitusiya Məhkəməsi Plenumunun hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir (Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarı) - Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qanunverici tərəfindən hər hansı ictimai münasibətlərin tənzimlənməsinə dair normativ hüquqi aktlar qəbul edilərkən hüquqi müəyyənlik prinsipinə riayət edilməsinin vacibliyini vurğulamışdır. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu, öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiqedənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Bunun əksi, yəni hüquq normasının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla, hər bir normativ hüquqi aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxara bilər ("Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” 2008-ci il 22 sentyabr tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2012-ci il 2 aprel tarixli Qərarlar). -...Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun... (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93).

12. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin b) bəndinə əsasən: əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır.

13. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun (qanun 01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) 9.1-ci bəndinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir).

14. Beləliklə, normaların təhlilindən görünür ki, güzəştli şərtlətlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı xx.xx.2006-ci il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), xx.xx.2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə mindiyindən həmin tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır). xx.xx.2006-ci il tarixədək axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 55, qadınlarda 50 yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla; xx.xx.2000-ci il tarixdən kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2006-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2017-cı ildən sonra (qanun xx.xx.2017-ci il tarixdə qüvvəyə minib) axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün üç meyar mövcud idi yaş (kişilərdə 60, qadınlarda 55); iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır) və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatının mövcudluğu.

15. 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu 2.1-ci maddəsinə əsasən, bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1-ci maddəsi əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir.

16. 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanununun 1.16cı maddəsinə əsasən, 9.1-ci maddədə “ 57” rəqəmləri “ 60” rəqəmləri ilə, “ 52” rəqəmləri “ 55” rəqəmləri ilə əvəz edilsin və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir.

17. Həmin Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə minmişdir.

18. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.

19. Şəxsin (qadının) 52 yaşı qanunvericiliyə xx.xx.2017-ci il tarixinə qədər edilmiş dəyişikliyə qədər tamam olduqda onun ümumi və güzəştli stajının tamam olduğu vaxt xx.xx.2006-cı il tarixə qədər deyil, ondan sonrakı dövr də nəzərə alınmalıdır (52 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixədək).

20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinin tələblərinə əsasən ilk meyar tam əmək stajının mövcudluğudur.

21. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarına əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 və 2 nömrəli Siyahısı” (bundan sonra 1 və 2 nömrəli Siyahı) təsdiq edilmiş, həmin qərar "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı təsdiq edilənə qədər qüvvədə olmuşdur. Odur ki, 23 yanvar 2007-ci il tarixə qədər əmək şəraiti zərərli və ağır olan işlərin siyahısı 1 və 2 nömrəli siyahıda kodlara uyğun nəzərə alınmalıdır.

IV. Qeyd edilənlərin hazırki işə tətbiqi

22. Məhkəmə qeyd edir ki, inzibati orqanın imtinasının dəlillərindən asılı olmayaraq, məhkəmə xidməti vəzifəsinə görə şəxsin güşətli şərtlərlə pensiya hüququnun yaranması ilə bağlı qanunun tələb etdiyi şərtlərin ödənilib-ödənilmədiyini müəyyənləşdirməyə borcludur.

23. İddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür. Odur ki, iddiaçının 52 yaşının tamam olduğu dövrə qədər (xx.xx.2013-cü il) stajı hesablanmalıdır.

24. Cavabdeh orqan tərəfindən bildirilmişdir ki, iddiaçının güzəştli arayışı təqdim edilmədiyi üçün daxil edilməmişdir və iş stajı daxil xx.xx.2006-cı il tarixədək bütün dövrlərin daxil ediləcəyi təqdirdə belə 19 il 8 gün (xx.xx.1979-xx.xx.1982-ci il, xx.xx.1989-07.01,1992-ci il, xx.xx.1992-xx.xx.2004-cü il tarixləri arasındakı dövrlər) təşkil edir.

25. Cavabdeh orqan iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün sənədlərin təqdim olunması haqqında” məktubda qeyd olunmuşdur ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 2.2.1-ci yarımbəndinə və 4.1-ci bəndinə əsasən Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala sənədlərin təqdim edilməsi zəruridir və ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə yuxarıda göstərilən müvafiq sənədlər tam şəkildə Mərkəzi Filiala təqdim edildikdən sonra baxıla bilər.

26. Məhkəmə qeyd edir ki, əmək kitabçasına əsasən iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən dövrlər də (güzəştli arayış təqdim edilmədiyi üçün) nəzərə alınmaqla ümumi əmək stajı 19 il 12 gündür. (xx.xx.2013-cü il tarixədək)

27. Odur ki, iddiaçının güzətli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ümumi əmək stajı mövcud deyil. Odur ki, məhkəmənin iddiaçının əmək şəraiti ağır və zərərli işlərdə stajının olması məsələsinə qiymət vermək zərurəti (prosesual qənaət prinsipindən irəli gələrək) yoxdur.

28. İddiaçı 52 yaşının tamam olduğu xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb edir. İddiaçı xx.xx.1961-ci ildə anadan olub və 52 yaşının tamam olduğu tarixə güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququna malik deyil. Odur ki, iddiaçının 52 yaşının tamam olduğu tarixdən güzəştli şərtlər yaşa görə pensiya təyin edilməsindən cavabdehin imtinası qanunsuz hesab edilə bilməz.

29. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

30. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar