Məhkəmə qərarları › İş №2-1(112)-10904/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10904/2021

16.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10904/2021 16.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X8 Ağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı 3-cü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi işə cəlb edilməklə dövlət hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı 3-cü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi işə cəlb edilməklə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli 2011-ci il 28 dekabr tarixli Fərmanına uyğun olaraq onun dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 27.08.1994-cü il tarixdən 04.11.2015-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 ildən çox həqiqi hərbi xidmət keçmişdir. Lakin, xidmət dövrü ərzində dövlət vəsaiti hesabına mənzillə təmin edilməmişdir. Baxmayaraq ki, onun belə bir hüququ olmuşdur. Bu hüququ ona “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” (Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi haqqında) Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli 2011-ci il 28 dekabr tarixli Fərmanı verir. Həmin Fərmanda yazılıb: 1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər. 2. Bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə komissiya yaradılmışdır. Komissiyaya tapşırılmışdır ki, - siyahının hazırlanması zamanı hərbi qulluqçuların qüsursuz hərbi xidmət müddətini, döyüş əməliyyatlarında iştirakını, hərbi rütbəsini, tutduğu vəzifənin xüsusiyyətlərini, ailə üzvlərinin sayını, yaşayış şəraitini nəzərə alsın; - hazırlanmış siyahını Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin; - görülən işlər barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin, - Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın icrası ilə bağlı maliyyəşməni mərhələrlə müəyyən olunmuş qaydada təmin etməlidir. Bu Fərmana əsasən o, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi dövlət vəsaiti hesabına mənzillə təmin edilməlidir və bunun üçün də kifayət qədər əsaslar mövcuddur. Belə ki, 20 təqvim ilindən artıq Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmiş, “Qüsursuz xidmətə görə” medallarla təltif olunmuş (ümumiyətlə hərbi xidmət dövründə dəfələrlə medallarla təltif olunmuşdur); hərbi xidmət dövründə heç vaxt yaşayış sahəsi ilə təmin edilməmiş, himayəsində iki qız övladı var. Müdafiə Nazirliyinin Mənzil-İstismar idarəsi tərəfindən 30.08.2021 -ci il tarixli 4762 nömrəli məktubla ona məlumat verilmişdir ki, dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi ilə bağlı müraciətinə baxılmışdır. Məktubda, Müdafiə Nazirliyi Hüquq İdarəsinin 11/3977 nömrəli 20.08.2021-ci il tarixli məktubuna əsaslanaraq bildirilir ki, cinayət törədilməsinə görə məhkum olunanlar Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanına əsasən dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi üçün müvafiq siyahıya daxil edilmirlər. Qeyd edilənlər hansı qanunvericiliyin tələblərinə əsaslanaraq yazılması başa düşülən deyildir. Belə ki, Bakı Hərbi Məhkəməsinin 23.04.2021-ci il tarixli 1 (093)-96/12 nömrəli arayışında Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinin tələbinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxs olaraq barəsində cəzanı çəkib qurtardığı gündən bir il keçdikdə məhkumluğu olmayan şəxs hesab edilmişdir. Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin bu kimi qeyri-qanuni hallara əsaslanaraq, Azərbaycan Respublikası müdafiə nazirinin 21.02.2018-ci il tarixli 63 nömrəli əmri ilə yaradılmış Komissiya tərəfindən qanunsuz olaraq barəmdə sözügedən Fərmana əsasən dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi barədə müsbət qərar qəbul edilməmiş və Maliyyə Nazirliyinə göndəriləcək siyahılara əlavə edilməməsi qənaətinə gəlinmişdir. Halbuki, sözügedən Fərmanda buna dair hər hansı hal nəzərdə tutulmamışdır. Sözügedən imtina məktubunu qanunsuz və əsassız hesab edir. Müdafiə Nazirliyi Mənzil- İstismar İdarəsinin 30.08.2021-ci il tarixli, 4762 nömrəli məktubunda sadalanan hallar sözügedən Fərmanın tələblərinə uyğun araşdırılmamış və adının mənzil siyahısına salınması təmin edilməmişdir. Fərmanda məhkumluq haqqında ifadənin işlənilməməsi nəzərə alınsa belə, barəsində çıxarılmış hökmlə bağlı Azərbaycan Respublikası Bakı Hərbi Məhkəməsinin 23.04.2021-ci il tarixli (093)-96/12 nömrəli arayışında Azərbaycan Respublikası CM-nin 83.3.2ci maddəsinin tələbinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluğu olmayan şəxslər hesab edilirlər. Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinin tələbinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumiuqla bağlı bütün hüquqi nəticələri ləğv edir. Odur ki, X4 məhkumluğu olmayan şəxs hesab edilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş 365-2288Ə-3221 nömrəli 02.03.2021-ci il tarixli arayışda, Nazirliyin uçotlarındakı məlumata əsasən və Azərbaycan Respublikası CM-nin 81-83 və 92-ci maddələrinin müddəları nəzərə alınmaqla xx.xx.1967-ci il təvəllüdlü İddiaçı məhkumluğun olmaması qeyd edilmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, Bakı Hərbi Məhkəməsinin 29 mart 2012-ci il tarixli nökmü ilə cərimə cəzasına məhkum edilməsinə baxmayaraq, Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası müdafiə nazirinin 078t nömrəli 24 iyun 2013-cü tarixli əmri ilə hətta ona “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal və vəsiqə verilmişdir. Bu halda onun cərimə cəzasına məhkum olunması xidmətində qüsurlu olmasına dəlalət etmir. Beləliklə, iddiaçı olaraq qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi tanınması yuxarıda qeyd edilən təltiflərlə təsdiq edildiyindən, 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçu olması sözügedən Fərmanda qeyd olunan hərbi qulluqçular kateqoriyasına aid edilməsinə əsas verdiyindən bu Fərman ona da, şamil edilməlidir. Hərbi xidməti ilə bağlı təltif olunduğu “Qüsursuz xidmətə görə” medallar Azərbaycan Respublikasının 2002-ci il 17 may tarixli, 330-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Qüsursuz xidmətə görə” medalı haqqında Əsasnamənin 1-ci bəndinə əsasən “Qüsursuz xidmətə görə” medalı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində qüsursuz həqiqi hərbi xidmət keçən, hər il iyun ayının 26-na qədər 10, 15, və 20 təqvim ili tamam olmuş hərbi qulluqçular təltif edilirlər. Bundan başqa, Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 164-cü maddəsinə əsasən həqiqi hərbi xidmətdən bu Əsasnamənin 156-cı maddəsinin “e” və “ə” bəndlərinə və 158-ci maddəsinə görə buraxılanlardan başqa, hərbi xidmətdə 20 il və daha artıq (təqvimi müddəti qüsursuz xidmət etmiş, həmçinin xidmət illərindən asılı olmayaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri qarşısında xüsusi xidmətləri olan şəxslərə ehtiyata və ya istefaya buraxılarkən buraxılmanı rəsmləşdirən rəislərin əmri ilə hərbi geyim formasını daşımaq hüququ verilə bilər. Müdafiə Naziriliyinin 16 oktyabr 2015-ci il tarixli 0298g (qeyd olunan əmrin çıxarışını ona təqdim edilməməsini nəzərə alaraq, məhkəmə tərəfindən bu əmrin çıxarışını Müdafiə Nazirliyindən tələb edilməsini xahiş edir) nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin “b” bəndinə əsasən yaşa görə (həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatanlar) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Hətta əmrə əsasən birdəfəlik pul mükafatına layiq görülmüşdür. Yuxarıda sadaladığı faktları və həmin faktların hüququ dayanaqlığını nəzərə alaraq, 20 təqvim ilindən çox qüsursuz xidmət etdiyini, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçusu kimi tanındığını təsdiq edir və bu, onun “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli 2011-ci il 28 dekabr tarixli Fərmanında qeyd olunan hərbi qulluqçuların kateqoriyasına aid edilməsinə əsas verir, bu baxımdan həmin Fərman ona şamil edilməlidir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsində 27.08.1994-cü il tarixdən 04.11.2015-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 ildən çox həqiqi hərbi xidmət keçdiyini göstərərək məhkəmədən onun Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul etməsini xahiş etmişdir. İddiaçı 20 təqvim ilindən artıq zabit kimi həqiqi hərbi xidmətdə olmuşdur. Lakin, iddia ərizəsinə əlavə olunmuş Bakı Hərbi Məhkəməsinin 23 aprel 2021-ci il tarixli 1(093)-96/12 nömrəli məktubundan məlum olur ki, iddiaçı Bakı Hərbi Məhkəməsinin 29 mart 2012-ci il tarixli hökmü ilə təqsirli bilinib 350 (üç yüz əlli) manat cərmə cəzasına məhkum edilmişdir. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. Həmin Fərmanın birinci hissəsinə uyğun olaraq dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə komissiya yaradılmışdır. Cavabdehin üzərinə düşən vəzifə dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq və həmin siyahını komissiyaya təqdim etməkdir. Dövlət başçısı qəbul etdiyi normativ hüquqi aktda məhz 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçulara münasibətdə dövlət vəsaiti hesabına mənzillə təmin olunmaq imtiyazı müəyyən etmişdir. İddiaçının cinayət törətməkdə təqsrli bilinib məhkəmənin hökmü ilə məhkum olunması onun hərbi xidmət dövründə qanun pozuntusuna, qüsura yol verməsi deməkdir. Məhkumluğun ödənilməsini və götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Cinayət hüquqi baxımdan bu belə də qəbul olunur. Ancaq, məhkumluqla bağlı bütün hüquqi nəticələrin ləğv olunması heç də imtiyaz və güzəşt yaratmır. O cümlədən, dövlət vəsaiti hesabına mənzil almaq imtiyazı yalnız Azərbaycan Respublikasının Silahlı Qüvvələrində (hazırda Azərbaycan Ordusunda) 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçulara verilmişdir. Dövlət vəsaiti hesabına mənzillə təmin edilmə imtiyazının 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçulara verilməsi inzibati orqanın subyektiv fikri deyildir. Belə imtiyaz Prezidentin Fərmanı ilə 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçulara verilmişdir. İnzibati orqan həmin şəxslərin dairəsini genişləndirə bilməz və ya 20 illik hərbi xidmət dövründə cinayət törətmiş və məhkum olunmuş şəxslərin xidmətini qüsursuz saya bilməz. Sual yaranır: əgər cinayət qanununda nəzərdə tutulmuş əməlin törədilməsi də qüsur deyildirsə qüsur nədir və nəyi qüsur saymaq olar? Yaxud 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçular dövlət vəsaiti hesabına mənzillə təmin edilməlidirsə normativ hüquqi aktda qüsursuz sözü nə məqsədlə işlənmişdir və hansı məna kəsb edir? Fikirlərincə, nə məhkumluğun ödənilməsini və götürülməsini, nə də ayrıayrı dövlət təltiflərinin, orden və medalların verilməsini Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanında nəzərdə tutulmuş 20 təqvim ili və daha çox xidmət etmənin qüsursuzluğu kimi qəbul etmək olmaz. Bəhs olunan Fərmanla 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçulara belə imtiyaz verilməmişdir. 2011-ci ildə dərc olunmuş Azərbaycan dilinin izahlı lüğətində (İİİ cild. Bakı, “Şərq-Qərb” Nəşriyyat evi, 2011) “qüsursuz” sözü heç bir qüsuru, eybi, nöqsanı, çatışmazlığı olmayan; nöqsansız; “qüsur” sözü isə həm eyib, nöqsan, çatışmayan cəhət, çatışmazlıq, həm də təqsir, günah, qəbahət kimi izah edilmişdir. Məhkəmə təcübəsi nəzərə alınsa, bu kateqoriya işlər üzrə Ali Məhkəmənin mövqeyi formalaşmışdır. Belə ki, 1992-2016-cı illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit kimi hərbi xidmət keçmiş, Bakı Hərbi Məhkəməsinin 18 noyabr 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirli bilinib 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək 2 il sınaq müddəti müəyyən edilməklə barəsində şərti məhkum etmə təyin edilmiş iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı dövlət vəsaiti hesabına mənzillə təmin olunacaq şəxslərin siyahısına daxil edilməsi və sıra sayının məlumat verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 yanvar 2018-ci il tarixli qərarından verdiyi apellyasiya şikayətini təmin etməyən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası 2-1 (102)-718/2018 nömrəli iş üzrə 12 aprel 2018-ci il tarixli qərarında göstərmişdir ki, iddiaçının şərti məhkum edilməsi onun qüsursuz xidmət etməsi dəlilini təkzib etməklə istinad edilən qanunvericilik normalarının onun barəsində tətbiqini istisna edir. Cavabdeh Ali Məhkəmənin qüvvədə olan hər iki qərarını qanuni və əsaslı sayır. Hesab edirlər ki, iddiaçının cinayət törətməkdə təqsili bilinib məhkəmənin hökmü ilə məhkum olunması onun hərbi xidmət dövründə yol verdiyi qanun pozuntusudur, qüsurdur. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Tərəflərə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, cavabdehin nümayəndəsi məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 30.08.2021-ci il tarixli, 4762 nömrəli məktubdan görünür ki, iddiaçının dövlət vəsaiti hesabına mənzil təminatı ilə bağlı ünvanladığı müraciətə Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsində baxılaraq bildirilmişdir ki, Müdafiə Nazirliyinin Hüquq İdarəsinin 11/3977 nömrəli, 20.08.2021-ci il tarixli məktubuna əsasən bildirilmişdir ki, cinayət törədilməsinə görə məhkum olunanlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi barədə “Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanına əsasən dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi üçün müvafiq siyahıya daxil edilmirlər. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin birinci müavini – silahlı qüvvələr baş qərargah rəisinin 0465-km nömrəli, 27 avqust 1994-cü il tarixli əmrinin surətindən görünür ki, ehtiyatda olan çavuş İddiaçı “kiçik gizir” hərbi rütbəsi verilməklə, 2 №-li Tibb Məktəbi Nəzdində hərbi feldşerlər hazırlayan faktultənin təlim tağımı komandiri təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Ərzaq Anbarı rəisinin 258 nömrəli, 4 noyabr 2015-ci il tarixli əmrindən çıxarışdan görünür ki, Baş gizir İddiaçı, laboratoriyanın saxlanc rəisi Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 0298 gm nömrəli, 16 oktyabr 2015-ci il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndilə (yaşa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığına görə 2015-ci ilin növbəti məzuniyyəti verilməklə 22 yanvar 2016-cı il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmış və hərbi uçota durmaq üçün SHXÇDX-nin Nərimanov rayon Şöbəsinə göndərilmişdir. Baş gizir İddiaçı 2015-ci il yanvar – dekabr aylarındakı xidmətinə görə Azərbaycan Respublikaıs Müdafiə nazirinin 220 nömrəli, 5 iyun 2002-ci il tarixli əmri ilə nəzərdə tutulmuş birdəfəlik pul mükafatını tam həcmdə almağa layiqdir. Baş gizir İddiaçı ehtiyata buraxılması ilə əlaqədar beş aylıq maaş miqdarında birdəfəlik pul müavinəti verilsin. İşdə olan Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Müdafiə nazirinin 25.06.2004-cü il tarixli, 068 t nömrəli, 07.03.2013-cü il tarixli, 018t nömrəli, 24.06.2013-cü il tarixli, 072 t nömrəli əmrləri ilə verilmiş vəsiqələrdən görünür ki, iddiaçı müvafiq olaraq “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” Yubiley Medalı, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2008)” Yubiley Medalı və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” Yubiley Medalı ilə təltif olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Müdafiə nazirinin 23.06.2012-ci il tarixli, 038t nömrəli və 24.06.2013-cü il tarixlxi, 078t nömrəli əmrləri ilə verilmiş vəsiqələrin surətindən görünür ki, iddiaçı müvafiq olaraq 3-cü dərəcəli və 2-ci dərəcəli “Qüsursuz xidmətə görə” medallar ilə təltif olunmuşdur. İşdə olan Bakı Hərbi Məhkəməsinin 1-(093)-96/12 nömrəli, 29 mart 2012-ci il tarixli hökmünün surətindən görünür ki, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2 və 331.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 331.2-ci maddəsi ilə həmin Məcəllənin 62.1-ci maddəsi tətbiq edilməklə 100 (yüz) manat miqdarında cərimə cəzasına, Cinayət Məcəlləsinin 331.3-cü maddəsi ilə həmin Məcəllənin 62.1-ci maddəsi tətbiq edilməklə 300 (üç yüz) manat miqdarında cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsin əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə X3 qəti olaraq 350 (üç yüz əlli) manat miqdarında cərimə cəzası təyin edilmiş, Hökmün icrası X2 yaşayış yeri üzrə Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinə həvalə olunmuş, X2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi qərara alınmışdır. İşdə olan Bakı Hərbi Məhkəməsi tərəfindən verilmiş 23 aprel 2021-ci il tarixli, 1(093)-6/12 nömrəli arayışdan görünür ki, X4 Bakı Hərbi Məhkəməsinin 29 mart 2012-ci il tarixli hökmü ilə təqsirli bilinib 350 (üç yüz əlli) manat cərimə cəzasına məhkum edilmiş və təyin edilmiş cəriməni 03 aprel 2012-ci il tarixdə tam həcmdə Dövlət büdcəsinə ödəmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinin tələbinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluğu olmayan şəxslər hesab edilirlər. Azərbaycan Respublikası CM-nin 83.6cı maddəsinin tələbinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Odur ki, X4 məhkumluğu olmayan şəxs hesab edilir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 365-2288- 3221 nömrəli, 02.03.2021-ci il tarixli arayışdan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər nazirliyinin mərkəzləşdirilmiş uçotlarındakı məlumata əsasən xx xxxx 1967-ci ildə Ermənistan Respublikası, Krasnoselo rayonunda anadan olmuş İddiaçı məhkumluğu yoxdur. Məhkumluq barədə məlumat Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81-83-cü və 92-ci maddələrinin müddəaları nəzərə alınmaqla verilmişdir. Məhkəmə işin yuxarıda sadalanan halları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikasının 2002-ci il 17 may tarixli, 330-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Qüsursuz xidmətə görə” medalı haqqında Əsasnamənin 1-ci bəndinə əsasən “Qüsursuz xidmətə görə” medalı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində qüsursuz həqiqi hərbi xidmət keçən, hər il iyun ayının 26-na qədər 10, 15 və 20 təqvim ili tamam olmuş hərbi qulluqçular təltif edilirlər. Həmin Əsasnamənin 2-ci bəndinə əsasən “Qüsursuz xidmətə görə” medalının üç dərəcəsi vardır: - “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə; - “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə; - “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal - Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə. 1-ci dərəcəli medal ən ali dərəcəlidir. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarilxi, 569 nömrəli Fərmanının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçularının dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi qərara alınmışdır. İşin hallarından göründüyü kimi, cavabdehin iddiaçının müraciətindən imtina edilməsi və inzibati məhkəmə icraatı zamanı dəlili ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin 28.12.2011-ci il tarixli, 569 nömrəli Fərmanında göstərilmişdir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçular dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər. Onun xidməti isə qüsursuz sayılmadığından mənzillə təmin olunacaq hərbi qulluqçuların siyahısına daxil edilə bilməz. Belə ki, Bakı Hərbi Məhkəməsinin 23.04.2021-ci il tarixli hökmü ilə təqsirli bilinib İddiaçı 350 (üç yüz əlli) manat cərimə cəzasına məhkum edilmişdir. Məhkəmə cavabdehin dəlilinə münasibətdə bildirir ki, inzibati məhkəmə icraatının gedişində “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Przidentinin 2011-ci 28 dekabr tarixli, 569 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 noyabr 2021-ci il tarixli Fərmanı qəbul edilmişdir. Həmin Fərmana əsasən “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrli Fərmanında (Azərbaycan Respublikasının qanunvericilik Toplusu, 2011, 12, maddə 1144) aşağıdakı dəyişikliklər edilməsi qərara alınmışdır: Fərmanın 4-cü bəndinə əsasən aşağıdakı məzmunda 3-1-ci, 3-2-ci və 3-3-cü hissələr əlavə edilsin: “3-1. Müəyyən edilsin ki, bu Fərmanın məqsədləri üçün “qüsursuz xidmət” müddəti dedikdə, bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulan müddət istisna olmaqla, hərbi qulluqçuların həqiqi hərbi xidmət müddəti nəzərdə tutulur. 3-2. Aşağıdakı müddətlər hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilmir: 3-2.1.hərbi rütbəni aşağı salma intizam tənbehinin daha əvvəl hərbi qulluqçunun üzərindən götürülməsi halları istisna olmaqla, həmin intizam tənbehi tətbiq edildiyi gündən bir il müddəti; 3-2.2.hərbi xidmət əleyhinə olan inzibati xəta törədilməsinə görə çıxarılmış inzibati tənbeh vermə haqqında qərarın icrasını bitirdiyi gündən bir il müddəti; 3-2.3.məhkumluğun olduğu müddət. 3-3. Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçusu bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulmuş müddətlərdə bu Fərmana uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin edilə bilməz”. Sözügedən Fərmanın müddəalarının hazırki işin faktiki hallarına tətbiq edilməsi zamanı müəyyən edilmişdir ki, iddiaçı 27.08.1994-cü il tarixdən, 16.10.2015-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. O, Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmrləri ilə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli və “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalları ilə təltif olunmuşdur. Azərbaycan Respublikasının 2002-ci il 17 may tarixli, 330-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Qüsursuz xidmətə görə” medalı haqqında Əsasnamənin tələblərinə əsasən isə “Qüsursuz xidmətə görə” medalı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində qüsursuz həqiqi hərbi xidmət keçən, hər il iyun ayının 26-na qədər 10, 15 və 20 təqvim ili tamam olmuş hərbi qulluqçular təltif edilir və “Qüsursuuz xidmətə görə” medalın üç dərəcəsi vardır: - Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə - “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal, Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə - “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal, Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə - “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal. 1-ci dərəcəli medal ən ali dərəcəlidir. İşin hallarından göründüyü kimi, iddiaçı Bakı Hərbi Məhkəməsinin 1-(093)-96/12 saylı, 29.02.2012-ci il tarixli hökmü ilə təqsirli bilinənədək, 350 (üç yüz əlli) manat cərimə cəzasına məhkum edilmiş, onun 20 təqvim ilindən çox qüsursuz xidməti olmuş, o, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçusu olmuşdur. Onun məhkumluğunun olduğu müddət ümumi xidmət illərinə daxil edilmədikdə 20 il qüsursuz hərbi xidmətinin olduğu müəyyən edilir. Sözügedən Fərmanın müddəalarından da, göründüyü kimi, hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə məhkumluğun olduğu müddət daxil edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə müvafiq olaraq inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin, inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə hesab edir ki, hazırki işdə İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinin digər hissəsinin, yəni, “Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür” tətbiq edilməsinin zərurətinin ortaya çıxması barizdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki halda cavabdeh orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən, bununla da, iddiaçının tələbi əsaslı olduğundan iddia tələbi təmin edilməlidir. Əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olan və Konstitusiyada təsbit edilmiş digər hüquqların təminatı kimi çıxış edən hüquq və azadlıqların inzibati və məhkəmə təminatı Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 58, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı dövlət hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar