Məhkəmə qərarları › İş №2-1(112)-109/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-109/2022

26.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-109/2022 26.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və digərlərinin cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1rşı (3-cü şəxs: "xxxx" MMC) “tikintinin dayandırılması” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, iddiaçılar İddiaçı1 və digərlərinin cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1rşı (3-cü şəxs: "xxxx" MMC) “tikintinin dayandırılması” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçılar İddiaçı1 və digərləri cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1rşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon N.Nərimanov küçəsi 3074-cü məhəllədə (N.Nərimanov küçəsi 20, 21, 22, 26 nömrəli binanın əhatəsindəki) 1485 kvm torpaq sahəsində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən keyfiyyətsiz materiallarla inşa etdirilən binanın tikintisinin dayandırılması vəzifəsi Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçıların sakini olduqları binaların əhatəsində yerləşən ümumi həyətdə/ictimai zonada bir müddət əvvəl "xxxx" MTK tərəfindən çox mərtəbəli bina tikintisi məqsədi ilə cəhd göstərilmiş və tikintiyə dair hətta müəyyən sənədləşmə işləri aparılmışdır. Lakin tikintinin ətrafa qarşı yaradacağı problemlərin ağırlığı məlum olduğundan əhalinin şikayətlərinə səbəb olmuş və Dövlət tərəfindən görülmüş tədbirlər nəticəsində həmin MTK-nın hərəkətlərinin qarşısı alınmış və mübahisəli yerdə isə Fəvvarəli park, yaşıllıq zolağı təşkil edilərək əhalinin ümumi istifadəsinə qaytarılmışdır. Lakin həmin MTK tərəfindən yol verilmiş analoji hal bu dəfə "xxxx" adlı digər MMC tərəfindən təkrarlanmış və nəticəsi isə hazır ki, vaxta kimi çox böyük mübahisələrə səbəb olmuşdur. "xxxx" MMC tərəfindən həmin parka bitişik ərazidə (yəni 177 Mb-li uşaq baxçasının yanına, ilkin təyinatı üzrə Ana və Uşaq parkı kimi 12 növ müxtəlif əyləncə elementlərindən ibarət olmaqla BŞİK-nın Mədəniyyət Şöbəsinin balansında 20 il fəaliyyət göstərmiş, lakin sonradan zəbt edilərək məhv edilmiş ictimai zonada) bina tikintisi məqsədi ilə cəhdlər edilmiş və 2013-cü ildə isə ərazi çəpərə alınaraq qazıntı işlərinə başlanmışdır. Lakin baş verən şikayət nəticəsində Aidiyatı Orqanları tərəfindən araşdırma aparılmış və texniki vasitələr ərazidən çıxarılaraq çəpər sökdürülmüşdür. Lakin 2016-cı ildə yenidən inşaat tədbirlərində başlanmış və məsələ çox böyük mübahisələrə səbəb olmuşdur. Həmin tikintidən baş vermiş yanğın hadisəsi isə tikintidə istifadə edilmiş materialların keyfiyyətsiz, tikilənin təhlükəli, etibarsız olduğuna məlum etmiş və bu cür hallara qarşı qanuna müvafiq tədbirlərin görülməsi məqsədi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşlar. xx.xx.2018-ci il tarixində gecə saatlarında baş vermiş yanğın tikintiyə dair materialların keyfıyyətsizliyini üzə çıxarmış, hadisə barədə televiziyanın İTV və digər proqramlar vasitəsi ilə ictimaiyyətə məlumat verilmişdir. Dözümlülüyü, möhkəmliyi, 1500 °C istiliyə nəzərdə tutulan və binanın daşıyıcı divarlarının əsasını təşkil edən armaturlar adi taxta qəlibin yanması nəticəsində keyfiyyətini tamamilə itirərək 180° əks tərəfə əyilmiş keyfiyyətsizi iyi gözlə görüləcək dərəcədə məlum olmuşdur. Yəni tikintiyə dair sənədləşmələrin əsassız olduğu bir tərəfə hətta tikintidə istifadə edilmiş materialların da keyfiyyətsizliyi gözlə görünəcək dərəcədə sübuta yetirilmiş və əhalinin daha da böyük narahatçılıq və narazılıqlarına səbəb olmuşdur. Çünki, bu cür keyfiyyətsiz materiallardan ibarət olan binanın gələcəkdə qəflətən uçulub dağılmayacağına və fəlakət törətməyəcəyinə heç kəs zəmanət verə bilməz. Şəhər ərazisində keyfiyyətsiz materiallardan inşa edilən müəyyən tikililərin uçub dağılması barədə geniş şərh verməyə ehtiyac yoxdur, faktlar göz qarşısındadır, söhbətin nədən getdiyi hamıya yaxşı məlumdur! Tikinti işləri aparan MMC-nin rəhbərliyi burada yaşamır və həmin tikilini sataraq buradan gedəcəklər, lakin diqqətə alınmalıdır ki, həmin bina bizim yaşadığımız binaya çox yaxın məsafədə, gündəlik istifadə etdiyimiz ərazidə inşa edilir və binanın tikintisində standartlara uyğun olmayan tikinti materiallarından istifadə edilməsi, binam təhlükəli olması hər kəsə qarşı çox böyük təhlükə mənbəyidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar olunmuş tərəflər məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz təqdim etmişdir. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli 100 nömrəli sərəncamı ilə "xxxx" MMC-yə yaşayış binasının tikintisinə icazə və tikinti işlərinin başlanılması üçün əsas olan xx.xx.2013-cü il tarixli 032 saylı xüsusi nişan verilmişdir. Bundan sonra obyektdə tikinti-quraşdırma işləri Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş icazəyə uyğun olaraq aparılmışdır. Tikinti-quraşdırma işləri aparılan zaman tikinti obyektində müvafiq qaydada texniki, müəllif və dövlət nəzarətləri aparılmış, sonradan üstü örtülən işlərin, məsul konstruksiyaların qəbulu ilə bağlı aktlar tərtib olunmuş, tikintidə istifadə edilən inşaat materiallarının keyfiyyətini yoxlanması məqsədilə müvafiq akkreditasiyadan keçmiş laboratoriya ilə müqavilə bağlanılmış və tikinti materiallarının yoxlanılması təmin olunmuşdur. İnşa olunan binanın 16-cı mərtəbəsində 24 oktyabr 2018-ci il tarixdə baş vermiş yanğının dərəcəsi yüksək olmasa da, yanğının uzunmüddətli və açıq küləkli havada olduğundan, həmin sahədə quraşdırılmış armatur karkaslarına yüksək temperaturun davamlı olaraq təsiri nəticəsində metalın fiziki-mexaniki xassələri dəyişilmiş və onlar formasiyalara uğramışdır. Yanğından sonra Agentliyin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə- X2 institutunun mütəxəssisləri tərəfindən yanğın baş vermiş yerdə öncə quraşdırılmış armaturlardan nümunələr götürülmüş, həmin nümunələr sınaqdan keçirilmiş, yerində betonun möhkəmliyi instrumental qaydada yoxlanılmış və müvafiq akt tərtib olunmuşdur. Bundan sonra, tikinti şirkəti tərəfindən deformasiyaya məruz qalmış və zədələnmiş armaturlar kəsilmiş, yanğın təsir etdiyi konstruksiyalarda müvafiq gücləndirilmə işləri aparılmış və binada tikintiquraşdırma işləri layihə sənədlərinə uyğun davam etdirilmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli Sərəncamının surəti. - Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 032 nömrəli xx.xx.2013-cü il tarixli Tikinti işlərinə başlanılması üçün əsas olan Xüsusi nişanın surəti. - S.Ə.Dadaşov adına ETLKİM İnstitutunun xx.xx.2018-ci il tarixli Sınaq Aktının surəti.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.4-cü maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.2-ci maddəsinə əsasən müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş tərəflərin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən)

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, mahiyyəti baxımından iddia əsassız olduğundan, təmin edilməməlidir. Belə ki, iddia tələbindən görünür ki, iddiaçılar Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon N.Nərimanov küçəsi 3074-cü məhəllədə (N.Nərimanov küçəsi 20, 21, 22, 26 nömrəli binanın əhatəsindəki) 1485 kvm torpaq sahəsində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən keyfiyyətsiz materiallarla inşa etdirilən binanın tikintisinin dayandırılmasını tələb edirlər. İş materiallarından görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli Sərəncamı ilə Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli 12/49 saylı məktubu, "xxxx" MMC-nin xx.xx.2012-ci il tarixli 04 saylı müraciəti və binəqədi Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 273 saylı qərarı nəzərə alınaraq, Binəqədi rayonu, 8ci mikrorayon N.Nərimanov küçəsi 3078-ci məhəllədə çoxmərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilmişdir. İş materiallarından görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən "xxxx" MMC-yə Tikinti işlərinə başlanılması üçün əsas olan 032 nömrəli xx.xx.2013-cü il tarixli Xüsusi nişan verilmişdir. İş materiallarında olan S.Ə.Dadaşov adına ETLKİM İnstitutunun xx.xx.2018-ci il tarixli Sınaq Aktından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Binəqədi rayonu 8 mkr N.Nərimanov küçəsi 3078-ci məhəllədə inşa etdiyi 17 mərtəbəli binanın 16cı mərtəbəsində 24 oktyabr 2018-ci il tarixdə baş vermiş yanğın hadisəsi zamanı E-J 1-4 oxları arası sahədə quraşdırılmış armatur karkasları yüksək temperaturun təsiri içəsində deformasiyalara uğramışdır. Texniki baxış zamanı yerində J-1, J-2, J-3, J-4, və H-4 sütunlarından, Df. 3; J-H, Df. H; 1-2 diafraqmalarından deformasiyaya məruz qalmış və yanğın istiliyi az təsir etmiş yerlərindən kəsilərək götürülmüş armatur nümunələri sınaqdan keçirilmiş, alınan nəticələr cədvəldə verilmişdir. Örtük tavasının üst mühafizə qatında yanğın nəticəsində armaturların beton mühafizə qatında çatlama, qopma və s, qüsurlara rast gəlinmədi. Yanğın qısamüddətli və mühafizə qatının istiliyin armatura keçməsinin qarşısının almasını təmin etdiyindən örtük tavası praktik zərər görməmişdir. Lakin, sütun armaturlarında sınaq nəticələrindən göründüyü kimi temperatur müəyyən yerlərə kimi paylanmış və metalın fiziki-mexaniki xassisəsinə təsir etmişdir. Bu halda üst qatın sütunlarının armaturlanması üçün düyünlərin müvafiq qaydada gücləndirilməsi aparılmalıdır. 15-ci mərtəbənin örtük tavasında yanğından istiliyin təsir etdiyi yerlərdə betonun naturada möhkəmlik həddi “Smidt Sklerometri” ilə yoxlanıldı və 32.0-35.0 MPa olması və qalınlığı üzrə eynicinsliyinin pozulmaması müəyyən edildi. Məhkəmə qeyd edir ki, xx.xx.2021-ci il tarixli məhkəmə iclasında iştirak etmiş İddiaçı1 və xx.xx.2021-ci il tarixli məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 izahatlarından müəyyən edilir ki, iddiaçıların dayandırılmasını tələb etdikləri binanın tikintisi başa çatdırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 dekabr tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyi haqqında Əsasnamə”nin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyi (bundan sonra - Agentlik) ölkə ərazisində qanunvericiliklə müəyyən edilmiş qaydada öz səlahiyyətləri daxilində tikinti sahəsinə aid fəaliyyətin bütün mərhələlərində təhlükəsizlik tələbləri ilə bağlı dövlət siyasətinin hazırlanmasında iştirak edən, bu siyasətin həyata keçirilməsini təmin edən və həmin sahədə dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 7-ci bəndinə əsasən Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır: 7.1. öz səlahiyyətləri daxilində tikinti sahəsinə aid fəaliyyətin bütün mərhələlərində təhlükəsizlik tələbləri ilə bağlı dövlət siyasətinin hazırlanmasında iştirak edir, bu siyasətin həyata keçirilməsini təmin edir və həmin sahədə dövlət nəzarətini həyata keçirir; 7.2. Nazirliyin digər struktur bölmələri, müvafiq dövlət orqanları ilə birlikdə ərazilərin, bina və qurğuların fövqəladə hallardan müdafiəsi və nəticələrinin aradan qaldırılmasının təşkilində iştirak edir; 7.3. Agentliyin fəaliyyət dairəsinə aid edilən sahələrin inkişafını təmin edir; 7.4. Agentlik qanunvericiliklə onun səlahiyyətlərinə aid olan digər istiqamətlərdə də fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli 533 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikinti işlərinin dayandırılması Qaydası”nın 1.1-ci bəndinə əsasən bu Qayda Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin (bundan sonra – Məcəllə) 92.10-cu maddəsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasının ərazisində həyata keçirilən tikinti, əsaslı təmir, yenidənqurma və bərpa işləri zamanı pozuntuların qarşısının vaxtında alınması, aradan qaldırılması və Məcəllədə nəzərdə tutulmuş hallarda tikinti işlərinin dayandırılması ilə bağlı prosedurları və mexanizmi tənzimləyir, habelə bu sahədə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərini müəyyən edir. Həmin Qaydanın 1.2-ci bəndinə əsasən bu Qaydanın əsas məqsədi tikinti işləri zamanı sifarişçi və podratçı tərəfindən qanunvericiliyin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə riayət olunmasını təmin etməkdən, insanların həyatı, sağlamlığı və əmlakı üçün potensial təhlükə yarada biləcək pozuntuların qarşısının vaxtında alınması və aradan qaldırılması üçün müvafiq tədbirləri həyata keçirməkdən ibarətdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon N.Nərimanov küçəsi 3074-cü məhəllədə (N.Nərimanov küçəsi 20, 21, 22, 26 nömrəli binanın əhatəsindəki) 1485 kvm torpaq sahəsində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən binanın tikintisi başa çatdırılıdığından, hazırkı iddia tələbi əsassızdır və təmin edilməməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və digərlərinin cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1rşı (3-cü şəxs: "xxxx" MMC) “tikintinin dayandırılması”na dair iddia tələbi təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar