Məhkəmə qərarları › İş №2-1(112)-10864/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10864/2022

15.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10864/2022 15.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı iştirakı ilə iddiaçının Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı «əmək kitabçasında işə qəbul olunma tarixinə dəyişiklik edilməsi, əməkhaqqının tarif dərəcəsi üzrə ödənilməsi, işdən çıxmağa görə son haqq-hesabın ödənilməsi, istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiyanın verilməsi öhdəliyinin qoyulması»na dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı «əmək kitabçasında işə qəbul olunma tarixinə dəyişiklik edilməsi, əməkhaqqının tarif dərəcəsi üzrə ödənilməsi, işdən çıxmağa görə son haqq-hesabın ödənilməsi, istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiyanın verilməsi öhdəliyinin qoyulması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1999-cu ildə Qaradağ tir və üzlük materialları kombinatının direktoruna ərizə verərək gözətçi işinə qəbul olunmuşdur. Direktor tərəfindən ərizəsinə dərkənar qoyularaq 1 nömrəli sexə gözətçi kimi işə qəbul edilməsi barədə göstəriş verilmişdir. Həmin kombinatda işləməsinə baxmayaraq tarixi göstərilməyən ******* saylı əmək kitabçasında qeyd edilmişdir ki, xx.xx.2005-ci ildə 67 saylı, xx.xx.2005-ci il tarixli əmrlə işə qəbul olunmuşdur. 11 ay işlədikdən sonra öz xahişi ilə işdən çıxmışdır. xx.xx.1999-cu il tarixdən həmin kombinatda faktiki işləməsinə baxmayaraq əmək kitabçasında xx.xx.2005-ci il tarixdən işləməsinin qeyd olunması tam qanunsuzdur. Bu qanunsuzluq nəticəsində xx.xx.1999-xx.xx.2005-ci illəri əhatə edən 6 il iş stajı itirilmişdir. Halbuki əmək kitabçasında qeyd edilməmiş illərdə kombinatda işlədiyini təsdiq edən şahidlər də vardır. xx.xx.1999-xx.xx.2009-cu illəri əhatə edən iş stajından yalnız xx.xx.2005-xx.xx.2006-cı illəri əhatə edən 11 aylıq stajı alınmışdır. xx.xx.2009-cu ildə işlədiyi "xxxx" MMC satılmış və "xxxx" MMC adlandırılmışdır. xx.xx.2009-cu ildə "xxxx" MMC-də gözətçi işinə qəbul olunmuş və xx.xx.2018-ci ilə kimi orada işləmişdir. 2018-ci ildə "xxxx" MMC-dən Cavabdeh ASC-yə gözətçi vəzifəsinə qəbul edilmişdir. Cavabdeh ASCdə xx.xx.2019-cu il tarixdə 02/k saylı əmrlə işə qəbul olunmuş və xx.xx.2021-ci ildə əmək müqaviləsinin müddətinin qurtarması ilə səbəbindən işdən azad olunmuşdur. İşlədiyi müddətdə hesablanmış əmək haqqını ala bilməmişdir. Əmək kitabçası tərtib edilərkən qanunsuzluğa yol verildiyinə görə pensiya təminatında ciddi çətinliklər yaranmış və nəticədə Konstitusiyada təsbit edilmiş pensiya hüququ pozulmuşdur. İşə qəbul edilərkən əmək qanunvericiliyinin tələbləri pozulmuş, əmək münasibətlərini əks etdirən əmək kitabçası tələb olunan müddətdə deyil, tarixi məlum olmayan vaxtda tərtib olunmuşdur. İşlədiyi müddətdə əməkhaqqı almamaqla yanaşı əmək müqaviləsinə xitam verilərkən nəzərdə tutulmuş müavinətlərdən (məs., son haqq-hesab, əmək məzuniyyəti, istifadə edilməmiş əmək məzuniyətinə görə kompensasiya verilməsi və s.) istifadə etməmişdir. Qeyd olunanları əsaslanaraq iddiaçı adına tərtib edilmiş ******* saylı əmək kitabçasında işə qəbul olunma tarixinin xx.xx.2005-ci ildən deyil, xx.xx.1999-cu il tarixdən göstərilməsi (yazılması), işlədiyi müddətdə hesablanmış əmək haqqının tarif dərəcəsi üzrə ödənilməsi, işdən çıxmağa görə son haqq-hesabın, istifadə edilməmiş əmək məzuniyyətlərinə görə pul kompensasiyasının verilməsi öhdəliyi Qaradağ ASC-nin (əvvəlki "xxxx" və "xxxx" MMC-nin hüquqi varisi kimi) üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iş üzrə məhkəmənin hazırlıq icraatı üzrə iclası təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh iclasda iştirak etməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. O, bildirdi ki, işə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, İPM-in 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 3.1-ci maddəsinə görə bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. İş üzrə Cavabdeh ASC Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş inzibati orqanların təsnifatına əsasən inzibati orqan deyil. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 2-ci bəndində göstərilir ki, nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir (2-ci bənd). İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında əmək münasibətləri mövcud olmuşdur. Məhkəmənin qənaətinə görə hazırkı mübahisə üzrə tərəflər arasında inzibati münasibətlər olmamışdır. Bu səbəbdən də yaranmış mübahisə inzibati xarakterli sayıla bilməz. Odur ki, mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkünsüzdür. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında qeyd olunur ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.3 və 1.4-cü bəndlər). Həmin Qərarın 17-ci bəndində göstərilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Odur ki, iddiaçıya müvafiq tələblə Cavabdeh ASC-nin ünvanının olduğu yer üzrə ümumi məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35, 80, 83, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar