Məhkəmə qərarları › İş №2-1(112)-10892/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10892/2025

20.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10892/2025 20.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı “mənzilin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı “mənzilin verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində 25 təqvim ili həqiqi hərbi xidmət keçmişdir. xx.xx.2019-cu il tarixdə öz arzusu ilə hərbi xidmətdən ehtiyata buraxılmışdır. Cavabdehin başçısının 27 №-li, xx.xx.2020-ci il tarixli sərəncamı ilə 5 nəfər ailə üzvləri ilə güzəştli şərtlərlə yaşayış yeri üzrə mənzil növbəsinə qəbul edilmişdir. Hazırda kirayədə yaşayır. xx.xx.2023-cü il tarixdən müvəqqəti mənzilin kirayəsi üçün ona ödənilən pul kompensasiyası dayandırılmışdır. İddiaçı mənzillə təmin olunması barədə cavabdehə müraciət etsə də, cavabdeh onun müraciəti üzrə rəsmi cavab verməmişdir. İddiaçı hesab edir ki, bu əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Cavabdehin etirazının əsaslandırması: Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı Nərimanov RİH başçısının xx.xx.2020-ci il tarixli, 27 nömrəli Sərəncamı ilə ehtiyata buraxılmış hərbi qulluqçu statusunda mənzil növbəsinə götürülmüş və onun ailəsinə müvəqqəti mənzilin kirayəsi xərcləri ödənilmişdir. Mənzil-uçot işinə əlavə edilmiş Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Nərimanov Rayon İdarəsinin xx.xx.2019-cu il tarixli, 354 nömrəli arayışına əsasən İddiaçı xx.xx.1998-ci ildən xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində qulluq etmiş və AR MN-in müvafiq əmrinə əsasən Hərbi xidmətkeçmə haqqında Əsasnamənin 41.0.9-cu maddəsinin “e” bəndinə əsasən xx.xx.2019-cu ildən ehtiyata buraxılmışdır. Sonradan İddiaçı mənzil-uçot işi təftiş edilərkən sözügedən Əsasnamənin 41.0.9-cu maddəsinin “e” bəndi ilə yəni öz arzusu ilə ehtiyata və ya istefaya buraxılmanın və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli, 174 nömrəli Qərarının 1-ci bəndinin tələbləri ona şamil olunmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2 və 7-ci hissələrinin, “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli, 174 nömrəli qərarının və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2022-ci il tarxli Qərardadında ifadə edilən hüquqi mövqeyi nəzətə alınaraq, müvəqqəti mənzilin kirayəsi üçün kompensasiya məbləğinin ödənilməsinin dayandırılmışdır. Qeyd edilən xüsusatlarla əlaqəli, mübahisə predmeti İddiaçı tərəfindən məhkəmə müstəvisinə çıxarılmış və Bakı inzibati Məhkəməsinin 2-1(112)-1699/2024 nömrəli, xx.xx.2024-cü il tarixli Qərarı ilə iddia tələbi təmin edilməmişdir Məhkəmə aktından iddiaçının apellyasiya qaydasında verdiyi şikayət təmin edilməmiş və Bakı Apellyasiya Məkhəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-3002/2024 nömrəli Qərarı ilə 1-ci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçının yaşayış sahəsi ilə təmin olunması hissəsində münasibətə gəldikdə qeyd olunmalıdır ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi hallarda yolveriləndir. Hüquq mübahisələrinin bütün mərhələrində iddianın mümkünlüyü məsələləri yoxlanılmalıdır. Belə ki, iddianın əsaslığının araşdırılması üçün ilkin şərt onun mümkün olmasıdır. Hazırki halda iddianın əsas və ilkin mümkünlük şərtlərindən biri inzibati orqan tərəfindən iddiaçının hüquq və azadlıqlarının pozulmasının əsaslandırılmasıdır. Yəni qanunverici orqan yalnız bu halda iddiaçıya hüquqi müdafiə vasitəsi olaraq inzibati aktın qəbul edilməsi üçün (məhkəməyə iddia qaldırmaq hüququ verir), yəni iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun publik hüquq sahəsində qüvvədə olan qanunvericilikdən irəli gəlməsidir. Mübahisə predmeti barədə iddaçı xx.xx.2024-cü il tarixli, 5-14/1-D-19-068/2024 qeydiyyat nömrəli ərizə ilə Nərimanov RİH-ə müraciət etmiş və ona tərəfimizdən 27.01,2025-ci il tarixli, 5- 14/2-D-068/2025 nömrəli məktubla müvafiq qaydada məlumat verilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçının xx.xx.2019-cu il tarixli, EZ № ******* nömrəli hərbi biletinin surətindən görünür ki, Azərbaycan Resublikası Dövlət Sərhəd Xidmətinin 955 ş/h nömrəli, xx.xx.2019-cu il tarixli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 41.0.9-cu maddəsinə əsasən (öz arsusu ilə) Azərbaycan Resublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. Bakı şəhər Cavabdeh başçısının xx.xx.2020-ci il tarixli 27 nömrəli Sərəncamından görünür ki, ehtiyata buraxılmış hərbi qulluqçu İddiaçı ailə tərkibi 5 nəfər (özü, arvadı, 2 qızı, oğlu) olmaqla yaşayış yeri üzrə Nərimanov RİH-də mənzil növbəsinə götürülmüş, güzəştli şərtlərlə yaşayış sahəsi ilə təmin olunacaq ailələrin və ehtiyata buraxılmış hərbi qulluqçuların siyahısına daxil edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1699/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarına əsasən İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı “mənzil kirayəsi haqqının ödənilməsi tələbinə dair” dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-3002/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarına əsasən iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1699/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cavabdeh tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, İddiaçı yaşayış yeri üzrə Nərimanov RİH-də mənzil növbəsinə götürülmüş şəxslərin siyahısında 141-ci şəxsdir (cəmi növbədə olanların sayı isə 236 nəfərdir). Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. İlkin olaraq məhkəmə onun diqqətə çatdırılmasını zəruri hesab edir ki, iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməklə nail olmaq istədiyi məqsəd – onun Bakı şəhər Cavabdehin xx.xx.2020-ci il tarixli sərəncamına əsasən mənzil növbəsinə götürülməsi ilə əlaqədar mənzillə təmin olunmasında nail olmaqdır. İddiaçı tələbində “növbədənkənar mənzillə təmin edilmə” ifadəsini birbaşa göstərməsə də, sərəncama əsaslanmaqla dərhal mənzillə təmin olunmaq arzusu mahiyyət etibarilə onun növbədənkənar təminata iddia etdiyini ifadə edir. Nəzərə alınmalıdır ki, cavabdeh iddiaçının tələbinin əsassız olduğunu onunla əlaqələndirir ki, iddiaçı öz arzusu ilə ehtiyata buraxıldığından, onun “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən mənzillə təmin olunmaq hüququ olmamışdır. Bu arqumentlə bağlı məhkəmə qeyd edir ki, cavabdeh həmin mövqedə haqlı hesab edilsə belə, iddiaçının mənzil növbəsinə götürülməsi barədə xx.xx.2020-ci il tarixli sərəncamın hüquqi qüvvədə olması halı dəyişməz qalır. Sərəncam qüvvədə olduğu müddətdə isə cavabdeh orqan sərəncamdan irəli gələn hüquqi nəticələri nəzərə almağa borcludur. Qeyd olunmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Məhkəmə diqqətə çatdırır ki, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır. Həmin inzibati akt yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar qüvvədə olan inzibati aktın qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Bu halda, cavabdehin iddiaçının mənzillə təmin edilmə hüququnun mövcud olmadığına dair istinad etdiyi arqumentlər mövcud və qüvvədə olan inzibati aktı (sərəncamı) qüvvədən salmır. Baxmayaraq ki, iddiaçının mənzil növbəsinə götürülməsi barədə sərəncamı halhazırda qüvvədədir, iddiaçının növbədənkənar mənzillə təmin olunmaq hüququ olmamışdır. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun:

1. Hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə kəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir. Hərbi təhsil müəssisələrinin ailəli kursantları ailə yataqxanalarında yerləşdirilir, belə yataqxanalar olmadıqda isə onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir. Müvəqqəti mənzilin kirayəsi üçün ödənilən kompensasiyanın məbləği hərbi qulluqçular (hərbi təhsil müəssisələrinin ailəli kursantları) üçün ayda iyirmi səkkiz manatdan, onların hər bir ailə üzvü üçün isə həmin məbləğin əlli faizindən az olmayaraq müəyyən edilir. Hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) üçün yaşayış sahələrinin, o cümlədən xidməti mənzillərin tikintisi bu məqsədlər üçün hər il dövlət büdcəsindən ayrılan vəsait hesabına həyata keçirilir.

2. Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlilliyi müəyyən edilmiş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir. Maddə 26. Hərbi qulluqçuların statusunu təmin etmək sahəsində dövlət orqanlarının, müəssisələrinin, idarələrinin, təşkilatlarının və vəzifəli şəxslərin vəzifəsi və məsuliyyəti

1. Dövlət orqanları, müəssisələri, idarələri, təşkilatları, vəzifəli şəxslər, hərbi idarəetmə orqanlarının komandirləri (rəisləri) öz səlahiyyətləri və vəzifələri daxilində hərbi qulluqçuların statusunu təmin edirlər. Hərbi qulluqçuların hüquqlarının və qanuni mənafeyinin həyata keçirilməsi sahəsində vəzifələrini icra etməməkdə və ya lazımınca icra etməməkdə təqsirli olan vəzifəli şəxslər qanunvericiliyə müvafiq surətdə məsuliyyət daşıyırlar.

2. Onlara qarşı qanunsuz hərəkətlər nəticəsində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, hərbi rütbədən məhrum edilmiş və ya hərbi rütbəsi kiçildilmiş zabitlər və müddətindən artıq həqiqi hərbi xidmət qulluqçuları məhkəmənin qərarı ilə əvvəlki rütbəyə, həqiqi hərbi xidmətə, əvvəlki xidmət yerində və ya hərbi təhsil müəssisəsində təhsil aldığı yerdə tutduğu vəzifədən aşağı olmayan vəzifəyə bərpa edilir. Həqiqi hərbi xidmətdən qanunsuz buraxılmaq günündən hərbi xidmətə bərpa gününədək keçən vaxt, qanunsuz həbsdə saxlanmaq və ya qanunsuz məhkumluğun nəticəsində cəza çəkmək vaxtı hərbi qulluqçuların həqiqi hərbi xidmət müddətinə, hərbi rütbədə xidmət müddətinə, müvafiq vəzifələrdə xidmət müddətinə, pensiya təyin edilmək üçün xidmət müddətinə, müddətli həqiqi hərbi xidmət qulluqçularının isə xidmət hərbi xidmət müddətinə daxil edilir. Onlara qarşı qanunsuz hərəkətlər nəticəsində yaşayış sahəsindən məhrum edilmiş hərbi qulluqçulara bir ay müddətində əvvəlki yaşayış sahələri qaytarılır və ya üç aydan gec olmayaraq bərabər dəyərli abad yaşayış sahəsi növbədənkənar verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 56.1. Yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara yaşayış sahələri bu Məcəllənin 56.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, növbəlik qaydasına əsasən onların uçota alınma tarixi nəzərə alınmaqla verilir. 56.2.Sosial kirayə müqaviləsinə əsasən növbədənkənar yaşayış sahələri aşağıdakılara verilir: 56.2.1. yaşayış sahələri qanunla nəzərdə tutulmuş qaydada yaşamaq üçün yararsız və təmir və ya bərpa edilə bilinməyən hesab edilmiş vətəndaşlara; 56.2.2. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, təhsil müəssisələrində və digər müəssisələrdə, o cümlədən sosial xidmət müəssisələrində, ögey ailələrdə, ailə tipli uşaq evlərində qalma müddətləri başa çatmış, üzərində himayəçiliyə (qəyyumluğa) xitam verilmiş uşaqlara, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidməti başa çatmış və ya penitensiar müəssisələrindən qayıtmış valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar sırasından olan şəxslərə; 56.2.3. bu Məcəllənin 50.1.4-cü maddəsində nəzərdə tutulmuş siyahıda göstərilən ağır xroniki xəstəliklərə düçar olmuş vətəndaşlara. Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1983-cü il tarixli 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları”nın 1-ci bəndinə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçota götürülməsi və dövlət, ictimai mənzil fondu evlərində yaşayış sahələri verilməsi ictimai nəzarət altında həyata keçirilir. Qaydaların 25-ci maddəsində qeyd olunmuşdur ki, 25. Yaşayış sahəsi aşağıdakılara növbədənkənar verilir: a) təbii fəlakət nəticəsində mənzili yaşayış üçün yararsız hala düşmüş vətəndaşlara; b) Bütün tipdən olan təhsil müəssisələrini bitirən, əhaliyə sosial xidmət müəssisələrindən və Azərbaycan Respublikasının Silahlı qüvvələri sıralarından buraxılan, azadlıqdan məhrumedilmə müəssisələrindən azad olunan, əvvəllər mənzil sahəsi olmayan, yaxud əvvəllər yaşamış olduqları mənzil sahəsinə köçmək mümkün olmadıqda, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, onların arasından olan şəxslərə, qəyyumluqda (himayədə) olan uşaqlara; v) aspiranturanı, klinik ordinaturanı, ali, orta ixtisas, texniki peşə məktəblərini və digər tədris müəssisələrini bitirən və təyinat əsasında başqa yerə köçməklə əlaqədar olan işə göndərilən şəxslərə; q) qanunsuz məhkum edilmiş və sonralar təmizə çıxarılmış vətəndaşlara — əvvəlki yaşayış sahəsini qaytarmaq mümkün olmadıqda; d) SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyində nəzərdə tutulmuş başqa hallarda; e) İ qrup əlillərə və əlilliyə görə əmək pensiyası almaq hüququ olan sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə; ə) ədliyyə orqanlarının penitensiar və tibb xidmətlərinin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan və ya yeni xidmət yerinə göndərilən əməkdaşlarına. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınması, onlarla sosial kirayə müqavilələrinin bağlanması və mənzil növbəsinə götürülməsi qaydaları həm hazırda qüvvədə olan Mənzil Məcəlləsinin, həmçinin də Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaların müddəalarında əks olunmuşdur. Nəzərə alınmalıdır ki, qüvvədə olan “Hərbi qulluqçuların statusu haqqında” Qanunun, həmçinin Mənzil Məcəlləsinin tələblərinə görə vətəndaşların növbədənkənar qaydada mənzillə təmin olunmaları müvafiq əsaslar olduğu halda mümkündür ki, qüvvədə olan qanunvericilik bu əsasların mövcudluğunun imperativ qaydada nəzərdə tutmuşdur. Hazırkı iş üzrə söhbət hərbi qulluqçudan getdiyindən, “Hərbi qulluqçuların statusu haqqında” Qanuna əsasən mənzil növbəsinə götürülmüş hərbi qulluqçu yalnız o halda növbədənkənar qaydada mənzillə təmin edilə bilər ki, onun hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlilliyi müəyyən edilmiş və bununla bağlı olaraq o, hərbi xidmətdən buraxılmış olsun. Lakin, iş materiallarından da göründüyü kimi, iddiaçının ehtiyata buraxılması hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar müəyyən olunmuş əlillik əsasında həyata keçirilməmişdir. Bu səbəbdən iddiaçı qeyd edilən norma baxımından növbədənkənar mənzil təminatı hüququna malik deyil. Bundan əlavə, məhkəmə qeyd edir ki, iddiaçının “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 26-cı maddəsinin tələbləri çərçivəsində də növbədənkənar qaydada mənzillə təmin edilə biləcəyi hallar mövcud deyil. Adıçəkilən maddəyə əsasən, hərbi qulluqçuya qarşı qanunsuz hərəkətlər nəticəsində yaşayış sahəsindən məhrum edilmiş şəxslərə əvvəlki yaşayış sahəsi bir ay müddətində qaytarılmalı və ya üç aydan gec olmayaraq bərabərdəyərli abad yaşayış sahəsi növbədənkənar verilməlidir. Lakin işmateriallarından belə bir qanunsuzluğun mövcudluğu və iddiaçının yaşayış sahəsindən qanunsuz şəkildə məhrum edilməsi halı müəyyən edilməmişdir. Bu baxımdan iddiaçı həmin maddənin təsiri dairəsinə də düşmür. Eyni zamanda Məhkəmə diqqətə çatdırır ki, iddiaçı nə Mənzil Məcəlləsinin, nədə ki Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1983-cü il tarixli 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları”nın 25-ci bəndində nəzərdə tutulan şəxslərin əhatə dairəsinə də düşmür. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin imitnası qanuni və əsaslı olmuşdur. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia rədd edilməlidir.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar