Məhkəmə qərarları › İş №2-1(112)-1088/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1088/2025

07.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1088/2025 07.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin müəyyən edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əlilliyin dayandırıldığı vaxtdan orqanizmin funsiyalarının pozulmasının dərəcəsi müəyyən edilərək, müddətsiz olaraq əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçıya əlilliyin təyin olunmaması iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. Cavabdeh inzibati orqan iddiaçının müraciətinə baxılan zaman əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borclu olduğuna baxmayaraq, bunu etməmişdir, öz təşəbbüsü ilə əlavə sübutlar toplamamışdır. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında iddianın təmin edilməməsini xahiş etmiş və göstərmişdir ki, iddiaçıya Bakı 15 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2017-ci il tarixli göndərişi əsasında 5 il müddətinə ümumi xəstəlik səbəbindən 2-ci dərəcə ilkin əlillik təyinatı aparılmışdır. Növbəti dəfə Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və 1 il müddətinə ümumi xəstəlik səbəbindən OFP 50 faiz əlillik müəyyən edilmişdir. Sonuncu dəfə həmin tibb müəssisəsinin xx.xx.2024-cü il tarixli göndərişi əsasında baxılmış və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. İİİ Məhkəmənin mövqeyi Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçıya xx.xx.2017-ci il tarixdə Şmorle düyünləri ([yırtıqları), Şmorle düyünləri (yırtıqları). Boyun fəqərələrinin osteoxondrozu. C3- 4, C4-5 fəqərələrarası disk çıxarılması. PEEK cage-nin qoyulması (2 dəfə təkrar) əməliyyatdan sonrakı vəziyyət. Boyun tam hərəkət məhdudluğu ağrı sindromu ilə. Diabetik retinopatiya (E10—E14 ümumi dördüncü 3 işarəsi ilə), Diabetik retinopatiya Sol yuxarı ətrafın monoparezi." Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya. Diabetik angiopatiya E10 İnsulindən asılı şəkərli diabet, Şəkərli diabet .orta ağır forma İİ tip, insulindən asılı forma” diaqnozu üzrə “2.2 İkinci dərəcə əlillik => 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veg.” meyarı ilə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçının əlillik müddəti bitdikdən sonra xx.xx.2023-cü il tarixdə 1 il müddətinə xx.xx.2022-ci il tarixdən İnsulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet İİ tip, ağır forma. Yuxarı ətrafların monoplegiyası, Sol yuxarı ətrafın monoparezi, hərəki funksiyasının pozulması” diaqnozu üzrə ikinci dərəcə əlillik təyin edilmiş, əlilliyin müddəti xx.xx.2023-cü ilə kimi müəyyən edilmişdir. İşdən görünür ki, əlillik müddəti bitdikdən sonra iddiaçı barəsində növbəti göndəriş verilmiş, göndərişdə “Əsas diaqnoz- M51.1- Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, C3-C4-C5 fəqərəarası disklərin yırtıqlarının çıxarılması və metal konstruksiyadan sonrakı vəziyyət (4 səviyyə vida+2 səviyyə pektkeyc), Ağırlaşma G54.2- Boyun sinir köklərinin digər rubrikalarda təsnif olunmayan zədələnməsi, Boyun radikulopatiyası ağrı sindromu ilə”, G83.2- Yuxarı ətrafların monoplegiyası, Sol yuxarı ətrafın monoparezi, Hərəki funksiyanın pozulması, Yanaşı xəstəliklər -E11.7- İnsulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, şəkərli diabet İİ tip, Yanaçı xəstəliklər İ20.8- Stenokardiyanın digər formaları, ÜİX Stabil gərginlik stenokardiyası İ f.s., Yanaşı xəstəliklər Z95.5 – Koronar angioplastik implantatın və transplantatın olması, koronar angioqrafiyadan sonrakı vəziyyət, yanaşı xəstəliklər – İ11.9 – (Durğunluq) üzrək çatmamazlığı olmadan, əsasən ürəyi zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəlik, Arterial hipertoniya xəstəliyi İİ dərəcə” diaqnozu qoyulmuşdur. Həmin göndəriş əsasında iddiaçının əlillik vəziyyəti xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və diaqnozun əlillik əlaməti təyin etməməsi əsası ilə iddiaçıya imtina cavabı vermişdir. İddiaçı hazırda bu imtinanı mübahisələndirərək ona əlillik təyin edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: - 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. - 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. - 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -1.2-ci bəndinə görə Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. -1.3-cü bəndinə görə TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. -1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. -2.1-ci bəndinə görə şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə görə göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. -2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.5-ci bəndinə əsasən TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. -2.6-cı bəndinə görə qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Sadalanan normalardan müəyyən olunur ki, şəxsin əlilliyinin müəyyən edilməsi barədə qərarın qəbul edilməsi üçün:

1. tibb müəssisəsinin həkim-məsləhət komissiyası şəxsin müraciətdən 7 iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 iş günündən) gec olmayaraq araşdırma aparır (zərurət olduqda bu müddət əlavə olaraq 10 iş gününədək artırılır) və araşdırma bitdikdən sonra 3 iş günü müddətindən gec olmayaraq göndəriş verilməsi barədə qərar qəbul edir.

2. Göndəriş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra Əlillik altsisteminə ötürülür.

3. TSEK 10 iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir (əlavə araşdırma tələb olunduğu hallarda, bu müddət 15 iş gününədək uzadıla bilər), əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. İşdə olan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli 3-17-4/2-16033/2024 nömrəli məktubundan görünür ki, vətəndaşa dair dövlət tibb müəssisəsi tərəfindən U00164437YTG nömrəli göndəriş rəsmiləşdirilmiş və şəxsin qeydiyyatda olduğu ərazi üzrə xidmət göstərən TSEK-ə yaxınlaşması zərurəti yaranmışdır. Bu səbəbdən İddiaçı xx.xx.2024-cü il tarixində 03 nömrəli Tibbi-sosial ekspert komissiyası tərəfindən əyani müayinə olunmuşdur. Bu barədə tərtib edilən akt baxılması üçün X4-sosial ekspertiza komissiyasına göndərilmişdir. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş həmin xx.xx.2024-cü il tarixli əyani müayinə aktından (nevrologiya) görünür ki, həmin akt Bakı şəhəri, Suraxanı rayonu, Qara-Çuxur qəsəbəsi, Şadlinski küçəsi, ev 14 sakini, İddiaçı (xxxxxxx) barəsində **********3 saylı məktuba cavab olaraq, 3 saylı TSEK-in iş otağında əyani müayinə nəticəsində tərtib edilmiş, Səhiyyə müəssisəsinin göndərişində əsas diaqnoz: C3-C4-C5-C6-C7- fəqərəarası disklərinin yırtığının çıxarılmasından sonrakı vəziyyət PEEK-cage qoyulması (2 dəfə). Sol yuxarı ətrafların hərkət pozğunluğu ilə. Boyun fəqərələrinin osteoxondrozu. Diabetik polineyropatiya. ÜİX. Arterial hipertenziya İİ dərəcə. Koronar angioplastikadan sonrakı sonrakı sonrakı vəziyyət. Şəkərli diabet xəstəliyi İİ insulin tələbli ağır forma qoyulmuşdur. Obyektiv müayinə zamanı xəstədə aşağıdakı əlamətlər aşkar edilmişdir. -Şikayətləri: boyunda, ətraflarda ağrıdan, boyunun, sol çiyin qurşağının, yuxarı ətrafın hərəkət məhdudluğundan, Ətraflarda keylik hissiyatındandır. Dəri və görünən selikli qişaları- solğundur. Dərialtı piy qatı- normal dərəcədədir. Periferik limfa düyünləri- əllənmir. Sümük-əzələ sistemi- boyunda, sol çiyin qurşağı və yuxarı ətrafda hərəkət məhdudluğu var. Tənəffüs sistemi- ağciyərlərdə vezikulyar tənəffüs eşidilir. Ürək-qan damar sistemi- A/T 140/90 mm c. st., nəbz 80 vurğu/dəq. Cor tonları karlaşıb. Həzm sistemi- Palpasiya zamanı qarnı köpdür. Defekasiyza sərbəstdir. Sidik-cinsiyyət sistemi- Döyəcləmə simptomu hər iki tərəfdə mənfidir. Diurez sərbəstdir. Status lokalis (status prezent)- xəstə orta boylu, düzgün bədən quruluşludur. Xəstənin deməsinə görə 2016-cı ildə boyun fərərələrarası diskin yırtığı əməliyyatı keçirilib, 2017-ci ildə boyun fəqərələrinə implantın qoyulması əməliyyatı aparılıb. Hazırda xəstə başın ancaq önə və arxaya doğru hərəkət etdirir, sağa - sola hərəkəti mümkün deyil. Sol çiyin qurşağı sallanmış vəziyyətdədir, hərəkəti məhduddur. Sol yuxarı ətrafda əzələ gücü 4 baldır. Xəstənin vəziyyətin obyektiv dəyərləndirmək üçün “Mürəkkəb ekspertiza”ya göndərilir. Göründüyü kimi, 3 saylı TSEK iddiaçının əlilik vəziyyətini qiymətləndirərək, onun sol yuxarı ətrafda əzələ gücünün 4 bal olmasını müəyyən etmiş və vəziyyətinin obyektiv dəyərləndirilməsi üçün “Mürəkkəb ekspertiza”ya göndərmişdir. Lakin işdə mürəkkəb etspertizanın nəticələrinə dair hər hansı məlumat mövcud deyil. İş materiallarından görünür ki, cavabdeh 3 saylı TSEK-in bu aktına əsasən “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul etmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.5.1-ci bəndinə əsasən: G81-G83 - serebral iflic və digər paralitik sindromlar (monoparez, hemiparez, hemiplegiya, paraplegiya və tetraplegiya): Qiymətləndirmə 6.5.1.1.- ayrı-ayrı ətrafların parezləri və tonus pozuntusu (əzələ gücünün 4 bala qədər azalması, 1,5-2 sm-lik əzələ hipotrofiyası, yuxarı və aşağı ətraf oynaqlarında hərəkətlərin tam həcminin, eləcə də əşyaları tutma və saxlama kimi biləyin əsas funksiyasının saxlanılması ilə) – 40 faiz orqanizmin funksiyalarının pozulması əsası ilə 1 il müddətinə əlilliyin müəyyən edilməsinə əsas verir. Göründüyü kimi, tibb müəssisəsi tərəfindən iddiaçıya digər diaqnozlarla yanaşı G83.2- Yuxarı ətrafların monoplegiyası, Sol yuxarı ətrafın monoparezi, Hərəki funksiyanın pozulması diaqnozu qoyulmuş, 3 saylı TSEK isə iddiaçının sol yuxarı ətrafda əzələ gücünün 4 bal olmasını qəbul etmişdir. Bundan əlavə, işdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X2 xx.xx.2024-cü il tarixli T863/2024 saylı ekspert rəyindən görünür ki, vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “Əsas diaqnoz - M51.1. - Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, C3-C4-C5 fəqərəarası disklərin yırtıqlarının çıxarılması və metal konstruksiyadan sonrakı vəziyyət (4 səviyyə vida + 2 səviyyə pektkeyc); G54.2 - Boyun sinir köklərinin digər rubrikalarda təsnif olunmayan zədələnməsi, Boyun radikulopatiyası ağrı sindromu ilə; G83.2- Yuxarı ətrafların monoplegiyası, Sol yuxarı ətrafın monoparezi. Hərəki funksiyanın pozulması” diaqnoz xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında müəyyən edilmiş, şəxsin əyani müayinəsində diaqnozdakı göstərilənlər klinik olaraq öz təsdiqini tapsa da, hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən olunmadığından, ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 №-li qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nm hər-hansı bir bəndini aid etmək mümkün olmadı. Məhkəmə qeyd edir ki, həmin rəy cavabdehin nümayəndəsinin iştirakı ilə tərtib edildiyindən mötəbər hesab olunmasa da, Agentliyin nümayəndəsinin diaqnozda qoyulan xəstəliklərin iddiaçıda mövcud olmasının təsdiq etməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Beləliklə, işin araşdırılan halları ilə iddiaçıda müvafiq xəstəliklərin, habelə həmin xəstəliyə münasibətdə əlilliyin müəyyən edilməsinə imkan verən qiymətləndirmə meyarlarının olması tam təsdiq edilir. Buna görə də məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi əlilliyin müəyyən edilməsi hissəsində əsaslıdır. Bu zaman nəzərə alınmalıdır ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-1-ci maddəsinə görə əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. İşdən görünür ki, iddiaçının əlilliyi xx.xx.2023-cü ildə bitmiş, iddiaçı 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi üçün göndəriş təqdim etmiş, lakin cavabdeh əsassız olaraq iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Belə olan halda aydındır ki, iddiaçının əlilliyi əvvəlki əlilliyin müddətinin bitdiyi xx.xx.2023-cü il tarixdən müəyyən edilməlidir. İddiaçıya ikinci dərəcə əlilliyin təyin edilməsi məsələsinə gəldikdə, məhkəmə qeyd edir ki, Meyarların 3.1-ci bəndinə əsasən anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. Şəxsin həyat fəaliyyəti kateqoriyalarının hansı dərəcə məhdudlaşmasının qiymətləndirilməsi cavabdeh orqanın diskresion səlahiyyəti olduğundan və iddiaçıya qoyulan diaqnozlar müxtəlif dərəcəli orqanizmin funksiyalarının pozulması faizinə uyğun gəldiyindən məhkəmə hesab edir ki, iddia tələbi ikinci dərəcə əlilliyin təyin edilməsi hissəsində təmin edilməməlidir. Bundan əlavə, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 4.2-ci bəndinə əsasən müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. Qaydanın 4.3-cü bəndinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır. İddiaçı bu müddətlərə dair tələbi ödəmədiyindən, həmçinin ona qoyulmuş diaqnoz Meyralara əsasən müddətsiz əlillik təyininə imkan vermədiyindən məhkəmə hesab edir ki, iddia tələbi əlilliyin müddətsiz müəyyən edilməsi hissəsində də təmin edilməməlidir. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialar məcburetmə haqqında iddialara aiddir. İPM-in 33.1-ci madəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Habelə İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı xx.xx.2023-cü il tarixdən əlilliyinin müəyyən edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar