Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10862/2023 10.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi (anası) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya şöbəsinə qarşı “qərarın ləğv edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qaradağ rayon İcra və Probasiya Şöbəsinin e69633/2020-30-11-006 nömrəli xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi və borclu İddiaçı üzərindən axtarışın götürməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, Qaradağ rayon İcra və Probasiya Şöbəsinin e69633/2020-30-11-006 nömrəli xx.xx.2022-ci il tarixli qərarına əsasən, xx.xx.1979-cu il təvəllüdlü, Bakı şəhəri, Qaradağ rayonu, Sahuil qəs., Z.Qasımov küçəsi, ev 37 A-65 saylı mənzildə qeydiyyatda olan İddiaçı barəsində axtarış edilməsini və qərarın icra edilməsini üçün Bakı Qaradağ rayon Polis İdarəsinə göndərilməsi haqqında qərar qəbul edilmişdir. AR İPM-nin 38-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına verildiyi hallarda isə şikayəə dair qəbul qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Qaradağ rayon İcra və Probasiya Şöbəsinin e69633/2020-30-11-006 nömrəli xx.xx.2022-ci il tarixli qərarın sürəti icra məmuru tərəfindən xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. Beləliklə Qaradağ rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 icraatında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəsinin 2(002)-892/2020-007 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinin icra edilməsi məqsədi ilə borclu İddiaçı barəsində axtarış edilməsi haqqında qərar qəbul edilmişdir. İddiaçı Azərbaycan Respublikasında olmadığı üçün anası və etibarnamə üzrə nümayəndəsi Nümayəndə tərəfindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 892/2020-007 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinin icra edilməsi məqsədi ilə iş üzrə tələbkara ödənilməli olan 170 manat məbləğində alimentin hər ay vaxtında ödənişi təmin edilmişdir. Aylıq 170 manat alimentdən əlavə 2000 manata qədər yaranmış olan aliment borcu da ödənilmiş və ödəniş üzrə qəbzlər Qaradağ rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 təqdim edilmişdir.
3. Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli borclunun axtarışı haqqında qərarda qeyd olunur ki, icra sənədi üzrə borclu İddiaçı hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 170 manat sabit pul məbləğində aliment tutularaq X1 xeyrinə ödənilməlidir. Borclu xx.xx.1979-cu il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı barəsində axtarış elan edilmişdir.
4. Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli borclunun axtarılması barədə məlumat məktubuna əsasən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən verilmiş 2(002)-892/2020-007 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə İddiaçı yaşayış yeri məlum olmadığından axtarış barədə qərar icra olunması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir.
5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (anası) iddianın məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi.
II. Məhkəmə aidiyyatı ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarından
6. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli qərarına əsasən: - Məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə Azərbaycan Respublikasının İnzibati- Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır; - Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair bu Qərarda formalaşdırdığı hüquqi mövqeyini nəzərə alaraq, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələri arasında uyğunsuzluğun aradan qaldırılması Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin; - Qanunvericilikdə müvafiq dəyişikliklər edilənədək, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci maddəsinin “icra məmurunun olduğu yerin məhkəməsi” müddəası icra məmurunun olduğu ərazi üzrə inzibati-iqtisadi məhkəmə kimi başa düşülməlidir.
7. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli qərarına əsasən: - “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. - İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər.
8. Konstitusiya Məhkəməsinin Plenumunun qeyd edilən qərarda ifadə edilən hüquqi mövqeyinə əsasən: ... icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın 3 gün müddətində icra sənədini vermiş məhkəməyə göndərildiyini və həmin məhkəməyə bu qərarın qanuniliyini yoxlamaq səlahiyyətinin verildiyini, həmçinin “İcra haqqında” Qanunun 20.2, 20.4 və 20.5-ci maddələrinin sistemli əlaqədə və normativ vəhdətdə olduğunu nəzərə alaraq, tərəflərin də həmin qərardan məhz icra sənədini vermiş məhkəməyə şikayət verməsini qanuna uyğun hesab edir. Əks hal icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı ilə bağlı müxtəlif məhkəmə qərarlarının qəbul edilməsinə səbəb ola bilər. Bununla yanaşı qeyd olunmalıdır ki, “İcra haqqında” Qanunun 20.5-ci maddəsində yalnız məhkəmələr tərəfindən verilmiş icra sənədi üzrə deyil, həmçinin digər orqanlar tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından şikayətin verilməsi nəzərdə tutulmuşdur. Məhz bu baxımdan qanunverici həmin maddədə “müvafiq məhkəmə” ifadəsindən istifadə etmişdir. “Müvafiq məhkəmə” ifadəsinə aydınlıq gətirərək Konstitusiya Məhkəməsinin Plenumu belə hesab edir ki, məhkəmə tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından tərəflər həmin icra sənədini vermiş məhkəməyə, digər orqanların verdiyi icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından isə məntiqi olaraq icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verə bilərlər. Beləliklə, qanunda edilən bu dəyişikliklər məhkəmə qərarlarının vaxtında və düzgün icrasını təmin etmək məqsədi daşıyır. İcra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarı həmin mülki, iqtisadi və inzibati işin bilavasitə davamıdır və icra məmurunun bu qərarından şikayətə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir...
III. İddianın mümkünlüyü
9. Məhkəmə icra sənədinin icra edilməsi zamanı eyni yanaşmanın tətbiq olunmalı olduğunu hesab edir. Belə ki, icra sənədinin icrası həmin mülki, iqtisadi və inzibati işin bilavasitə davamıdır və icra məmurunun hərəkətlərindən şikayətə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir.
10. X5 Məhkəməsinin presedentləri ilə müəyyən edilir ki, X5 Konvensiyasının 6-cı maddəsinin məqsədlərinə əsasən istənilən məhkəmə qərarının icrası “məhkəmə prosesi”nin ayrılmaz hissəsi hesab olunmalıdır (Hornsby Yunanıstana qarşı, § 40-a baxın).
11. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarı; 1.3 və 1.4-cü bəndlər)
12. İddiaçı faktiki olaraq icra məmurunun hərəkətlərindən şikayət edərək Qaradağ Rayon Məhkəməsinin 2(002)-892/2020-007 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Qaradağ Rayon İcra və Probasiya şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarın ləğv olunmasını tələb edir. Odur ki, məhkəmə hesab edir ki, icra məmurunun hərəkətlərindən və qəbul etdiyi qərardan şikayətə aidiyyəti üzrə səlahiyyətli ümumi məhkəmə tərəfindən baxılmalıdır.
13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.
14. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarı; 17-ci bənd).
15. Qeyd edilən halda icra məmurunun qanunsuz hərəkətləri ilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi də əsas tələblə bağlı olduğundan eyni qaydada mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.
16. İddiaçıya müvafiq şikayətlə səlahiyyətli ümumi məhkəməyə müraciət etmək hüququ izah olunsun.
17. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
18. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Günel Sevdimalıyeva