Məhkəmə qərarları › İş №2-1(112)-10877/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10877/2025

20.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10877/2025 20.11.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “yeni məlumat vərəqinin DSMF-yə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “yeni məlumat vərəqinin Dövlət Sosial Müdafiə Fonduna göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 20 noyabr 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), qapalı məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.2001-xx.xx.2003-cü illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Maliyyə və Büdcə İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə “Əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan “Məlumat vərəqi”nə əsasən xx.xx.2023-cü il tarixdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndi (xəstəliyə görə) ilə tərxis olunmuş motoatıcı briqadanın Kəşfiyyat bölməsinin görüntülərinin təhlili qrupunun operatoru (6-cı t.dı) baş gizir İddiaçı təqvimi xidmət illəri 22 il 04 ay 15 gün, güzəştli xidmət illəri 12 il 07 ay 01 gün, cəmi iş stajı və xidmət illəri 34 il 11 ay 16 gün təşkil edir. Pul təminatı (təminat xərcliyi): vəzifə maaşı 480,00, rütbə maaşı 127,00, xidmət illərinə görə əlavə 25 %-151,75 manat, ərzaq payı əvəzinə kompensasiya 64,00 manat, 1-ci məharət dərəcəsinə görə 15%-72 manat, dağ yüksəkliyinə görə 20 %-96,00 manat, məxfiçiliyə görə 10%-48,00 manat, Prezident əlavəsinə görə 50%-240 manat, cəmi min iki yüz yetmiş səkkiz manat yetmiş beş qəpik pul təminatı hesablanmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçıya xx.xx.2023-cü il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən 1275,55 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Cəmi xidmət illəri:34 il 11 ay, cəmi təminat xərcliyi: 1278,75 manat, pensiya faizi: 99,75, pensiya müddəti: müddətsiz. Azərbaycan Respublikası Müdafiə Nazirliyi 181 №-li Hərbi Hissənin xx.xx.2025-ci il tarixli məktubuna əsasən baş gizir İddiaçı N nömrəli hərbi hissədə xidmət etdiyi dövr ərzində bütün vergilər tutulduqdan sonra aylıq pul təminatı 1609 (bir min altı yüz doqquz) manat 03 qəpikdir. Rütbə maaşı: (baş gizir)- 127.00, vəzifə maaşı: (operator) -480.00, xidmət illərinə görə faiz əlavəsi: 50 % - 240.00, məharət dərəcəsi: (1-ci məharət dərəcəsi) – 15 % - 72.00, yüksək dağlıq ərazidə xidmətə görə əlavə: 10 % -48.00, sülhməramlı kontigentlə üzbəüz xidmətə görə vəzifə maaşına 100 % əlavə - 480.00.Tutulmalar: gəlir vergisi (14 %)-0,98 qəpik, İcbari Tibbi Sığorta (2 %) -33,90 (otuz üç) manat 90 qəpik, DSMF (3 %) -50,84 (əlli) manat 84 qəpik. İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra – cavabdeh) müraciət edərək yeni məlumat vərəqinin tərtib edilərək Dövlət Sosial Müdafiə Fonduna göndərilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və xx.xx.2024-cü il tarixli məktubla bildirilmişdir ki, “...Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikası Xüsusi Rabitə və X2 Xidmətində, Azərbaycan Respublikasının Strateji X3 Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyi ilə yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması müəyyən ediimişdir. Həmin Qaydaların 2-ci bəndində isə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğ kimi göstərilmişdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır. Sonuncu xidmət yeriniz olan N nömrəli hərbi hissə tərəfindən təqdim edilmiş MN № 071222 nömrəli 21 iyun 2023-cü il tarixli “Pul attestatına”, habelə 17 dekabr 2024-cü il tarixli 3372 nömrəli məktubla ünvanımıza daxil olmuş “Hərbi hissənin 2023-cü ilin yanvar-iyul ayları üzrə zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların pul təminatı üzrə paylama cədvəli”ndən çıxarışına baxış keçirilən zaman müraciətinizdə qeyd etdiyiniz pul əlavəsini almağınız barədə hər hansı bir qeydiyyat tərəfimizdən aşkar edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən bildiririk ki, adınıza tərtib olunmuş MN-20476 nömrəli “Məlumat vərəqi”ndə Sizin hərbi xidmətdən buraxıldığınız günə tutduğunuz sonuncu vəzifə üzrə aldığınız təminat xərcliyi (pul təminatı) haqqında məlumatlar əks olunaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına tərəfimizdən təqdim edilmiş və pensiyanızın yenidən hesablanması məqsədi ilə adıçəkilən idarənin “Elektron məlumatlar bazasına” yeni “Məlumat vərəqi”nin daxil edilməsi qanunamüvafiq deyildir. Bu barədə Sizə daha öncə 06 sentyabr 2024-cü il tarixli 3-25-19/2-B-15xx-xx/2024 nömrəli və 14 oktyabr 2024cü il tarixli 3-25-19/2-B-18xx-xx/2024 nömrəli məktublarla tərəfimizdən məlumat verilmişdir”. İddia tələbi və onun əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məlumat vərəqində dəyişiklik edilərək, sülhməramlı kontingent ilə üzbəüz xidmətə görə vəzifə maaşına 100% əlavə nəzərə alınmaqla yeni məlumat vərəqinin DSMF-yə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, vətən müharibesinin 3-qrup qazisidir. Bir çox medallarla təltif olunmuşdur. O, Quru Qoşunlarının müvafiq əmri ilə xx.xx.2023-cü ildə yaralandığı üçün ordu sıralarından N saylı hərbi hissədən tərxis olunmuşdur. Orada Rusiya Federasiyasının sülhməramlıları ilə sərhəddə olduğu üçün 480 AZN vəzifə maaşına əlavə almışdır. Müdafiə Nazirliyinin maliyyə idarəsi bu pulu pensiyaya əlavə etmir. Birinci məktubunda göstərir ki, guya N nömrəli hərbi hissənin maliyyə rəisi yazmayıb. Maliyyə rəisindən aldığı sənəddə isə göstərilib. Bununla bağlı o, ikinci dəfə müraciət etmişdir. Ona 100% əlavənin düşmədiyi bildirilmişdir. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etirazın onunla əsaslandırılmışdır ki, “Ermənistanla şərti sərhəd boyu və işğaldan azad olunmuş ərazilərdə xidmət keçən Azərbaycan Ordusunun hərbi qulluqçularının vəzifə maaşlarına əlavələrin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası müdafiə nazirinin 2024-cü il 30 aprel tarixli müvafiq əmrilə Ermənistanla şərti sərhəd boyu postmüharibə dövrünün bir sıra təhdidlərini, həmçinin işğaldan azad olunmuş ərazilərdə xidmətin xüsusiyyətlərini, müvafiq sosial-məişət və digər infrastrukturun olmaması səbəbindən qulluq şəraitinin mürəkkəbliyini nəzərəalaraq, həmin ərazilərdə xidmət keçən Azərbaycan Ordusunun hərbi qulluqçularının vəzifə maaşlarına müəyyən əlavələr təsbit edilmişdir. Bu əlavələr müddətlidir, daimi xarakter daşımır və yalnız sözügedən ərazilərdə xidmət keçən hərbi qulluqçulara onların birbaşa xidməti vəzifələrinin icrası ilə bağlı döyüş xidməti (döyüş növbətçiliyi) aparan dövr üçün ödənilir. Bu əmrin 6-cı bəndinə müvafiq olaraq hərbi qulluqçu məzuniyyətə, ezamiyyətə, müalicəyə, təhsilə getdikdə, habelə fərarilik etdikdə və ya həbs edildikdə və sair hallar baş verdikdə bu əlavələrin ödənişi dayandırılır. Qeyd olunanlara əsasən, bu ödəniş növü müvəqqəti xarakter daşıdığına görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsində ehtiva edilmiş aylıq təminat xərcliyinə (pul təminatına) daxil edilmədiyindən hərbi qulluqçulara pensiya təyin edilərkən nəzərə alınmır. Bu səbəbdən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”na əsasən vətəndaş İddiaçı barəsində tərəflərindən tərtib edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmiş MN-20476 nömrəli 20 iyul 2023-cü il tarixli “Məlumat vərəqi”ndə sözügedən əlavə haqqında məlumat qeyd edilməmişdir. Tərəflərindən aparılmış araşdırmanın nəticəsində məlum olmuşdur ki, “Ermənistanla dövlət sərhədində və işğaldan azad olunmuş ərazilərdə xidmət keçən Azərbaycan Ordusunun hərbi qulluqçularının vəzifə maaşlarına əlavələrin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası müdafiə nazirinin 02 mart 2021-ci il tarixli 056 nömrəli əmrinə müvafiq olaraq, iddiaçı həqiqi hərbi xidmətdə olduğu zaman vəzifə maaşının 50 faizi miqdarında əlavə ödənilmişdir. Lakin qeyd edilən əmrin 6-cı bəndinin müddəalarına əsasən hərbi hissələrdən gedən hərbi qulluqçulara (məzuniyyət, ezamiyyət, müalicə, təhsil, fərarilik, həbs və s.) getdikləri gündən yuxarıda göstərilən əlavənin ödənilməsi dayandırılması qeyd edilmişdir. Nəticədə yuxarıda göstərilənlərə istinad olaraq hesab edilir ki, İddiaçı aylıq təminat xərcliyini əks etdirən yeni “Məlumat vərəqi”nin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi qanunamüvafiq deyildir. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddianın rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırkı iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına əsasən iddiaçı xx.xx.2023-cü il tarixdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndi (xəstəliyə görə) ilə tərxis olunmuşdur. Cavabdeh tərəfindən iddiaçının barəsində tərtib edilmiş məlumat vərəqində təqvimi xidmət illəri 22 il 04 ay 15 gün, güzəştli xidmət illəri 12 il 07 ay 01 gün, cəmi iş stajı və xidmət illəri 34 il 11 ay 16 gün təşkil edir. Pul təminatı (təminat xərcliyi): vəzifə maaşı 480,00, rütbə maaşı 127,00, xidmət illərinə görə əlavə 25 %-151,75 manat, ərzaq payı əvəzinə kompensasiya 64,00 manat, 1-ci məharət dərəcəsinə görə 15%-72 manat, dağ yüksəkliyinə görə 20 %-96,00 manat, məxfiçiliyə görə 10%-48,00 manat, Prezident əlavəsinə görə 50%-240 manat, cəmi min iki yüz yetmiş səkkiz manat yetmiş beş qəpik pul təminatı hesablanmış və həmin məlumat vərəqi əsasında iddiaçıya xx.xx.2023-cü il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən 1275,55 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir İddiaçının hazırkı iddianı qaldırmaqda hüquqi marağı sülhməramlı kontingent ilə üzbəüz xidmətə görə vəzifə maaşına 100% əlavə nəzərə alınmaqla yeni məlumat vərəqinin DSMF-yə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına yönəlmişdir Cavavdeh isə bildirir ki, MN № 071222 nömrəli 21 iyun 2023-cü il tarixli “Pul attestatına”, habelə 17 dekabr 2024-cü il tarixli 3372 nömrəli məktubla daxil olmuş “Hərbi hissənin 2023-cü ilin yanvar-iyul ayları üzrə zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların pul təminatı üzrə paylama cədvəli”ndən çıxarışına baxış keçirilən zaman iddiaçının sülhməramlı kontingent ilə üzbəüz xidmətə görə vəzifə maaşına 100% əlavəni alması hər hansı bir qeydiyyat yoxdur. Məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.3. hərbi qulluqçular - Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. 1.0.5. təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. 20.14.1. hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 25 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin - 65 faizi, 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin - 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş "Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”: Bu Qaydalar "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidmətində, Azərbaycan Respublikasının Strateji X3 Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra - Fond) təqdim olunması qaydalarını müəyyən edir. Bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra - hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır. Bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi (1 nömrəli əlavə) əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. Pensiya alan hərbi və ya xüsusi rütbəli şəxs öldükdə, ona vaxtilə pensiya təyin edilməsi üçün xidmət illəri və təminat xərcliyinə dair sənədlərdəki məlumatlarda dəyişikliklər baş vermişdirsə, ailə başçısını itirməyə görə pensiya hüququ yaranan ailə üzvünün Fonda müraciətindən 10 iş günü müddətində göndərilən Fondun sorğusu əsasında məlumat vərəqi bu hissədə nəzərdə tutulan müddətdə və qaydada təqdim edilir. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 oktyabr 1992-ci il tarixli 562 nömrəli Qərarı:

1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları üçün aylıq maaşlara nisbətən 1992-ci il yanvarın 1-də olan faiz miqdarı ilə müəyyən edilmiş normaları məbləğində üstəlik verilən pul təminatı növləri təsdiq edilsin, o cümlədən: zabit vəzifəli heyətə, gizirlərə, miçmanlara və müddətindən artıq xidməti hərbi qulluqçulara uzun müddət xidmətə görə verilən faiz əlavəsi; bəzi kateqoriyalı hərbi qulluqçuların xüsusi xidmət şəraitinə görə üstəlik əlavə; elmi ad və elmi dərəcə üçün faiz əlavəsi; kursant vəzifəsi üçün əlavə; paraşütlə tullanmaq üçün pul mükafatı; dalğıc işləri üçün pul mükafatı; hərbi gəmilərdə, gəmilərdə və gəmi birləşmələri idarələrində uzun müddət və fasiləsiz xidmətə görə birdəfəlik verilən pul mükafatı; hava-desant qoşunlarında fasiləsiz xidmətə görə birdəfəlik verilən pul mükafatı; hərbi təhsil müəssisələrini bitirən məzunlara birdəfəlik verilən pul mükafatı; dənizçilər üçün pul təminatı; döyüş növbətçiliyində olanlar üçün pul mükafatı; qoşunların yüksək döyüş hazırlığının təmin edilməsi və qüsursuz əsgəri intizam üçün birdəfəlik verilən pul mükafatı; müddətli xidmət hərbi qulluqçuları üçün tütün məmulatı əvəzinə verilən pul təminatı; şifrləmə işində fasiləsiz xidmət etməyə görə üstəlik verilən pul əlavəsi; xarici dilləri bildiyi üçün üstəlik verilən pul əlavəsi; gizirlərə, miçmanlara və müddətindən artıq xidmətli hərbi qulluqçulara ilkin ailə şəraiti yaratmaq üçün birdəfəlik pul müavinəti; hərbi qulluqçulara birdəfəlik verilən maddi yardım; Azərbaycan Respublikasının yüksək dağ yerlərində xüsusi iqlim şəraitində qulluq edənlər üçün üstəlik verilən pul əlavəsi; hərbi xidmətdən buraxılarkən birdəfəlik və işdən çıxma müavinətləri; xidmətlə əlaqədar yerdəyişmələr vaxtı yol xərcləri; gündəlik və mənzildə yaşamaq xərcləri; səhrada (çöldə) xidmətetmə pulu; ev kirayəetmə pulu.

2. Azərbaycan Ordusunda və başqa silahlı birləşmələrdə, həmçinin digər dövlət orqanlarında xidmət edən hərbi qulluqçuların pul təminatı onların vəzifə maaşları və bu qərarın 1-ci hissəsində nəzərdə tutulmuş pul təminatları nəzərə alınmaqla, həmin qurumların rəhbərləri tərəfindən müəyyən edilir. Məhkəmə qeyd edir ki, sadalanan qanunvericilik normalarından göründüyü kimi, mövcud qanunvericlik normaları hərbi qulluqçuların əmək pensiyasının hesablanmasını onlar barəsində müvafiq səlahiyyətli orqan (hazırkı halda Azərbaycan Respublikası Müdafiə Nazirliyi) tərəfindən təminat xərcliyinə dair tərtib edilmiş məlumat vərəqəsi əsas götürülməklə nəzərdə tutur. Təminat xərcliyinə daxil olan məbləğlər "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.5-ci maddəsində nəzərdə tutulmuşdur. “Ermənistanla şərti sərhəd boyu və işğaldan azad olunmuş ərazilərdə xidmət keçən Azərbaycan Ordusunun hərbi qulluqçularının vəzifə maaşlarına əlavələrin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası müdafiə nazirinin 2024-cü il 30 aprel tarixli müvafiq əmrilə Ermənistanla şərti sərhəd boyu post-müharibə dövrünün bir sıra təhdidlərini, həmçinin işğaldan azad olunmuş ərazilərdə xidmətin xüsusiyyətlərini, müvafiq sosial-məişət və digər infrastrukturun olmaması səbəbindən qulluq şəraitinin mürəkkəbliyini nəzərəalaraq, həmin ərazilərdə xidmət keçən Azərbaycan Ordusunun hərbi qulluqçularının vəzifə maaşlarına müəyyən əlavələr təsbit edilmişdir. İddiaçı hazırkı tələbində ona sülhməramlı kontingent ilə üzbəüz xidmətə görə vəzifə maaşına 100% əlavə nəzərə alınmaqla yeni məlumat vərəqinin DSMF-yə göndərilməsini xahiş edir. Cavavdeh isə bildirir ki, iddiaçıya aid “Pul attestatına”, habelə 17 dekabr 2024-cü il tarixli 3372 nömrəli məktubla daxil olmuş “Hərbi hissənin 2023-cü ilin yanvar-iyul ayları üzrə zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların pul təminatı üzrə paylama cədvəli”ndən çıxarışına baxış keçirilən zaman iddiaçının sülhməramlı kontingent ilə üzbəüz xidmətə görə vəzifə maaşına 100% əlavəni alması hər hansı bir qeydiyyat yoxdur. Lakin iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi 181 №-li Hərbi Hissənin xx.xx.2025-ci il tarixli məktubuna əsasən baş gizir İddiaçı N nömrəli hərbi hissədə xidmət etdiyi dövr ərzində bütün vergilər tutulduqdan sonra aylıq pul təminatı 1609 (bir min altı yüz doqquz) manat 03 qəpikdir. Rütbə maaşı: (baş gizir)- 127.00, vəzifə maaşı: (operator) -480.00, xidmət illərinə görə faiz əlavəsi: 50 % - 240.00, məharət dərəcəsi: (1-ci məharət dərəcəsi) – 15 % - 72.00, yüksək dağlıq ərazidə xidmətə görə əlavə: 10 % -48.00, sülhməramlı kontigentlə üzbəüz xidmətə görə vəzifə maaşına 100 % əlavə - 480.00.Tutulmalar: gəlir vergisi (14 %)-0,98 qəpik, İcbari Tibbi Sığorta (2 %) -33,90 (otuz üç) manat 90 qəpik, DSMF (3 %) -50,84 (əlli) manat 84 qəpik. Göründüyü kimi cavabdeh tərəfindən məhkəməyə təqdim edilən sənədlər arasında ziddiyyət vardır. İddiaçının ehtiyyata buraxıldığı N nömrəli hərbi hissəsinin arayışında iddiaçının sülhməramlı kontingent ilə üzbəüz xidmətə görə vəzifə maaşına 100% əlavəni alması qeyd edilsə də, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaçının şəxsi işində olan sənədlərdə (pul atestatı, “Hərbi hissənin 2023-cü ilin yanvar-iyul ayları üzrə zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların pul təminatı üzrə paylama cədvəli”ndən çıxarışda) iddiaçının həmin əlavəni alması barədə qeydlər aparılmamışdır. Belə olan halda, müəyyən edilir ki, həmin əlavənin iddiaçı tərəfindən həqiqətən alınıb-alınmaması ilə bağlı cavabdeh inzibati icraat aparmamış, təqdim edilən sənədlərdəki ziddiyətlərə aydınlıq gətirilməmişdir. İPM-in: 33.3-cü maddəsinə əsasən, inzibati akt inzibati orqanın hərəkətsizliyi səbəbindən qəbul edilməmişdirsə, məhkəmə ona inzibati aktın qəbul olunması üçün müəyyən müddət təyin edir. İnzibati orqan inzibati aktın qəbul edilməsi barədə məhkəməyə məlumat verməlidir; 33.4-cü maddəsinə əsasən, bu Məcəllənin 33.3-cü maddəsinə uyğun olaraq təyin edilmiş müddət bitənədək inzibati orqan tərəfindən inzibati akt qəbul edilmədikdə, məhkəmə həmin müddətin bitdiyi vaxtdan 3 ay ərzində iş üzrə qərar qəbul edir. Məhkəmənin həmin qərarı inzibati aktı əvəz edir. Bu Məcəllənin 73.3-cü maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə öz qərarında inzibati orqana inzibati aktla bağlı müvafiq göstərişlər verməyə haqlıdır; 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Məhkəmə qeyd edir ki, hazırkı halda İPM-in 73-cü maddəsinin tələbinə əsasən məhkəmə tərəfindən iddiaçının tələbinə uyğun məcburetmə haqqında qərar qəbul edilməsi mümkünsüzdür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; Məhkəmə cavabdeh inzibati orqanın, iddiaçıya aid “Pul attestatına”, habelə 17 dekabr 2024-cü il tarixli 3372 nömrəli məktubla daxil olmuş “Hərbi hissənin 2023-cü ilin yanvar-iyul ayları üzrə zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların pul təminatı üzrə paylama cədvəli”ndən çıxarışda iddiaçının sülhməramlı kontingent ilə üzbəüz xidmətə görə vəzifə maaşına 100% əlavəni alması hər hansı bir qeydiyyat olmaması barədə imtinasını əsassız hesab edərək qeyd edir ki, cavabdeh inzibati orqan iş materiallarına əlavə edilmiş ziddiyyətli sənədləri aydınlaşdırmalı, məhkəmə hüquqi mövqeyini nəzərə almaqla inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, inzibati icraatın bərabərlik və etimad prinsiplərini nəzərə alaraq müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməlidir. Aparılan inzibati icraat zamanı cavabdeh iddiaçının iddia etdiyi əlavəni alıbalmamasını müəyyən etməli, həmin əlavəni aldığı təqdirdə bu əlavənin iddiaya aid pul attestatında və maliyyə sənədlərində nə üçün qeyd edilmədiyini araşdırmalı və həmin əlavənin qeyd edilən sənədlərə əlavə edilməsini təmin etməli, almadığı təqdirdə iddiaçının xidmət keçdiyi hərbi hissə tərəfindən verilmiş arayışda əlavənin alınması ilə bağlı qeydiyyatın hansı əsaslara əsasən aparıldığını müəyyən etməli və aparılmış inzibati icraatın nəticələrinə uyğun olaraq müvafiq qərar qəbul etməlidir. Beləliklə, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı məlumat vərəqində dəyişiklik edilərək, sülhməramlı kontingent ilə üzbəüz xidmətə görə vəzifə maaşına 100% əlavə nəzərə alınmaqla yeni məlumat vərəqinin tərtib edilərək Dövlət Sosial Müdafiə Fonduna göndərilməsi ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəlik qoyulmalıdır. Məhkəmə qərarından şikayət verilməsi hüquqi ilə bağlı məhkəmə qeyd edir ki, hazırkı qərar, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla cavabdeh orqanın üzərinə yenidən inzibati icraatın aparılması və müvafiq qərarın qəbul edilməsi öhdəliyinin qoyulması barədədir və tərəflər iddia tələbinin mahiyyəti təmin edilməsi və ya rədd edilməsi barədə yekun hüquqi nəticə yaratmır. İddiaçıya izah edilir ki, hazırkı qərardan sonra onun müraciəti əsasında yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərardan narazı qaldığı təqdirdə iddiaçının həmin qərarı məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Məhkəmənin hazırkı qərarından şikayət verilə bilməməsi barədə oxşar hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1941/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadında da ifadə edilmişdir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı:

İddia qismən təmin edilsin. Məhkəmənin hazırkı qərarında hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı məlumat vərəqində dəyişiklik edilərək, sülhməramlı kontingent ilə üzbəüz xidmətə görə vəzifə maaşına 100% əlavə nəzərə alınmaqla yeni məlumat vərəqinin tərtib edilərək Dövlət Sosial Müdafiə Fonduna göndərilməsinə dair müvafiq qərar verilməsi ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi qoyulsun. İddia qalan hissədə təmin edilməsin.

Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar