Məhkəmə qərarları › İş №2-1(112)-1091/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1091/2023

01.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1091/2023 01.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçıya üçüncü qrup əlillik təyin edilmiş, cavabdeh isə təyin edilmiş əlilliyin qrupundan narazı olduğundan iddia tələbinə dəqiqləşmə zərurəti yaranmışdır. İddiaçı iddia tələbinə dəqiqləşmə verərək ona ikinci qrup əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Sonradan iddiaçı tələbinə dəqiqləşmə verərək 3-cu qrup əlilliyin təyin edilməsi barədə qərarın ləğv edilməsini və 30 mart 2022-ci il tarixli göndəriş əsasında 2-ci qrup əlilliyin təyin edilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xəstəliyi ilə əlaqədar uzun müddət müalicələr almışdır. Lakin, xəstə olmasına baxmayaraq ona əlilliyin təyini həyata keçirilməmişdir. Halbuki onun diaqnozu və ağırlaşma müəyyən edən göndərişdəki kodlar əlilliyin müəyyən edilməsinə əsas verir. Cavabdehin etirazları: Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, ona 27 iyul 2013-cü il tarixli göndəriş əsasında əlillik təyin edilmiş, bir-neçə dəfə təyin edilmiş əlilliyin müddəti bitdikdən sonra cavabdehin 24 sentyabr 2021-ci il tarixli göndəriş əsasında qəbul etdiyi qərarla diaqnozun əlillik təyin etməməsi səbəbindən müraciətin təmini həyata keçirilməmişdir. 30 mart 2022-ci il tarixli göndəriş isə natamam doldurulduğundan əlilliyin təyini həyata keçirilməmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Qeyd olunmalıdır ki, iddiaçıya əlillik təyin edildiyindən, hazırkı tələb isə təyin edilmiş əlilliyin qrupunun dəyişdirilməsi ilə bağlı olduğundan hazırkı iddia qərarın ləğvi kimi qeyd edilməsindən asılı olmayaraq mahiyyəti baxımından inzibati aktda dəyişiklik edilməsi ilə bağlıdır ki, həmin iddia ilə bağlı da inzibati orqana əvvəlcədən müraciət edilməsi zərurəti yoxdur. Əlavə olaraq onun da qeyd edilməsi zəruridir ki, iş materiallarında olan 28 iyul 2022ci il tarixli qərarı təkcə iddiaçıya yox, digər şəxslərə münasibətdə də əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlıdır. Məhkəmə araşdırması zamanı, eyni zamanda iddiaçının dəqiqləşməyə uyğun vermiş olduğu izahla da müəyyən edilir ki, iddiaçının dəqiqləşmə ərizəsində 3-cü qrup əlilliyin təyin edilməsi barədə qərarın ləğvi ona münasibətdə təyin edilmiş əlilliyin ləğvi barədədir və iddiaçı məhz ona 3-qrup əlilliyin təyini barədə qərarın, yəni ona aid hissədə qərarın ləğvini tələb edir. Bu səbəbdən də məzmun etibarı ilə aydın olan həmin tələbin yenidən dəqiqləşdirilməsi zərurəti mövcud olmamış, iddiaçıya mahiyyəti üzrə baxılan iddia barədə məlumat verilmişdir. Nəzərə alınmalıdır ki, AR İPM-nin 52-ci maddəsinə uyğun olaraq məhkəmə ifadə tərzi ilə bağlı deyildir. Odur ki, dəqiqləşdirilmiş formada iddia tələbi də məzmun etibarı ilə iddiaçının hüquqi marağına uyğun olduğundan formanın dəqiqləşdirilməsi zərurəti müəyyən edilməmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Arayış və epikriz, çıxarışlardan göründüyü kimi iddiaçı göndərişdə qeyd olunan xəstəliklərdən əziyyət çəkir. İş materiallarında olan qərarlardan görünür ki, iddiaçı 30 iyul 2013-cü il tarixdən əlilliyi müəyyən edilmiş şəxs olmuşdur. 7 saylı BŞX-nin göndərişindən görünür ki, əsas diaqnoz S 42.3 (bazu sümüyünün cisminin sınığı), ağırlaşmalar M17.5, M24.5, R26.8, M62.5 olmaqla iddiaçı barəsində əliliyin təyini üçün göndəriş göndərilmişdir. Cavabdehin imtina sənədindən görünür ki, dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişin natamam doldurulması səbəbindən əlilliyin təyinindən 08 aprel 2022-ci il tarixdə aparılmış müayinə əsasında imtina edilmişdir. Digər bir göndəriş əsasında isə cavabdeh ümumiyyətlə diaqnozun əlillik təyin etməməsi səbəbindən cavabdehin müraciətinin təminindən imtina etmişdir. Məhkəmə tərəfindən aralıq inzibati akt qəbul edilərək yoxlamanın yenidən aparılmasının təmin edilməsi cavabdehdən tələb edilmiş, cavabdeh tərəfindən ona ümumi xəstəlik səbəbi ilə beş il müddətinə üçüncü dərəcə əlilliklə bağlı təyinat aparılmışdır. Ekspert rəyindən görünür ki,tibbi sənədlərin təhlilinə əsasən onda göndərişdə olan bud sümüyünün aşağı 1/3-nin qeyri-düzgün bitişmiş sınığı, sol bazu sümüyünün orta 1/3 bitişmiş sınığı metal lövhəylə ostiosintezində sonrakı vəziyyət, sol qasıq və oturaq sümüklərin bitişmiş sınığı müəyyən edilir. Tətbiq edilən hüquq və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə iş materiallarını nəzərdən keçirərək və aşağıdakıların qeyd edilməsini zəruri sayaraq hesab edir ki, iddia rədd edilməlidir. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. İddia tələbindən də göründüyü kimi iddiaçı əlilliyin təyininə əsas olmuş göndəriş əsasında ona üçüncü qrup yox, ikinci qrup əlilliyin təyini tələb edir ki, bu zaman göndərişin göndərildiyi dövrdə və həmin göndəriş əsasında əlilliyin qiymətləndirilməli olduğu dövrdə qüvvədə olan qanunvericilik normalarının tətbiqi zəruridir. Həmin dövrdə qüvvədə olan Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin:

2. Əlilliyin müəyyən olunması meyarları 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13-İ13.2, İ20-İ25, İ30- İ31.9, İ33); 2.2.2 ağır formalı bədxassəli qan xəstəlikləri (C80-C96.9); 2.2.3. ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, ikinci dərəcə tənəffüs çatışmazlığı ilə (A15-A16.9,J96-J96.9); 2.2.4. ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (J31-J32.9,J35-J37.1J41.0-J70.9,J84- J86.9,J91-J95.8); 2.2.5. ümumi qidalanmanın kəskin nəzərəçarpan dərəcədə zəifləməsi ilə müşahidə olunan, həzm sisteminin tez-tez residiv verən (ildə azı 4 dəfə) ağır xroniki xəstəlikləri (ümumi qidalanmanın zəifləməsi əsasən boy-çəki əmsalına və qan azlığının səviyyəsinə görə müəyyən edilir, həzm traktının müxtəlif səviyyələrində bu göstəricilər müxtəlif cür dəyişdiyindən ümumi qidalanmanın zəifləmə dərəcəsini nozoloji vahiddən asılı olaraq ekspert təyin edir) (K20-K22.1, K25-K29.9, K31.0-K31.9, K50-K55.9, K58-K60.5, K62-K63.9, K65.8, K71-K77.0, K85-K86.9); 2.2.6. ikinci və üçüncü dərəcə böyrək çatışmazlığı və ildə azı dörd dəfə kəskinləşmə ilə müşayiət olunan xroniki böyrək xəstəlikləri (N03, N11.9, N13-N13.9, N14-N14.4, N18-N18.9); 2.2.7. endokrin xəstəliklər nəticəsində hədəf orqanlarda funksiya pozuntularına səbəb olan patoloji dəyişikliklər (E00, E07-E07.9, E10, E12, E15-E16.1, E22.0-E22.1, E23.0- E23.2, E23.7, E24-24.9, E25.8, E26.9, E27.1-E27.9, E32-E32.8, E34-E34.1, E34-E35.8); 2.2.8. etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30-G32.9, G80-G80.9); 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəkikoordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri (G00-G14, G20,G23-G23.9, G25-G26, G35-G37.8, G45-G46.8, G95-G95.9); 2.2.10. hər iki gözdə görmə itiliyinin korreksiya ilə 0,08 və ondan az olması və ya görmə sahəsinin 20 dərəcəyədək konsentrik daralması (H40-H40.9, H47-H47.5, H52-H53.9); 2.2.11. epilepsiya, tez- tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9); 2.2.12. hər iki aşağı ətraf damarlarının xroniki xəstəlikləri, İİ – İİİ dərəcəli arterial və ya venoz çatışmazlığı ilə - (İ70.2, İ73-İ74, İ74.3, İ80-İ80.3, İ83.0-İ83.9); 2.2.13. İİV-infeksiyasının İİİ və İV (QİÇS) mərhələləri - (B20-B24); 2.2.14. lokalizasiyasından asılı olmayaraq, İİİ - İV mərhələ bədxassəli şişlər- (C00-C97); 2.2.15. xoralanma ilə müşayiət olunan xroniki yayılmış dəri xəstəlikləri. 2.4. Tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda ikinci dərəcə əlillik müddətsiz təyin edilir: 2.4.1. ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01- İ09,İ11.0, İ13.0-İ13.2, İ23-İ23.8, İ24-İ24.8, İ25.3-İ25.5, İ50-İ50.9, Z95.0); 2.4.2. nefrektomiya nəticəsində və ya anadangəlmə bir böyrəyin olmaması: ikinci dərəcəli xroniki böyrək çatışmazlığı ilə (N18-N18.9, Q60, Z90.5); 2.4.3. şizofreniya, paranoidpsixotik halı (remissiya baş verməyən hal) (F20-F20.9); 2.4.4. emosional-iradi pozuntular və psixopatabənzər davranışla müşayiət olunan imbesillik və ya debillik İQ=35-50 arası, o cümlədən orta dərəcəli kəmağıllıq(demensiya) (F60.0-F62.9, F45- F45.9, F48-F48.9, F70-F79); 2.4.5. dağınıq skleroz (G35); 2.4.6. bir budun güdülü (Z89.8); 2.4.7. bir əlin olmaması (Q71.2, Z89.1); 2.4.8. beyin maddəsində və ya miokardda yad cismin olması - (Z95.0-Z95.8, T82.5); 2.4.9. tez-tez müşahidə olunan daxili qanaxma hemoartrozla müşayiət olunan hemofiliya (D66); 2.4.10. heteroziqot B talassemiya və davamlı anemiya ilə müşayiət olunan homoziqot talassemiya (D56.1). İş materiallarında olan göndərişlərdən, eləcə də 30 mart 2022-ci il tarixli göndərişdən görünür ki, əsas diaqnozu S42.3 kod altında olmaqla bazu sümüyünün cismi sınığı və s ilə əlaqədardır. 30 mart tarixdə imzalanmış göndərişdə isə əsas diaqnozla yanaşı aşağıdakı ağırlaşmalar da öz əksini tapmışdır: M62.5-Əzələlərin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi və s R26.8- Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları və s M24.5- Oynaqların kontrakturası və s M17.5-digər ikinci qonatrozlar və s Yanakı xəstəlik isə S72.4 kod altında bu sümüyünün aşağı ucunun sınığı və s ilə bağlı olmuşdur. Yuxarıda adıçəkilən qanunvericiliyin müddəalarından da göründüyü kimi iddiaçının iddia tələbinin əsaslılığı cavabdeh tibb müəssisəsi tərəfindən göndərilmiş göndərişin əsasında aparılmış qiymətləndirmənin qanunsuz olması halından asılıdır. Cavabdeh isə adıçəkilən göndərişdə göndərilmiş əsas diaqnoz və digər kod altında olan xəstəliklər əsasında aparmış olduğu qiymətləndirmədə haqqlı olaraq hesab etmişdir ki, həmin xəstəliklər üçüncü qrup əlilliyin təyininə əsas verir. İddiaçı isə həmin xəstəliklərin üçüncü qrup yox, məhz ikinci qrup təyin edilməsini tələb edir ki, həmin tələbin təmini üçün iddiaçı barəsində tərtib edilmiş göndərişdə olan xəstəliklərin Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də öz əksini tapmış ikinci qrup əlilliyin təyini üçün əsas olmuş xəstəliklərə uyğun gəlməsi mütləqdir. Həmin uyğunluq isə xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq müəyyən edilmiş kodların uyğunlaşdırılması ilə mümkündür. Hazırkı işin faktiki halları isə göstərir ki, iddiaçıda mövcud olan xəstəliklər ikinci qrup yox, məhz üçüncü qrup əlilliyin təyininə əsas verir. Ekspert rəyi ilə də müəyyən edildiyi kimi iddiaçıda göndərişdə olan xəstəliklər mövcuddur və iddiaçı həmin xəstəlikdən əziyyət çəkir. Cavabdeh də görünür ki, həmin halı nəzərə almaqla məhkəmə icraatı gedişində əlilliyin təyini həyata keçirmişdir. Lakin, iddiaçı isə ona ikinci qrup əlilliyin təyin edilməsi olması qənaətindədir ki, əlilliyin təyini barədə qərarın ona aid hissədə ləğv edilməli olması və ona ikinci qrup əlilliyin təyininə əsas verəcək hallar, yəni ikinci qrup əlilliyin təyini üçün Əsasnamədə konkret siyahısı müəyyən edilmiş xəstəliklər ən azından əlilliyin təyininə əsas olan göndərişlərdə öz əksini tapmamışdır. Bununla bağlı olaraq qeyd edilməlidir ki, Yuxarıda adıçəkilən Qaydanın 2.1-ci maddəsinə əsasən Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Göründüyü kimi cavabdeh tərəfindən elektron qaydada təqdim edilmiş göndəriş əsasında əlilliyin təyini həyata keçirilir. Odur ki, ikinci qrup əlilliyin təyini üçün ikinci qrup əlilliyin təyininə əsas verə biləcək xəstəliklərin kodlar göstərilməklə göndərişdə öz əksini tapması mütləqdir. İş materiallarında olan göndərişdən isə görünür ki, həmin göndərişdə olan xəstəliklərin kodları ikinci yox üçüncü qrup əlilliyin təyininə əsas verən xəstəliklərin kodlarına uyğun gəlir. Odur ki, hazırkı halda iddiaçıda müəyyən edilmiş mövcud kodlarda olan xəstəliklər əsasında cavabdehin 2-ci qrup əlilliyin təyinini həyata keçirməməsi qanuni və əsaslıdır. Odur ki, iddia rədd edilməlidir.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar