Məhkəmə qərarları › İş №2-1(112)-1087/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1087/2021

25.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1087/2021 25.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X8 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, 3-cü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin nümayəndələri X5 və X1 iştirаkları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi və Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin Mühafizəsi üzrə Mühafizə Şöbəsi məhkəmə icraatına 3-cü şəxs qismində cəlb olunmaqla “məzuniyyət və əlavə işləməyə görə haqların ödənilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1997-2001-ci illərdə istifadə etmədiyi əsas məzuniyyət və əlavə işləməyə görə qanunda müəyyən edilən əlavə haqların ona ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 1996-cı ilin 10 dekabr tarixindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi Rayonu Mühafizə İdarəsinə polis nəfəri olaraq işə qəbul olmuşdur. 1998-ci ilin 18 iyul tarixindən isə Baş Mühafizə İdarəsinə xidməti sürücü vəzifəsinə ezam olunmuşdur. Beləliklə, 2003-cü ildən isə xahişinə əsasən Azərbaycan Tele-Radio Verilişləri QSC-nin mühafizəsi üzrə Mühafizə Şöbəsində polis nəfəri olaraq fəaliyyət göstərmişdir. 2018-ci ilin 12 noyabr tarixindən təqaüdə çıxmağı ilə əlaqədar əmr verilmişdir. Hal - hazırda təqaüdçüdür. 2002-ci ildən 2018-ci ilədək məzuniyyətdə olmuşdur. Ancaq iddiaçı 1997-2001-ci illər ərzində əsas məzuniyyətdən istifadə etməmişdir. Bu məsələ ilə əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə rəsmi qaydada müraciət etmiş, amma cavab olaraq bildirmişlər ki, 1997-2001-ci illərdə məzuniyyətdən istifadə etmişdir. İddiaçı qeyd edir ki, 1997-2001-ci illərdə məzuniyyətdən istifadə etməmişdir. 2007-ci ildə ona məlum oldu ki, istifadə edilməyən əsas məzuniyyətlərin verilməsi ilə əlaqədar Daxili İşlər Nazirliyi tərəfindən göstəriş verilib. İstifadə etmədiyi məzuniyyət haqqını almağı ilə əlaqədar Nəsimi Rayon Mühafizə İdarəsinə müraciət etmiş və ona bildirilmişdir ki, nə vaxt ki, təqaüdə çıxacaqsa, o zaman da veriləcək. Qeyd etdiyi kimi, 2003-cü ildən Azərbaycan Tele-Radio verlişləri QSC-nin mühafizəsi üzrə Mühafizə şöbəsində fəaliyyətini davam etdirmişdir. Həmin vaxtdan 2018-ci ilin 12 noyabrınadək, yəni təqaüdə çıxana qədər əsas iş vaxtından əlavə işləmişdir. Qeyd olunanların nəzərə alınmasını və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1087/2021 saylı, 20 aprel 2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin Mühafizəsi üzrə Mühafizə Şöbəsi iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. İnzibati iş üzrə məhkəmənin hazırlıq icraatının iclaslarında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X4 iddia tələbinin əsassız olduğunu, iddiaçının 1998-2002-ci illərdə əsas məzuniyyətdən istifadə etdiyini, xidmət etdiyi dövrdə əlavə işləməyə görə hər hansı əmrin mövcud olmadığını qeyd edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Şifahi məhkəmə baxış iclası 25.08.2021-ci il tarixə təyin edilmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək, iddiaçının 1997-2001-ci illərdə əsas məzuniyyətdən istifadə etmədiyini, bu səbəbdən həmin dövr üzrə kompensasiyanın verilməli olduğunu, əsas iş vaxtından əlavə işləməyə cəlb edildiyini və bunun üçün də qanunda müəyyən edilmiş əlavə haqqların verilməli olduğunu bildirərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək, iddiaçının 1997-2001-ci illərdə əsas məzuniyyətdən istifadə etmədiyini, bu səbəbdən həmin dövr üzrə kompensasiyanın verilməli olduğunu, əsas iş vaxtından əlavə işləməyə cəlb edildiyini və bunun üçün də qanunda müəyyən edilmiş əlavə haqqların verilməli olduğunu bildirərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında 3-cü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin nümayəndələri X5 və X2 iddia tələbinin əsassız olduğunu, təmin edilməməsini xahiş etdilər. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarında olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan sənədlər: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 18 dekabr 2018-ci il tarixli 038-30469M-3218 saylı məktubdan görünür ki, araşdırma zamanı iddiaçının şəxsi xəritəsində olan qeydlərə əsasən 1998- 2002-ci illər ərzində əsas məzuniyyətdən istifadə etdiyi məlum olmuşdur. Məhkəmə sorğusu əsasında daxil olmuş sənədlər: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin 01 avqust 2021-ci il tarixli 038-15217-1220 saylı sorğuya cavab məktubu ilə şəxsi vərəqənin surətləri, həmçinin, İİİ taqımın polis nəfəri, polis serjantı İddiaçı əsas məzuniyyətə buraxılmasına dair AZ TRV QSC-nin Mühafizəsi üzrə Mühafizə Şöbəsinin 117 ş/h nömrəli, 12.09.2011-ci il tarixli, 37 ş/h, 13 mart 2013-cü il tarixli, 26 ş/h nömrəli, 12 fevral 2014-cü il tarixli, 141 ş/h nömrəli, 15 avqust 2015-ci il tarixli, 106 ş/h nömrəli 18.08.2016-cı il tarixli , 19 ş/h nömrəli, 15.02.2017-ci il tarixli,37 ş/h nömrəli 14 mart 2018-ci il tarixli əmrlərinin təsdiq edilmiş surətləri təqdim edilmişdir. - BMİ-nin 03.07.2020-ci il tarixli 038-13139-1220 nömrəli məktubu ilə əlaqəli araşdırmanın nəticəsinə dair arayışdan görünür ki, şöbənin sabiq polis əməkdaşı İddiaçı Az TRV QSC-nin Mühafizəsi üzrə Mühafizə Şöbəsində 01.08.2013-cü il tarixdən xidmət etmiş, 2008-ci il tarixdən 1998-2006-cı illər üzrə bütün məzuniyyətlərinin kompensasiyası ilə tam təmin edilmiş və 2007-ci il tarixdən 12.11.2018-ci ilə qədər olan dövrləri isə hər ilə öz dövrlərində olmaqla növbəti məzuniyyət hüququndan istifadə etmiş və ödənişlə tam təmin edilmişdir. - Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin Mühafizəsi üzrə Mühafizə Şöbəsinin 14 iyul 2020-ci il tarixli 249/177 məktubundan görünür ki, İddiaçı Az TRV QSCnin Mühafizəsi üzrə Mühafizə Şöbəsində 01.08.2013-cü il tarixdən xidmət etmiş, 2008-ci il tarixdən 1998-2006-cı illər üzrə bütün məzuniyyətlərinin kompensasiyası ilə tam təmin edilmiş və 2007-ci il tarixdən 12.11.2018-ci ilə qədər olan dövrləri isə hər ilə öz dövrlərində olmaqla növbəti məzuniyyət hüququndan istifadə etmiş və ödənişlə tam təmin edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin 30 dekabr 2020-ci il tarixli 038-28673-1220 saylı sorğuya cavab məktubundan görünür ki, İddiaçı 26 avqust 2003-cü il tarixli 23 saylı əmrində 2003-cü il avqust ayının 19-dan sentyabr ayının 17-dək, 30 sentyabr 2006-cı il tarixli 31 saylı əmrində 2006-cı il oktyabr ayının 02-dən noyabr ayının 06-dək, 25 may 2004-cü il tarixli 13 saylı əmrində 2004-cü ilin may ayının 21-dən iyun ayının 19-dək, 12 sentyabr 2005-ci il tarixli 22 saylı əmrində 2005-ci il sentyabr ayının 04-dən oktyabr ayının 03-dək məzuniyyətə buraxılmışdır. - İş üzrə araşdırma zamanı təqdim edilmiş sənədlərdən görünür ki, İddiaçı tərəfindən vəsatət qaldırılaraq qeyd etmişdir ki, 2003-2018-ci illər ərzində fəaliyyət göstərdiyi Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin Mühafizəsi üzrə Mühafizə Şöbəsində polis işlədiyi vaxt ərzində iş vaxtından əlavə işləməyə görə “Polis haqqında” Azərbaycan Respublikasının Qanununun 35.1-ci maddəsinə əsasən ödənilməyən məbləğin ödənilməsinə dair və eyni zamanda maliyyə sənədlərinin məhkəməyə təqdim edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin 16 aprel 2021-ci il tarixli 038-8018-1221 saylı sorğuya cavab məktubundan görünür ki, ödənişlərlə bağlı digər maliyyə sənədlərinin saxlama müddəti bitdiyindən DİN-in 19.06.2002-ci il tarixli 235 və 30.09.2015-ci il tarixli Q36-001-15 nömrəli əmrlərinin tələblərinə uyğun olaraq məhv edilmişdir. - Televiziya və Radio Verilişləri QSC-nin Mühafizəsi üzrə Mühafizə Şöbəsinin 10 iyun 2021-ci il tarixli 249/133 saylı sorğuya cavab məktubundan görünür ki, İddiaçı əlavə xidmətə çıxıb-çıxmamağı barədə şöbənin arxivində heç bir məlumat yoxdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi Azərbaycan Televiziya və X6 Səhmdar Cəmiyyətinin Mühafizəsi üzrə Mühafizə şöbəsinin 10.06.2021-ci il tarixli 249/133 nömrəli məktubundan görünür ki, İddiaçı əlavə xidmətə çıxıb-çıxmamağı barədə şöbənin arxivində heç bir məlumat yoxdur. Belə ki, DİN-nin 30.09.2015-ci il tarixli Q36 nömrəli qərarının 6.1.8-ci maddəsinə əsasən naryad kitablarının saxlama müddəti 2 il olduğundan və bu kitabların saxlama müddəti bitdiyindən elmi, texniki, tarixi və s. dəyərini itirmiş qeyri-məxfi sənədlərin məhvetmə aktları razılaşdırılaraq yandırılmaya göndərilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin 25.08.2021ci il tarixli 038-18479-1221 nömrəli məktubununda görünür ki, sabiq polis nəfəri, polis serjantı İddiaçı 10 dekabr 1996-cı il tarixdən 09.03.2002-ci il tarixə kimi Nəsimi Rayon Mühafizə İdarəsində, sonrakı illərdə isə Azərbaycan Televiziya və Radio Verilişləri QSCnin mühafizəsi üzrə Mühafizə Şöbəsində xidmət etmiş, 12 noyabr 2018-ci il tarixdə isə yaş həddinə görə təqaüdə çıxmışdır.1998-ci ildə Nəsimi Mİ-nin arxivini su basması nəticəsində yaranmış qəza ilə bağlı İddiaçı barəsində hər hansı məlumatı əldə etmək mümkün olmamışdır. Eləcə də Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin mühafizəsi üzrə Mühafizə Şöbəsində xidmət etdiyi dövrlərdə əlavə işləməyə görə hər hansı əmrin, sənədin olması müəyyən edilməmişdir. Beləliklə, işdən aydın olur ki, iddiaçı 1997-2001-ci illərdə əsas məzuniyyətdən istifadə etmədiyini, həmçinin işlədiyi müddət ərzində əsas iş vaxtından əlavə işlədiyini iddia edərək, əlavə iş və qeyd edilən illər üzrə məzuniyyətlə əlaqədar haqqın hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin üzərinə qoyulması tələb edir. Lakin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi Azərbaycan Televiziya və X6 Səhmdar Cəmiyyətinin Mühafizəsi üzrə Mühafizə Şöbəsinin 14.07.2020-ci il tarixli 249/177 nömrəli məktubuna əsasən İddiaçı AZ TRV QSCnin Mühafizəsi üzrə Mühafizə Şöbəsində 01.08.2003-cü ildən xidmət etmiş, 2008-ci ildə 1998-2006-cı illər üzrə bütün məzuniyyətlərinin kompensasiyası ilə tam təmin edilmiş və 2007-ci ildən 12 noyabr 2018-ci ilə qədər olan dövlətləri isə hər il öz dövrlərində olmaqla növbəti məzuniyyət hüququndan istifadə etmiş və ödənişlə təmin edilmişdir. İşin mübahisələndirilməyən halı odur ki, İddiaçı 1996-cı ildən 2018-ci ilədək Daxili İşlər orqanlarında xidmət etmişdir. İşin mübahisələndirilən halı iddiaçının 1997-2001-ci illərdə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin Mühafizəsi üzrə Mühafizə Şöbəsində 1997-2001-ci illərdə istifadə etmədiyi əsas məzuniyyət və əlavə işləməyə görə qanunda müəyyən edilən əlavə haqların ona ödənilməsi ilə bağlıdır. Məhkəmə tərəfindən araşdırılmalı hal İddiaçı 1997-2001-ci illərdə əsasə məzuniyyət görə və əlavə işləməyə görə haqqın verilməli olub-olmamasıdır. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsassız hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 113-cü maddəsinin 3-cü hissəsinə əsasən, əmək məzuniyyəti hər il müvafiq iş ili üçün verilir. İş ili işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır. Əgər işçinin iş ili onun əmək məzuniyyətinə çıxmaq üçün müraciət etdiyi vaxtda başlanmayıbsa, onda ona əmək məzuniyyəti yalnız iş ili başlanandan sonra verilə bilər. Bir iş ilinə görə yalnız bir əmək məzuniyyəti verilə bilər. Təqvim ili ərzində işçinin iki iş ilinə görə məzuniyyət hüququ olduqda o, həmin təqvim ilində hər iki iş ilinə görə məzuniyyətdən birlikdə və ya ayrıayrılıqda istifadə edə bilər. “Polis haqqında” Azərbaycan Respublikasının Qanununun 38-ci maddəsinin 9-cu bəndinə əsasən polis əməkdaşına Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada məzuniyyət verilir. Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin 76-cı bəndinə əasən Daxili işlər orqanları əməkdaşları üçün əmək haqqı və digər təminatlar saxlanılmaqla aşağıdakı məzuniyyət növləri müəyyən edilir: hər il verilən əsas məzuniyyət (bundan sonra əsas məzuniyyət); qısamüddətli; xəstəliyə görə; tətilə çıxmaqla əlaqədar (müdavimlər üçün); Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının təhsil müəssisələrini bitirməklə əlaqədar; əlavə (xidmət illərinə, xüsusi şəraitdə vəzifələrin icrasına, əlahiddə xidmətə görə); 29 iyun 2001-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 1-ci maddəsində göstərilmişdir ki, daxili işlər orqanlarında xidmət keçmə bu orqanlarının funksiya, vəzifə və hüquqların öz peşə fəaliyyətləri ilə keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Əsasnamənin 78-ci maddəsinə əsasən Əsas məzuniyyət daxili işlər orqanları əməkdaşlarına 30 təqvim günü müddətində verilir. Əsas məzuniyyət təqvim ili ərzində müvafiq cədvələ uyğun olaraq verilir. Əsasnamənin 73-cü maddəsində göstərilmişdir ki, daxili işlər orqanları əməkdaşlarına Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş tam iş vaxtı şamil edilir. Zəruri hallarda, daxili işlər orqanları əməkdaşları müəyyən edilmiş iş vaxtından artıq olan müddətdə, həmçinin gecə vaxtı, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günündə xidməti vəzifələrinin yerinə yetirilməsinə cəlb oluna bilərlər. İş vaxtından artıq olan müddət xidməti vəzifələrinin yerinə yetirilməsinə görə onlara Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada ödənişlər verilir. Növbəli işdə - gündüz, axşam və gecə növbələri üçün eyni müddətli iş vaxtı müəyyən edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 96.1-ci madəsinə əsasən qeydiyyat (uçot) dövründə iş vaxtının müddəti qanunvericiliklə müəyyən olunmuş iş saatlarının sayından çox olmamaq şərti ilə iş vaxtının cəmlənmiş uçotu tətbiq edilə bilər. Bu halda qeydiyyat (uçot) dövrü bir ildən artıq, gündəlik işin (növbənin) müddəti isə 12 saatdan çox ola bilməz. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən iş vaxtından artıq iş-işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. Beləliklə, məhkəmə araşdırması zamanı, inzibati orqanlar trəfindən təqdim edilmiş sorğulara cavab məktublarından müəyyən olundu ki, iddiaçı 2008-ci il tarixdən 1998-2006cı illər üzrə bütün məzuniyyətlərinin kompensasiyası ilə təmin edilmişdir, ödənişlərlə bağlı digər maliyyə sənədlərinin saxlama müddəti bitdiyindən DİN-in 19.06.2002-ci il tarixli 235 və 30.09.2015-ci il tarixli Q36-001-15 nömrəli əmrlərinin tələblərinə uyğun olaraq məhv edilmişdir. Bundan əlavə məhkəmənin müvafiq sorğusuna cavab olaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi Azərbaycan Televiziya və X6 Səhmdar Cəmiyyətinin Mühafizəsi üzrə Mühafizə şöbəsi tərəfindən verilmiş 10.06.2021-ci il tarixli 249/133 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı əlavə xidmətə çıxıbçıxmamağı barədə şöbənin arxivində heç bir məlumat yoxdur. Belə ki, DİN-nin 30.09.2015-ci il tarixli Q36 nömrəli qərarının 6.1.8-ci maddəsinə əsasən nayrad kitablarının saxlama müddəti 2 il olduğundan və bu kitabların saxlama müddəti bitdiyindən elmi, texniki, tarixi və s. dəyərini itirmiş qeyri-məxfi sənədlərin məhvetmə aktları razılaşdırılaraq yandırılmaya göndərilmişdir. İddiaçı tərəfindən xidmət etdiyi dövr ərzində əlavə xidmətə cəlb olunmasına dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmiş, məhkəmə araşdırması zamanı da iddiaçının əlavə işə cəlb edilməsinə dair sübutlar ( əmr və s.) aşkar edilməmişdir. Bundan əlavə iş materiallarından da göründüyü kimi, iddiaçı xidmət etdiyi dövr ərzində əlavə xidmətə cəlb olunması ilə əlaqədar ötən dövr üçün ona əlavə ödənişlərin ödənilməsinə dair müraciəti xidmətdə olduğu dövr ərzində deyil, xidmətdən xaric edildikdən sonra etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, habelə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Göründüyü kimi iddiaçı xidmət etdiyi dövr ərzində əlavə xidmətə cəlb olunmasına dair heç bir sübut təqdim edə bilməmiş, məhkəmə araşdırması zamanı da bunu təsdiq edən hallar müəyyən olunmamışdır. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin Mühafizəsi üzrə Mühafizə Şöbəsi məhkəmə icraatına 3-cü şəxs qismində cəlb olunmaqla “məzuniyyət və əlavə işləməyə görə haqların ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar