Məhkəmə qərarları › İş №2-1(112)-10867/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10867/2022

04.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10867/2022 04.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsi, ev 90 ünvanındaki tikilinin onun mülkiyyətində olan 3 və 4 nömrəli mənzillərinin tikintialtı və həyətyani sahəsində (ümumi 0,06 ha sahədə) məlumatlandırma icraatı qaydasında inşa etdiyi 154,33 kv.m ölçülü yarımzirzəmidən və 169,84 kv.m ölçülü 1-ci mərtəbə sahəsindən ibarət yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində adına ayrıca tam mülkiyyət hüququ ilə qeydiyyatının aparılmaqla buna dair çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsi, ev 90 ünvanındaki tikilinin onun mülkiyyətində olan 3 və 4 nömrəli mənzillərinin tikintialtı və həyətyani sahəsində (ümumi 0,06 ha sahədə) məlumatlandırma icraatı qaydasında inşa etdiyi 154,33 kv.m ölçülü yarımzirzəmidən və 169,84 kv.m ölçülü 1-ci mərtəbə sahəsindən ibarət yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində adına ayrıca tam mülkiyyət hüququ ilə qeydiyyatının aparılmaqla buna dair çıxarışın və texniki pasportun verilməsini xahiş edir və bu halı onunla əsaslandırır ki, onun həm torpaq sahəsinə, həmçinin yenidən inşa edilmiş fərdi yaşayış evinə münasibətdə hüquqları yaranmışdır. İddiaçı bu hüquqların reallaşdırılması məqsədi ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddiaçının iddia tələbini etirazla qarşılayır və bu halı onunla əsaslandırır ki, qeyd edilən ünvanda daşınmaz əmlakın dövlət reyestrində mənzil kimi qeydiyyatına alınan əmlaklar söküldüyü üçün hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın ləğvi ilə bağlı ərizələr əlavə edilməmişdir. Bundan əlavə, inşa edilmiş fərdi yaşayış evinə və yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İşin faktiki hallarından görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsi, ev 90 ünvanındaki tikilinin onun mülkiyyətində olan 3 və 4 nömrəli mənzillərinin tikintialtı və həyətyani sahəsində (ümumi 0,06 ha sahədə) məlumatlandırma icraatı qaydasında inşa etdiyi 154,33 kv.m ölçülü yarımzirzəmidən və 169,84 kv.m ölçülü 1-ci mərtəbə sahəsindən ibarət yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində adına ayrıca tam mülkiyyət hüququ ilə qeydiyyatının aparılmaqla buna dair çıxarışın və texniki pasportun verilməsini tələb edir və bu halı onunla əsaslandırır ki, mübahisə predmetini təşkil edən əmlaklara münasibətdə o, hüquqmüəyyənedici sənədlərə (qeydiyyat vəsiqəsi) malik olduğundan, onun hazırki iddia tələbini irəli sürməkdə və daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarını qeydə alınmasını tələb etmək hüququ yaranır. Cavabdehin imtinasından və məhkəməyə təqdim olunmuş yazılı etirazının surətindən görünür ki, cavabdeh iddiaçının müraciətinə imtina edərkən 2 halı əsas götürmüşdür:

1. Torpaq sahəsinə münasibətdə hüquqmüəyyənedici sənədlərin olmaması;

2. Fərdi yaşayış evinə münasibətdə hüquqmüəyyənedici sənədlərin olmaması;

İddiaçının müraciətinin təmin olunmamasının əsası kimi yuxarıda göstərilmiş halların əmlakın özəlləşdirilməsinə dair maneənin yaradıb-yaratmamasına qiymət verilməsi üçün əmlaka dair hüquqmüəyyənedici sənədlərin əhatə dairəsi müəyyən edilməlidir. Daşınmaz əmlak üzərində dövlət reyestrində hüququn qeydə alınması, ondan imtina edilməsi və digər hallar aşağıdaki qanunvericiliyin müddəaları ilə tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Şərh olunan qanunvericiliyin müddəalarından göründüyü kimi, vətəndaşın daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının yaranması üçün onun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində sadalanmış sənədlərinin əhatə dairəsinə düşən hüquqmüəyyənedici sənədləri olmalıdır. Məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üzərində vətəndaşların mülkiyyət hüquqlarının qeydə alınması üçün onlar aşağıdaki sənədlərə malik olmalıdırlar: -torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, -tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin: 80.1. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “ 0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. 80.2. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. Göründüyü kimi bəhs edilən qanunvericiliyin müddəaları məlumatlandırma icraatın tətbiq edildiyi tikililərə münasibətdə mülkiyyət hüquqlarının qeydə alınmasını imperativ qaydada vətəndaşın torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədə və tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənədə malik olması ilə şərtləndirmişdir. Hazırki işin hallarından da göründüyü kimi iddiaçı məlumatlandırma icraatı qaydasında tikilən tikiliyə münasibətdə hər iki sənədə malik olmuşdur. Məhkəmə ilkin olaraq iddiaçının mübahisəli əmlakın yerləşdiyi torpaq sahəsinin onun istəfadəsində olmasına münasibət bildirir. Bunun üçün isə mübahisə predmetini təşkil edən daşınmaz əmlakın yerləşdiyi binanın altındaki olan torpaq sahəsinin ümumi istifadədə olub-olmaması, ümumiyyətlə mübahisə predmetini təşkil edən daşınmaz əmlakın mənzil və ya fərdi yaşıyış evi kimi xidməti etməsi müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məcəllənin 152.9-cu maddəsinə əsasən əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir. Qanunvericilikdə vətəndaşların torpaq sahəsini əldə etmələrinin müxtəlif əsasları müəyyən edilmişdir. Torpaq Məcəlləsinin 49-cu maddəsinin 1 və 2-ci hissələrinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ – torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1 və 2-ci hissələrinə müvafiq olaraq dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınırvə həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 227.1-ci maddəsinə əsasən, yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 88-ci maddəsinin çoxmənzilli yaşayış evlərinin, habelə onlara aid olan qeyri-yaşayış tikililərinin torpaq sahələri həmin evlərin tərkib hissələri mülkiyyətçilərinin ümumi paylı mülkiyyətinə keçir. Şərh olunan qanunvericiliyin müddəalarına görə, vətəndaşa məxsus mənzilin ayrıca tikilidən - digər mənzillərlə konstruktiv bağlılığı olmayan ayrıca hissədən ibarət olduğu müəyyən edildiyi halda, onun təkbaşına mülkiyyətçisi olduğu həmin hissəyə (mənzilə) xidmət edən obyektlər (o cümlədən, hissənin yerləşdiyi torpaq sahəsinin) üzərində hüquqları yaranır. Oxşar işlər üzrə formalaşmış Ali məhkəmənin praktirikasına görə, əgər vətəndaşın iddia etdiyi daşınmaz əmlakın mənzil kimi qeydiyyata alınması, lakin digər mənzillər ilə konstruktiv bağlılığı olmaması halı aşkar olunarsa, şəxsin həmin mənzil və onun yerləşdiyi torpaq sahəsinin üzərində hüquqlarının yaranması müəyyən olunur. Əlbətdə, bu zaman araşdırmalı olan hal kimi həmin daşınmaz əmlakın həqiqətən də mənzil və ya ayrıca yaşayış evi kimi xidmət etdiyi müəyyən olunmalıdır. Məhkəmə bu mövqeyidən irəli çıxaraq iddiaçının təqdim etdiyi sənədləri qanunvericiliyin müddəaları ilə birgə təhlil edərək hesab edir ki, iddiaçının mübahisəli əmlakın yerləşdiyi torpaq sahəsinə münasibətdə istifadə hüquqları yaranmışdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsi, ev 90 ünvanında yerləşən 3 və 4 saylı mənzillər üzərində iddiaçının mülkiyyət hüquqları qeydə alınmış və müvafiq olaraq qeydiyyat vəsiqəsi ilə rəsmiləşdirilmişdir. Doğrudur ki, iddiaçının mülkiyyət hüquqları qeydə alınan daşınmaz əmlakın mənzil kimi xidmət etməsi qeydiyyat vəsiqəsində göstərilmişdir. Nəzərə alınmalıdır ki, mövcud olan sənədlər toplusundan (Yasamal rayon İcra Hakimiyyətinin məktubu və Bakı Qarnizonu Mənzil-İstismar hissəsi 3 № -li Mənzil İstismar Sahəsinin arayışı) isə müəyyən olunur ki, ünvan 1 ünvanlarında yerləşən mənzillər əvvəl fin tipli, birmərtəbəli, bir dam altında vahid ev tərkibində olmuş, İddiaçı mülkiyyətinə keçərkən hasarlarla 1 və 2 nömrəli mənzillərin yerləşdiyi tikili və torpaq sahəsindən təcrid olunmuş, ayrıca giriş-çıxışlı vəziyyətdə olmuşdur. Həmin mənzillər 2013-2016-cı illərdə mənzilin mülkiyyətçisi İddiaçı tərəfindən istismara yararsız və yaşayış üçün qəzalı olduğundan sökülərək yerində bir mərtəbəli yaşayış evi tikilinmiş, 3 və 4 nömrəli mənzillərin ümumi istidadədə olan torpaq sahəsinin ölçüsü 600 kvm olmuşdur. Hal-hazırda, eyni ölçülü sahədə İddiaçı məxsus bir mərtəbəli, 169,84 kv.m ölçülü fərdi yaşayış evi və yarımzirzəmi mövcuddur. Məhkəmə qeyd edir ki, həm söküntüdən əvvəl, həmçinin də söküntüdən sonra, mübahisəli ünvanda yerləşən daşınmaz əmlak torpaq sahəsindən təcrid olunmuş, ayrıca giriş-çıxışlı vəziyyətdə olmuş, bununla da əmlakı xidməti təyinatının məhz fərdi yaşayış evi olması müvafiq olaraq təsdiq olunmuşdur ki, bu da hazırki mərhələdə mübahisəli əmlakın yerləşdiyi torpaq sahəsinin, o cümlədən də həyətyani sahənin ümumi paylı mülkiyyətdə olmadığını, əksinə təcrid olunmuş tikili olduğundan, yalnız iddiaçının faktiki sahibliyində və istifadəsində olduğunun göstəricisidir. Məhkəmə mövcud olan vahid məhkəmə təcrübəsini qüvvədə olan qanunvericiliyin müddəaları ilə birgə təhlil edərək belə qənaətə gəlir ki, iddiaçıya məxsus mənzillərin ayrıca tikilidən - digər mənzillərlə konstruktiv bağlılığı olmayan ayrıca hissədən ibarət olduğu müəyyən edildiyindən, onun həmin torpaq sahəsinə münasibətdə istifadə hüququ yaranır. Məhkəmə hazırki iddia üzrə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi, mütəxəssis rəyinin alınması və ya yerində baxış kimi tədbirlərin görülməsinin zəruri olmadığını hesab edir. Belə ki, mübahisəli əmlakın digər tikililərdən təcrid olunması, ayrıca giriş-çıxış vəziyyətli olması müvafiq olaraq Bakı Qarnizonu Mənzil-İstismar hissəsi 3 № -li Mənzil İstismar Sahəsinin arayışı ilə təsdiq olunmuşdur ki, həmin arayışda əks olunan məlumatları təkzib edən dəlillər cavabdeh tərəfindən təqdim olunmadığından və məlumatların şübhə altına alınmasına əsas olmadığından, arayış mötəbər dəlil kimi qiymətləndirilməlidir. Beləliklə Məhkəmə hesab edir ki, mübahisəli əmlakın yerləşdiyi torpaq sahəsinin iddiaçının istifadəsində olması təsbit olunmuşdur. Daşınmaz əmlaka münasibətdə isə Məhkəmə qeyd edir ki, iddiaçının tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) müraciət etməsini də öz təsdiqini tapmışdır. Belə ki, ünvan 2 ünvanında yerləşən 3 və 4 saylı mənzillərin yaşayış üçün yararsız hala düşməsi səbəbindən sökərək yerində inşa etdiyi yeni mənzilin mövcud vəziyyətini əks etdirən layihəsinin razılaşdırılması və mövcud ölçülərində sənədləşdirilməsinə köməklik göstərilməsi barədə müraciətinə baxmış və cavab olaraq bildirmişdir ki, 3 və 4 saylı mənzillərin yerində inşa olunan yeni mənzilin mövcud vəziyyətinə uyğun olaraq müvafiq qaydada sənədləşdirilməsinə etiraz olunmamış, eskiz layihəsi Yasamal rayon İcra Hakimiyyəti tərəfindən təsdiqlənmişdir. Göründüyü kimi iddiaçı daşınmaz əmlaka münasibətdə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.10.2-ci maddəsində nəzərdə tutulan sənədlərə malik olduğundan, onun həmin əmlak üzərində mülkiyyət hüquqlarının qeydə alınması cavabdeh inzibati orqan tərəfindən aparılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, dövlət qeydiyyatından imtinanın əsaslarını nəzərdə tutan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində göstərilən hallar müəyyən edilmədiyindən, cavabdehin imtinası iddiaçının qeyd olunan daşınmaz əmlak üzərindəki hüquqlarını tam şəkildə həyata keçirməsini məhdudlaşdırmışdır. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, texniki inventarlaşdırma işlərinin aparılmasının əsas məqsədi daşınmaz əmlak obyektinin, o cümlədən torpaq sahəsinin mövcudluğunu, faktiki vəziyyətini, texniki göstəricilərini, tərkibini müəyyən etmək və texniki sənədləri hazırlamaqdır. İnventarlaşdırma işlərinin aparılması nəticəsində daşınmaz əmlakın texniki pasportu tərtib edilir. Beləliklə, iddiaçıların daşınmaz əmlak üzərində mülkiyyət hüquqları təsdiq olunduğundan, həmçinin əmlakın inventarlaşdırılmasının aparılmasını və texniki sənədlərin tərtib edilməsi Nizamnaməyə görə cavabdeh inzibati orqanın vəzifəsi olduğundan, hazırki iddia tələbi texniki pasportun verilməsi hissəsində də təmin olunmalıdır. Göründüyü kimi fərdi yaşayış evi və yarımzirzəmi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə iddia qanuni və əsaslıdır. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia tələbi təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsi, ev 90 ünvanındaki məlumatlandırma icraatı qaydasında inşa edilmiş 154,33 kv.m ölçülü yarımzirzəmidən və 169,84 kv.m ölçülü 1-ci mərtəbə sahəsindən ibarət yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində adına ayrıca tam mülkiyyət hüququ ilə qeydiyyatının aparılmaqla buna dair çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar