Məhkəmə qərarları › İş №2-1(112)-10894/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10894/2021

23.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10894/2021 23.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X13 Ağa qızının katibliyi ilə, İddiaçı Əlisəfa oğlunun cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı qəyyum təyin edilmə barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Əlisəfa oğlu cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı oğlu X2 qəyyumu təyin edilməsinə dair qərar (sərəncam) qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli "aliment və valideynin əlavə xərclərə cəlb edilməsi tələbinə dair" bildirişi ünvanına göndərilmişdir. Həmin bildirişə əlavə olunmuş iddia ərizəsi ilə tanış olarkən ona məlum olmuşdur ki, oğlu X2 imzası yerinə qanuni nümayəndə kimi X9 qeyd edilmişdir. İşlə tanış olarkən iş materiallarında Xəzər rayon İcra Hakimiyyəti Başçısının 97 saylı, 16 iyun 2020-ci il tarixli Sərancamının surətini əldə etmişdir. Həmin Sərəncamda qeyd olunmuşdur ki, X1 Rayon Məhkəməsinin 10.01.2020-ci il tarixli, 2(003)118/2020 saylı qətnaməsi əsasında X2 qəyyumu təyin edilmişdir. Xəzər rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasının "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair" tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 118/2020 saylı, 10 yanvar 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, 09 oktyabr 2000-ci il təvəllüdlü X8 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilmişdir. Xəzər Rayon Məhkəməsinin 10.01.2020-ci il tarixli, 2(003)118/2020 saylı qətnaməsindən görünür ki, ərizəçi qeyd etmişdir ki, guya ondan hər-hansı bir məlumatları yoxdur, hətta onun ölkə hüdudlarında olub-olmadığını da, bilmirlər. Halbuki, qeydiyyatda olduğu ünvanda yaşayır və həmin ünvana bütün bildiriblər çatır. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli bildirişi sözügedən ünvanına göndərilmişdir. İşin görünən tərəfi odur ki, onun işə maraqlı şəxs qismində iştirak etməsini ərizəçi tərəf istəməmiş, buna görə də, onu gizləmişdir. Ailə Məcəlləsinin 64-cü maddəsinə əsasən valideynlər (onlardan biri) öz valideynlik vəzifələrini yerinə yetirmədikdə, alimenti qəsdən ödəmədikdə, heç bir üzrlü səbəb olmadan uşağı doğum evindən və yaxud hər hansı müalicə, tərbiyə, əhalinin sosial müdafiəsi müəssisəsindən və digər analoji müəssisələrdən götürməkdən imtina etdikdə, valideynlik hüquqlarından suiistifadə etdikdə, uşaqlarla amansız davrandıqda, onları fiziki və psixi təzyiq altında saxladıqda, xroniki alkoqol və narkomaniya xəstəsidirsə, uşaqların və ya ərinin (arvadının) sağlamlığına və ya həyatına qarşı qəsdən edilmiş cinayət törətdikdə valideynlik hüquqlarından məhrum edilə bilərlər. Qeyd edir ki, o, hal-hazıradək valideyn kimi üzərinə düşən vəzifələrini yerinə yetirərək, öz hüquqlarından sui-istifadə etməmiş, valideynlik hüququndan məhrum olmamışdır. Onu da, qeyd edir ki, o, 09 oktyabr 2000-ci il təvəllüdlü X3 himayəsinə alaraq saxlamağı qarşı tərəfə dəfələrlə bildirsə də, onlar uşağın onun tərəfindən saxlanmağını istəməmişlər. Qeyd edir ki, ərizə ilə məhkəməyə müraciət edən şəxs onun baldızıdır. O, Əlisafa ilə birlikdə deyil, ayrı ünvanda yaşadığından oğlu yaşlı nənəsinin gümanına qalmışdır. Hesab edir ki, o, öz oğluna sahib dura, ona qəyyum ola bilərdi. Qeyd edir ki, o, "Azəriqaz" İB-də çilingər vəzifəsində işləyir. Xəzər rayon İcra Hakimiyyəti Başçısının 97 saylı, 16 iyun 2020-ci il tarixli Sərəncamının ləğv edilməsi, oğlu X2 qəyyumu təyin edilməyimə dair qərar (sərəncam) qabul edilməsini cavabdeh orqandan xahiş etmişdir. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti başçısının 12 avqust 2021-ci il tarixli məktubu ilə bundan imtina olunmuşdur. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 97 nömrəli, 16.06.2020-ci il tarixli “X2 üzərində qəyyum təyin olunması haqqında” Sərəncamına əsasən ünvan 3 ünvanda qeydiyyatda olan X4 Xəzər Rayon Məhkəməsinin qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş 09.10.2000-ci il təvəllüdlü X2 üzərində qəyyum təyin olunması üçün R.Lətifovanın müraciəti əsasında toplanmış sənədləri, Xəzər Rayon Məhkəməsinin 10.01.2020-ci il tarixli, 2(003)-118/2020 saylı qətnaməsini və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 33.4-cü maddəsini rəhbər tutaraq, X1 Rayon Məhkəməsi tərəfindən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş 09.10.2000-ci təvəllüdlü X2 üzərində qəyyum təyin olunmuş, qəyyum təyin edilən şəxs X7 bundan sonra qəyyumluğunda olacaq X2 hüquq və mənafelərinin qorunması tapşırılmışdır. İddiaçı Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinə Xəzər rayon İcra Hakimiyyəti başçısının 16.06.2020-ci il tarixli, 97 saylı sərəncamı ilə X4 Xəzər Rayon Məhkəməsi tərəfindən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmuş X2 üzərində təyin edilmiş qəyyumluğunun ləğv edilərək, onun qəyyum təyin olunması barədə ərizə ilə müraciət etmiş, onun müraciəti Xəzər rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasında baxılaraq ərizəsinə M-274-099 nömrəli, 12.08.2021-ci il tarixli məktubla cavab verilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən qəyyumun və himayəçinin təyin edilməsi barədə maraqı şəxslər məhkəməyə etiraz vermək hüququna malikdirlər. Lakin, qəyyum və himayəçi qanunvericiliyə uyğun olaraq öz razılığı ilə təyin edilir. Bu zaman, onun əxlaqı və digər şəxsi keyfiyyətləri, qəyyumluq və ya himayəçilik vəzifəsini yerinə yetirmək qabiliyyəti, onunla qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxs arasında mövcud münasibətlər nəzərə alınmalıdır. Məhz bu səbəbdən, komissiya X4 X5 üzərində qəyyum təyin olunmasını məqəsəduyğun hesab etmişdir. Hazirki iddia üzrə mübahisə İddiaçı oğlu – 09.10.2000-ci il təvəllüdlü X8 üzərində qəyyum təyin edilməsi barədə sərəncam qərar qəbul edilməsidir ki, həmin məsələ mülki məhkəmə icraatı qaydasında araşdırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 33.1-ci maddəsinin 1-ci hissəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən qəyyumu və ya himayəçini qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsin yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı fiziki şəxs üzərində qəyyumluq və ya himayəçilik qoyulması zərurətinin ona məlum olduğu andan üç ay ərzində təyin edir. Qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsə qəyyum və ya himayəçi təyin edilənədək qəyyum və ya himayəçi vəzifələrini qəyyumluq və himayəçilik orqanı icra edir. Qəyyumun və ya himayəçinin təyin edilməsi barədə maraqlı şəxslər məhkəməyə etiraz verə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18.07.2018-ci il tarixli, 2-411 nömrəli icmal məktubunda göstərilmişdir ki, şəxsin qəyyumluğa verilməsi ilə bağlı mübahisələr inzibati orqan kimi müvafiq icra hakimiyyəti orqanına qarşı yönəlsə də, mübahisə şəxsin mülki hüquq və vəzifələrin təmininə xidmət etdiyindən irəli sürülən tələb ümumi (publik) hüquq sahəsinə deyil, xüsusi (ailə-mülki) hüquq münasibətlərinə aiddir. İnzibati orqan bu münasibətlərdə xüsusi hüququn subyekti kimi iştirak etdiyindən belə mübahisələrə mülki məhkəmə icraatı qaydasıda baxılır. Məhkəmə eləcə də, qeyd etməyi zəruri hesab edir ki, hazırki iddia üzrə cavabdehliyi Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti daşımalı olsa da, iddiaçı tərəfindən iddia ərizəsində cavabdeh qismində Bakı şəhər İcra Hakimiyyəti göstərilmişdir. Məhkəmə hazırki iddia üzrə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsində gösərilmiş məhkəmənin hüquqi yardım göstərmək vəzifəsinin tətbiq edilməsini zəruri hesab etmir. Belə ki, iş üzrə cavabdeh Bakı şəhər İcra Hakimiyyəti əsl cavabdeh Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti ilə əvəz edilsə idi belə, mübahisə, predmet aidiyyəti üzrə inzibati məhkəmə icraatına aid olmadığından, iddia yenə də, mümkün sayılmayacaqdı. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli, 4 saylı Qərarının 15.2-ci bəndinə əsasən bu zaman nəzərə alınmalıdır ki, İPM-nin 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-nin müddəalarına uyğun olaraq baxmağa səlahiyyət: inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraat qaydasında, habelə inzibati xətalara işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. 15.3. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müracət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qonunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda şərh edilən əsaslara görə iddia mümkün sayılmadığından, iddiaçıya izah edilir ki, hazırki iddia tələbində qaldırdığı mülki münasibətlərindən yaranan məsələlər barəsində mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə iddia qaldırmaq hüququndan istifadə edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı X2 iddiası mümkün sayılmasın. İddiaçı X6 aidiyyəti üzrə ümumi (rayon) məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar