Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10910/2025 17.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müarciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o İddiaçı xx.xx.1958-ci ildə Ermənistan SSRin Amasiya rayonunun Güllübulaq kəndində anadan olmuşdur. xx.xx.1979-cu ildən xx.xx.1996-cı ilədək müxtəlif müəssisələrdə müəyyən vəzifələrdə işləmişdir. Həmin dövrdə AR Nazirlər Kabinetinin 5 iyul 2004-cü il tarixli qərarı ilə müəyyən edilmiş əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatlarda bəzi vəzifələr tutmuşdur. Əmək fəaliyyətinə xx.xx.1979-cu ildə 282 №li əmrlə “Azərelektrosvet” (Azərelektroişıq) zavodunda quraşdırıcının (montajçının) şagirdi kimi başlamış, xx.xx.1979-cu ildə həmin zavodda ikinci dərəcəli quraşdırıcı təyin olunmuşdur. xx.xx.1981-ci ildə isə 516 №li əmrlə həmin zavodun ikinci dərəcəli anbardan təyin olunmuşdur. Daha sonra 24 №-li əmrlə xx.xx.1982-ci ildə ikinci dərəcəli lümistent lampaları yığan maşının sazlayıcısı vəzifəsinə təyin olunmuşdur. xx.xx.1982-ci ildə öz ərizəsi ilə işdən azad edilmişdir. ‘‘Azərelektrosvet” (Azərelektroişıq) zavodunda əmək fəaliyyətini yekunlaşdırdıqdan sonra xx.xx.1982-ci ildə yeməkxanada aşpaz köməkçisi kimi davam etmiş. xx.xx.1982-ci ildə öz ərizəsi ilə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.1982-ci ildə 149 №li əmrə əsasən, Azərbaycan Dağ Mədənində Kapital Təmir şöbəsinə ikinci dərəcəli anbardar vəzifəsinə təyin edilmiş. Daha sonra isə xx.xx.1984-cü ildə öz ərizəsi ilə həmin vəzifədən azad edilmişdir. xx.xx.1984-cü ildə 2 nömrəli “Yeni Bakı Broyler” Fabrikində dördüncü dərəcəli çilingər kimi əmək fəaliyyətimi davam etdirmiş. xx.xx.1988-ci ildə kəsim sexinə işçi təyin edilmişdir. Göründüyü kimi, xx.xx.1979-cu ildən xx.xx.1982-ci ilədək və xx.xx.1982-ci ildən xx.xx.1984-cü ilədək zərərli və agır istehsalatlarda işləmişdir. Lakin, ona pensiya təyin olunan zaman bu hallar nəzərə alınmamışdır. “Azərelektrosvef' (Azərelektroişıq) zavodunda işlədiyim müddətdə xx.xx.1982-ci il tarixdə anadan olmuş qızı (Namazova) X1 xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. Bununla bağlı AZ-1№ 271696 nömrəli ölüm haqqında şəhadətnamə xx.xx.2007ci il tarixində verilmişdir. Bununla bağlı AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 4 saylı Bakı DOST Mərkəzinə ərizə ilə müraciət edərək yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdi. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialının xx.xx.2025-ci il tarixli, 3-17-1/2- N-86254/2025 nömrəli məktubu ilə bildirilmişdir ki, “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, miivafiq yaşa çatmış şəxslərin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1- dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyuı tarixinə qeydə alınmış pensiya kapitalı olduqda 2019- 2025- ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı ilin yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim etdiyiniz sənədlərin surətində qeyd olunmuş məlumatlara əsasən, cəmi sığorta stajınız 15 il 9 ay 18 gün təşkil edir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, ümumi sığorta stajınız qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. "Sosial müavinətlər haqqında "AR Qanununun 7.0.2ci maddəsinə əsasən, yaşa görə müavinət-əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən onun AR Nazirlər Kabinetinin 5 iyul 2004-cü il tarixli qərarı ilə müəyyən edilmiş əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatlarda işləməyi nəzərə alınmamış əmək pensiyası hüququ kobud formada pozulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiyanın təyini zamanı, yalnız ümumi sığorta stajı deyil, həm də əmək şəraiti nəzərə alınmalıdır. Həmçinin, Nazirlər Kabinetinin 5 iyul 2004-cü il tarixli qərarı ilə müəyyən edilmiş qaydalara əsasən, zərərli və ağır istehsalatlarda işləyən şəxslər, digər işçilərdən fərqli olaraq, əlavə məzuniyyət hüququ qazanırlar və bu şəraitdə işləyənlər üçün müəyyən hüquqi təminatlar mövcuddur. Nəzərə almaq lazımdır ki, bu dövr və şərait pensiya kapitalının hesablanmasında vacib rol oynayır, çünki zərərli istehsalatlarda çalışan işçilər, uzun müddət bu cür şəraitdə fəaliyyət göstərdikdə sağlamlıq problemləri ilə üzləşə bilərlər və buna görə onların pensiya təminatı düzgün müəyyənləşdirilməlidir. Cavabdeh iddia tələbinə qarşı yazılı ərizə təqdim edərək iddia tələbinin mümkün hesab edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək ona yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. İddiaçının müraciəti rəsmi şəkildə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən cavablandırılmışdır. Lakin iddia ərizəsindən görünür ki, hal-hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciəti daxil olmaq istəyir. Göründüyü kimi iddiaçı məhkəməyə müraciət etdiyi tələb ilə bağlı cavabdeh orqana müraciət etməmişdir. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə iclasında iddianın mümkünlüyü ilə bağlı cavabdehin vəsatəti tərəflərlə müzakirə edildi. İddiaçı iddianın mümkünlüyü ilə bağlı izah edilənlərin ona aydın olduğunu bildirdi. Cavabdeh ərizənin dəlillərinə uyğun izahat verərək iddia tələbinin mümkün hesab edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən qərarında həmçinin qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. (2.3-cü bənd) ... İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd) İş materiallarında və iddiaçının izahatından müəyyən edilir ki, iddiaçı xx.xx.2025-ci il tarixdə 4 saylı Bakı DOST Mərkəzinə müraciət etmişdir. Müraciət ərizəsində iddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeleyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ösənişlərin Təyinatı üzrə Mərkəz Filialına ümumi qaydada yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Hazırkı iddia tələbində isə, iddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeleyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia verərək güzəşrli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. Göründüyü kimi, iddiaçının həm cavabdehə müracitə mövcud deyil, həmçinin onun DSMF SÖTMF-na etdiyi müraciət hazırkı iddianın əsaslarına uyğun deyil. Belə olan halda məhkəmənin qənaətinə görə, hazırkı iş üzrə mübahisə mövcud deyil. Buna görə də məhkəmə hesab edir ki, mümkünlük şərtinə cavab vermədiyindən iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmə iddiaçıya izah edir ki, güzəştli şərtlərlə pensiya təyin olunması üçün iddiaçı ilk növbədə DSMF Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəz Filialına güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı müraciət etməli, müraciətinin təmin olunmasından imtina edildiyi təqdirdə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-10910/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10910/2025
17.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver