Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1086/2022 16.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçı X6, iddiaçının nümayəndəsi X4 iştirakı ilə iddiaçı X6 cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı «əlavə mənzilin verilməsi»na dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı «iddiaçının əlavə mənzillə təmin olunması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. Lakin cavabdehin iddiaya qarşı yazılı münasibəti məhkəməyə daxil olmamışdır. İddia ərizəsində bildirilir ki, İddiaçı Azərbaycan Silahlı Qüvvələrinin “polkovnik” rütbəli ehtiyatda olan zabitidir. 1981 – 2017-ci illər ərzində SSRİ və Azərbaycan Silahlı Qüvvələrinin sıralarında ümumilikdə təqvim hesabı ilə 35 il ərzində həqiqi hərbi xidmət keçmişdir. 24 mart 2017-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 83 saylı əmrinə əsasən «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 156-cı maddəsinin “b” bəndinə əsasən (yaşa görə) ehtiyata buraxılmışdır. Xidmət etdiyi dövrdə dəfələrlə komandanlıq tərəfindən həvəsləndirilmiş, medallarla təltif olunmuşdur. O cümlədən, 4 aprel 1996-cı il tarixdə ölkə başçısı tərəfindən “Hərbi xidmətlərə görə” medalı ilə, Azərbaycan Respublikasının Müdafiə naziri tərəfindən isə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalla, “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalla və “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medalla təltif olunmuşdur. Əfqanıstan və Qarabağ müharibələrinin iştirakçısı və veteranıdır. 24 avqust 1993-cü il tarixdə Füzuli bölgəsində gedən döyüşlər zamanı döş qəfəsinin hər iki tərəfindən kor qəlpə yarası almışdır, qəlpə qırıntıları hələ də bədənində qalmaqdadır. Ailə tərkibi 4 nəfərdən ibarətdir, yaşayış sahəsi 28,82 kv.m olan 2 otaqlı darısqal bir mənzildə yaşayır. Mövcud qanunvericiliyə əsasən “polkovnik” rütbəsinə görə əlavə yaşayış sahəsi almaq hüququ vardır. Bu hüququ gerçəkləşdirmək üçün hazırkı cavabdeh Bakı şəhəri Binəqədi RİH-ə müraciət etmişdir. Binəqədi RİH-dən daxil olmuş 26 avqust 2020-ci il tarixli 02/09-11-11/A-l70-068 saylı cavab məktubunda qeyd olunur ki, o, yaşayış yeri üzrə qeydiyyatda olduğu rayonun icra hakimiyyətində mənzil növbəsinə dayandıqdan sonra qanunvericiliyə uyğun olaraq mənzillə təmin oluna bilər. Binəqədi RİHdən daxil olmuş 2-ci 8 oktyabr 2020-ci il tarixli, 02/09-11-11/A-170/2-068/2-t/1 saylı cavab məktubunda qeyd olunur ki, “Azadlıq prospekti, ev 14 /166, mənzil 44-cü mənzil xüsusi mülkiyyət hüququ əsasında ona (ərizəçiyə) məxsusdur, bu səbəbdən də, müraciətdə qeyd olunmuş məsələnin müsbət həlli mümkün olmamışdır. Binəqədi RİH-dən daxil olmuş 3-cü 13 noyabr 2020-ci il tarixli 02/09-11-11/A-170/3-068/3-t/2 saylı cavab məktubunda qeyd olunur ki, Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli Sərəncamına dəyişiklik edilməsi barədə 25 yanvar 2019-cu il tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə yaşayış sahəsinə ehtiaycı olan qismində yerli icra hakimiyyəti orqanlarında uçota alınmış bu kateqoriyadan olan şəxslərin 2014 – 2018-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. İddiaçı cavabdeh Binəqədi RİH-in bu mövqeyini ziddiyyətli, absurd, qanunsuz və əsassız hesab etdiyindən məhkəməyə iddia ərizəsi ilə müraciət edir. Qeyd olunduğu kimi, o (iddiaçı), Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan “polkovnik” rütbəli zabitidir, ümumilikdə təqvim hesabı ilə 35 il ərzində həqiqi hərbi xidmət keçmişdir, Azərbaycan Respublikası Müdafiə nazirinin 18 iyul 2005-ci il tarixli müvafiq əmrinə əsasən ona “polkovnik” hərbi rütbəsi verilmişdir. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinə əsasən istər hərbi xidmətdə olan, istərsə də ehtiyata və ya istefaya buraxılmış “polkovnik” rütbəli, buna bərabər və bundan yuxarı rütbəli zabitlərə, alimlik dərəcəsi olan hərbi qulluqçulara Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilən ölçüdə əlavə yaşayış sahəsi verilir. Deməli, “polkovnik” rütbəsinə görə əlavə yaşayış sahəsi ilə təmin olunmaq onun (iddiaçının) qanunla təsbit olunmuş hüququdur. Çünki, o, «Hərbi qulluqçuların statusu haqqında» Qanunun 12.3-cü maddəsinə istinad edir. Həmin maddəyə əsasən “polkovnik” rütbəli zabitin əlavə yaşayış sahəsi ilə təmin olunma hüququ vardır. Belə olduğu təqdirdə, cavabdehin gətirdiyi arqumentin heç bir hüquqi əsası və əhəmiyyəti də yoxdur. Digər tərəfdən, Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2019-cu il tarixli Sərəncamının «Hərbi qulluqçuların statusu haqqında» Qanunun 12.3-cü maddəsi ilə heç bir ziddiyyəti yoxdur. O (iddiaçı), məhz həmin Qanuna istinad edərək əlavə yaşayış sahəsi ilə təmin olunmasını tələb edir. Göründüyü kimi, cavabdehin mövqeyində heç bir məntiq yoxdur, onun verdiyi rəsmi cavab isə absurddur, qanunsuzdur və əsassızdır. Ona görə də iddiaçı hesab edir ki, pozulmuş hüquqları məhkəmə tərəfindən bərpa olunmalıdır. BMT Baş Məclisi tərəfindən bəyan edilmiş “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın, cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ var. Azərbaycan Respublikasının tərəfdaş çixdiği «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 17-ci maddəsi hüquqlardan sui-istifadənin qadağan olunmasinı ehtiva edir. Həmin maddəyə əsasən bu Konvensiyada heç nə hər hansı dövlətin, qrupun və ya şəxsin burada təsbit olunmuş hüquq və azadlıqlarının ləğvinə yönəlmiş hər hansı fəaliyyətlə məşğul olmaq və ya hər hansı əməl törətmək və ya onlan Konvensiyada nəzərdə tutulandan daha artıq məhdudlaşdırmaq hüququna malik olması kimi şərh oluna bilməz. Konstitusiyanın 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Konstitusiyanın 25-ci maddəsinin 1 və İİİ hissələrində təsbit olunmuşdur ki, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Həmçinin, həmin maddənin İV hissəsində qeyd olunur ki, heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Göstərilənlərə və İPM-in 2.2.3, 8.1.3, 34.1, 45, 46-cı maddələrinə əsaslanaraq, onun (iddiaçının) “polkovnik” rütbəsinə görə əlavə yaşayış sahəsi ilə təmin olunması öhdəliyinin cavabdeh Bakı şəhəri Binəqədi RİH-in üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İş materiallarında olan Bakı şəhəri Binəqədi RİH-in ərizəçi İddiaçı ünvanlanmış 26 avqust 2020-ci il tarixli məktubunda bildirilir ki, ehtiyatda olan zabit kimi əlavə yaşayış sahəsi ilə təmin olunmailə bağlı Binəqədi RİH-ə daxil olmuş 30 iyul 2020-ci il tarixli müraciətə baxılmışdır. RİH-in balansında boş mənzil yoxdur. Qanunvericiliyə əsasən vətəndaşların mənzillə təmin olunmaları üçün ilk şərt yaşayış yeri üzrə qeydiyyatda olduqları rayonun icra hakimiyyətində mənzil növbələrinin olmasıdır. Bu səbəbdən, o da (ərizəçi də) yaşayış yeri üzrə qeydiyyatda olduğu rayonun icra hakimiyyətində mənzil növbəsinə dayandıqdan sonra qanunvericiliyə uyğun olaraq mənzillə təmin oluna bilər. İş materiallarında olan Bakı şəhəri Binəqədi RİH-in ərizəçi İddiaçı ünvanlanmış 8 oktyabr 2020-ci il tarixli məktubunda bildirilir ki, ehtiyatda olan zabit kimi mənzil növbəsinə götürülmə ilə bağlı Binəqədi RİH-ə ünvanlanmış 4 sentyabr 2020-ci il tarixli müraciətə RİH başçısı yanında Ehtiyatda və ya istefaya buraxılmış hərbi qulluqçuların işləri üzrə Komissiya tərəfindən baxılmışdır. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Lakin, təqdim olunmuş 22 may 2015-ci il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”dan müəyyən olunmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 14/166 saylı binanın 44-cü mənzili xüsusi mülkiyyət hüquqları əsasında ona (ərizəçiyə) məxsusdur, ərizəçi ailə tərkibi 4 nəfər (özü, arvadı və 2 qızı) olmaqla həmin ünvanda hal-hazırda qeydiyyatda olaraq yaşayır. Bu səbəbdən də, müraciətdə qeyd olunmuş məsələnin müsbət həlli mümkün olmamışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi RİH-in ərizəçi İddiaçı ünvanlanmış 13 noyabr 2020-ci il tarixli məktubunda bildirilir ki, mənzillə təmin olunma ilə bağlı Binəqədi RİH-ə daxil olmuş 6 noyabr 2020-ci il tarixli müraciətə baxılmışdır. Qanunvericiliyin tələbinə əsasən vətəndaşların mənzillə təmin olunmaları üçün ilk şərt yaşayış yeri üzrə qeydiyyatda olduqları rayonun icra hakimiyyətində mənzil növbəsinin olmasıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 49.5-ci maddəsinə əsasən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması müvafiq icra hakimiyyəti (Azərbaycan Respublikası Nazirlər Kabineti) orqanı tərəfindən müəyyən edilir. Hal-hazırda yaşayış sahəsinə ehtiyacı olanların mənzil növbəsinə götürülməsi üçün uçot normaları haqqında qaydalar müəyyənıəşdirilmədiyindən, ərizədə qeyd edilən məsələnin müsbət həlli mümkün olmamışdır. Bundan əlavə, hal-hazırda Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli Sərəncamına dəyişiklik edilməsi barədə 25 yanvar 2019-cu il tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə yaşayış sahəsinə ehtiyacı olan qismində yerli icra hakimiyyəti orqanlarında uçota alınmış bu kateqoriyadan olan şəxslərin 2014 – 2028ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Gələcəkdə müvafiq qaydalar qəbul edildikdən sonra mənzil məsələsinə müraciət əsasında yenidən baxılacaqdır. Bakı İnzibati Məhkəməsinə iddiaçının övladı X10 ərizə ilə müraciət edərək, atası İddiaçı 23 sentyabr 2021-ci il tarixdə vəfat etdiyini bildirmiş və iddiaçı qismində onun cəlb olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə İddiaçı X10 ilə əvəz olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı və onun nümayəndəsi gəlmişlər, cavabdeh tərəf gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X9 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı X10 iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını və onun nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 12.2-ci maddəsinə görə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 14/166 saylı binanın 44 saylı mənzili onun mülkiyyətində olmuş və o, həmin mənzildə yaşamışdır. O, RİH-də mənzil növbəsinə son rütbəsi “polkovnik” olmaqla 35 il hərbi xidmət keçmiş hərbi qulluqçu kimi ona əlavə mənzil verilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İmtina üzrə əsas kimi aşağıdakılar göstərilmişdir: 1) dövlət mənzil fondunun yaşayış sahəsi ilə təmin edilmə məqsədləri üçün uçot normaları haqqında qaydalar Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilməmişdir, 2) İddiaçı mülkiyyətində mənzil var və o, 4 nəfər ailə tərkibi ilə həmin mənzildə yaşayır, 3) Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2019-cu il tarixli Sərəncamı ilə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış müvafiq kapeqoriyadan olan şəxslərin (AR ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin, şəhid ailələrinin) 2014 – 2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi mümkündür. X7 cavabdeh Binəqədi RİH-in imtinasını mübahisələndirmiş və məhkəmədə “əlavə mənzillə təmin olunma” tələbini irəli sürmüşdür. İş məhkəmənin icraatında olduğu dövrdə X3 vəfat etmişdir. Bundan sonra məhkəmənin qərardadı ilə iddiaçı X3 hüquqi varisi X5 ilə əvəz edilmişdir. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin ikinci hissəsinə görə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikası Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Həmin maddənin üçüncü hissəsinə görə istər hərbi xidmətdə olan, istərsə də ehtiyata və ya istefaya buraxılmış “polkovnik” rütbəli, buna bərabər və bundan yuxarı rütbəli zabitlərə, elmi dərəcəsi olan hərbi qulluqçulara Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilən ölçüdə əlavə yaşayış sahəsi verilir. Həmin Qanunun 21-ci maddəsinin beşinci hissəsinə görə hərbi qulluqçu və ya həqiqi hərbi xidmətdən buraxılmış şəxs həlak olduqda (vəfat etdikdə) onun ailəsi istifadə etdiyi güzəştlərə hüququnu saxlayır, bu şərtlə ki, Azərbaycan Respublikasının qanunvericiliyində başqa hal nəzərdə tutulmasın. Məhkəmə hazırkı işin hallarını nəzərə alaraq, cavabdehin imtina əsası kimi təqdim etdiyi dəlillərlə razılaşmır və vurğulayır ki, dövlət mənzil fondunun yaşayış sahəsi ilə təmin edilmə məqsədləri üçün uçot normalarının hazırda müəyyən edilməməsi, hərbi qulluqçunun əlavə mənzil sahəsi ilə təmin olunması məsələsinə təsdiq edən xüsusiyyət deyil. Eləcə də, mərhum İddiaçı mülkiyyətində mənzilin olması, ona sağlığında əlavə mənzil verilməsini istisna edə bilməzdi. Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2019-cu il tarixli Sərəncamı isə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin, şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması tədbirləri ilə bağlıdır, halbuki, mərhum İddiaçı bu şəxslərin sırasına daxil olmamışdır. Lakin işin halları üzrə bəzi xüsusatlar hazırkı vəziyyətdə iddia tələbinin əsaslı olmaması qənaəti yaradır. Diqqət yetirilməlidir ki, X1 Binəqədi RİH-də yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması işin mübahisəsiz halı olsa da, nəzərə alınmalıdır ki, həmin şəxs qaldırılan məsələyə münasibətdə RİH-də yaşayış sahəsinə ehtiyacı olan qismində deyil, “əlavə mənzil sahəsi” ilə bağlı uçota alınmalı idi. Belə halın nəzərə alınmaması, ümumi qaudada uçota alınmış digər şəxslərin maraqlarına toxunur. Bundan başqa, hazırda Binəqədi RİH-in sərəncamında dövlət mənzil fonduna aid mənzil sahəsinin olub-olmaması məlum deyil. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh Bakı şəhəri Binəqədi RİH-in X2 əlavə mənzil sahəsinin verilməsindən imtinası qanuna zidd qiymətləndirilməməlidir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.3-cü maddəsinə görə aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: (73.3.1) inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; (73.3.2) inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; (73.3.3) inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı X6 cavabdeh Bakı şəhəri Binəqədi RİH-ə qarşı «əlavə mənzilin verilməsi» tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 23.1, 58.7, 69, 73.3, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı X6 cavabdeh Bakı şəhəri Binəqədi RİH-ə qarşı «əlavə mənzilin verilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-1086/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1086/2022
16.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver