Məhkəmə qərarları › İş №2-1(112)-10890/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10890/2023

10.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10890/2023 10.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 Abıyevin sədrliyi, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı əmrin ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək müqaviləsinə xitam verilməsinə dair çıxarılmış xx.xx.2018-ci il tarixli əmrin ləğv edilməsini, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki vəzifəsinə bərpa edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, uzun müddət Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri X5 Departamentinin vergi ödəyicilərinə xidmət və uçot idarəsinin 9-cu zona üzrə şöbəsinin böyük dövlət vergi müfəttişi vəzifəsində çalışmışdır. Vergilər Nazirliyinin əməkdaşı olaraq xüsusi dövlət qulluğunda olmuşdur. Ona məxsus Xidmət siyahısından görünür ki, sonuncu xx.xx.2012-ci il tarixdən xx.xx.2018-ci tarixədək eyni qurumda fasiləsiz olaraq müxtəlif vəzifələrdə işləmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin xx.xx.2018-ci il tarixli **********656100 nömrəli əmrindən çıxarışın surətindən görünür ki, Vergilər Nazirliyi yanında Bakı şəhəri X5 Departamentinin Ticarət fəaliyyəti ilə məşqul olan vergi ödəyiciləri ilə iş idarəsinin Vergi qanunvericiliyinə nəzarət şöbəsinin baş dövlət vergi müfəttişi ilə bağlanmış əmək müqaviləsinə 09 iyul 2018-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamənin” 75-ci maddəsinin 8-ci hissəsinə əsasən xitam verilərək, tutduğu vəzifədən azad edilmişdir. Sonuncu olaraq onunla bağlanılan xx.xx.2017-ci il tarixli müqavilə xx.xx.2018-ci il tarixədək bağlanmışdır. Göründüyü kimi Azərbaycan Respublikası Vergilər Nazirliyinin xx.xx.2018-ci tarixli əmri ilə onunla bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 75-ci maddəsinin 8-ci hissəsinə əsasən xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilərkən ona bu barədə əmr və əmək kitabçası təqdim edilməmişdir. Dəfələrlə şifahi və yazılı müraciət etməyinə baxmayaraq hazırki vaxtadək müraciətləri cavabsız qalmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən xx.xx.2018-ci il tarixli **********656100 nömrəli əmr verilərkən qanunvericiliyin qeyd olunan tələbləri pozulmuşdur. Əmək müqaviləsinə xitam verilərkən ona bu barədə əmr və əmək kitabçası təqdim edilməmişdir. Ona görə işdən azad edilməsi qanunsuzdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən təqdim olunmuş iddia müddətinin tətbiqi barədə ərizədə göstərilmişdir ki, Mülki Məcəllənin 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki Məcəllənin 377.1-ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Eyni zamanda, həmin maddənin tələblərinə görə hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Bununla yanaşı, İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Muradlı X4 Nazirliyi yanında Bakı şəhəri X5 Departamentinin Ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin Vergi qanunvericiliyinə nəzarət şöbəsinin baş dövlət vergi müfəttişi vəzifəsində çalışmışdır. xx.xx.2018-ci il tarixli **********656100 nömrəli “İşdən azad edilmə haqqında” əmrlə İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 75-ci maddəsinin 8-ci hissəsinə əsasən xitam verilərək tutduğu vəzifədən azad edilmidir. İddiaçı ilə 2018-ci ilin avqust ayında son haqq-hesab işləri aparılmışdır. Daha sonra xx.xx.2018-ci il tarixdə sabiq əməkdaşla qeyd olunan əmrin icrası ilə əlaqədar olaraq təhvil-təslim işləri aparılmış və müvafiq akt əlavəsi ilə birlikdə onun tərəfindən imzalanmışdır. Həmin təhvil-təslim aktına əsəsən sabiq əməkdaş İddiaçı xidməti vəsiqə, tanınma nişanı və digər inventar və avadanlıqlar təhvil alınmışdır. İddiaçı ilə 2018-ci ilin avqust ayında son haqq-hesab işlərinin, xx.xx.2018-ci il tarixdə təhvil-təslim işlərinin aparılmasına və məhz tarixdən etibarən işdən azad edilməsindən məlumatlı olmasına baxmayaraq 2023-cü ilin may ayında, yəni 5 ildən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət edərək inzibati aktın mübahisələndirilməsi üçün İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük və Əmək Məcəlləsinin 296-cı maddəsinə nəzərdə tutulan 1 təqvim ayı müddətini ötürmüşdür. Həmçinin iddiaçı iddia tələbini əsaslandırmaq üçün onunla bağlanmış əmək müqaviləsinə xitam verilərkən müvafiq əmrin və əmək kitabçasının ona təqdim edilmədiyini, şifahi və yazılı müraciətlər etdiyi halda müraciətlərinin cavabsız qaldığını bildirmişdir. İddiaçının gətirdiyi bu dəlil həqiqəti əks etdirmir. Belə ki, İddiaçı mübahisələndirilən əmr barədə daha öncədən məlumatlı olduğunu və həmin əmrin mübahisələndirilməsi üçün nəzərdə tutulmuş prosessual müddətlərin ötürülməsinə yol verdiyini göstərən təkzibedilməz mötəbər sübutlar mövcuddur. İddiaçıya xx.xx.2018-ci il tarixdə **********383200 nömrəli məktub ünvanlanaraq ona məxsus olan əmək kitabçasını Vergilər Nazirliyinin İnsan resursları baş idarəsindən götürməsi və ya poçt vasitəsilə göndərilməsinə rəsmi razılıq verməyi xahiş edilmişdir. Bunun ardınca iddiaçı ilə 2018-ci ilin avqust ayında onunla son-haqq aparılmış və hesablanmış məbləğlər həmin tarixdə iddiaçının əmək haqqı kartına yüklənmişdir. Onunla xx.xx.2018-ci il tarixdə təhvil-təslim işləri aparılmışdır. Bununla yanaşı iddiaçının xx.xx.2018-ci il tarixdə vergi orqanına ünvanlandığı müraciətində xx.xx.2018-ci il tarixdə işdən azad olunduğunu qeyd etməsi onun barəsində qəbul edilmiş əmrdən məlumatlı olmasını təsdiq edir. Həmin müraciət vergi orqanı tərəfindən xx.xx.2018-ci il tarixli **********05700 nömrəli məktubla cavablandırılmış və ona tutduğu vəzifədən azad olunduğu bir daha nəzərinə çatdırılmışdır. İddiaçı xx.xx.2020-ci il tarixdə ********** VÖEN ilə vergi uçotuna alınmışdır və həmin tarixdən etibarən fərdi sahibkar kimi fəaliyyət göstərmişdir. İddiaçının xx.xx.2018-ci il tarixdən tutduğu vəzifədən azad olunması barədə əmrdən məlumatlı olmasını bir daha təsdiq edir. İddiaçının tələb hüququnun axımı son haqq-hesabın, təhvil-təslim işlərinin aparıldığı və müvafiq əmrdən məlumatlı olduğu andan başladığından o qanunvericiliyin prosessual müddətlərlə bağlı tələblərini pozmuşdur. Başqa sözlə, iddiaçı qanunvericiliklə ona verilmiş prosessual hüququn həyata keçirilməsi üçün müəyyən olunmuş müddət bitdikdən sonra məhkəmədə iddia qaldırmışdır. Nəticədə, iddia ərizəsində işdən azad edilməsi haqqında əmrin ləğv edilməsini, işə bərpa edilməsini və məcburi iş buraxma müddətinə görə ödənilməli olan əmək haqqı əvəzinin hesablanaraq ödənilməsini tələb edən iddiaçı həmin əmrin mübahisələndirilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddətləri ötürməklə məhkəməyə müraciət etmişdir. Qeyd olunan hal isə iddia tələbinin mümkün hesab edilməməsinə əsas verir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, iddiaçı məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyinin səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən, məhkəmə iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, mübahisələndirilən əmrin hazırki vaxtadək rəsmi qaydada ona təqdim olunmadığından, əmrin mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürmədiyinin və iddia ərizəsində qeyd olunanların nəzərə alınmaqla və iddianın mümkün sayılmaqla, təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X3 məhkəməyə təqdim olunmuş idida müddətinin tətbiqi barədə ərizəyə uyğun izahat verərək, iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan: Məhkəmənin müvafiq sorğusu əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********599600 №-li, xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası vergilər nazirinin xx.xx.2018-ci il tarixli **********656100 nömrəli əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 75-ci maddəsinin 8-ci hissəsinə əsasən, yəni əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xitam verilmişdir. Qeyd olunan əmr qəbul olunduqdan sonra əmək kitabçasını nazirliyin İnsan resursları deparatmentindən götürməsi və ya poçt vasitəsilə göndərilməsinə rəsmi razılıq verməsi barədə İddiaçı ünvan 1 ünvanına xx.xx.2018-ci il tarixli **********383200 nömrəli məktub göndərilmişdir. Bununla yanaşı 2018-ci ilin iyul ayında İddiaçı ilə son haqq-hesab olunaraq 19070,53 manat vəsait hesablanmış, vergi və digər məcburi ödənişlər çıxıldıqdan sonra qalan vəsait 2018-ci ilin avqust ayında sabiq əməkdaşın əmək haqqı kartına köçürülmüşdür. Eyni zamanda İddiaçı ilə təhvil-təslim işləri aparılmış, xidməti vəsiqəsi və istifadəsində olan avadanlıqlar ondan təhvil alınmış, bu barədə müvafiq akt tərtib edilmişdir. İşdən azad olunduqdan sonra İddiaçı tərəfindən edilmiş xx.xx.2018, xx.xx.2018 və xx.xx.2023-cü il tarixli müraciətlərinə cavab olaraq bildirilmişdir ki, xx.xx.2018-ci il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə (əmək müqaviləsinin müddətinin bitməsi) əsasən tutduğu vəzifədən azad olunmuşdur. İddiaçı xx.xx.2020-ci il tarixində vergi uçotuna alınmış (VÖEN: **********) və həmin tarixdən etibarən fərdi sahibkar kimi fəaliyyət göstərməkdədir. Məktuba əlavə olunmuş: - “İşdən azad edilmə haqqında” Vergilər Nazirliyinin xx.xx.2018-ci il tarixli **********656100 nömrəli əmrindən çıxarışın surətindən müəyyən olunur ki, 1-ci dərəcəli müfəttiş Muradlı X4 Nazirliyi yanında Bakı şəhəri X5 Departamentinin Ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin Vergi qanunvericiliyinə nəzarət şöbəsinin baş dövlət vergi müfəttişi ilə bağlanmış əmək müqaviləsinə 06 iyul 2018-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 75-ci maddəsinin 8-ci hissəsinə əsasən xitam verilərək tutduğu vəzifədən azad edilmişdir. - İddiaçı ünvanlanmış: **********383200 №-li xx.xx.2018-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömrəli Qərarı ilə təsdiq olunmuş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 6-cı bəndinin tələblərinə uyğun olaraq ona məxsus olan əmək kitabçasını nazirliyin insan resursları deparatmentindən götürməsi və ya poçt vasitəsilə göndərilməsinə rəsmi razılıq verməsi xahiş olunur. - Müraciətə baxılması haqqında **********005700 №-li, xx.xx.2018-ci il tarixli məktubda qeyd olunmuşdur ki, işlə təmin olunmağı ilə əlaqədar qəbul edilməyi barədə xx.xx.2018-ci il tarixli müraciətləri ilə əlaqədar bildirirlər ki, o, xx.xx.2018-ci il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə (əmək müqaviləsinin müddətinin bitməsi) əsasən tutduğu vəzifədən azad olunmuşdur. Dövlət vergi orqanlarına işə qəbul Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2005-ci il tarixli 222 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə"yə (həmin Əsasnaməyə Azərbaycan Respublikası Prezidentinin 9 mart 2011-ci il tarixli 401 nömrəli Fərmanı ilə dəyişiklik və əlavələr edilmişdir) müvafiq olaraq aparılır. Dövlət vergi orqanlarında işə qəbulla bağlı əlavə məlumatı nazirliyin rəsmi internet səhifəsində (www.taxes.qov.az) “İşə qəbul. Müsabiqələr" bölməsinə daxil olmaqla və ya 403- 80-30 telefon nömrəsinə zəng etməklə əldə edə bilər. Qeyd olunanlarla bağlı xx.xx.2018-ci il tarixdə Vergilər Nazirliyinin inzibati binasında qəbul zamanı ona müvafiq izahat verilmişdir. Müraciətə baxılması haqqında **********835300 №-li, xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, Dövlət vergi orqanlarında işlə təmin edilməsi barədə 5 aprel 2023-cü il tarixli müraciətinə baxılmışdır. Dövlət vergi orqanlarına işə qəbul Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2005-ci il tarixli 222 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə"yə müvafiq olaraq müsabiqə (test və müsahibə) qaydasında aparılır. “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin 3.1-ci bəndinə əsasən dövlət vergi orqanlarında vakant vəzifələr olduqda Dövlət Vergi Xidməti tərəfindən kütləvi informasiya vasitələrində və Xidmətin rəsmi internet səhifəsində işə qəbulla əlaqədar müsabiqə elan edilir. Elanda vakant vəzifələrin tutulması üçün tələblər, o cümlədən müraciət forması və digər zəruri məlumatlar öz əksini tapır. Qeyd olunan tələblərə uyğun gəldiyi halda, dövlət vergi orqanlarına işə qəbulla əlaqədar növbəti müsabiqə elan edildikdə müsabiqədə iştirak etmək üçün müraciət edə bilər. Dövlət vergi orqanlarına işə qəbulla bağlı əlavə məlumatı Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsinin (www.taxes.gov.az) “İşə qəbul, xüsusi layihələr" bölməsindən və ya (012) ***-**-** nömrəsinə zəng edərək əldə edə bilər. İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Qanunvericiliyin qeyd olunan tələblərini nəzərə aldıqda məlum olur ki, iddiaçının bu iddiası mübahisələndirmə haqqında iddialara aiddir. 2011-ci il yanvarın 1-dən qüvvəyə minmiş İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən isə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibti aktın təqdim olunduğu vaxtdan 30 gün müddətinə qaldırıla bilər. İnzibati mühakimə icraatı qaydasında baxılan mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün: 1. Mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. əlverişsiz inzibati akt olmalı; 3. İddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 4. İddiaçının hüquqlarının pozulması əsaslandırılalı; 5. Qanunla tələb olunduqda digər əlavə şərtlərə əməl olunmalıdır. İPM-nin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər- tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Müvafıq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 71.1-ci maddəsinə əsasən, maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Həmin Qanunun 2.0.3-cü maddəsinə görə maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Tərəflərin öz hüquq və mənafelərini müdafiə etmək üçün istifadə etmək imkanına malik olduqları ən əhəmiyyətli prosessual vasitələrdən biri iddia müddətidir. İddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki; iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Beləliklə, işin hallarından və sadalan normaların tələblərindən məlum olur ki, iddiaçı hazırda mübahisələndirdiyi əmr barəsində 2018-ci ilin avqust ayında rəsmi qaydada məlumat almış, həmin əmrin ləğvi üçün müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti heç bir üzürlü səbəb olmadan ötürmüş, yalnız əmri aldığı gündən 5 ilə yaxın bir müddət sonra, yəni xx.xx.2023-cü il tarixdə iddia ərizəsini məhkəməyə göndərilməsi üçün surətli poçt xidmətinə təqdim etmişdir. İPM-nin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Həmin Məcəllənin 24.3-cü maddəsinə əsasən ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. Həmin Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-nin 23, 35, 45, 38, 81, 83 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı əmrin ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar