Məhkəmə qərarları › İş №2-1(112)-10888/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10888/2024

08.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10888/2024 08.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti və Daxili İşlər Nazirliyinə qarşı “şəxsiyyət vəsiqəsi verilməsi” tələbinə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikasının vətəndaşı kimi qeydiyyata alınaraq şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi öhdəliyinin cavabdehlər Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin və Daxili İşlər Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh AR Daxili İşlər Nazirliyinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə AR Daxili İşlər Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək ərizənin mümkünlüyü məsələsinin müzakirəsini zəruri saymış, iddiaçının fikri dinlənilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh AR Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına etiraz etməmişdir. Məhkəmə ərizənin əsaslarını və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Qanunun mənasına görə məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınmaqla hərəkətsizlik göstərərək, onun iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Buna görə də məhkəmə tərəfindən iddia geri götürülmüş sayılır. Məhkəmə hesab edir ki, iddiaçı öz aktiv hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülmüş sayılması barədə ərizə verdikdə də o, iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Həmin səbəbdən də iddiaçının iradəsinə uyğun olaraq məhkəmə iddianın geri qaytarılması (götürülməsi) barədə qərardad qəbul etməlidir. İPM-in 55.5-ci maddəsinə uyğun olaraq iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının həmin Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. İPM-in 81.1-ci maddəsinə görə inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apelyasiya qaydasında apelyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «M.Məmmədovun şikayəti əsasında İPM-in 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair» 29 aprel 2014-cü il tarixli Qərarının 2-ci bəndində belə qənaətə gəlinmişdir ki, İPM-in 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır. Beləliklə, məhkəmənin qənaətinə görə İddiaçı ərizəsi təmin edilməli, onun cavabdehlər Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə və Daxili İşlər Nazirliyinə qarşı “şəxsiyyət vəsiqəsi verilməsi”nə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı, iş üzrə icraata xitam verilməlidir. İddiaçıya izah olunur ki, hazırkı iddianən və ona əlavə edilmiş sənədlərin geri qaytarılması onun yenidən eyni tələb ilə məhkəməyə müraciət etməsinə mane olmur. Göstərilənlərə əsasən və İPM-in 55.3, 81.1, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə və Daxili İşlər Nazirliyinə qarşı “şəxsiyyət vəsiqəsi verilməsi” tələbinə dair ərizəsi iddiaçıya geri qaytarılsın. İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar