Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10874/2021 23.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X16 Ağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı 3-cü şəxs X9 işə cəlb edilməklə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı 3-cü şəxs X9 işə cəlb edilməklə X3 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Şərifzadə küçəsi, ev 58, mənzil 36 şəxsi mülkiyyət hüququ ilə ona məxsusdur. Mənzil bacısı tərəfinədn 29 may 2003-cü il tarixli bağışlama müqaviləsi ilə ona bağışlanmışdır. Ona məxsus olan qeyd etdiyi mənzildə keçmiş həyat yoldaşı qeydiyyatdadır. 18 fevral 2012-ci ildən nikahlarının pozulmasına baxmayaraq, mənzilindən qeydiyyatdan çıxmır. Nikah pozulduqdan sonra, o, onu görməmiş və harada yaşadığı haqqında məlumatı yoxdur. X3 onun mənzilində qeydiyyatda qalması onun hüquqlarını məhdudlaşdırır. Nikah pozulduqdan sonra əvvəlki soyadına qayıtmışdır. Bu səbəbdən, evin qeydiyyat vəsiqəsinin həm soyad dəyişikliyinə, həm də, çıxarışla əvəz olunmasına görə dəyişdirilməsinə maneə yaradır. Cavabdehə ərizə ilə müraciət edərək, ona məxsus yuxarıda qeyd etdiyi ünvandan X3 qeydiyyatdan çıxarılmasını xahiş etsə də, ona cavab verməmişlər. Məcbur olub, həmin İdarəyə getmiş və bu yaxınlarda ərizəsinin cavabını şəxsən götürmüşdür. Xahişi yerinə yetirilməmişdir. Hesab edir ki, Polis İdarəsi mövqeyində düzgün deyil, onu məhkəmələrə salmadan, vaxt itkisinə və zəhmət çəkməsinə, həmçinin məhkəmənin işini artırmadan 3-cü şəxsi qeydiyyatdan çıxarmalı idi. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən iddiaya qarşı hər-hansı bir münasibət təqdim edilməmişdir. İşdə iştirak edən şəxslərə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi və 3-cü şəxs isə gəlməmişdir. Cavabdeh məhkəməyə 13.12.2021-i il tarixli, 091-67002-1221 nömrəli məktub ünvanlayaraq işə onların iştirakları olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin və 3-cü şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan notarial qaydada təsdiq edilmiş 29 may 2003-cü il tarixli mənzilin bağışlama müqaviləsinin surətindən görünür ki, X10 Bakı şəhəri İnventarlaşdırma Bürosundan kitab 11, səhifə 1558, qeydiyyat vəsiqəsi 30/5562, 23.11.1990-cı il tarixdə verilmiş qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Şərifzadə küçəsi, ev 58, mənzil 36-da yerləşən, ümumi sahəsi 59.65 kv.m olan 3 otaqlı mənzili bacısı X4 bağışlamışdır. İşdə olan AZ-İ seriyalı 138614 nömrəli Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 138614 nömrəli “Nikahın pozulması haqqında” şəhadətnamənin surətindən görünür ki, X9 ilə X8 arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 18.02.2012-ci il tarixdə, 03 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra qadına “Gülümcanova” soyadı verilmişdir. İşdə olan notarial qaydada təsdiq edilmiş Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 157961 nömrəli Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 58 ünvanında yerləşən, ümumi sahəsi 59.65 kv.m olan, 3 otaqlı, 36 saylı mənzil mülkiyyət hüququ üzrə X4 məxsusdur. İşdə olan 3 saylı “Bakı Asan” Xidmət Mərkəzi tərəfindən verilmiş 21.09.2021-ci il tarixli, ******* nömrəli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışın surətindən görünür ki, 21.09.1953-cü il təvəllüdlü X9 ünvan 2 ünvanında qeydiyyatdadır. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 19.06.2021ci il tarixli, 091-30869G-3221 nömrəli imtina məktubunun surətindən görünür ki, iddiaçının müraciətinə cavavb olaraq bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyayt haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüquqularına xitam verildikdə məhkəmənin qanuni qüvvvəsini almış qətnaməsi əsasında müvafiq İcra Hakimiyyəti orqanları tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Yasamal rayonu, Şərifzadə küçəsi, ev 58, mənzil 36 ünvanından X3 qeydiyyatdan çıxarılması ilə əlaqədar mülki qaydada məhkəməyə müraciət edə bilər. İşdə olan məhkəmənin sorğusuna əsasən Bakı şəhər Yasamal rayon Polis İdarəsi 15.10.2021-ci il tarixli, 091-54241-1221 nömrəli məktubla təqdim edilmiş məlumatdan və ona əlavə edilmiş fərdi uçot kartoçkasının təsdiqlənmiş surətindən görünür ki, 21.09.1953-cü il təvəllüdlü X9 24.07.2003-cü il tarixdən Yasamal rayonu, Şərifzadə küçəsi, ev 58, mənzil 36 ünvanına qeydiyyata alınmışdır. X7 Yasamal rayonu, Şərifzadə küçəsi, ev 58, mənzil 36 ünvanına qeydiyyata alınma əsaslarının saxlama müddəti bitdiyindən qanunamüvafiq qaydada məhv edilmişdir. İşdə olan notarial qaydada təsdiq edilmiş Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1954-cü il tarixdə Goranboy rayonunda anadan olmuşdur. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən 19 iyun 2021-ci il tarixli, 091-30869G-3221 nömrəli imtina məktubu almışdır. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. İddianın mahiyyətinə gəlincə, məhkəmə hesab edir ki, iddia mahiyyətcə də, əsaslıdır. Belə ki, işin hallarından müəyyən edilir ki, iş üzrə qeydiyyatdan çıxarılması tələb olunan 3-cü şəxs X9, iddiaçı X1 əridir. Mübahisəli mənzil notarial qaydada təsdiq edilmiş 29 may 2003cü il tarixli bağışlama müqaviləsi əsasında verilmiş Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin ÖM seriyalı, 157961 nömrəli Qeydiyyat Vəsiqəsinə əsasən 09.07.2003-cü il tarixdə xüsusi mülkiyyət hüququ üzrə iddiaçının adına hüquqi qeydiyyatdan keçmişdir. İ.Hüseynov mübahisəli mənzilə 24.07.2003-cü il tarixdə qeydiyyata alınmışdır. Bu isə o deməkdir ki, hazırki mübahisədə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin tələbləri nəzərə alındıqda, İ.Hüseynovun sözügedən mənzilə dair istifadə hüquqlarının olması üçün mülkiyyətçi ilə notarial qaydada bağlanan razılaşma olmalı idi. İşin hallarından isə, belə bir razılaşmanın olması müəyyən edilmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə 3-cü şəxs X3 mübahisəli fərdi yaşayış evinə dair hər hansı bir subyektiv hüququnun olmaması (mülkiyyət, istifadə və icarə) müəyyən edildiyindən, bununla da, onun mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatda qalmasının qanuni əsaslarının olması məhkəmə araşdırması zamanı müəyyən edilmədiyindən, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Cavabdeh inzibati orqan isə iddiaçının müraciəti əsasında apardığı icraat zamanı işin yuxarıda qeyd edilən hallarını nəzərə almamış, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq tələblərinə cavab verən qaydada, lazımi şəkildə araşdırma aparmamış, işin faktiki və hüquqi hallarına düzgün qiymət verməmiş, nəticədə iddiaçının müraciətinə əsassız olaraq imtina cavabı verməklə, mülkiyyətçi kimi iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırmışdır. Bu səbəbdən də, məhkəmə işin yuxarıda qeyd edilən hallarını, aşağıda sadalanan qanunvericiliyin normalarına tətbiq edərək hesab edir ki, iddiaçı həmin şəxslərin mübahisəli mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının cavabdehə həvalə edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinin müddəalarına əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən,müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24.09.2020-ci il tarixli Qərarına əsasən- 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir; 2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir; 3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” X6 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X13 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. 21.09.1953-cü il təvəllüdlü X3 ünvan 3 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-10874/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10874/2021
23.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver