Məhkəmə qərarları › İş №2-1(112)-1087/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1087/2023

05.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1087/2023 05.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X12 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı bağ sahəsi üzərində hüquqların qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Xəzər rayonu, Türkan bağ massivində yerləşən 88 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1989-cu il tarixdə Türkan qəsəbəsində Suraxanı rayonu Xalq Təhsili Şöbəsi nəzdindəki “Müəllim" bağçılıq təsərrüfatında sahələrin bölüşdürülməsi zamanı Xəzər rayonu Türkan bağ massivində yerləşən 88 saylı bağ sahəsi X3 adına ayrılmışdır. Daha sonra xx.xx.1997-ci il tarixdə X3 ərizəsi əsasında o, təsərrüfat üzvlüyündən çıxarılmış və o, “Müəllim” bağçılıq təsərrüfatına üzvlüyə qəbul edilmiş və 88 saylı bağ sashəsi ona verilmişdir. Bununla bağlı ona “Müəllim” bağçılıq təsərrüfatının 88 saylı kitabçası verilmişdir. Azərbaycan Təhsil İşçiləri X6 Suraxanı Rayon Komitəsinin 05 nömrəli xx.xx.2019-cu il tarixli arayışında göstərilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu Türkan bağ massivi ünvanında yerləşən 88 saylı bağ sahəsi həqiqətən X4 verilmişdir. xx.xx.2007-ci ildə həmin bağ sahəsi İddiaçı verilməsi qərara alınmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən onun adına 88 saylı bağ sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Ona ayrılan bağ sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün ərizə ilə, tələb olunan sənədləri əlavə edilməklə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (dövlət orqanın əvvəlki adı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) müraciət etsə də, cavabdeh ərizəsini təmin etməkdən imtina etmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi öz imtinasında bildirmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında onun və X3 adı aşkar olunmamışdır. Hesab edir ki, cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə ziddir və onun qanunvericiliklə nəzərdə tutulan hüquqlarını pozur. Belə ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında onun və X3 adının aşkarlanmaması onun təqsiri deyil və bu səbəblə onun mülkiyyət hüquqlarının qeydiyyata alınmaması onun hüquqlarının məhdudlaşdırılması deməkdir. Hesab edir ki, cavabdeh orqan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozmuş və həmin qanunun 15-ci maddəsinə zidd olaraq ona imtina cavabı vermişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət təqdim edilərək bildirilmişdir ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ masivində yerləşən 88 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb çıxarışın verilməsinə dair iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələblə xx.xx.2018-ci il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatınin üzvlərinin siyahısında İddiaçı və protokoldan çıxarışda göstərilən X3 adı aşkar olunmamışdır. Bu səbəblərdən ərizənin icrası tərəflərin mümkün olmamışdır və iddiaçıya xx.xx.2018-cu il tarixli, **********51 nömrəli cavab məktubu ünvanlanmışdır. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********51 nömrəli, xx.xx.2018-ci il tarixli məktubdan görünür ki, iddiaçının müraciətinə baxılaraq bildirilmişdir ki, müraciəti ilə əlaqədar bildirilmişdir ki, bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında onun və protokoldan çıxarışda göstərilən X3 adı aşkar edilməmişdir. İşdə olan “Müəllim” bağçılıq-yoldaşlıq tərəfindən təsdiq edilmiş bağbanın üzvlük kitabçasının surətindən görünür ki, 13 noyabr 1997-ci il tarixli iclasın qərarı ilə (7 saylı protokol) dəyişdirilərək Təhsil Şöbəsinin mühasibi 1973-cü il təvəllüdlü İddiaçı bağçılıq yoldaşlıq üzvlüyünə qəbul edilmiş, ona Bakı şəhər XDS İK-nin xx.xx.1987-ci il tarixli, 20/396 saylı qərarı ilə ölçüsü 500 kv.m olan, Türkan qəsəbəsində yerləşən 88 saylı bağ sahəsi ayrılmışdır. İşdə olan bağçılıq yoldaşlığın sxematik xəritəsindən çıxarışdan görünür ki, szöügedən bağ sahəsi sxematik xəritədə öz əksini tapmışdır. İşdə olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A 193000 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Əzizbəyov rayonu, Türkan bağ massivində İddiaçı Bakı şəhər XDS İK-nin xx.xx.1987-ci il tarixli 20/396 saylı qərarı və “Müəllim” b/y-nın xx.xx.1997-ci il tarixli 07 saylı protokolu ilə 500 kv.m, 88 saylı bağ evi tikintisi üçün ayrılmış torpaq ahəsi ilə bağlı torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. İş materiallarına Bakı şəhər XDS İK-nin xx.xx.1987-ci il tarixli 20/396 saylı qərarı, Əzizbəyov rayon X7 İcraiyyə Komitəsinin 9 nömrəli, 01 may tarixli 1989-cu il tarixli qərarı və bağçılıq yoldaşlığın ayrıc aktı əlavə edilmişdir. İşdə olan 16 mart 2007-ci il tarixli Suraxanı rayon Xalq Təhsili Şöbəsi nəzdindəki “Müəllim” bağçlıq təsərrüfatının ümumi yığıncağının 01 saylı protokolundan 18 oktyabr 1989-cu il tarixli çıxarışa əsasən 88 saylı bağ sahəsi X4 ayrılmışdır. İş materiallarına X4 verilmiş 88 saylı bağ sahəsinə dair bağçının üzlük kitabçası əlavə edilmişdir. İşdə olan Azərbaycan Təhsil İşçiləri X6 Suraxanı rayon Komitəsi nəzdində “Müəllim” bağçılıq təsərrüfatı üzvlərinin xx.xx.1997-ci il tarixli ümumi yığıncağının 07 saylı protokolundan çıxarışa əsasən “Müəllim” bağçılıq yoldaşlıq təsərrüfatının üzvü 88 saylı bağ sahəsinin sahibi X5 ərizəsi əsasında təsərrüfat üzvlüyündən azad edilmiş, İddiaçı “Müəllim” bağçılıq yoldaşlıq təsərrüfatına üzvlüyə qəbul olunmuş, müvafiq olaraq İddiaçı “Müəllim” bağçılıq yoldaşlıq təsərrüfatının 88 saylı kitabçası verilmişdir. İşdə olan Azərbaycan Təhsil İşçiləri X6 Suraxanı rayon Komitəsi tərəfindən verilmiş 05 nömrəli, 14 yanvar 2019-cu il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivi ünvanında yerləşən 88 saylı bağ sahəsi həqiqətən X4 verilmişdir. xx.xx.2007-ci ildə həmin bağ sahəsinin Əmircan qəsəbəsi, A.Rzayev küçəsi 733-də yaşayan İddiaçı verilməsi qərara alınmışdır. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən 26 may 2022-ci il tarixli BA-03094-2022 nömrəli məktubla Bakı şəhər XDS İk-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə xx.xx.1987-ci il tarixli, 20/396 saylı qərarı məhkəməyə təqdim edilmişdir. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli, **********85 nömrəli məktub təqdim edilərək bildirilmişdir ki, İddiaçı adına Bakı şəhər XDS İK-nin xx.xx.1987-ci il tarixli 20/396 saylı Qərarı və “Müəllim” b/y-nın xx.xx.1997-ci il tarixli 07 saylı Protokolu ilə Əzizbəyov rayonu, Türkan bağ massivi, 500 kv.m torpaq sahəsi olan 88 saylı bağ sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2009-cu il tarixdə tərtib edilmiş 16512 nömrə ilə uçota alınmış Torpaq sahəsinin planı və ölçüsü sənədi İdarənin arxivində mövcuddur. Həmin plan ölçünün verilməsinə əsas olmuş sənədlər (üzvlük kitabçası, xx.xx.1997-ci il tarixli 07 saylı Protokol və s.) İdarənin arxivində aşkar edilməmişdir. Sorğu ilə əlaqədar olaraq “Müəllim” bağçılıq yoldaşlıq üzvlərinin siyahısının və xx.xx.2009-cu il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədinin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilir. Təqdim edilmiş üzvlərin siyahısına baxış keçirilərkən müəyyən edilmişdir ki, siyahı Azərbaycan Təhsil İşçiləri X6 Suraxanı rayon Komitəsinin sədri olmuş V.Qədiyev tərəfindən təsdiq edilmişdir. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Təhsil İşçiləri X6 Suraxanı rayon Komitəsi tərəfindən 62 nömrəli, 15 dekabr 2022-ci il tarixli məktubla İddiaçı bağ sahəsi ayrılmasına dair Komitənin arxivində olan 9 vərəqdən ibarət sənədlər məhkəməyə təqdim edilmişdir. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu tərəfindən müraciətindən xx.xx.2018-ci il tarixli, **********51 nömrəli məktubla imtina edilmişdir. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. İddianın mahiyyətinə gəlincə, məhkəmə hesab edir ki, iddia mahiyyətcə də, əsaslıdır. Belə ki, işin faktiki hallarından görünür ki, “Müəllim” Bağçılıq Cəmiyyətinin üzvlərinin xx.xx.1997-ci il tarixli 7 nömrəli protokoluna əsasən İddiaçı bağçılıq cəmiyyətinə üzv qəbul edilmişdir. İddiaçıya baxçının üzvlük kitabçası verilmişdir. Həmin bağ sahəsi iddiaçıdan öncə X4 ayrılmış, həmin şəxsin ərizəsinə əsasən o, təsərrüfat üzvlüyündən azad edilərək bağ sahəsi iddiaçıya verilmişdir. İddiaçıya bununla bağlı bağçının üzvlük kitabçası verilmişdir. İddiaçının adına Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən A ******* nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Torpaq sahəsinin planı və ölçüsünün verilməsinə əsas kimi Bakı şəhər XDS İK-nin xx.xx.1987-ci il tarixli 20/396 saylı qərarına və “Müəllim” b/y-nın xx.xx.1997-ci il tarixli, 07 nömrəli protokoluna istinad edilmişdir. Torpaq sahəsi X8 kitabında xx.xx.2009-cu il tarixli, 16512 nömrəsi ilə uçota alınmışdır . Cavabdeh tərəfindən iddiaçının müraciətindən imtina edilməsinin səbəbi kimi iddiaçının və X3 adının bağçılıq təsərrüfatının üzvlərinin siyahısında olmamasına istinad edilmişdir ki, məhkəmə cavabdehin imtinasının həmin əsasını qanunsuz və əsassız hesab edir. Belə ki, işin hallarından göründüyü kimi bağ sahəsi iddiaçıya sonradan ayrılmış və ona bağ sahəsinin ayrılmasına dair sənədlər Azərbaycan Təhsil İşçiləri X6 Suraxanı rayon Komitəsinin arxivində mövcuddur. Digər tərəfdən bağ sahəsinin iddiaçıdan əvvəlki sahibi V.Qədiyev Komitənin sədri olmuş və bağçılıq üzvlərinin siyahısı onun tərəfindən təsdiq edilmişdir. Sözügedən hallar isə özlüyündə mübahisəli bağ sahəsinin iddiaçının adına qanuni əsaslarla ayrılmasını bir daha təsdiq edir. Cavabdeh İdarənin arxivində olan siyahı ilkin siyahı olmaqla, bağ sahəsinin üzvlərinin sonrakı dəqiqləşdirilmiş siyahısının İdarənin arxivinə təqdim edilməməsi iddiaçının təqsiri hesab edilə bilməz, həmin hala istinad edilməkə iddiaçının hüquqlarının məhdudlaşdırılması yol verilməzdir. İddianın hüquqi cəhətdən əsaslı olmasına gəldikdə isə məhkəmə hesab edir ki, mübahisəli bağ sahəsinin qanuni əsaslarla iddiaçıya ayrılması məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından onun mübahisəli torpaq sahəsi üzərində qanuni hüququ yaranmışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci bəndinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Rspublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olaln digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslarından biri 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış hesab olunur. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. Göründüyü kimi, iddiaçının sahibliyində və istifadəsində olan bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün əsaslar mövcuddur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 52, 58, 68, 69, 75.4, 81və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən ümumi sahəsi 500 kv.m olan 88 saylı bağ sahəsinə dair İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar