Məhkəmə qərarları › İş №2-1(112)-1088/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1088/2022

28.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1088/2022 28.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə sosial müavinətin bərpa edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 31.07.2020-ci il tarixdən dayandırılmış yaşa görə sosial müavinətin bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, xx.xx.1960-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. 12.11.2004-cü il tarixdə vergi orqanında vergi ödəyici kimi qeydiyyata alınmış, 23.09.2005-ci il tarixdən etibarən fəaliyyətini dayandırmışdır. 05.02.2017-ci il tarixdə ona yaşa görə sosial müavinət təyin edilmişdir. “Sosial müavinətlər haqqında” Qanunun həmin dövrdə qüvvədə olan 1.0.2-ci maddəsinə əsasən 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınların yaşa görə sosial müavinət almaq hüququ var idi. 31.07.2020-ci il tarixdə ona təyin olunmuş müavinət dayandırılmışdır. O, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı “DOST” mərkəzinə müraciət edərkən məlumat verilmişdir ki, müavinətin dayandırılmasına səbəb vergi orqanında fəaliyyətinin aktiv olmasıdır. O, cavabdehə müraciət edərək yaşa görə sosial müavinətin bərpa edilməsini xahiş etmişdir. Lakin cavabdeh onun aktiv vergi ödəyicisi kimi qeydiyyatda olduğunu əsas gətirərək yaşa görə sosial müavinətini bərpa etməkdən imtina etmişdir. Cavabdehin qeyd olunan əsaslarla onun müraciətindən imtina etməsi tamamilə qanunsuz və əsassızdır. Belə ki, o, 23.09.2005-ci il tarixdən etibarən fəaliyyətini dayandırdığından, bugünədək heç bir fəaliyyəti olmadığından, həmçinin 05.02.2017-ci ildə onun heç bir fəaliyyəti olmadığından ona yaşa görə sosial müavinət təyin edildiyindən cavabdeh orqanın qeyd olunan əsaslarla müraciətindən imtina etməsi ilə hüquqları pozulmuşdur. 2005-ci il tarixdən vergi fəaliyyətini dayandırdığından, nə əmək fəaliyyəti, nə də hər hansı bir gəliri olmadığından, vergi orqanlarında fəaliyyəti aktiv göstərilsə belə, bu haqda heç bir məlumatı olmadığından və bu barədə heç bir fəaliyəti olmadığından cavabdehin imtinası əsassız hesab olunmalı və ona təyin edilmiş yaşa görə sosial müavinət bərpa edilməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 izahatında bildirdi ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək, 31.07.2020-ci il tarixdən dayandırılmış yaşa görə sosial müavinətin bərpa edilməsini xahiş etmişdir. Lakin 12.11.2004-cü il tarixdən aktiv vergi ödəyicisi kimi qeydiyyatda olduğundan “Sosial müvinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 11.1.2-ci maddəsinə əsasən müraciəti müsbət həll etmək mümkün olmamışdır. “Sosial müvinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, “Əmək pensiyası haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış, yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil övladlarıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə pensiya hüququnun yaranması üçün iki şərt tələb olunur: şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajı toplaması. “Sosial müvinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. İddiaçı 29 noyabr 2019-cu il tarixədək qüvvədə olmuş “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən ona 05.02.2017-ci il tarixdə sosial müavinət təyin edilmişdir. Lakin araşdırma zamanı iddiaçının 12.11.2004-cü il tarixdən aktiv vergi ödəyicisi kimi qeydiyyatda olduğu (VÖEN: **********) müəyyən edilmiş, qanunun 7.0.2-ci maddəsinin tələbləri pozulduğundan həmin qanunun 11.1.2-ci maddəsinə əsasən iddiaçının yaşa görə sosial müavinəti 31.07.2020-ci il tarixdən dayandırılmışdır. Azərbaycan Respublikası İqisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********686600 nömrəli 29 oktyabr 2021-ci il tarixli məktubunda göstərilir ki, İddiaçı 02.09.2020-ci il tarixli “Fiziki şəxsin uçotdan çıxarılması haqqında” ərizəsinə əsasən 08.10.2020-ci il tarixdə vergi uçotu ləğv edilmiş, 26.01.2021-ci il tarixli “Fiziki şəxsin uçotu haqqında ərizə”yə əsasən 26.01.2021-ci il tarixdə İddiaçı xitam verilmiş ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi bərpa edilmiş və yenidən təqdim edilmiş ərizəyə əsasən 15.03.2021-ci il tarixdə vergi uçotu ləğv edilmişdir. Həmçinin hal-hazırda 29 noyabr 2019-cu il tarixdə “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişikliyə əsasən 1.0.2-ci maddəsində “3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar” sözləri çıxarıldığı üçün bu müavinət növü üzrə təyinat nəzərdə tutulmamışdır. Qeyd olunan maddi normalara istinad edərək belə nəticəyə gəlmək olar ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət etdiyi tarixdə (04.02.2021) aktiv vergi ödəyicisi olduğundan, eyni zamanda pensiya yaşına çatmadığından yaşa görə sosial müavinətin bərpa edilməsi qanunamüvafiq hesab edilə bilməz. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı ildə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 05 mart 2021-ci il tarixli məktubda qeyd olunur: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı “DOST" mərkəzindən daxil olmuş 04.02.2021-ci il tarixli ərizənizə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə Mərkəzi Filialda baxılmışdır. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil övladlarıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır (kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.) 2020-ci ıl 1 iyul tarixində qadınların müavinət yaşı 62 yaş müəyyən edilmişdir. Bu Qanunun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Sizə 30.08.2018-ci il tarixli ərizənizə əsasən “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinin tələbləri pozularaq 12.11.2004-cü il tarixdən aktiv vergi ödəyicisi kimi qeydiyyatda olduğunuz (VÖEN **********) halda 05.02.2017-ci il tarixdən yaşa görə sosial müavinət təyin edilmişdir. Bu səbəbdən "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 11.1.2-ci maddəsinə əsasən Sizin yaşa görə sosial müavinətiniz 31.07.2020-ci il tarixdən dayandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2019-cu il tarixli “Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununda edilmiş dəyişikliyə əsasən 1.0.2-ci maddəsində “3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar” sözləri çıxarıldığı üçün bu müavinət növü üzrə təyinat nəzərdə tutulmamışdır. Qeyd edilənləri nəzərə alaraq bildiririk ki, aktiv vergi ödəyicisi kimi qeydiyyatda olduğunuz üçün və 62 yaşınız tamam olmadığı üçün Sizə yaşa görə sosial müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından uyğun hesab olunmur. “Vətəndaş müraciətləri haqqında" Azərbaycan Respublikası Qanununun 14.0.8-ci maddəsinin tələblərinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 03.09.2020-ci il tarixli məktubda qeyd edilir: Vergi ödəyicisinin fəaliyyəti barədə arayışın verilməsinə dair müraciətinə Bakı şəhəri X3 üzrə Baş İdarəsində baxılmışdır. Uçot baza məlumatlarına əsasən bildiririk ki, 12.11.2004-cü il tarixdən vergi orqanında vergi ödəyicisi kimi uçota alınması, fəaliyyətinin 23.09.2005-ci il tarixdən 23.09.2006-cı il tarixədən dayandırılması barədə məlumat aşkar edilmişdir. Hazırda fəaliyyətiniz aktiv vəziyyətdədir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 19.10.2020-ci il tarixli məktubun surətindən görünür ki, vergi orqanında vergi ödəyicisi kimi vergi uçotunda olması barədə məlumat aşkar edilməmişdir. İddiaçının vergi uçotu 02.09.2020-ci tarixdən ləğv edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 29.10.2021-ci il tarixli məktubda qeyd edilir: İddiaçı vergi ödəyicisi kimi uçotda olub-olmaması, uçota alınması tarixi və vergi uçotunun ləğv edilməsi ilə bağlı müraciətinizə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində baxılmışdır. Bildiririk ki, İddiaçı tərəfindən təqdim edilmiş 02.09.2020-ci il tarixli “Fiziki şəxsin uçotdan çıxarılması haqqında” ərizəyə əsasən 08.10.2020-ci il tarixdə vergi uçotu ləğv edilmişdir. Həmçinin, poçt vasitəsilə təqdim edilmiş 26.01.2021-ci il tarixli “Fiziki şəxsin uçotu haqqında ərizə”yə əsasən 26.01.2021-ci il tarixdə İddiaçı xitam verilmiş ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi bərpa edilmiş və poçt vasitəsilə təqdim edilmiş ərizəyə əsasən 15.03.2021-ci il tarixdə vergi uçotu ləğv edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən 27.07.2021-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş İddiaçı müraciətinə dair inzibati icraat materiallarıda olan sənədlərdən görünür ki, İddiaçı 30.08.2018-ci il tarixli müraciəti əsasında ona 05.02.2017-ci il tarixdən yaşa görə müavinət təyin edilmişdir. «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. 1.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladlarıdır (29.11.2019-cu ilədək olan redaksiyası - 1.0.2. əmək qabiliyyəti olmayan şəxslər - əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 62 yaşına çatmış qadınlar, 67 yaşına çatmış kişilər, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqları). 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. 4.0.1.2-ci maddəsinə əsasən yaşa görə müavinət bu Qanunla təyin edilən aylıq müavinətlərdən biridir. 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadığı və işləmədiyi hallarda təyin edilir. 11.1.2-ci maddəsinə əsasən yaşa görə müavinətin ödənişi şəxs əmək fəaliyyətinə başladığı halda dayandırılır. 11.2-ci maddəsinə əsasən müavinət alan şəxs vəfat etdikdə (qanunvericiliklə müəyyən edilmiş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə) və bu Qanunun 11.1.1 - 11.1.6-cı maddələrində göstərilən hallarda, habelə vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin öhdəsində olan uşağı 18 yaşına çatdıqda müavinətlərin ödənişi qanunvericiliyə uyğun olaraq həmin halın yarandığı gündən, digər hallarda isə növbəti ayın 1-dən dayandırılır. 12.1-ci maddəsinə əsasən bu Qanunun 11-ci maddəsində göstərilən müavinətlərin ödənişinin dayandırılmasına səbəb olan hallar baş verdikdə müavinət alan şəxs və ya onun ailə üzvləri bu barədə müavinət təyin edən orqana 5 gün müddətində məlumat verməyə borcludur. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı 30.08.2018-ci il tarixli müraciəti əsasında ona 05.02.2017-ci il tarixdən yaşa görə müavinət təyin edilmişdir. Lakin iddiaçının 12.11.2004-cü il tarixdən aktiv vergi ödəyicisi kimi qeydiyyatda olduğu müəyyən edildiyi üçün ona təyin edilmiş yaşa görə sosial müavinət 31.07.2020-ci il tarixdən dayandırılmışdır. İddiaçı dayandırılmış müavinətin bərpa edilməsi üçün cavabdehə müraciət etsə də, müraciətinin təmin edilməsindən imtina edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsi tərəfindən Uçot baza məlumatlarına əsasən verilmiş məlumatlardan görünür ki, İddiaçı 12.11.2004-cü il tarixdən vergi orqanında vergi ödəyicisi kimi uçota alınmış (VÖEN: **********), onun tərəfindən təqdim edilmiş 02.09.2020-ci il tarixli “Fiziki şəxsin uçotdan çıxarılması haqqında” ərizəyə əsasən 08.10.2020-ci il tarixdə vergi uçotu ləğv edilmiş, lakin poçt vasitəsilə təqdim edilmiş 26.01.2021-ci il tarixli “Fiziki şəxsin uçotu haqqında ərizə”yə əsasən 26.01.2021-ci il tarixdə onun xitam verilmiş ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi bərpa edilmiş və poçt vasitəsilə təqdim edilmiş ərizəyə əsasən 15.03.2021-ci il tarixdə vergi uçotu ləğv edilmişdir. Göründüyü kimi, iddiaçıya 05.02.2017-ci il tarixdə yaşa görə müavinət təyin edilərkən, o, vergi orqanında vergi ödəyicisi kimi uçotda olmuş, o, bu barədə cavabdeh inzibati orqana məlumat verməmiş, ona təyin edilmiş yaşa görə sosial müavinət 31.07.2020-ci il tarixdə dayandırıldıqdan sonra isə 02.09.2020-ci il tarixli ərizəsinə əsasən 08.10.2020-ci il tarixdə vergi uçotu ləğv edilmişdir. Yenidən 26.01.2021-ci il tarixli ərizəsinə əsasən 26.01.2021-ci il tarixdə onun xitam verilmiş ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi bərpa edilmiş və ərizəsinə əsasən 15.03.2021-ci il tarixdə vergi uçotu ləğv edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Bu səbəbdən də iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar