Məhkəmə qərarları › İş №2-1(112)-10875/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10875/2024

09.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10875/2024 09.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Sənayəsi Nazirliyinə qarşı “məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Sənayəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2007-2017-ci illər üzrə məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərinə nisbətində ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının tam şəkildə ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Sənayəsi Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2007-2017-ci illər ərzində Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Sosial Xidmətlər İdarəsi Məhdud Məsuliyyətli Cəmiyyətində mühasib vəzifəsində işləmişdir. İşlədiyi dövr ərzində əmək haqqından məcburi dövlət sosial sığorta haqları tutulsa da, tam məbləğ fərdi şəxsi hesabında öz əksini tapmamışdır. Belə ki, 2007-ci ilin iyul ayından 2017-ci ilin sentyabr ayınadək Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinə xeyrinə ödədiyi 13218,65 manat məbləğin yalnız 7444,89 manatı fərdi şəxsi hesabıına köçürülmüşdür. Sözügedən məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasına müraciət etmişdir. Müraciətinə aidiyyətı üzrə Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyində baxılmış, 05 iyun 2024-cü il tarixli, 3-26-06/2-İ-21-133/2024 saylı məktubla imtina edilmişdir. İmtina onunla əlaqələndirilmişdir ki, “Dövlət sosial söğorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının 2001-ci il 27 fevral tarixli 221-İİQ nömrəli Qanunun 10.2.1-ci maddəsinə əsasən sığortaedənlər tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqları sığortaolunanlar üçün hesablanmış məcburi dövlət sosial sığorta haqlarına münasibətdə proporsional qaydada bölüşdürülməlidir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, MSN-in strukturuna daxil olan "xxxx" MMC mülki qanunvericiliyə uyğun olaraq öz öhdəliklərinə görə cavabdeh olan müstəqil hüquqi şəxsdir. İddiaçı ilə Cəmiyyət arasında mövcud olmuş əmək münasibətlərinin tənzimlənməsi, əmək haqqı ödənişi və əmək haqqından tutulmalar tərəflər arasında bağlanılmış əmək müqaviləsinin şərtlərinə və qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir. Qeyd olunanlara əsasən, MSN-in iddiaçı qarşısında hər hansı bir öhdəlik daşımadığından, iddia tələbinə dair əlaqəli hərəkət və ya hərəkətsizliyə yol verilmədiyindən iddianın MSN-ə yönəldilməsinin heç bir hüquqi əsası mövcud deyildir. Əmək haqqından tutulmaların ödənilməsi birbaşa Cəmiyyətin öhdəliklərinə aid edildiyindən hazırkı iddia üzrə MSN cavabdeh qismində tanınaraq icraata cəlb edilə bilməz. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saymış və bununla bağlı tərəfin fikrini dinlənilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddianın mümkün sayılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak şəxsin izahatını dinləyib, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəanın mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia tələbi cavabdeh kimi Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə yönəlmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İş materiallarından göründüyü kimi, iddiaçı Sosial Xidmətlər İdarəsi Məhdud Məsuliyyətli Cəmiyyətində işləmişdir və orada işlədiyi dövrün məcburi dövlət sosial sığorta haqlarının tam şəkildə ödənilmədiyini iddia edir. Lakin iddiaçı iddia tələbini Azərbaycan Respublikası Müdafiə Sənayəsi Nazirliyinə qarşı qaldırmışdır. Qeyd edilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, iddianın predmeti olan sosial sığorta haqlarının ödənilməsi cavabdehin səlahiyyətində olmadığından, cavabdeh hazırkı iddiaya cavab verməli olan orqan deyil. Lakin iddiaçı tərəfindən cavabdehin əvəz edilməsi barədə ərizə təqdim edilsə belə, hazırkı iş üzrə iddianın mümkünlük şərtlərindən biri kimi ilk növbədə iddiaçı tərəfindən mübahisəyə qanunla baxmaq hüququ olan səlahiyyətli məhkəməyə müraciət olunması ilə bağlı məsələ müzakirə olunmalı olacaqdı. İPM-in: 1.1-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir; 8.1-ci maddəsinə əsasən, inzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: ... 8.1.3. inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. ... Hüquq münasibətinin xarakteri ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının hüquqi marağı Sosial Xidmətlər İdarəsi Məhdud Məsuliyyətli Cəmiyyətini tərəfindən onun məcburi dövlət sosial sığorta haqlarının tam şəkildə ödənilməsi ilə bağlıdır. İddiaçının Sosial Xidmətlər İdarəsi Məhdud Məsuliyyətli Cəmiyyətində işlədiyi mühasib vəzifəsi “Dövlət qulluğu haqqında” Qanunda təsbit edilmiş inzibati və yardımçı vəzifələrin təsnifatında nəzərdə tutulmamışdır. İddiaçı ilə Sosial Xidmətlər İdarəsi Məhdud Məsuliyyətli Cəmiyyəti arasında yaranmış münasibət işçi ilə işəgötürən arasında yaranan əmək münasibətləri olmaqla həmin münasibətin məzmununu təşkil edən subyektiv hüquq və vəzifələr mülki hüquqi xarakterə malik olduğu üçün, hazırkı işə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 287-ci maddəsinə əsasən, fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır; 288-ci maddəsinin “d” və “k” bəndlərinin tələbinə əsasən, bu Məcəllə ilə aşağıdakı məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır: əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi; əmək müqaviləsinin, habelə kollektiv müqavilənin şərtlərinin və əmək qanunvericiliyinin pozulması ilə bağlı digər məsələlərin tətbiq edilməsi; 289-cu maddəsinə əsasən, fərdi əmək mübahisələrinin bir tərəfi işəgötürən, digər tərəfi isə öz əmək hüquqlarının və ya qanunla qorunan mənafelərinin pozulduğunu iddia edən işçi və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun müvəkkil etdiyi şəxsdir; 294-cü müddəsinin birinci hissəsinə əsasən, bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır; 297-ci maddəsinə əsasən, fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması bu Məcəllə, Azərbaycan Respublikasının Mülki-Prossesual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır. Sadalanan normalarına tələblərinə əsasən, işəgötürən və işçi (qanunvericiliklə müəyyən edilmiş qaydada onun müvəkkil etdiyi şəxs) arasında əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi ilə əlaqədar yaranan fərdi əmək mübahisələri mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə ümumi məhkəmədə (rayon (şəhər) məhkəməsi) həll edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd edilən çəkilən qərarının sonuncu bəndində göstərilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Bu baxımdan, məhkəmə qeyd edir ki, iddiaçının adıçəkilən cavabdehə qarşı ehtimal etdiyi hüquqlarının müdafiəsini inzibati mübahisə kimi hazırkı məhkəmədə deyil, mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə ümumi məhkəmədə (rayon (şəhər) məhkəməsi) həll etmək hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarının 15-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Sənayəsi Nazirliyinə qarşı “məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar