Məhkəmə qərarları › İş №2-1(112)-10861/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10861/2023

23.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10861/2023 23.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “yaşa görə əmək pensiyasının yenidən hesablanması və məbləğ fərqinin ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yaşa görə əmək pensiyasının məbləğinin 62 yaşı tamam olduğu 2009-cu ildə qüvvədə olan qanunvericiliyə əsasən 2004-2005-ci illər üzrə orta aylıq əməkhaqqına uyğun təyin edilməsi və hüququnun yarandığı tarixdən, yəni, xx.xx.2009-cu ildən bu günə kimi ödənilməmiş pensiya məbləğinin fərqinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1947-ci il tarixdə anadan olmuşdur. Pensiya yaşı 62 yaşı tamam olduğu xx.xx.2009-cu il tarixinə təsadüf edir. Buna baxmayaraq, ona pensiya təyinatını xx.xx.2010-cu ildən təyin ediblər. Məlum olduğu kimi, xx.xx.2010-cu ildən etibarən həm pensiya yaşı 6 ay artırıldı, həm də pensiya məbləğinin hesablanması düsturu əməkhaqqının faizindən staj hesablamasına keçidi ilə yadda qaldı. Elə həmin tarixdən bu günədək, o, DSMF orqanlarına müraciət edir. Məsələ burasındadır ki, onun pensiya yaşı 2009-da başa çatıb. DSMF-yə dəfələrlə “pensiya məbləğinin stajına əsasən deyil, son iki ilin orta aylıq əmək haqqının faizinə əsasən hesablanmalı olduğuna dair” ərizə vermişdir. Cavabdeh bildirmişdir ki, “sizin pensiya yaşınız 62 yaş 6 aya, yəni xx.xx.2010-cu ilə düşür. Ona görə də, sizə əməkhaqqının faizi ilə deyil, stajla hesablama aparmışıq”. Sonuncu dəfə müraciətinə 11 may 2023-cü il tarixində yenidən imtina veriblər. İddiaçı yaşa görə əmək pensiyasının məbləğinin 2009-cu ildə qüvvədə olan qanunvericiliyə əsasən 2004-2005-ci il üzrə orta aylıq əməkhaqqına uyğun hesablanmasını xahiş edir.

3. İddiaçının yaşa görə əmək pensiyasının yenidən hesablanması barədə müraciətinə verilmiş imtinada bildirilimşdir ki, “xx.xx.2006-cı il tarixindən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinin xx.xx.2010-cu il tarixində qüvvədə olan tələblərinə əsasən sizə həmin tarixdən ümumi əsaslarla yaşa görə əmək pensiyası təyin edilmişdir. Sözügedən Qanuna xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunanları nəzərə alaraq əmək pensiyanızın məbləği xx.xx.2023-cü il tarixindən Qanunun 26.4-cü maddəsinə əsasən 809,33 manata, eyni zamanda Qanunun 29.1-ci maddəsinin tələblərinə uyğun olaraq 928,30 manata çatdırılmışdır. Bildiririk ki, əmək fəaliyyəti dövrünüz, o cümlədən, xx.xx.1966-cı il tarixindən xx.xx.1970-ci il tarixinədək təhsil aldığınız illər, xx.xx.1971-ci il tarixindən xx.xx.1972-ci il tarixinədək hərbi xidmətdə oluğunuz müddət nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 38 il 5 ay 1 gün sığorta stajı və xx.xx.2006-cı il tarixindən pensiya hüququnuz yaranan tarixədək fərdi hesabınızın sığorta hissəsində qeydə alınan 22488,48 manat, Qanunun 37.3.1-ci maddəsinə əsasən xx.xx.2010-cu il tarixindən işdən azad olduğunuz xx.xx.2019-cu il tarixinədək 14923,44 pensiya kapitalı əsasında pensiyanız yenidən hesablanmış və pensiyanızın məbləğində (928,30 manat) dəyişiklik olmamışdır. Bildiririk ki, hazırda qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən əmək pensiyanızın orta aylıq əməkhaqqı əsasında yenidən hesablanması mümkün hesab edilmir.

4. Cavabdeh tərəfindən imtinanın məzmununa uyğun iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iş materiallarına əsasən, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək, ona xx.xx.2010-cu il tarixdən təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. İnzibati orqanın xx.xx.2023-cü il tarixli 3-17-1/2-H- 103181/3/2023 nömrəli məktubu ilə iddiaçının müraciəti əsasında qanunvericiliyin tələblərinə uyğun olaraq pensiyanın məbləğinin yenidən hesablandığı və pensiyanın məbləğində dəyişiklik olmadığı bildirilmişdir. İddiaçı xx.xx.2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin xx.xx.2010-cu il tarixdə qüvvədə olan tələblərinə əsasən həmin tarixdən ümumi əsaslarla yaşa görə əmək pensiyası təyin edilmişdir. Sözügedən Qanuna xx.xx.2023-cü il tarixdən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 01 yanvar 2023-cü il tarixdən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. İstinad olunan Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunanları nəzərə alaraq İddiaçı əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixdən Qanunun 26.4-cü maddəsinə əsasən 809,33 manata, eyni zamanda Qanunun 29.1-ci maddəsinin tələblərinə uyğun olaraq 928,30 manata çatdırılmışdır. İddiaçı mübahisələndirilməyən iş stajı xx.xx.1966-cı il tarixdən xx.xx.1970-ci il tarixədək təhsil aldığı dövr, xx.xx.1971-ci il tarixdən xx.xx.1972-ci il tarixədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 38 il 05 ay 01 gün təşkil edir. Eyni zamanda iddiaçının xx.xx.2006-cı il tarixdən pensiya hüququ yaranan tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınan 22488,48 manat pensiya kapitalı, Qanunun 37.3.1-ci maddəsinə əsasən xx.xx.2010-cu il tarixdən işdən azad olduğu xx.xx.2019-cu il tarixədək 14923,44 pensiya kapitalı əsasında pensiyası yenidən hesablanmış və pensiyasının məbləğində dəyişiklik olmamışdır. Belə ki, iddiaçının pensiyası xx.xx.2023-cü il tarixə münasibətdə 928,30 manat təşkil etmişdir. Əlavə olaraq bildiririk ki, hazırda qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən əmək pensiyasının orta aylıq əməkhaqqı əsasında yenidən hesablanması mümkün hesab edilmir.

5. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli iş üzrə icraata xitam verilməsi barədə ərizə təqdim edilərək, qeyd edilmişdir ki, işin faktiki hallarına əsasən hesab edirik ki, icraatınızda olan 2-1(112)-10861/2023 nömrəli iş üzrə icraata xitam verilməlidir. Belə ki, İddiaçı xx.xx.2009-cu il tarixdən ümumi əsaslarla yaşa görə pensiya təyin edilmiş və xx.xx.2023cü il tarixə 2662,17 manat pensiya məbləği müəyyən edilmişdir. Nəticə etibarilə hesab edilir ki, yuxarıda qeyd edilən qanunvericilik normalarının tələbərinə əsasən işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir.

6. İddiaçı iddia təlbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, hüququnun yarandığı xx.xx.2009-cu ildən (62 yaş) yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə xx.xx.2018-ci ilədək olan müddət üzrə yenidən hesablanması və yaranmış məbləğ fərqinin ödənilməsi öhdəliyinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Ərizə onunla əsaslandırılmışdır ki, tələfindən Bakı İnzibati Məhkəməsinə təqdim olunmuş 2-1(112)-10861/2023 saylı iş üzrə cavabdeh inzibati orqan Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı iddiasının bir qismini təmin etmişdir. Belə ki, sözügedən inzibatı orqan əvvəlki dövrdə verdiyi qərarın səhv olduğunu anlayaraq, 62 yaşının tamam olduğu xx.xx.2009-cu il tarixində qüvvədə olan qanunvericiliyə əsasən pensiya təyinatını həyata keçirmiş, lakin hüququnun yalnız xx.xx.2018-ci il tarixinədək olan hissəsinin ödənişlərini bərpa etmişdir. İdarə bu qərarını onunla əsaslandırmışdır ki, onun xx.xx.2021-ci ildə DSMF Nəsimi rayon Xidmət nümayəndəliyinə verdiyi ərizənin tarixindən son 3 (üç) il üzrə keçmiş dövr ödənişləri nəzərə alınmalıdır. Hesab edir ki, bu səhv yanaşmadır və növbəti dəfə hüququnun pozulması deməkdir. Təqdim etdiyi sənədlərin içərisində 26 iyul 2010-cu il tarixində DSMFnin Nəsimi rayon şöbəsinə təqdim etdiyi ərizənin surəti mövcuddur. Əslində onun hüququ həmin tarixdəki ərizəyə əsasən qüsursuz şəkilidə icra edilməli idi. Qeyd etdiyi tarixdə müvafiq idarə onun pensiya təyinatının icrasını kobud şəkildə pozub.

8. Hazırki vəziyyətdə cavabdeh tərəfindən iddia tələbləri qismən təmin olunduğuna görə iddia ərizəsində dəqiqləşdirmə aparılmasına zərurət yaranmışdır.

9. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsi əsasında iddia tələbi “hüququnun yarandığı xx.xx.2009-cu ildən (62 yaş) yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə xx.xx.2018-ci ilədək olan müddət üzrə yenidən hesablanması və yaranmış məbləğ fərqinin ödənilməsi öhdəliyinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması” kimi dəyişdirilmişdir.

10. Şifahi məhkəmə dinləmələri zamanı iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin məzmununa uyğun izahat verməklə iddianın təmin olunmasını xahiş etdi.

11. Şifahi məhkəmə dinləmələri zamanı iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etirazın məzmununa uyğun izahat verdi.

II. İddianın növü və mümkünlüyü

12. İddia tələbi pensiyanın yenidən hesablanması ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.3 İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1 Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

14. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

15. Məhkəmə qeyd edir ki, iddiaçının ilk tələbi əmək pensiyasının məbləğinin 62 yaşı tamam olduğu 2009-cu ildə qüvvədə olan qanunvericiliyə əsasən 2004-2005-ci illər üzrə orta aylıq əməkhaqqına uyğun təyin edilməsi və hüququnun yarandığı tarixdən, yəni, xx.xx.2009-cu ildən bu günə kimi ödənilməmiş pensiya məbləğinin fərqinin birdəfəlik ödənilməsi idi.

16. İş məhkəmənin icraatında olan zaman cavabdeh tərəfindən iddiaçının tələbi qismən təmin edilərək, İddiaçı xx.xx.2009-cu il tarixdən ümumi əsaslarla yaşa görə pensiya təyin edilmiş və xx.xx.2023-cü il tarixə 2662,17 manat pensiya məbləği müəyyən edilmişdir, lakin xx.xx.2018-ci il tarixinədək olan hissəsinin ödənişlərini bərpa edilməmişdir.

17. Qərar onunla əsaslandırmışdır ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ödənilir. Qanunvericilikdə keçmiş müddət üçün alınmamış əmək pensiyasının ən çoxu üç il müddət üçün hesablanması nəzərdə tutulmuşdur. Buna görə də, ən çoxu üç il üçün pensiya fərqi ödənilə bilərdi və həmin məbləğ də iddiaçıya münasibətdə hesablanıb ödənilmişdir.

18. İddiaçının hazırki tələbi hüququnun yarandığı xx.xx.2009-cu ildən (62 yaş) yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə xx.xx.2018-ci ilədək olan müddət üzrə yenidən hesablanması və yaranmış məbləğ fərqinin ödənilməsidir.

19. Bununla bağlı məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: Əvvəlki redaksiyasında deyilirdi:

26. Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş əmək pensiyasının yenidən hesablanması 26.2. Bu Qanunun qüvvəyə mindiyi günədək müvafiq orta aylıq əməkhaqqına məhdudiyyət (ölkə üzrə pensiya hesablanması üçün təsdiq olunmuş orta aylıq əməkhaqqının üçqat məbləğində) tətbiq edilməklə hesablanmış əmək pensiyası, həmin əməkhaqqının tam məbləği əsas götürülməklə yenidən hesablanır.

27. Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması 27.1. Bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əməkhaqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və bu zaman bu qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əmək haqqına (bu qanunun 20-ci maddəsində göstərilən vəzifələr üzrə əmək haqqı istisna olmaqla) məhdudiyyət tətbiq edilmir. 32.1. Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir (xx.xx.2017-ci ilə qədər olan redaksiya). 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir (xx.xx.2017-ci ilə qədər olan redaksiya). 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir (xx.xx.2017-ci ildən qüvvəyə minmiş redaksiya).

20. İş materiallarında olan iddiaçının pensiya ödənişlərinə dair sənədlərdən görünür ki, iddiaçı cavabdeh orqana xx.xx.2015-ci il tarixli ərizə ilə müraciət edərək, əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Bundan əlavə cavabdeh orqanın xx.xx.2021-ci il tarixli, **********9 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarının “Qeyd” hissəsində deyilir: “Vətəndaşa müraciət etdiyi vaxtda qüvvədə olan qanunvericiliyə uyğun pensiya təyin olunmuşdur. xx.xx.2010-cu il tarixədək qüvvədə olan qanunla hesablamaq mümkün hesab olunmur. Məbləğdə fərq azad olmaya görədir.”

21. Hazırkı mübahisəyə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli qərarında göstərilir ki, N.Hüseynbəyovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğununyoxlanılmasına dair “Burada xüsusilə qeyd olunmalıdır ki, Qanunun 32.1-1-ci maddəsinin birinci cümləsindəki “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 1 iyul 2017-ci il tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi üçün müvafiq inzibati orqana məhz həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə tətbiq olunur və bununla da, məntiqi olaraq pensiyanın yenidən hesablanmasını deyil, ilk dəfə hesablanması hallarını ehtiva edir.

22. Həmin Qanuna 30 noyabr 2018-ci il tarixində yeni məzmunda əlavə edilmiş 32.1-2-ci maddə isə inzibati orqana 2019-cu il yanvarın 1-dən sonra müraciət etmiş pensiyaçıların əmək pensiyasının yenidən hesablanması hallarını tənzimləyir.

23. Göründüyü kimi iddiaçının cavabdeh quruma müraciətləri xx.xx.2017-ci il tarixədək olmuşdur.

24. Bu səbəddən də cavabdeh iddiaçıya münasibətdə “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi tətbiq etməklə pensiyanın yenidən hesablanması iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur.

25. Odur ki, məhkəmə hesab edir ki, məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçının pensiyasının yenidən hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

26. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

27. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. İddiaçı hüququnun yarandığı xx.xx.2009-cu ildən (62 yaş) yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə xx.xx.2018-ci ilədək olan müddət üzrə yenidən hesablanması və yaranmış məbləğ fərqinin ödənilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar