Məhkəmə qərarları › İş №2-1(112)-10864/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10864/2025

16.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10864/2025 16.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsinə qarşı “nikah haqqında akt qeydinin bərpa edilməsi və yeni nikah haqqında şəhadətnamənin verilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək mərhum həyat yoldaşı X7 ölüm haqqında şəhadətnaməsində soyadının, adının və ata adının qeydində yol verilmiş yanlışlığın aradan qaldırılması, ölüm haqqında şəhadətnamədə onun adının soyadının və ata adının X3 qeyd olunması, həmçinin özünün doğum haqqında şəhadətnaməsində soyadının, adının və ata adının qeydində yol verilmiş yanlışlığın aradan qaldırılması, adının, soyadının X1 qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Aliyeva (Həsənova) Afilə Abuzər qızı xx.xx.1979-cu il tarixində mərhum həyat yoldaşı X11 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Mərhum həyat yoldaşı X7 doğum haqqında şəhadətnaməsində adı Viləddin, soyadı -Alıyev, ata adı Alı kimi qeyd olunmuşdur (xx.xx.1966-ci il tarixli ,N-91 1-ЗЖ-N- 928753 saylı şəhadətnamə). X11 xx.xx.2011-ci ildə vəfat etmişdir. Onun ölüm haqqında şəhadətnaməsi həmin vaxt yaşadıqları Gəncə şəhər Kəpəz rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmişdir. Ölüm haqqında şəhadətnamə verilərkən həyat yoldaşının adı, soyadı, ata adı yanlışlığa yol verilərək səhvən X11 əvəzinə - X5 qeyd olunmuşdur. Eyni zamanda iddiaçının doğum haqqında şəhadətnaməsində də adının - soyadının qeydində yanlışlığa yol verilmiş, adım soyadım Alıyeva (Həsənova) Afilə Abuzər qızı əvəzinə İddiaçı kimi qeyd olunmuşdur. Qeyd edilən sənədlərdə yol verilmiş yanlışlıqlar iddiaçıya lazımı sənədləşmə işlərinin aparılmasında çətinliklər yaradır. Həmin yanlışlıqlara düzəliş verilməsi üçün ilkin olaraq 6 saylı Bakı “Asan Xidmət” X4 müraciət etmişdir. Ona bildirmişlər ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydinin bərpası ilə və sair hallar ərizə verənin qeydiyyatı üzrə VVAQ Şöbəsinə müraciət etsin. Bundan bir müddət sonra iddiaçı Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də, hazırkı günə kimi müraciəti cavablandırılmamışdır. Təkrar müraciəti də cavabdeh tərəfindən cavablandırılmamışdır. Hazırda iddiaçı ona lazım olan sənədləşmə işlərini qeyd olunan sənədlərdə yol verilmiş yanlışlıqlara görə apara bilmir və həmin yanlışlıqları başqa yolla aradan qaldıra bilmir, məcbur olub məhkəməyə müraciət edir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinə qarşı mərhum həyat yoldaşı X7 ölüm haqqında şəhadətnaməsində yanlışlığın düzəldilməsi və s. iddiası üzrə 2-1(112)-3596/2025 nömrəli inzibati işdən İddiaçı özünün doğum haqqında şəhadətnaməsində soyad, ad, ata adı qeydində yol verilmiş yanlışlığın düzəldilməsinə aid hissə yeni nömrə verilməklə müstəqil iş kimi ayrıca icraata ayrılmışdır. Sonradan iddiaçının ərizəsi nəzərə alınaraq, məhkəmənin müvafiq qərardadı ilə iddia tələbi “X6 nikah akt qeydinin bərpa edilməsi, nikahdan sonrakı soyad, ad, ata adının “X10” kimi qeyd edilməsi və bu barədə nikah haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi” kimi dəyişdirilmişdir. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı münasibət (etiraz) məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh inzibati orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini dəqiqləşdirilmiş formada müdafiə edərək, təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, iddia qeydiyyat orqanın hərəkətlərindən şikayətlə, yəni təqdim edilən sənədlər əsasında nikah akt qeydinin bərpa olunması və nikah haqqında şəhadətnamənin verilməsi ilə bağlıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Bakı “ASAN xidmət” X2 xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçı tərəfindən şəxsiyyət vəsiqəsi təqdim edilmədiyi üçün müraciətinin təmin edilməsi mümkün olmamışdır. Ona müvafiq tələblə bağlı məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. -İddiaçıya məxsus xx.xx.2021-ci il tarixli, AZ İV № 657649 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1959-cu ildə Ermənistan Respublikasının, Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. -xx.xx.1979-cu il tarixli, 441050 nömrəli Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1959-cu il tarixdə Ermənistan SSR, Vardenis rayonu, Daşkənd kəndində doğulmuş X8 xx.xx.1958-ci il tarixdə Ermənistan SSR, Vardenis rayonu, Daşkənd kəndində doğulmuş X11 ilə nikaha daxil olmuş, bu barədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında xx.xx.1979-cu il tarixdə, 10 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Alıyev”, arvada “Alıyeva” soyadı verilmişdir. İşin faktiki hallarından görünür ki, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı xarici ölkədə - Ermənistan Respublikasında tərtib edilmiş, ona məxsus vətəndaşlıq vəziyyəti akt qeydinin - nikah haqqında akt qeydinin bərpa edilməsini və nikah haqqında şəhadətnamənin verilməsini istəyir. İddiaçı mövcud tələbi ilə bağlı cavabdeh Qeydiyyat Şöbəsinə müraciət etsə də, sonuncu tərəfindən müraciətin təmin edilməsindən imtina edilmişdir. İmtinaya əsas olaraq iddiaçının təqdim etdiyi sənədlər əsasında ziddiyyət olduğu qeyd edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinin İİ hissəsinə əsasən qanunla nəzərdə tutulmuş hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarilxi, 03 nömrəli Qərarından: Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; -17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır; -19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; -19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür; -24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın: -13-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. -14-cü bəndinə əsasən, itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. -16-cı bəndinə əsasən, doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. -16-1-ci bəndinə əsasən, xarici ölkədə tərtib edilmiş vətəndaşlıq vəziyyəti akt qeydini və ya onun mövcudluğu barədə məlumatı əldə etmək mümkün olmadıqda qeydiyyat şöbələri və ya konsulluq idarələri həmin akt qeydini bərpa edir və müvafiq şəhadətnamə verir. -16-3-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti akt qeydinin bərpa edilməsi barədə qeydiyyat şöbələri və ya konsulluq idarələri tərəfindən ilkin akt qeydinin olduğu qeydiyyat orqanına (Ermənistan Respublikası istisna olunmaqla) məlumat göndərilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim edilən sübutlar nikah haqqında akt qeydinin bərpası üçün kifayət edir. Belə ki, ona məxsus doğum haqqında akt qeydindən görünür ki, soyadı “Həsənova”, adı “Afilə”, ata adı “Abuzər” olmuşdur. Nikah haqqında şəhadətnamədən müəyyən olunur ki, iddiaçı xx.xx.1979-cu ildə X11 ilə nikaha daxil olduqdan sonra soyadı “Həsənova”dan “Alıyeva”ya dəyişdirilmişdir. Göründüyü kimi, iddiaçının nikahın bağlanmasına dair müvafiq qeydi təsdiq edən sənədlər mövcud olduğundan naikah haqqında akt qeydinin bərpası mümkündür. Odur ki, iddia təmin edilməli, iddiaçının nikah haqqında akt qeydinin bərpa edilməsi və nikah haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı nikah akt qeydinin bərpa edilməsi, nikahdan sonrakı soyad, ad, ata adının “X10” kimi qeyd edilməsi və bu barədə nikah haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar