Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1088/2024 18.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Bağırova Ayla Fuad qızının katibliyi İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, İddiaçı 1 aprel 1959-cu il tarixdə doğulmuşdur. 1 iyun 1976-cı il tarixdən 16 iyul 1978-ci il tarixədək 12 nömrəli Peşə Məktəbində “soyuducu qurğuların mexaniki” ixtisası üzrə təhsil almış, 1976 – 1978-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra əmək fəaliyyətini davam etdirmişdir. 30 may 1980-ci il tarixdən 29 iyun 1984-cü il tarixədək Dəmiryol Xidmətinin 9-cu Distansiyasında sürücü-maşinist, 3 dekabr 1984-cü il tarixdən 24 avqust 1992-ci il tarixədək 2-ci dərəcəli elektrik montyoru, 31 avqust 1992-ci il tarixdən 19 dekabr 2005-ci il tarixədək X1 3-cü dərəcəli yol montyoru vəzifələrində çalışmışdır. İşlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nda, həmçinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda göstərilmişdir. Qeyd edilənlərə görə iddiaçı hesab olunur ki, onun (iddiaçının) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. İddiaçı ona əmək pensiyası təyinatı ilə bağlı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin cavabdeh məsələnin həllindən imtina etmiş və bu barədə ona 21 aprel 2022-ci il tarixli məktub ünvanlamışdır. İmtina məktubunda göstərilmişdir ki, onun təqdim etdiyi "xxxx" QSC-nin 12 aprel 2022-ci il tarixli A/110 nömrəli arayışında 15 iyul 1997-ci il tarixdən bugünədək sözügedən müəssisənin Yol xidmətində yol montyoru vəzifəsində işlədiyi göstərilmişdir. Həmin yol montyoru vəzifəsi yuxarıda göstərilən vəzifələrə uyğun deyil. Bu səbəbdən də güzəştli iş stajı yoxdur. İddiaçı hesab edir ki, cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının imtinası əsassızdır. İmtina məktubunda həmçinin qeyd edilmişdir ki, onun (iddiaçının) 31 avqust 1992-ci il tarixdən 19 dekabr 2005-ci il tarixədək olan dövr ərzində "xxxx" QSC-nin 9 nömrəli X3 yol montyoru vəzifəsində işləməsi faktı öz əksini tapmamışdır. Lakin bu, iddiaçının iradəsindən aslı olan səbəb deyildir. Əmək kitabçasında onun həmin qurumda sözügedən vəzifədə işləməsi təsdiq edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.9cu bandinə görə Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək (1 yanvar 2006-ci il tarixədək) 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq olunmuş və 1 yanvar 2006-cı il tarixədək qüvvədə olan «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» əsasında müəyyən edilir. Həmin Qaydaların 4.1.11-ci bəndinə əsasən 2017-ci ilin iyulun 1-dək Qanunun 7, 9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir. “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: (2.4.1) şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı. İddiaçının çalışdığı müəssisədən, yəni "xxxx" QSC-dən 12 aprel 2022-ci il tarixli arayışı cavabdehə təqdim etsə də, cavabdeh həmin arayışda göstərilənləri nəzərə almaqdan imtina etmişdir. Həmin arayışda qeyd edilir ki, şəxs güzəştli şərtlərlə əmək stajına və yaşa görə əmək pensiyasına çıxmaq hüququna malikdir, onun xüsusi zərərli əmək şəraitində işlədiyi peşə üzrə iş stajı 12 aprel 2022-ci il tarixə 24 il 8 ay 28 gün təşkil edir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahı 21.5-ci (Metropolitenlər (yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr) bəndinə aiddir. Bu, Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarında “XXVİİİ Nəqliyyat” bölməsinin 2-ci “Metropolitenlər” bəndində “23002000а a) yalnız gecə vaxtlarında tunellərdə va yeraltı qurğularda daim məşğul olan fəhlələr” kimi göstərilmişdir. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən iş yerindən verilən arayışın nəzərə alınmaması qanunvericiliyin tələblərinə ziddir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə, «Əmək pensiyaları haqqında» Qanunun 1.0.1, 3, 9-cu maddələrinə, «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13-cü maddəsinin “b” bəndinə, İPMin 2.2.3, 14.3, 34.1, 45, 46-cı maddələrinə əsaslanaraq, iddiaçıya hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazında bildirilir ki, İddiaçı iddiası əsassızdır və təmin edilməməlidir. Belə ki, İddiaçı DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Mərkəzi Filialın iddiaçıya ünvanlanmış 13 dekabr 2022-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. «Əmək pensiyaları haqqında» Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən normaların məzmunundan göründüyü kimi, 1 aprel 1959-cu il tarixdə doğulmuş İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası üçün qanuvericilikdə nəzərdə tutulmuş yaş həddinə 60 yaşının tamam olduğu 1 aprel 2019-cu il tarixdə çatmışdır. Ona həmin tarixdə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Qanunda göstərilmiş iki şərt ödənilməlidir: 1) ümumi iş stajının 25 il olması; 2) güzəştli iş stajının 12 il 6 ay olması. Lakin iddiaçının güzəştli iş stajı «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində təsbit olunmuş normada müəyyən edilmiş şərtləri ödəmir. Onun ümumi iş stajı 14 il 2 ay 8 gün (21 may 1978-ci il tarixdən 9 may 1980-ci il tarixədıək, 30 may 1980-ci il tarixdən 29 noyabr 1984-cü il tarixədək, 3 dekabr 1984-cü il tarixdən 24 avqust 1992-ci il tarixədək olan dövrlər) təşkil edir və tələb olunan 25 ildən azdır. İddiaçının güzəştli iş stajı isə yoxdur. Mərkəzi Filiala təqdim edilmiş 30 noyabr 1981-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında 31 avqust 1992-ci il tarixdən 19 dekabr 2005-ci il tarixədək olan dövrdə “Azərbaycan Dəmir Yolları" QSC-nin 9 nömrəli X3 yol montyoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. Adıçəkilən müəsisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi zamanı yuxarıda qeyd olunan dövr ərzində sözügedən müəssisədə iddiaçının işləməsinə dair faktın öz təsdiqini tapmadığı müəyyən edilmişdir. Bu fakt 9 nömrəli X4 6 dekabr 2022-ci il tarixli birgə aktı ilə təsdiq edilmişdir. Bundan başqa, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40.320 manat (minimum əmək pensiyasının 280 manat olması ilə əlaqədar) hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 13.139,58 manat təşkil edir. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, məhkəmələr iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmə İPM-in 58.6-cı maddəsinə uyğun olaraq işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən etməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydaları»nın 4.1.1-ci maddəsinə əsasən 2006-cı il yanvarın 1-dək olan dövr üzrə sosial sığorta stajına əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı - həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən daxil edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Göstərilənlərə və İPM-in 12.1-ci maddəsinə əsaslanaraq, İddiaçı iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi və onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İşdə olan sənədlər (əmək kitabçası, attestat və s.) əsasında aparılan məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı 1 aprel 1959-cu il tarixdə doğulmuşdur. O, 1976 – 1978-ci illərdə texniki peşə məktəbində təhsli almış, 1978 – 1980-ci illərdə həqiqi hərbi xidmətdə olmuş və 1980-ci ilin may ayndan əmək fəaliyyətinə başlamışdır. 30 may 1980-ci il tarixdən 29 iyun 1984-cü il tarixədək Azərbaycan Dpövlət Dəmir Yolunun 9 saylı Distansiyasında sürücü – maşinist, 3 dekabr 1984-cü il tarixdən 24 avqust 1992-ci il tarixədək həmin qurumda elektrik montyoru, 31 avqust 1992-ci il tarixdən 19 dekabr 2005ci il tarixədək "xxxx" QSC-nin 9 nömrəli X2 yoll montyoru kimi çalışmışdır. O, 60 yaşdan güzəştli şərtlərlə yaşa əmək pensiyasının təyin olunması ilə bağlı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin cavabdeh məsələnin həllindən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının 1992 – 2005-ci illərdə X2 işləməsi faktı müəssisədəki sənədlərdə təsdiqini tapmamışdır. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. İPM-in 8.1.2-ci maddəsinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Yasamal rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaçının müvafiq müraciəti üzrə qaldlırılan məsələnin həllindən imtina etdiyindən, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisəyə baxılması üçün İPM-in 8.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının yaşayış yeri (Bakı şəhərinin Yasamal rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə aşağıdakıları diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. «İnzibati icraat haqqında» Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (Azərbaycan Respublikasının 1 fevral 1999-cu il tarixli 618-İQ nömrəli Qanunu ilə təsdiq edilmişdir) 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: . . . ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə görə əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı»nın “XXİ. Nəqliyyat” bölməsinin “1. Dəmir yolu nəqliyyatı və metropoliten” bəndində “etil mayesi olan çənlərin təmiri ilə məşğul olan hərəkətli tərkibin təmiri üzrə çilingərlər” və “çənlərin təmiri, doldurulması və klapanların dəyişdirilməsi ilə məşğul olan hərəkətli tərkibin təmiri üzrə çilingərlər” 1200100a – 18540 kodu ilə nəzərdə tutulmuşdur. Həmin qərarla təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nın “XXVİİİ. Nəqliyyat” bölməsinin “1. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrıayrı kateqoriyalı işçilər” bəndində “magistral dəmiryollarının əlaqə şəbəkəsinin elektrik montyorları, elektrik mexanikləri, yol montyorları” 12001000 – 19825 kodu ilə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» təsdiq edilmiş və həmin Siyahının “21.4. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər” bəndində magistral dəmiryollarının əlaqə şəbəkəsinin elektrik montyorları, elektrik mexanikləri, yol montyorları nəzərdə tutulmuşdur. İş materiallarında olan "xxxx" QSC-nin 28 dekabr 2014-cü il tarixli 468 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı həqiqətən 30 may 1980-ci il tarixdən 19 dekabr 2005-ci il tarixədək Azərbaycan Dəmir Yolları 9 saylı Yol Distansiyasında yol montyoru vəzifəsində işləmişdir. Bu vəzifədə ümumi iş stajı 12 il 6 ay təsdiq edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 nömrəli 23 yanvar 2007-ci il tarixli qərarına uyğundur (1200100a – 18540), pensiya hüququna malikdir. Sözügedən arayışda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 nömrəli 23 yanvar 2007-ci il tarixli qərarına istinad dəqiq olmasa da, İddiaçı 19 dekabr 2005-ci il tarixədək iş stajı təsdiq olunur. Qeyd olunmalıdır ki, cavabdeh inzibati orqan DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı İddiaçı 24 avqust 1992-ci il tarixədək olan dövr üzrə hərbi xidmət və əmək fəaliyyəti dövrünü mübahisələndirmir və 14 il 2 ay 8 gün müddəti onun sığorta stajı kimi qəbul edir. İlk növbədə məhkəmə diqqətə çəkir ki, inzibati icraat çərçivəsində inzibati orqan tərəfindən hazırkı iddiaçının əmək fəaliyyətinin 31 avqust 1992-ci il tarixədək olan dövrünün sığorta stajına daxil edilməklə və həmin tarixdən sonrakı dövr üzrə fəaliyyəyin xüsusatlarının mübahisələndirilməklə müşayiət olunan fərqli davranışı ziddiyyətlidr. Zəngilan rayonu (Mincivan qəsəbəsi həmin rayonun ərazisində yerləşir) 29 oktyabr 1993cü il tarixdə erməni silahlı birləşmələri tərəfindən işğal olunması nəzərə alınsa belə, iddaçının 31 avqust 1992-ci il tarixdən sonrakı əmək fəaliyyətinin 1 il 2 ay hissəsi məhz həmin məlum hadisədən (işğal tarxindən) əvvəlki dövrə təsadüf edir. Məhkəmə qeyd edir ki, iddiaçının 1976 – 1978-ci illərdə texniki peşə məktəbində aldığı təhsil müddəti də Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə və «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 67-ci maddəsinə əsasən sığorta stajı kimi qəbul edilməlidir. Nəzərə alınalıdır ki, həmin dövrlə xüsusatlara bağlı cavabdeh inzibati orqan imtinasında və iddiaya qarşı yazılı etirazında toxunmamış, məhkəmə icraatında da qurum bu halı təkzib edən dəlil bildirmmişdr. İddiaçı 31 avqust 1992-ci il tarixdən 19 dekabr 2005-ci il tarixədək olan dövr üzrə əmək fəaliyyətinə gəldikdə isə, məhkəmə vurğulayır ki, mövcud məhkəmə praktikası və bununla bağlı formalaşmış inzibati praktika ondan ibarətdir ki, əmək pensiyasının təyinatında onun 1 yanvar 2006-cı il tarixədək əmək fəaliyyətinin qarşılıqlı yoxlamasının hər hansı səbəbdən, məsələn şəxsin işlədiyi müəssisədə əmək haqqı cədvəlləri və digər sənədlərin aşkar edilməməsinə görə baş tutmaması, habelə müəssisənin müvafiq sənədlərinin arxivə (Dövlət Arxivinə) təhvil verilməməsi onun təqsiri ilə bağlı olmayan haldır və hətta mövcudluğu təsdiq olunsa belə, bu hal özlüyündə qanunvericiliklə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən xüsusat kimi təsbit edilməmişdir. Bundan başqa, əmək kitabçasında əks olunmuş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması həmin əmək kitabçasının məxsus olduğu şəxs kimi iddiaçının iradəsi ilə bağlı hallarla əlaqədar olmadığından, onun üçün hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Hazırkı iş üzrə cavabdeh inzibati orqan DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda əmək kitabçasındakı qeydlər üzrə məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır və belə mübahisə cavabdeh inzibati orqan tərəfindən qaldırıldığından, həmin məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür (İPM-in 14.3-cü maddəsi). Çünki, «İnzibati icraat haqqında» Qanunun 15 və 19-cu maddələri müvafiq sənədlərdə, hazırkı iş üzrə əmək kitabçasında olan məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən inzibati orqan isə, öz mövqeyini əsaslandırmaq, daha dəqiqi desək sübut etmək yükü daşıyır. Bundan başqa, İddiaçı yuxarıda sığorta stajı kimi nəzərə alınmasını tələb etdiyi əmək fəaliyyəti müddəti 1 yanvar 2002-ci il tarixədək dövrə aid olduğundan, həmin müddətin sığorta stajı kimi hesablanması üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti qoyula bilməz. İş fəaliyyətinin 1 yanvar 2002-ci il tarixdən 19 dekabr 2005-cı il tarixədək olan hissəsinə gəldikdə, nəzərə alınmalıdır ki, «Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında» Azərbaycan Respublikasının 1042-VQ nömrəli 6 mart 2018-ci il tarixli Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinmişdir. Bütün qeyd olunanların məcmusunda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən bunun təkzibi ilə bağlı tutarlı arqument və sübutlar təqdim edilmədiyindən, iddiaçının əmək kitabçasındakı qeydlər üzrə 31 avqust 1992-ci il tarixdən 19 dekabr 2005-ci il tarixədək olan əmək fəaliyyəti sığorta stajı kimi nəzərə alınmalıdır. Odur ki, iddiaçının 19 dekabr 2005-ci il tarixədək 27 il 5 aydan artıq ümumi iş stajı, 13 il 3 aydan artıq güzəştli şərtərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə iş stajı toplanmış olur. Əmək pensiyaları haqqında qanunvericiliyin 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş normalarına görə 25 il ümumi iş stajına, o cümlədən 12 il 6 ay Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş siyahıda göstərilən vəzifələrdə (peşələrdə) iş stajına malik kişilərin 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. Hazırkı işin hallarına görə də İddiaçı münasibətdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın yaranması üzrə yuxarıda sadalanan bütün şərtlər – 57 yaşın tamam olması, 25 ildən artıq ümumi staj, 12 il 6 aydan artıq güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə stajın toplanması şərtləri ödənilir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır və bu səbəbdən də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasından cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının imtinası qanuna ziddir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı pensiya hüququ yarandığı tarixdən (57 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı əmək pensiyası hüququ yarandığı tarixdən (57 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-1088/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1088/2024
18.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver