Məhkəmə qərarları › İş №2-1(112)-10905/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10905/2022

18.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10905/2022 18.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “yerləşmə faktının müəyyən edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, BŞİH aparatı Mənzil Kooperativ Təsərrüfat İdarəsi tərəfindən verilmiş orderə əsasən iddiaçının mənzilə dair gözlənilən mülkiyyət hüquqları yaranmışdır. İddiaçı bu hüquqlarının qeydə alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətini təmin edilməsindən imtina etmişdir. Cavabdeh orderdə mənzilin yerləşdiyi mərtəbənin səhv göstərildiyinə istinad etmişdr. İddiaçı isə cavabdehin imtina əsası kimi göstərdiyi bu halın formal xarakter daşıdığını hesab edir və bunu onun mülkiyyət hüquqlarına müdaxilə kimi qiymətləndirir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, aparılmış araşdırma zamanı təqdim edilmiş Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.1995-ci il tarixli 022233 nömrəli orderdə mənzil yerləşən mərtəbə 2 kimi qeyd edilsə də, faktiki olaraq mənzil 7-ci mərtəbədə yerləşir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək məhkəmədən Bakı şəhəri, R.Behbudov küçəsi, ev 1A, blok 2, mərtəbə 7, mənzil 38 üzərində mülkiyyət hüququnun İddiaçı adına dövlət qeydiyyatına alınması və bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçıların iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Qanunvericiliyin tələbindən də göründüyü kimi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsində nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər təqdim edilməlidir. Həm də qanunverici orderin, kirayə müqaviləsinin və onun verilməsinə dair sərəncamın – hər üç sənədin eyni vaxtda mövcudluğunu şərt kimi müəyyən etmir. Həmin sənədlərdən hər hansı birinin mövcudluğu mənzilə dair hüququn qeyd alınması üçün əsasdır. Həmin Qanunun: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı inzibati mübahisənin mahiyyətindən aydın olur ki, iddiaçı BŞİH aparatı Mənzil Kooperativ Təsərrüfat İdaəri tərəfindən verilmiş order əsasında yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını iddia etmiş, cavabdeh isə orderdə mənzilin yerləşdiyi mərtəbənin nömrəsinin səhv yazıldığını qeyd etmişdir. Məhkəmə qeyd edir ki, BŞİH aparatı Mənzil Kooperativ Təsərrüfat İdarəsi tərəfindən verilmiş orderə əsasən Bakı şəhəri, R.Behbudov küçəsi, ev 1A, blok 2, mərtəbə 2, mənzil 38 4 nəfər ailə tərkibi ilə iddiaçıya verilmişdir. Həmin yaşayış binasında olan digər mənzillərə dair təqdim olunmuş orderlərin surətindən görünür ki, 2-ci blokun 2-ci mərtəbəsində məhz 22,23,24 saylı mənzillər yerləşir, 38 saylı mənzilin sıra nömrəsinə uyğun olan 37 saylı mənzil isə həmin blokun 7-ci mərtəbəsində yerləşir. Göründüyü kimi iddiaçı mənzilə dair orderə malik olsa da, həmin orderdə mənzilin yerləşdiyi mərtəbə səhv göstərilmişdir. Bununla bağlı Məhkəmə diqqətə çatdırır ki, doğrudur ki, BŞİH aparatı Mənzil Kooperativ Təsərrüfat İdarəsi tərəfindən verilmiş order iddiaçının mənzil üzərində gözlənilən mülkiyyət hüquqlarının yarandığına dəlalət edir. Buna baxmayaraq, cavabdeh orderin qüvvədə olmasını nəzərə almamış, formal imtina əsaslara istinad edərək mənzilin faktiki yerləşdiyi mərtəbənin orderdə səhv göstərildiyinə istinad etmişdir. Təkzib olunmaz haldır ki, həqiqətən mübahisə predmetini təşkil edən mənzil yaşayış binasının 7-ci mərtəbəsində yerləşir. Lakin, bu hal özü-özlüyündə iddiaçının gözlənilən mülkiyyət hüquqlarının qeydə alınmasından imtina əsası qismində çıxış edə bilməz. Belə ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin və həmin hüququn dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15.1-ci maddəsində sadalanmışdır ki, hazırki iş üzrə cavabdehin imtina əsası kimi göstərdiyi həmin hal imtina əsaslarının əhatə dairəsi düşmür. Digər tərəfdən isə, hər nə qədər cavabdeh orderdə səhvin olmasını iddiaçının ziyanına şərh etsə də, ümumiyyətlə orderdə mənzilin yerləşdiyi mərtəbənin səhv göstərilməsi iddiaçının iradə ifadəsindən asılı olmayan bir haldır və onun təqsirli hərəkəti nəticəsində meydana gəlməmişdir. Başqa sözlə desək, orderdə mənzilin yerləşdiyi mərtəbənin düzgün qeyd edilməməsi hər bir halda iddiaçının mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyatını məhdudlaşdıra bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, iddiaçı BŞİH aparatı Mənzil Kooperativ Təsərrüfat İdarəsi tərəfindən verilmiş orderdə mənzilin yerləşdiyi mərtəbənin 7-ci mərtəbə kimi düzəliş edilməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, onun həmin tələbi Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2009-cu il tarixdən etibarən vətəndaşa order vermək (orderdə düzəliş etmək) səlahiyyəti olmaması əsası ilə mümkün sayılmamışdır. Bundan başqa, iddiaçı aidiyyəti üzrə ümumi məhkəməyə müraciət etsə də, Binəqədi rayon Məhkəməsi tərəfindən iddianın icraata qəbulundan imtina edilmiş və aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə müraciət olunması izah olunmuşdur. Göründüyü kimi iddiaçı mülkiyyət hüquqlarının qeydə alınması ilə bağlı məhkəməyə müraciət etməzdən əvvəl, orderdə düzəlişin edilməsi ilə bağlı iddia ərizələri ilə müraciət etmiş, lakin hazırda Bakı şəhər İcra Hakimiyyətinin order vermək və ya orderdə düzəliş etmək səlahiyyətləri olmadığından, iddiaçı arzuladığı nəticəni (orderdə mənzili 7-ci mərtəbədə göstərilməsi) əldə edə bilməmişdir. Beləliklə Məhkəmə hesab edir ki, BŞİH aparatı Mənzil Kooperativ Təsərrüfat İdarəsi tərəfindən verilmiş orderdə mənzilin yerləşdiyi mərtəbə səhv göstərilsə də, təqdim olunmuş digər orderlərdən də göründüyü kimi mənzilin sıra nömrəsinə uyğun olan digər mənzillərin hər biri 7-ci mərtəbədə yerləşdiyindən, o cümlədən orderdə göstərilən texniki səhv hər hansı fiziki şəxsin mülkiyyət hüquqlarına müdaxilə etmədiyindən, eyni zamanda bu hal qanunvericilikdə sadalanmış imtina əsaslarının əhatə dairəsi düşmədiyindən, cavabdehin imtinası əsassız hesab olunur. Son olaraq Məhkəmə vurğulamağı zəruri hesab edir ki, orderdə göstərilən X2 (iddiaçının anası) vəfat etmiş, digər iki şəxs (X1 və X3) sə məhkəmə icraatı zamanı ərizə təqdim edərək mənzilin iddiaçının adına özəlləşdirilməsinə etirazlarının olmadığını bildirmişdirlər. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, R.Behbudov küçəsi, ev 1A, blok 2, mərtəbə 7, mənzil 38 üzərində mülkiyyət hüququnun İddiaçı adına dövlət qeydiyyatına alınması və bu barədə çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar