Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10908/2024 04.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi, X4 Əmir oğlunun sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1959-cu il təvəllüdlür. İddiaçıya məxsus НЗ ******* nömrəli hərbi biletə əsasən iddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək orduda xidmət etmişdir (02 il 06 gün). ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı: - xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək “Azərneftmaşremont” İstehsalat Birliyində qazanxana-çilingər-yığma sahəsinə 2-ci dərəcəli fəhlə (08 ay 02 gün); - xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək Maştağa tikinti materialları kombinatı M.P.S.M. Azərbaycan SSR Nardaran sexinə 1-ci dərəcəli fəhlə (07 ay 25 gün); - xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Petrov adına Bakı maşınqayırma zavodu 1 saylı KSS-a 1-ci dərəcəli çilingər peşəsində (01 il 01 ay 16 gün); - xx.xx.1981-ci il tarixdən xx.xx.1984-cü il tarixədək 37 saylı mağazada kiçik satıcı daha sonra satıcı (02 il 10 ay 17 gün); - xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı il tarixədək Petrov adına Bakı maşınqayırma zavodu 1 saylı sexdə 2-ci dərəcəli çilingər vəzifəsində (01 il 11 ay 06 gün); - xx.xx.1986-cı il tarixdən xx.xx.1995-ci il tarixədək Bakı biskvit fabriki Tədarük şöbəsi 3-cü dərəcəli qəbuledici-təhvilverici, daha sonra əmtəəşünas vəzifəsində (09 il 07 gün); - xx.xx.1996-cı il tarixdən xx.xx.2003-cü il tarixədək X6 Fabrikində aparıcı əmtəəşünas, daha sonra fabrikin lojistik müdürlüyünə yardımçı vəzifəsində (06 il 08 ay 28 gün); - xx.xx.2009-cu il tarixdən xx.xx.2009-cu il tarixədək "xxxx" ASC-də F/s R Rəşidovun (VÖEN **********) satıcı vəzifəsində (01 ay) işləmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzii Filialına (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdehin iddiaçıya ünvanlanan imtina məktubunda bildirilmişdir ki, “...Təqdim etdiyiniz sənədlərin surətlərinə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən ümumi sığorta stajınız (xx.xx.1978-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək hərbi xidmətdə olduğunuz müddət də nəzərə alınmaqla) 20 il 10 ay 10 gün təşkil edir. Eyni zamanda xx.xx.2006-cı il tarixinədək fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 18 il 4 ay 10 gün sığorta stajına uyğun olaraq 18501,76 manat, xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək 3996,94 manat olmaqla, ümumilikdə 22498,70 manat təşkil edir ki, bu məbləğ pensiya yaşınız tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 40320,00 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin bildiririk ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarf’na əsasən əmək kitabçanızın surətində qeyd edilmiş xx.xx.2003-cü il tarixindən xx.xx.2004-cü il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işə daxilolma tarixi qeyri-iş gününə təsadüf edir) həmin dövrün sığorta stajınıza daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Bildiririk ki, sözügedən dövr üzrə əmək fəaliyyətinizi təsdiq edən zəruri sənədləri (əmək haqqı cədvəlləri və əmr kitablarından çıxarış) DOST Mərkəzlərinə təqdim etməklə təkrar müraciətiniz əsasında həmin dövrün sığorta stajınıza daxil edilməsinə qanunvericiliyə uyğun olaraq baxılacaqdır. Eyni zamanda bildiririk ki, təqdim etdiyiniz Dövlət Arxivinin Bakı Filialının xx.xx.2024cü il tarixli 3-48-2F/2-İ-12xx-xx-1906/2024 saylı arayışında Bakı Biskivit Fabrikinin 1986- 1991-ci illərə dair arxiv sənədləri və əməkhaqqı cədvəllərində adınıza rast gəlinmədiyi qeyd olunduğu üçün sözügedən dövrlərin də sığorta stajınıza daxil edilməsi mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq, sığorta stajınız qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.” İddia tələbi və iddianın əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı xx.xx.1986-cı il tarixindən xx.xx.1991-ci il tarixindək Bakı Biskvit Fabrikində işlədiyi müddət və xx.xx.2003-cü il tarixindən xx.xx.2004-cü il tarixinədək "xxxx" MMC-nin direktor vəsifəsində işlədiyi müddət əmək stajına əlavə edilməklə, əmək stajının yenidən hesablanaraq, ona yaşa görə əmək pensiya təyin edilməsi və əmək pensiyasına çıxma haqqının yaranan gündən ödənilməyən əmək pensiyanın hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının “X2 xx.xx.1986-cı il tarixdən xx.xx.1991-ci il tarixinədək Bakı Biskvit Fabrikində işlədiyi dövrlər sosial sığorta stajı kimi nəzərə alınmaqla (65 yaşdan) yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı yaşa görə əmək pensiyasının təyin olunması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəz Filialına müraciət etmişdir. Müraciət edərkən əmək kitabçasını təqdim etmişdir. Cavabdeh iddiaçının ümumi əmək stajını hesablayaraq ona yaşa görə əmək pensiyasının düşmədiyini hesab etmişdir. Bu səbəbdən də ona 220 manat sosial müavinət təyin olunmuşdur. Cavabdeh xx.xx.2024-cü il tarixli cavabında ona 17 il, 18 gün iş stajı hesablamışdır. O, təkrar olaraq cavabdehə məni əmək pensiyasının təyin olunması üçün müraciət etdim. Bildirirəm ki, ikinci müraciətimə xx.xx.2024-cü il tarixli 3-17-1/2-1-103186/2024 saylı cavabla cavabdehin hesablamasına görə əmək kitabçasındakı iş stajı cəmi 20 il, 10 ay, 10 gün təşkil etmişdir. Bildirir ki, cavabdehin xx.xx.2024-cü il tarixli cavabını iddiaçı poçtla xx.xx.2024-cü il tarixində əldə etmişdir. Lakin işlədiyi xx.xx.1986-cı il tarixindən xx.xx.1991-ci il tarixindək Bakı Biskvit Fabrikində işlədiyi iş stajını cavabdeh qeydə almamışdır. Səbəb olaraq əməkhaqqı cədvəlində adının olmamasını bildirmişdir. Bundan əlavə olaraq xx.xx.2003-cü il tarixindən xx.xx.2004-cü il tarixinədək "xxxx" MMC-nin direktor vəsifəsində işlədiyi müddət də iş stajına cavabdeh tərəfindən qəbul edilməmiş və səbəb kimi işə daxil olma tarixinin qeyri iş gününə təsadüf etməsi göstərilmişdir və bunu əsas götürərək həmin müddətlər üçün işlədiyi vaxtı iş stajına hesablamamışdır. Cavabdehin isə onun əmək stajı kimi qəbul etdiyi müddət 20 il, 10 ay, 10 gün təşkil etmişdir. Beləliklə: 20 il, 10 ay, 10 gün (hərbi xidmət daxil olmaqla cavabdeh tərəfindən hesablanan) + 5 il, 2 ay, 25 gün (Əməkhaqqı cədvəlinin olmamasına görə hesablanmayan) + 0 il, 10 ay, 1 gün (İşə daxil olma vaxtı qeyri iş gününə düşən və cavabdeh tərəfindən hesablanmayan) = 26 il, 11 ay, 6 gün təşkil edir. Bu da onun “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən əmək pensiyasına çıxamağına əsas verir. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbi üzrə iş materiallarından aydın olur ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün xx.xx.2024-cü il tarixdə Mərkəzi Filiala müraciət etmiş, xx.xx.2024-cü il tarixli 3-17-1/2-1-103186/2024 nömrəli məktub ilə İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Bundan sonra iddiaçı Mərkəzi Filiala qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı sığorta stajının qanuni sənədlər, əmək kitabçası əsasında təsdiq edildiyini və həmin sənədlərin mötəbərliyinin mübahisəsiz olduğunu iddia edir. Hesab edirik ki, iş üzrə iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. İddiaçı müraciəti araşdırılarkən onun təqdim etdiyi əmək kitabçasının surətinə əsasən ümumi sığorta stajının 20 il 10 ay 10 gün təşkil etdiyi müəyyən edilmişdir. Həmçinin, iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2006-ci il tarixdən xx.xx.2018-ci il tarixədək pensiya kapitalı qeydə alınmamışdır. Tətbiq edilən hüquq: “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Sözügedən maddənin qeyd hissəsində müəyyən olunur ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qeyd olunan Qanunun 22-1.1 -ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Qeyd olunan normaların məzmunundan aydın olduğu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 2 tələb ödənilməlidir: 1) Vətəndaşın yaşı bu qanunla nəzərdə tutulan yaş həddinə çatmalıdır; 2) Onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir, yaxud azı 25 il sığorta stajı mövcud olmalıdır. Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(102)-269/2024 nömrəli qərarında qeyd olunur ki, 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edilməli olması şərti, iddiaçının da öz tələbinin əsası kimi onun adına tərtib olunmuş əmək kitabçasındakı məlumatlara əsaslanması nəzərə alındıqda, əmək kitabçasındakı məlumatların mötəbərliyi özü-özlüyündə şübhə doğurmamalı, əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirməlidir. Belə ki, məhkəmə təqdim olunmuş sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmalı, cavabdehin də əsaslandığı şübhələri aradan qaldıran, iş stajına dair qeydlərin mötəbərliyini təsdiq edən sübutlara əsaslanmalıdır. İddiaçı təqdim etdiyi əmək kitabçasının surətinə əsasən mübahisələndirilməyən sığorta stajı, ümumilikdə, 20 il 10 ay 10 gün təşkil edir və qanunvericiliyin minumum 25 il sosial sığorta stajı tələbi ödənilmir. İddiaçı Mərkəzi Filiala təqdim etdiyi əmək kitabçasının surətinə əsasən xx.xx.1986-cı il tarixdən xx.xx.1991-ci il tarixədək “Bakı Biskivit Fabriki”ndə, xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü il tarixədək "xxxx" MMC-də işlədiyini iddia edir və həmin dövrlərin sığorta stajına daxil edilməsini xahiş edir. İddiaçı əmək kitabçasında qeyd olunan xx.xx.1986-cı il tarixdən xx.xx.1991 -ci il tarixədək “Bakı Biskivit Fabriki”ndə olan mübahisələndirilən əmək fəaliyyəti dövləri aşağıdakı səbəbdən sığorta stajına daxil edilməmişdir. İddiaçının təqdim etdiyi xx.xx.2024cü il tarixli 3-48-2F/2-İ-12xx-xx-1906/2024 nömrəli arxiv arayışı ilə xx.xx.1986-cı il tarixdən 203 saylı əmrlə işə qəbul edilib, xx.xx.1995-ci il tarixdən işdən azad edildiyi qeyd edilsə də, arxiv arayışına əlavə edilmiş əməkhaqqı cədvəli ilə iddiaçıya yalnız 1992-ci il tarixdən 1995-ci il tarixədək əməkhaqqı ödənildiyi müəyyən olunur ki, həmin dövrlər iddiaçının sığorta stajına daxil edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdən 220 manat məbləğində proaktiv qaydada yaşa görə sosial müavinət təyin edilmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia ərizəsi müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia mümkünlük şərtlərinə cavab verir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuş, iddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. ... Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür). Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə:
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. ...
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları
3. Sosial sığorta stajının hesablanması proseduru 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası... Hazırki iş materiallarından görünür ki, pensiya yaşı tamam olmuş iddiaçının hüquqi marağı yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdan ibarətdir. Hesab edilir ki, iddiaçının əmək stajı 25 ildən artıq olduğundan ona “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə müvafiq olaraq yaşa görə əmək pensiyası təyin edilməlidir. Qanunun yuxarıda qeyd edilən tələbinə əsasən pensiya yaşı tamam olmuş şəxsin əmək pensiyası hüququ yaranması üçün alternativ olaraq ya şəxsin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmalı və ya bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olmalıdır. İddiaçının cavabdeh inzibati orqan tərəfindən mübahisəsiz qəbul edilmiş stajı 20 il 10 ay 10 gündür. Mübahisəli dövr iddiaçının xx.xx.1986-cı il tarixdən xx.xx.1991-ci il tarixədək “Bakı Biskivit Fabriki”ndə işlədiyi dövrlərdir. Məhkəmə cavabdeh tərəfindən mübahisələndirilən xx.xx.1986-cı il tarixdən xx.xx.1991-ci il tarixədək “Bakı Biskivit Fabriki”ndə olan iş stajı ilə bağlı aşağıdakıları qeyd edir: İddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı xx.xx.1986-cı il tarixdə Bakı Biskvit Fabriki Tədarük şöbəsinə 203 nömrəli əmrlə 3-cü dərəcəli qəbuledicitəhvilverici işinə qəbul edilmiş, 60 nömrəli əmrlə xx.xx.1989-cu il tarixdən 3-cü dərəcəli qəbuledici-təhvilverici işi təsdiq edilmiş, 300 nömrəli əmrlə xx.xx.1991-ci il tarixdən Tədarük şöbəsinə əmtəəşünas keçirilmiş, 309 nömrəli əmrlə xx.xx.1993-cü il tarixdən 9-cu əmtəəşünas dərəcəsi müəyyən edilmiş, 116 nömrəli əmrlə xx.xx.1995-ci il tarixdən öz xahişi ilə işdən azad edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Dövlət Arxivinin Bakı Filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli məktublarında göstərilmişdir ki, Dövlət Arxivinin Bakı filialında saxlanılan Bakı Biskvit Fabrikinin arxiv sənədlərinin şəxsi vərəqlərində xx.xx.1959-cu il təvəllüdlü vət. İddiaçı xx.xx.1986-cı il tarixli 203 saylı əmrlə xx.xx.1986-cı il tarixdən satış şöbəsinə 3-cü dərəcəli qəbuledici-təhvilverən vəzifəsinə işə qəbul olunması, xx.xx.1995-cu il tarixli 116 saylı əmrlə xx.xx.1995-ci il tarixdən öz xahişi ilə işdən azad olunması barədə məlumatlar mövcuddur. Bakı Biskvit Fabrikinin 1986-1992-ci illərə dair arxiv sənədləri əmək haqqı cədvəllərində vət. İddiaçı əmək haqqı hesablanması barədə heç bir məlumat yoxdur. Sorğuya şəxsi vərəqin təsdiq edilmiş ksero surəti 2 (iki) vərəqdən ibarət əlavə edilir. Əlavə olaraq bildirilmişdir ki, Bakı Biskvit Fabrikinin arxiv sənədləri əmək haqqı cədvəlləri 67 (altmış yeddi) saxlanma vahidi 2506 (iki min beş yüz altı) vərəqdən ibarət olmaqla Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin sənədlərin həcmi iri olduğundan təqdim edilməsi imkan xaricindədir. Dövlət Arxivinin Bakı Filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli məktubları ilə məhkəməyə təqdim edilmiş iddiaçının şəxsi vərəqinin İİİ hissəsində işə qəbul və yerdəyişmə ilə bağlı aşağıdakılar göstərilmişdir: - xx.xx.1986-cı il tarixdə Bakı Biskvit Fabriki Tədarük şöbəsinə 3-cü dərəcəli qəbuledici-təhvilverici işinə qəbul edilmiş (əmr № 203, xx.xx.1986), - xx.xx.1989-cu il tarixdən 3-cü dərəcəli qəbuledici-təhvilverici işi təsdiq edilmiş (əmr № 60, xx.xx.1989), - xx.xx.1991-ci il tarixdən Tədarük şöbəsinə əmtəəşünas keçirilmiş (əmr № 300, xx.xx.1991), - xx.xx.1993-cü il tarixdən 9-cu əmtəəşünas dərəcəsi müəyyən edilmiş (əmr № 309, xx.xx.1993), - xx.xx.1995-ci il tarixdən öz xahişi ilə işdən azad edilmişdir (əmr № 116, xx.xx.1995) İddiaçının şəxsi vərəqinin İV hissəsində məzuniyyətlə bağlı aşağıdakılar göstərilmişdir: - 1986/1987 dövr üçün xx.xx.1987-xx.xx.1988-ci il tarixlərdə, - 1987/1988 dövr üçün 01.09-xx.xx.1988-ci il tarixlərdə, - 1988/1989 dövr üçün 17.08-xx.xx.1989-cu il tarixlərdə, - 1989/1990 dövr üçün 20.08-xx.xx.1990-cı il tarixlərdə, - 1990/1991 dövr üçün xx.xx.1991-xx.xx.1991-ci il tarixlərdə, - 1991/1992 dövr üçün 07.06-xx.xx.1993-cü il tarixlərdə, - 1992/1993 dövr üçün xx.xx.1993-xx.xx.1993-cü il tarixlərdə, -1993/1994 dövr üçün xx.xx.1994-xx.xx.1994-cü il tarixlərdə növbəti məzuniyyətdə olmuşdur. İddiaçının şəxsi vərəqinin V hissəsində əlavə məlumatlarla bağlı aşağıdakılar göstərilmişdir: - 01.05.1992-xx.xx.1992-ci il tarixədək anbar rəisi, - 06.07.1992-xx.xx.1992-ci il tarixədək Tədarük şöbəsinin müdiri vəzifələrini icra etmişdir. İddiaçının şəxsi vərəqində onun 116 nömrəli xx.xx.1995-ci il tarixli əmrlə xx.xx.1995ci il tarixdən öz xahişi ilə işdən azad edilməsi göstərilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Dövlət Arxivinin Bakı Filialı tərəfindən təqdim eilmiş xx.xx.2024-cü il tarixli məktubla Dövlət Arxivinin Bakı filialında saxlanılan Bakı Biskvit Fabrikinin arxiv sənədlərinin 1986-1991-ci illərə dair arxiv sənədləri əmək haqqı cədvəllərində vət. İddiaçı əmək haqqı hesablanması barədə heç bir məlumatın olmaması bildirilmişdir. Göründüyü kimi, iddiaçıya məxsus əmək kitabçasında Bakı Biskvit Fabrikində iş stajı ilə bağlı olan məlumatlar iddiaçının şəxsi vərəqində qeyd edilən məlumatlarla öz təsdiqini tapır. Belə ki, əmək kitabçasında həmin dövrlə bağlı olan məlumatlar, olduğu kimi, yəni işə qəbul, yerdəyişmə və işdən azad olunma ilə bağlı əmrlər (tarixləri və nömrələri) iddiaçının şəxsi vərəqində də qeyd edilmişdir. Cavabdeh iddiaçının xx.xx.1986-cı il tarixdən xx.xx.1991-ci il tarixədək “Bakı Biskivit Fabriki”ndə olan iş stajının mübahisələndirilməsinə dair mövqeyini əməkhaqqı cədvəli ilə iddiaçıya yalnız 1992-ci il tarixdən 1995-ci il tarixədək əməkhaqqı ödənilməsi ilə əsaslandırmışdır. Məhz bu məqamı əsas götürərək cavabdeh iddiaçıya 25 il əmək stajının tamam olmamasını əsas gətirərək əmək pensiyasının təyin olunmasından imtinanın əsaslığını sübut etməyə çalışmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının məhz 1986-1991-ci illərə dair arxiv sənədləri əmək haqqı cədvəllərində iddiaçıya əmək haqqı hesablanması barədə məlumat olmasa da, iddiaçının xx.xx.1986-cı il tarixdə Bakı Biskvit Fabriki Tədarük şöbəsinə 3-cü dərəcəli qəbuledici-təhvilverici işinə qəbul edilməsi, (əmr № 203, xx.xx.1986), xx.xx.1989cu il tarixdən 3-cü dərəcəli qəbuledici-təhvilverici işi təsdiq edilməsi (əmr № 60, xx.xx.1989), xx.xx.1991-ci il tarixdən Tədarük şöbəsinə əmtəəşünas keçirilməsi (əmr № 300, xx.xx.1991), xx.xx.1993-cü il tarixdən 9-cu əmtəəşünas dərəcəsi müəyyən edilməsi (əmr № 309, xx.xx.1993), xx.xx.1995-ci il tarixdən öz xahişi ilə işdən azad edilməsi (əmr № 116, xx.xx.1995); həmçinin mübahisələndirilən dövrlərdə, yəni 1986-1991-ci illər ərzində hər il növbəti məzuniyyətə getməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən iddiaçının mübahisələndirilən dövrdə işdən çıxması və sonradan həmin müəssisəyə qayıtması, həmçinin həmin müddətdə öz hesabına məzuniyyətdə olması barədə inzibati orqan tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, kifayət qədər mötəbər və ciddi sübutlarla dəstəklənən əks hal müəyyən olunmayıbsa, “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Analoji mübahisələr üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1535/2024 nömrəli xx.xx.2024-cü il tarixli, 2-1(102)-2226/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarlarında kassasiya instasiyası məhkəməsinin mövqeyi eyni olaraq göstərilmişdir. Mübahisələndirilən dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Məhkəmə qeyd edir ki, əmək kitabçasında olan qeydlərlə bağlı hər hansı narahatçılıq yaradan məqamlar olmadığından oradakı məlumatlar əmək stajının hesablanması zamanı əsas götürülməlidir. Nəzərə almaq lazımdır ki, mübahisələndirilən dövrlər üzrə (xx.xx.1986-cı il tarixdən xx.xx.1991-ci il tarixədək) iddiaçıya aid əmək kitbaçasındakı qeydlər ilə ona aid arxiv məlumatları arasında hər hansı bir uyğunsuzluq yoxdur. Əmək kitbaçasındakı qeydlər arxiv məlumatları ilə təsdiqlənir. İPM-in 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İddiaçının işlədiyi dövrlər üzrə əmək haqqı ödənişləri barədə müvafiq sənədlərin tərtib edilməsi, onların aidiyyəti orqana verilməsi kimi bir vəzifəsi olmamış və onların hər hansı bir səbəbdən mövcud olmamasından doğan nəticə onun sosial təminat hüququnu məhdudlaşdırmamalıdır. Beləliklə, məhkəmə bildirir ki, qanunverici əmək pensiyasının təyin edilməsi üçün iki mühüm şərt müəyyən etmişdir: 1) əmək pensiyasının təyin olunması iddiasında olan şəxsin qanunla müəyyən edilmiş yaş həddinə çatması; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi və ya bu pensiya təminatına imkan vermədikdə azı 25 il sığorta stajının olması. İddiaçı xx.xx.1959-cu il təvəllüdlü olduğundan ona yaşa görə əmək pensiyasının təyin olunmasına hüquq verən yaş həddinə xx.xx.2024-cü il tarixdə çatmışdır. Başqa sözlə iddiaçının yaşla bağlı tələbi ödənilmişdir. Həmçinin, onun tələb olunan 25 il sığorta stajı mövcuddur. Belə ki, iddiaçının hərbi bilet və əmək kitabçasında olan məlumatları əsasında hərbi xidmət müddəti 02 il 06 gün + “Azərneftmaşremont” İstehsalat Birliyində işlədiyi müddət (08 ay 02 gün) + Maştağa tikinti materialları kombinatı M.P.S.M. Azərbaycan SSR Nardaran sexində işlədiyi müddət (07 ay 25 gün) + Petrov adına Bakı maşınqayırma zavodu 1 saylı KSS-da işlədiyi müddət (01 il 01 ay 16 gün) + 37 saylı mağazada işlədiyi müddət (02 il 10 ay 17 gün) + Petrov adına Bakı maşınqayırma zavodu 1 saylı sexdə işlədiyi müddət (01 il 11 ay 06 gün) + Bakı Biskvit Babrikində işlədiyi müddət (09 il 07 gün) + X6 Fabrikində işlədiyi müddət (06 il 08 ay 28 gün) + "xxxx" ASC-də F/s R.Rəşidovun satıcısı işlədiyi müddət (01 ay) nəzərə alınmaqla ümumilikdə 25 il 01 ay 18 gün təşkil edir ki, bu da pensiya hüququnun təsdiq edilməsi üçün yetərlidir. Beləliklə, cavabdeh tərəfindən mübahisələndirilən və məhkəmə tərəfindən mötəbərliyi müəyyən edilən 5 il 2 ay 25 gün də nəzərə alındıqda, iddiaçının 25 ildən artıq sığorta stajının olduğu təsdiq edilir. Odur ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə,
qərara aldı:
İddia tələbi təmin edilsin. X2 xx.xx.1986-cı il tarixdən xx.xx.1991-ci il tarixinədək Bakı Biskvit Fabrikində işlədiyi dövrlər sosial sığorta stajı kimi nəzərə alınmaqla (65 yaşdan) yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
X5