Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10895/2025 16.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, Vəliyeva Şəms Aslan qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 16 fevral 2026-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona müharibə veteranı adının və müvafiq vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı 1978-ci ildə keçmiş SSR-nin Leninqradski oblast, Novqorod, Pskov şəhərlərində hərbi xidmətdə olmuşdur. 1980-cı ilin noyabr ayında xidmətini başa vurub qayıtmışdır. Müxtəlif yerlərdə çalışmışdır. Hal hazırda Azərbaycan Xəzər Dəniz X15 Cəmiyyəti "xxxx" MMC-də sürücü vəzifəsində işləyir. Ölkədə hərbi vəziyyət elan olunduğu ilk gündən Vətən müharibəsi başlayanda xx.xx.2020-ci ildə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC tərəfindən döyüş bölgəsinə ezam olunmuşdur. Qubadlı, Zəngilan, Xocavand, Cəbrayıl, Füzuli, Hadrut, Şuşanın daşaltı kəndlərində yaralı və şəhidləri döyüş gedə-gedə Tibbi Ərazi Bölmələri X11 Mərkəzinə təxliyə olunmasında iştirak etmişdir. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, müraciətinin təminindən imtina etmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaçının tələbinə etiraz edərək bildirilmişdir ki, Əsasnamənin tələbinə əsasən şəxsə müharibə veteranı adı verilməsi üçün şəxs aktiv döyüş əməliyyatlarında bilavasitə iştirak etməli və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirməli, həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmalı, bu hallar isə öz növbəsində hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında təsdiq edilməlidir. Lakin hazırkı iş materiallarında iddiaçıya münasibətdə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün Əsasnamədə sadalanan hallar mövcud deyildir. İddiaçının döyüş zonasında aktiv döyüş əməliyyatlarına iştirakı və ya döyüş tapşırığı ilə əlaqədar hallar hər hansı sübutla təsdiq edilmir. Belə ki, iş materiallarında iddiaçının döyüş əməliyyatlarında iştirakını təsdiq edən hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları, şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar əksedilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-437/2025 nömrəli qərarına əsasən şəxsin döyüş əməliyyatlarının aparıldığı ərazilərə ezam olunması barədə hərbi biletində olan qeyd onun hərbi xidmət keçməsini sübut edən hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda, müharibə veteranı adı verilməsi üçün əsas ola bilər. Lakin hazırkı işdə isə iddiaçının döyüş əməliyyatlarının aparıldığı ərazilərə ezam olunması barədə hərbi biletində olan qeyd onun hərbi xidmət keçməsini sübut edən hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edilməmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş "xxxx" QSC "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli sürücülərin ezam olunması haqqında əmrində iddiaçının ölkədə elan edilmiş qismən səfərbərliklə əlaqədar olaraq səfərbərlik tapşırığına cəlb edilərək Silahlı Qüvvələrin müxtəlif rayonlarda yerləşən hərbi hissələrinə ezam edilməsi qeyd olunmasına baxmayaraq, iddiaçının hanıs ərazidə yerləşən hərbi hissəyə ezam edilməsi ilə bağlı iş materiallarına sübut əlavə edilməmişdir. Bundan başqa Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı Şəhəri Xətai Rayon İdarəsinin xx.xx.2025 tarixli 3-43-17/2-559/2025 nömrəli məktubuna əsasən xx.xx.1960-cı il təvəllüdlü İddiaçı Vətən müharibəsi dövründə Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2020-ci il tarixli “Azərbaycan Respublikasında qismən səfərbərlik edilməsi haqqında” Sərəncamının icrası ilə bağlı səfərbərliyə cəlb edilməsi barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsində heç bir məlumat olmadığı qeyd edilmişdir. Beləliklə, iddiaçı döyüş əməliyyatları aparılan dövrdə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və müəssisələrdə xidmət etmədiyinə, işləmədiyinə, habelə həmin hərbi hissə və bölmələrə ezam olunmadığına görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün adının razılaşdırılması məqsədilə AR Nazirlər Kabinetinə göndərilməsinin məqsədəuyğun hesab edilməməsi qanunsuz deyildir. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia məcburetmə növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in: -2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. -33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. -33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Məhkəmə hesab edir ki, iddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. İddianın əsaslılığı: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Hərbi biletin 24-cü səhifəsində qeyd olunmuşdur ki, iddiaçı xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixə kimi könüllü olaraq Hadrut, Xocavənd, Qubadlı, Şuşa, Laçın, Cəbrayıl, X12 Mərkəzində yaralı və şəhid hərbçilərin təxliyyəsi ilə məşğul olmuşdur. -"xxxx" QSC "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, E-09 nömrəli əmrdən görünür ki, əmrdə adları göstərilən şəxslər (iddiaçı Hyundai H100 markalı, **-JM- *** qeydiyyat nömrəli) qeyd olunan avtomobil dəstəsinin sürücülərinin ölkədə elan edilmiş qismən səfərbərliklə əlaqədar olaraq göstərilən tarixlərdə etibarən səfərbərlik tapşırığına cəlb edilərək Silahlı Qüvvələrin müxtəlif rayonlarda yerləşən hərbi hissələrinə ezam edilmələri nəzərə alınmışdır. -"xxxx" QSC "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, E-10 nömrəli əmrdən görünür ki, aşağıda adı qeyd olunan avtomobil dəstəsinin sürücülərinin ölkədə elan edilmiş qismən səfərbərlikə əlaqədar olaraq göstərilən tarixlərdən etibarən səfərbərlik tapşırığına cəlb edilərək Silahlı Qüvvələrin müxtəlif rayonlarda yerləşən hərbi hissələrə ezam edilmələri ilə əlaqədar olaraq “Sürücülərin ezam olunması haqqında” xx.xx.2020-ci il tarixli, E-09 ömrəli əmrə dəyişiklik edilərək yeni redaksiyada təsdiq edilmişdir. (İddiaçı – xx.xx.2020-ci il - müddətsiz) -"xxxx" QSC "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, E-11 nömrəli əmrdən görünür ki, əmrdə adları göstərilən şəxslər (iddiaçı Hyundai H100 markalı, 99JM229 qeydiyyat nömrəli) qeyd olunan avtomobil dəstəsinin sürücülərinin ölkədə elan edilmiş qismən səfərbərliklə əlaqədar olaraq göstərilən tarixlərdə etibarən səfərbərlik tapşırığına cəlb edilərək Silahlı Qüvvələrin müxtəlif rayonlarda yerləşən hərbi hissələrinə ezam edilmələri nəzərə alınmışdır. -"xxxx" QSC "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, E-18 nömrəli əmrdən görünür ki, əmrdə adları göstərilən şəxslər (iddiaçı Hyundai H100 markalı, 99JM229 qeydiyyat nömrəli) qeyd olunan avtomobil dəstəsinin sürücülərinin ölkədə elan edilmiş qismən səfərbərliklə əlaqədar olaraq göstərilən tarixlərdə etibarən səfərbərlik tapşırığına cəlb edilərək Silahlı Qüvvələrin müxtəlif rayonlarda yerləşən hərbi hissələrinə ezam edilmələri nəzərə alınmışdır. -"xxxx" QSC "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, E-20 nömrəli əmrdən görünür ki, aşağıda adı qeyd olunan avtomobil dəstəsinin sürücüsü (iddiaçı – 12xx.xx.2020) göstərilən tarixlərdə Zərgilan rayonuna ezam edilmişdir. -X12 Mərkəzi tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixə kimi könüllü olaraq Hadrut, Xocavənd, Qubadlı, Şuşa, Laçın, Cəbrayıl, X12 Mərkəzində yaralı və şəhid hərbiçilərin təxliyyəsi ilə məşğul olmuşdur. -AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, iddiaçı Vətən müharibəsi zamanı işlədiyi Azərbaycan Xəzər Deniz Gəmiçiliyinin Nəqliyyat Departamentinə məxsus idarə etdiyi avtomobillə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək könüllü olaraq döyüş bölgələrindən yaralı və şəhid hərbi qulluqçuların X12 Mərkəzinə təxliyəsi ilə məşğul olmuşdur. -Cavabdeh AR Müdafiə Nazirliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, X7, X3, X10, X8 “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə dair müvafiq siyahı Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilmişdir. Təqdim olunan sənədlərə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən vətəndaşlara “Müharibə veteranı” adı verilmiş və “Müharibə veteranı vəsiqəsi” hazırlanaraq təqdim edilmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə aşağıda göstərilənlərə əsasən tələbin əsaslı olduğu nəticəsinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İV hissəsinə əsasən, hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin (bundan sonra Əsasnamə) 1-ci hissəsinin birinci bəndinin doqquzuncu yarımbəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin onuncu yarımbəndinə əsasən, 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Həmin Əsasnamədən: Qeyd. 2. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Həmin Əsasnamənin 2-ci hissəsinin dördüncü abzasına əsasən, Bu Əsasnamənin 1-ci hissəsinin doqquzuncu-on birinci abzaslarında göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti və Azərbaycan Respublikasının Strateji X6 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X4 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 27 sentyabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 9 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. İstinad olunan normaların məzmunundan aydın olur ki, mülki şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün:
1. O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27dən oktyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etməli, yəni döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmalı;
2. bu fakt hərbi biletlər (hərbi xidmət keçməmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında öz təsdiqini tapmalıdır. İdiaçının da Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsi zamanı Hadrut, Xocavənd, Qubadlı, Şuşa, Laçın, Cəbrayıl, Füzuli rayonları istiqamətində gedən döyüş əməliyyatları zamanı sürücü kimi müvafiq tapşırıqları yerinə yetirməsi işin mübahisəsiz halıdır, çünki bu faktlar iş materiallarında olan sənədlər və hərbi biletdə aparılan qeydlərlə tam təsdiq olunur. İddiaçının yerinə yetirdiyi tapşırığın mahiyyətinə gəldikdə, qeyd olunmalıdır ki, həmin tapşırıq döyüş əməliyyatlarının təminat növlərinin tərkib elementi kimi çıxış edir. Belə ki, iddiaçı döyüş əməliyyatlarının aparıldığı dövrdə Xəstəxanaya ezam olunmuş sürücü kimi nəqliyyat vasitələrini idarə edərək şəxsi heyətin, yaralıların, habelə həlak olmuş şəxslərin təxliyəsini həyata keçirmişdir. Bu baxımdan, məhkəmə hesab edir ki, iddiaçının ezam olunduğu qurumun hərbi hissə olmaması onun ziyanına şərh edilməməlidir. Belə ki, qanunvericiliyə əsasən, təkcə hərbi hissələrə deyil, digər orqan və qurumlara ezam olunmuş şəxslərə münasibətdə də müvafiq hallarda veteran statusunun (vəsiqəsinin) verilməsi mümkündür. Hazırkı işdə iddiaçının Birliyin tabeliyində olan Xəstəxanaya ezam olunması da mahiyyət etibarilə hərbi hissə və ya bölməyə ezamla eyni məqsədlərə – döyüş əməliyyatlarının təmin olunmasına xidmət etmişdir. Məqsədin eyni olduğu halda isə bu hallar arasında fərqləndirmə aparılması üçün hüquqi əsas müəyyən edilmir. Bundan əlavə, məhkəmə qeyd edir ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC tərəfindən "xxxx" MMC üzrə ezamiyyət əmrlərində adları göstərilmiş X14, X5, X16 və X8 “müharibə veteranı” adı və müvafiq vəsiqə cavabdeh inzibati orqan tərəfindən verilmişdir. Bu hal isə iddiaçıya münasibətdə bərabərlik hüququnun pozulması kimi qiymətləndirilə bilər. Belə ki, oxşar faktiki hallarda olan şəxslərə fərqli yanaşmanın tətbiqi üçün hər hansı obyektiv və əsaslı səbəb müəyyən edilməmiş, cavabdeh tərəfindən də bu qənaəti təkzib edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Xüsusilə vurğulanmalıdır ki, iddiaçının ezam olunması da eyni qaydada, yuxarıda qeyd edilən şəxslərdə olduğu kimi, məhz işlədiyi müəssisənin müvafiq əmri əsasında həyata keçirilmişdir. Beləliklə, iş materiallarından aydın olur ki, cavabdeh inzibati orqanın iddiaçı ilə eyni hüquqi və faktiki vəziyyətdə olan şəxslərə münasibətdə “müharibə veteranı” statusunun və vəsiqəsinin verilməsi ilə bağlı artıq formalaşmış inzibati praktikası mövcuddur. Buna baxmayaraq, cavabdeh inzibati orqan eyni hüquqi vəziyyətdə olan, tələbi eyni faktiki və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə qeyd olunan statusun və vəsiqənin verilməsindən imtina etmişdir. Bu isə hüquqi müəyyənlik prinsipi ilə yanaşı, bərabərlik (bərabər rəftar) prinsipinin kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir. Halbuki, Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Belə olan halda aydındır ki, iddiaçı Nazirlər Kabinetinin 216 saylı qərarı ilə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün tələb olunan bütün şərtləri ödəyir. Hazırkı halda cavabdeh iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən, məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Oxşar mübahisə ilə bağlı qəbul edilmiş AR Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-3069/2023 saylı iş üzrə qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarında işə baxan məhkəmə kollegiyası analoji mövqedən çıxış edən Müdafiə Nazirliyinin kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, Xəstəxanaya ezam edilmiş sürücü kimi iddiaçı mülki şəxslərə hərbi hissə (bölmə) və ya orqanların tərkibində olmadan da əgər o döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuşdursa ona müharibə veteranı verilir. Bundan əlavə, Ali Məhkəmənin 2-1(102)-937/2024 saylı iş üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarı, 2-1(102)-937/2024 saylı iş üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərar, 2-1(102)-850/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarlarında da oxşar mövqedən çıxış edilmişdir. İddianın nəticə hissəsinə münasibətdə qeyd olunmalıdır ki, AR Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)-1729/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarında işə baxan məhkəmə kollegiyası müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədi ilə adın müvafiq siyahıya daxil edilərək razılaşdırılması ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində məhkəmə qərarını dəyişdirmiş və həmin iş üzrə iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməli olduğu qənaətinə gəlmişdir. Qərarda qeyd edilmişdir ki, “...Əsasnamənin Qeyd hissəsində həm də belə bir tənzimləmə öz əksini tapmışdır ki, bu Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. 32. Qeyd olunan normanın tətbiqinə münasibətdə kollegiya hesab edir ki, həmin müddəa hakimiyyətlər bölgüsünə və icra hakimiyyətinin vahidliyinə dair konstitusion prinsiplər nəzərə alınmaqla təfsir olunmalıdır. Bu mənada, normanın məqsədi də nəzərə alındıqda o, müstəsna olaraq icra hakimiyyətinin öz daxilində müharibə veteranı adının verilməsi ilə bağlı aparılan inzibati icraat daxilində tətbiq edilən qayda kimi çıxış edir. Başqa sözlə, inzibati icraat daxilində şəxsə müharibə veteranı adının verilməsi ilə bağlı məsələni həll edərkən Müdafiə Nazirliyi Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla hərəkət edə bilər. Bu qaydada davranma vahid icraat daxilində şəxs üçün əlverişli inzibati aktın çıxarılması ilə nəticələndiyi hallarda yol veriləndir. 33. Bundan fərqli olaraq, şəxsə müharibə veteranı adının verilməsindən imtina olunduqda, hazırkı işin hallarına münasibətdə həmin imtina icra hakimiyyətinin adından Müdafiə Nazirliyi tərəfindən edilir. Öz növbəsində, məhkəmə tərəfindən iddianın təmin olunması ilə bağlı qərar işin hallarının tam və hərtərəfli araşdırılması nəticəsində müəyyən edilmiş faktlara müvafiq maddi hüquq normalarının tətbiq edilməsi ilə çıxarılır. Belə qərar iddiaçının müharibə veteranı adının verilməsi ilə bağlı tələbinin artıq təmin edilməli olduğu nəticəsini yaradır. Ona görə də, məhkəmə mübahisələri yarandıqda cavabdeh qismində də imtinanı verən orqan çıxış etməlidir. Nəzərə almaq lazımdır ki, icra hakimiyyətinin vahidliyi prinsipinə görə icra hakimiyyətini təmsil edən inzibati orqanlar məhkəmə icraatında vahid icra hakimiyyətini təmsil edirlər. Həmin orqanlar məhkəmədə mübahisəyə baxılması ilə bağlı öz hüquqlarının və maraqlarını deyil, təmsil etdikləri dövlətin, o cümlədən icra hakimiyyəti sisteminin maraqlarını qoruyurlar. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş hakimiyyətlər bölgüsü prinsipinə uyğun olaraq icra hakimiyyəti orqanlarını təmsil edən inzibati orqanlar vahid hakimiyyət qolunun tərkibi olaraq məhz icra hakimiyyətinin adından inzibati fəaliyyəti həyata keçirir və səlahiyyətlərinə aid məsələlərə dair qərarlar qəbul edirlər. Əks hal, dövlətin icra hakimiyyəti qolunun tərkibinə daxil olan qeyri-məhdud sayda inzibati orqanların məhkəmə icraatına lüzumsuz olaraq qoşulmasına rəvac verə bilər. Belə ki, hər hansı bir icra hakimiyyəti orqanının inzibati məhkəmə icraatında iştirak edərək dövləti təmsil etməsi həmişə bütün digər icra hakimiyyəti orqanlarının həmin icraata cəlb olunmasını şərtləndirmir. Bu zaman onu da nəzərə almaq lazımdır ki, icraatda iştirak edən icra hakimiyyəti orqanını təmsil edən inzibati orqan tam hüquqla proses iştirakçısı kimi vahid icra hakimiyyəti sisteminin maraqlarının müdafiəsi ilə bağlı bütün mümkün hüquqi müdafiə vasitələrindən istifadə etmək imkanına malik olur.” Göstərilənləri nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən cavabdeh AR Müdafiə Nazirliyinin imtinası qanuna zidd sayılmalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Odur ki, iddia təmin edilməlidir. İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İPM-in: -52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
NƏTİCƏVİ HİSSƏ
Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Tural Məlikov