Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10887/2021 24.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənova Şəlalə Akif qızının sədrliyi, məhkəmə iclas katibi Bəşirli Leyla Elşad qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı qeyri-yaşayış sahəsinin təkrar hərraca çıxarılması tələbinə dair inzibati iş materiallarına hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən 28,6 kv.m, qeyri-yaşayış sahəsinin hərrac vasitəsilə satışının həyata keçirilməsinin cavabdehə həvalə olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 16 aprel 2019-cu il tarixində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfındən təşkil olunmuş hərracda, hərraca çıxarılmış ünvan 1 ünvanında yerləşən 28.6 kv.m. qeyri-yaşayış sahəsinə (zirzəmiyə) ən yüksək qiyməti təklif edərək, hərracın qalibi olmuşdur. Qeyri-yaşayış sahəsinin hərraca çıxarılan ilkin qiyməti 3000 (üç min) manat olsa da hərrac rəqabətli şəkildə keçdiyindən yekun qiymət 10300 (on min üç yüz) manata qədər yüksəlmişdir. Nəticədə o, hərracın yekun qiymətini qanunla müəyyən olunmuş müddət ərzində ödəyə bilmədiyindən, hərracın nəticələri ləğv edilmiş və ünvan 1 ünvanında yerləşən 28.6 kv.m qeyri-yaşayış sahəsinin yenidən hərraca çıxarılması nəzərdə tutulmuşdur. Bununla əlaqəli ona 07 avqust 2019-cu il tarixdə, **********44 nömrəli məlumatlandırma xarakterli məktub göndərilmişdir. Hərracın bitməsindən bir müddət keçdikdən sonra ona göndərilən məktubda qeyd olunanların əksinə olaraq, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin özəlləşdirmə portalında (privatization.az) həmin ünvanda yerləşən əmlakın hərraca çıxarılmadığının şahidi olmuş və ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsinin yenidən hərraca çıxarılması üçün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ərizə ilə müracət etmişdir. Lakin 30 mart 2021-ci il tarixdə ona ünvanlanan cavab məktubunda müracətinin məzmununa uyğun olmayan tərzdə cavab verilmişdir ki, hərraca çıxarılan dövlət əmlakları barədə məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Özəlləşdirmə portalı” privazation.az və emlak.gov.az saytında yerləşdirilir. Odur ki, “Özəlləşdirmə portalı” və emlak.gov.az saytında hərraca çıxarılan əmlaklarla bağlı zəruri məlumatlarla tanış ola bilər. Sanki hərraca çıxarılan dövlət əmlakları barədə hansı yolla məlumat almaq lazım olduğunu bilmir və bununla əlaqəli cavabdeh quruma müracət etmişdir. Bir sözlə müraciətinin cavabı onun mahiyyətinə uyğun olmayan tərzdə cavablandırılmışdır. Əlbəttə ki, adıçəkilən saytlar da ünvan 1 ünvanında yerləşən 28.6 kv.m qeyri-yaşayış sahəsinin hərraca çıxarılması barədə hər hansı bir məlumat aşkar etmədiyindən, ünvanlanan bu cür cavab onu qane edə bilməzdi və o, həmin əmlakla bağlı məlumatın əldə edilməsi üçün Yusif Səfərov küçəsi 50 ünvanında yerləşən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə getmişdir. Bu qurumdan ona verilən şifahi cavabda isə məlum olmuşdur ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi hərraca çıxarılmayaraq, başqa bir şəxsin icarəsinə (istifadəsinə) verilmişdir. General Mehmandarov küçəsi 22a ünvanında yerləşən qeyri-yaşayış sahəsinin başqa şəxsin icarəsinə verilməsi tam qanunsuzdur. Belə ki, dövlət mülkiyyətində olan əmlakın özəlləşdirilməsinin təşkilati, iqtisadi və hüquqi əsasları 16 may 2000-ci il tarixli, 878-İQ “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfındə ona ünvanlanan 07 avqust 2019-cu il tarixli, **********44 nömrəli məlumatlandırma xarakterli məktubda sözügedən obyektin (qeyri-yaşayış sahəsinin) yenidən hərrraca çıxarılmasının nəzərdə tutulduğu qeyd olunmuşdur. Beləlikiə də inzibati orqan olan Əmlak Məsələləri Dövlət Xidməti obyektin gələcəkdə hərraca çıxarılması öhdəliyini üzərinə götürmüşdür. Həmçinin qanunvericiliyin tələblərinə əsasən hərraca çıxarılıb, lakin satışı baş tutmayan qeyri-yaşayış sahələrinin yenidən hərrac vasitəsi ilə satışının təşkil olunmalıdır. Lakin İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qanunvericliyin tələblərinə zidd olaraq əmlakı hərraca çıxartmır və bilinməyən səbəblərdən başqa bir şəxslə həmin sahə ilə bağlı icarə müqaviləsi bağlayır. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddiasının təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək verdiyi izahatında bildirmişdir ki, iddiaçının iddia etdiyi ünvan 2 ünvanında yerləşən 28,6 kv.m qeyri-yaşayış sahəsi 16 aprel 2019-cu il tarixində keçirilmiş hərracda iddiaçı tərəfindən 10300 (on min üç yüz) manata satın alsa da qanunvericiliklə müəyyən edilmiş müddətdə əmlakın dəyərinin ödənilməsi və alqı-satqı müqaviləsinin imzalanması təmin edilmədiyindən keçirilmiş hərracın nəticələri 23 iyul 2019-cu il tarixində ləğv edilmişdir. Həmin qeyri-yaşayış sahəsi 25.01.2021-ci il tarixli, 603 №-li icarə müqaviləsi ilə X1 istifadəsinə verilmişdir. Bundan əlavə qanunvericiliyin tələblərinə əsasən mübahisənin predmeti olan dövlət əmlakının özəlləşməsi haqqında, o cümlədən onun hansı üsulla (hərrac yolu ilə və ya icarəyə verməklə) özəlləşdirilməsi haqqında qərar qəbul etmək səlahiyyəti Əmlak Məsələləri Dövlət Xidmətinə məxsusdur. Dövlət əmlakının özəlləşdirmə üsulunun seçilməsi Xidmətin diskresion səlahiyyətində olduğundan, mübahisənin predmeti olan əmlakın özəlləşdirilməsinin hansı üsulla aparılması barədə Xidmətin üzərinə hər hansı öhdəlik qoyula bilməz. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Növbəti məhkəmə iclasının yeri və vaxtı barədə tərəflər lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən iddiaçıya ünvanlanan 07.08.2019-cu il tarixli, **********44 №-li bildirişdən görünür ki, ünvan 2 ünvanında yerləşən 28.6 kv.m qeyri-yaşayış sahəsini 16 aprel 2019-cu il tarixində keçirilmiş hərracda 10 300 (on min üç yüz) manata satın almışdır. Dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq qanunvericiliklə müəyyən edilmiş müddətdə tərəfindən obyektin dəyərinin ödənilməsi və alqı-satqı müqaviləsinin imzalanması təmin edilməmişdir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, keçirilmiş hərracın nəticələri 23 iyul 2019-cu il tarixində ləğv edilmiş və obyektin yenidən hərraca çıxarılması nəzərdə tutulmuşdur. Eyni zamanda bildirilmişdir ki, qanunvericiliyə uyğun olaraq hərracda iştirak etmək üçün tərəfindən ödənilmiş beh geri qaytarılmır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iddiaçıya ünvanlanan 30.03.2021-ci il tarixli, **********07 №-li məktubdan görünür ki, 16 aprel 2019-cu il tarixində hərrac vasitəsi ilə aldığı, lakin sonradan qanunvericiliklə müəyyən edilmiş müddətdə tərəfindən alqı-satqı müqaviləsinin imzalanması və obyektin dəyərinin ödənilməsi təmin edilmədiyindən hərracın nəticələrinin ləğv olunduğu ünvan 2 ünvanında yerləşən 28.6 kv.m qeyri-yaşayış sahəsinin hərraca çıxarılmasına köməklik göstərilməsi barədə 5 fevral 2021-ci il tarixli ərizəsinə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Bununla əlaqədar olaraq bildirilmişdir ki, hərraca çıxarılan dövlət əmlakları barədə məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “özəlləşdirmə portalı” (privatization.az) və emlak.gov.az saytında yerləşdirilir. Odur ki, “Özəlləşdirmə portalı” (privatization.az) və emlak.gov.az saytında hərraca çıxanlan əmlaklarla bağlı zəruri məlumatlarla tanış ola bilər. - “İcarəyəverən” adlandırılacaq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini E.Yusubov ilə “İcarəçi” X2 arasında bağlanmış 603 №-li, 25.01.2021-ci il tarixli Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında icarə müqaviləsinin surətindən görünür ki, “İcarəyəverən” Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 25.01.2021-ci il tarixli, 07 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Xətai rayonu, Mehmandarov küçəsi, 22 “A” (regestr №***-*******-004) ünvanında yerləşən, ümümi sahəsi 57,6 kv.m təşkil edən Mənzil Kommunal Təsərrüfatı Departamenti, Xətai rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olan qeyri-yaşayış sahəsini xidmət məqsədi ilə “İcarəçi”-nin müddəti istifadəsinə vermişdir. İcarə müqaviləsinin müddəti 25.01.2021-ci il tarixdən 25.01.2022-ci il tarixədək müəyyən edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, ilkin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən 28.6 kv.m qeyri-yaşayış sahəsi cavabdeh tərəfindən hərraca çıxarılmış və 16 aprel 2019-cu il tarixində hərrac vasitəsi ilə iddiaçı tərəfindən alınmışdır. İddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilmiş müddətdə obyektin dəyərinin ödənilməsi və alqı-satqı müqaviləsinin imzalanması təmin edilmədiyindən keçirilmiş hərracın nəticələri 23 iyul 2019-cu il tarixində ləğv edilmişdir. Hazırda iddiaçının təkrarən hərraca çıxarılmasını tələb etdiyi qeyri-yaşayış sahəsi 25.01.2021-ci il tarixli icarə müqaviləsinə əsasən X1 istifadəsindədir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qonunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İnzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Məhkəmə hesab edir ki, iddiaçının cavabdeh tərəfindən hərraca çıxarılmasını tələb etdiyi qeyri-yaşayış sahəsi digər şəxsin müvafiq müqavilə əsasında icarəsinə verildiyindən və həmin müqavilə də hal-hazırda qüvvədə olduğundan iddiaçının cavabdehə qarşı hazırki iddiası mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-10887/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10887/2021
24.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver