Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10895/2022 28.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “müavinət və təqaüdün verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən indiyədək ödənilməmiş müharibə veteranı müavinəti və Prezident təqaüdünün tam həcmdə hesablanaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı izahatında bildirdi ki, o, 1992-1994-cü illərdə daxili işlər orqanlarında xidmət etmişdir. Həmin dövrdə Qarabağ və Qarabağ ətrafı rayonlarda torpaqların azadlığı uğrunda erməni işğalçılarına qarşı gedən döyüşlərdə fəal iştirak etmişdir. Lakin həmin dövrdə dəfələrlə müraciət etməsinə baxmayaraq, müharibə veteranı vəsiqəsi ala bilməmişdir. O, 2022-ci ilin fevral ayında yenidən Daxili İşlər Nazirliyinə müraciət etmiş, bu dəfə müraciətinə müsbət cavab verilərək, arxiv sənədlərinə əsasən xx.xx.2022-ci ildə ona müharibə veteranı vəsiqəsi verilmişdir. Müharibə veteranı vəsiqəsini adıqdan sonra ona Prezident təqaüdü təyin edilməsi və əvvəllər ödənilməmiş, müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin tam həcmdə hesablanaraq ona ödənilməsi üçün xx.xx.2022-ci ildə cavabdehə müraciət etmiş, cavabdeh orqan xx.xx.2022-ci il tarixli məktubla veteran vəsiqəsinin verildiyi tarixdən müavinətin hesablandığını bildirmişdir. Ona müharibə veteranı vəsiqəsi onun iradəsindən asılı olmayaraq kimlərinsə səhvi səbəbindən arxiv sənədləri əsasında indi verilir. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 izahatında bildirdi ki, iddiaçıya veteran vəsiqəsi xx.xx.2022-ci il-də verilmişdir. Şəxsin istər təqaüd, istərsə də sosial müavinət almağa hüququ veteran vəsiqəsini aldığı tarixdən yaranır. İddiaçının həmin veteran vəsiqəsi əsasında cavabdeh ona müharibə veteranı statusunu aldığı vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikası Prezidentinin “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında 15 aprel 2019-cu il tarixli Fərmanına əsasən 80 manat məbləğində Prezident təqaüdü təyin etmiş, əvvəlki illər üzrə ödənişin verilməsindən isə əsaslı olaraq imtina etmişdir. Müharibə veteranları üçün nəzərdə tutulan müavinəti Prezident təqaüdündən fərqləndirmək vacibdir. Belə ki, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi ilə nəzərdə tutulan 3 illik müddətin ödənilməsi sırf sosial müavinətlərə şamil olunur. Qanunun 4-cü maddəsində müavinətin növləri arasında Prezident təqaüdü qeyd edilməmişdir. Təqaüd sosial müavinətin növü olmadığı üçün Qanunun 9.1-ci maddəsi ilə nəzərdə tutulan müraciət edildiyi vaxtdan əvvəlki 3 illik dövr üçün ödənilmə təqaüdə şamil edilmir. Digər tərəfdən də, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Bu müddəadan da aydın göründüyü kimi sosial müavinətin “müraciətdən əvvəlki 3 il üçün ödənilməsi” sosial müavinət almaq üçün müraciət edən şəxslərə şamil edilir. Hazırkı iş üzrə isə iddiaçının cavabdehə müraciət etdiyi tarixdə qeyd olunan Fərman qüvvədə olduğu üçün ona sosial müavinət yox, təqaüd təyin edilməsi üçün müraciət etmək hüquqi imkanı olmuşdur və o, bu imkandan yararlanmışdır. Ona görə də iddiaçının vəsiqəni aldığı tarixdən əvvəlki dövrü tələb etməsinin hüquqi əsası yoxdur. Odur ki, iddiaçıya müharibə veteranı vəsiqəsinə əsasən müraciət etdiyi gündən təqaüd təyin olunduğuna görə, əvvəlki üç ilə münasibətdə sözügedən təqaüdü tələb edə bilməz. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 036668 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd olunur: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 4 saylı Bakı “DOST” mərkəzindən daxil olmuş ərizənizə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. Azərbaycan Respublikasının Prezidentinin “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” xx.xx.2001-ci il tarixli 613 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün hər ay 55.000 (əlli beş) min manat (2006cı il yanvarın 1-dən öncə Azərbaycan manatının denaminasiya olunmasından əvvəl olan nominal dəyər) məbləğində müavinət təyin edilmişdir. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019-cu il tarixli 641 nömrəli Fərmanına əsasən “Sosial müavinətlərin məbləğinin artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 973 nömrəli Fərmanın Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55.000 (əlli beş min) manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndi ləğv edilmişdir. Eyni zamanda bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 641 nömrəli Fərmanı əsasında müharibə veteranlarına 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş və xx.xx.2019-cu il tarixindən sözügedən müavinət Prezident təqaüdü ilə əvəz edilmişdir. Bildiririk ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq nəzərdə tutulmuş güzəştlər “Veteran vəsiqəsi” təqdim edildikdə həyata keçirilir. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, Sizə müharibə veteranları üçün nəzərdə tutulan təqaüd xx.xx.2022-ci il tarixindən qanunvericiliyin tələblərinə uyğun olaraq təyin edilmişdir (veteran vəsiqəsinin verildiyi tarixdən). Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, “Veteran vəsiqəsi” xx.xx.2022-ci il tarixində verildiyindən, eyni zamanda sözügedən müavinət ləğv edildiyindən Sizə ərizənizdə qeyd etdiyiniz dövrlər üzrə təqaüdün təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. İş materiallarında olan Azərbayan Respublikasının Daxili İşlər Nazirliyi Şəxsi Heyətlə İş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: Daxili İşlər Nazirliyində fəaliyyət göstərən müvafiq komissiyanın xx.xx.2022-ci il tarixli 149 nömrəli protokoluna əsasən vətəndaş İddiaçı müharibə veteranı adı və vəsiqəsi verilmişdir. İş materiallarında olan İddiaçı müavinət işində olan sənədlərdən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən müddətsiz aylıq 80 (səksən) manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü (müharibə veteranlarına) təyin edilmişdir. «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən sosial müavinətlər - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir; 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər; 4.0.1.6-cı maddəsinə əsasən bu Qanunla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət təyin edilir; 6.1-ci maddəsinə əsasən bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş aylıq və birdəfəlik müavinətlər (bu Qanunun 6.2-ci maddəsi ilə nəzərdə tutulan hallar istisna olmaqla) dövlət büdcəsinin vəsaiti hesabına ödənilir; 7.0.6-cı maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadığı hallarda təyin edilir; 9.1, 9.1.5-ci maddələrinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir - müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 24 fevral 2006-cı il Fərmanının 2.1-ci bəndinə əsasən “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.1.6-cı, 4.0.1.8-ci, 7.0.6-cı, 7.0.7-ci, 7.0.8-ci (hər iki halda), 8-ci, 9.1.5-ci, 9.1.6-cı, 9.1.7ci, 11.1.5-ci, və 11.1.6-cı maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir. “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001ci il tarixli 613 nömrəli Fərmanının 1-ci bəndinin 6-cı abzasına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, 1941-1945-ci illərdə keçmiş sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş, müharibə illərində orden və medallarla təltif edilmiş şəxslərə İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və "Leninqradın müdafiəsinə görə" medalı, "Leninqrad mühasirəsində yaşayan" döş nişanı ilə təltif edilmiş şəxslərə, başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrində və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində iştirak etmiş şəxslərə və keçmiş SSRİ Silahlı Qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslərə - 55,0 min manat müavinət müəyyən edilmişdir (Azərbaycan Respublikası Prezidentinin 22 yanvar 2007-ci il tarixli 514 nömrəli Fərmanı ilə 2001-ci il 26 dekabr tarixli 613 nömrəli Fərmanının 1-ci bəndinin 6-cı abzası qüvvədən düşmüş hesab edilmişdir). «Sosial müavinətlərin məbləğinin artırılması haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 973 nömrəli Fərmanının 1.1.7-ci maddəsinə əsasən əmək pensiyası almaq hüququ olmayan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, 1941-1945-ci illərdə keçmiş sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş, müharibə illərində orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə, başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində iştirak etmiş şəxslərə və keçmiş SSRİ silahlı qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri kimi iştirak etmiş şəxslərə 55 manat aylıq sosial müavinət müəyyən edilmişdir (xx.xx.2019-cu ilədək qüvvədə olmuşdur). “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli, 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 640 nömrəli Fərmanına əsasən “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli, 973 nömrəli Fərmanın Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55 manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndi ləğv edilmişdir. Həmin Fərmanın 3-cü bəndinə əsasən, bu Fərman xx.xx.2019-cu il tarixindən tətbiq edilir. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında» Azərbaycan Pespublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli 641 nömrəli Fərmanının 1-ci bəndinə əsasən “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmiş və onun aylıq məbləği 80 manat müəyyən olunmuşdur. Həmin Fərmanın 2.1.1-ci bəndinə əsasən bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir. Məhkəmə tərəfindən müəyyən edildi ki, xx.xx.2022-ci il tarixdə İddiaçı “Müharibə veteranı” statusu və vəsiqəsi verilmişdir. İddiaçıya cavabdeh tərəfindən həmin tarixdən aylıq 80 manat məbləğində (ömürlük) müharibə veteranları üçün təsis edilmiş Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir və ödənilir. Hazırda iddiaçı müavinətin və təqaüdün ona əvvəlki dövr üçün ödənilməsini tələb edir. Məhkəmə qeyd edir ki, xx.xx.2019-cu il tarixindən qüvvəyə minmiş qanunvericilikdəki yeni tənzimləmələrə görə müharibə veteranlarına əvvəllər verilən sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş, bununla da qeyd olunan tarixdən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə sosial müavinət yox, Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilməyə başlanılmışdır. Müharibə veteranlarına aylıq verilməsi nəzərdə tutulmuş bu vəsait artıq sosial müavinət statuslu ödəniş deyildir və müvafiq olaraq həmin ödənişə münasibətdə əvvəlki üç il üçün ödəmələrin aparılmasını nəzərdə tutan “Sosial müavinətlər haqqında” Qanunun müddəaları tətbiq edilə bilməz. Qeyd olunan təqaüdün təsis edilməsi ilə bağlı Fərmanda da təqaüdün onu almaq hüququ yaranan gündən əvvəlki tarix üçün ödənilməsi ilə bağlı heç bir müddəa nəzərdə tutulmamışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçıya müharibə veteranı statusunun verildiyi xx.xx.2022-ci il tarixdən həmin dövrdə qüvvədə olan “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında» Azərbaycan Pespublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli 641 nömrəli Fərmanına əsasən təsis edilmiş müharibə veteranları üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir və ödənilir. Qeyd olunan Fərmanda həmin ödənişin təyin edilməsi, ödənilməsi müddətləri və qaydası konkret olaraq müəyyən edilmişdir və təqaüdün onu almaq hüququ yaranan gündən əvvəlki tarix üçün ödənilməsi nəzərdə tutulmamışdır. Beləliklə, xx.xx.2019-cu il tarixindən sonra müharibə veteranı statusu almış şəxslərə münasibətdə yalnız Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilə bilər və bu təqaüd onu almaq hüququ yaranan gündən etibarən ödənilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Ona görə də iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34.1, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-10895/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10895/2022
28.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver