Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10916/2021 23.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X3 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı əmrin ləğv edilməsi, torpaq sahəsi üzərində icarə hüququnun həyata keçirilməsinə maneələrin aradan qaldırılmasına dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı Xaçmaz rayonu, Çarxı stansiyası tək boğazında 17 saylı yoldəyişəndən ayrılan uzunluğu 960 p/m olan dəmir yolu xəttinin İnfrastruktur Departamentinin balansına verilməsinə dair "xxxx" QSC-nin 5203 saylı, 31.05.2013-cü il tarixli əmrinin ləğv edilməsi, Xaçmaz rayon İcra Hakimiyyəti başçısının 28.12.2005-ci il tarixli, 365/1 saylı “uzunmüddətli icarəyə torpaq sahəsi ayrılması haqqında” sərəncamı və digər hüquqmüəyyənedici sənədlər əsasında yaranmış icarə hüququnun həyata keçirilməsinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılmasına dair iddia tələbləri ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonu, Çarxı dəmir yolu stansiyasından ayrılan 1,0 km uzunluğunda olan dəmir yolu xətti, iddia tələbləri üzrə cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin balansında olmamışdır. Belə ki, həmin xətt sonradan, ayrı-ayrı vətəndaşların vəsaiti hesabına çəkilmiş olmaqla müəyyən müddət istifadə edilmiş, sonradan baxımsızlıqdan yararsız hala düşmüşdür. 2005-ci ildə tərəfindən yerli icra hakimiyyəti orqanına müraciət edilərək, bəhs edilən dəmir yolu xəttini istifadə etmək arzusunu bildirmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, buna qədər yuxarıda qeyd etdiyi məlumatları toplaması səbəbindən, bəhs edilən xəttin "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin balansında olmadığını öyrənmiş və bu səbəbdən həmin təşkilata deyil, yerli icra halimiyyəti orqanına müraciət etmişdir. Çünki, cavabdeh təşkilatın yerli strukturları tərəfindən dəmir yolu xəttinin onların balansında olmadığı ona bildirilmiş, aidiyyati üzrə torpaq sahəsinin üzərində sərəncamverici orqan olaraq yerli icra hakimiyyəti orqanına müraciət edilməsi tövsiyyə olunmuşdu. Bu səbəbdən, Xaçmaz rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət etmişdir. Ərizəsi araşdırıldıqdan sonra, Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının 28.12.2005-ci il tarixli 365/1 saylı “uzunmüddətli icarəyə torpaq sahəsi ayrılması haqqında” Sərəncamı verilmişdir. Sərəncama əsasən, Xaçmaz rayonu, Çarxı dəmir yolu stansiyasından ayrılan 1,0 km uzunluqda olan dalan dəmir yolu xəttinin altındakı 2,0 ha torpaq sahəsi həmin yolun əsaslı təmir və yenidənqurma işlərinin aparılması məqsədilə 99 il müddətinə onların icarəsinə verilmişdir. Eyni zamanda, həmin Sərəncamla, ayrılmış torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanması və müqavilənin qeydiyyata alınması nəzərdə tutulmuşdur. Bundan sonra, Xaçmaz rayon İcra Hakimiyyəti ilə aralarında 29.12.2005-ci il tarixli, 546 saylı “Torpaq icarəsi müqaviləsi” bağlanılmışdır. Müqavilə 29.12.2005-ci il tarixində 546 saylı qeydiyyat ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz Rayon Şöbəsində qeydiyyata alınmışdır. Bundan əlavə, icarəyə verilmiş torpaq sahəsinə dair Xaçmaz rayonu, Çarxı bələdiyyəsinin yerquruluşu xəritəsindən Çıxarış tərtib edilmişdir. Həmin Çıxarış Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon Şöbəsi tərəfindən tərtib edilməklə, Xaçmaz rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən də möhürlə təsdiq edilmşdir. Bundan sonra icarəyə götürdüyü torpaq sahəsində olan dalan dəmir yolu xəttini Sərəncama uyğun olaraq əsaslı təmir və yenidənqurma işləri həyata keçirməklə abad və işlək vəziyyətə gətirmişdir. Həmin vaxtdan bəhs edilən dalan dəmir yolu xətti onun istifadəsindədir. Təxminən 10 il sonra, cavabdeh təşkilatın yerli qurumu tərəfindən ona məhdudiyyətlər yaradılmağa başlamışdır. Belə ki, yerli qurumun rəhbərliyinə təyin edilmiş şəxslər dalan dəmir yolunun İdarəyə aid olduğunu əsas gətirərək, istifadəni yalnız onlarla razılaşdırmalı olduğunu bildirmişlər. O, əlində olan sənədləri göstərsə də, bunun xeyri olmurdu. Bir müddət müəyyən çətinliklərlə də, olsa xəttdən istifadə edə bilirdi. Lakin, 2020-ci ildə onun istifadəsinə konkret olaraq imkan verilməyəcəyi bildirildikdə, bu barədə, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyinə müraciət məktubu yazmışdır. Cavab olaraq, 29.09.2020-ci il tarixində ona "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin İnfrastruktur departamentinin rəisi Füzuli Quliyevin imzası ilə 2280 nömrəli məktub göndərilmişdir. Məktubda bildirilir ki, dəmir yolu xətti Cəmiyyət sədrinin 31.05.2013-cü il tarixli 5203 saylı əmri ilə İnfrastruktur departamentinin balansına verilmişdir. Beləliklə, o, pozulmuş hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İlk olaraq mülki icraat qaydasında, müstəsna aidiyyat qaydasına uyğun olaraq, torpaq sahəsinin və üzərindəki qurğu olan dalan dəmir yolu xəttinin yerləşdiyi ərazi Xaçmaz rayonu ərazisi olduğu üçün, aidiyyat qaydalarına görə iddia tələblərinə Xaçmaz Rayon Məhkəməsində baxılmalı olduğunu düşünərək, həmin məhkəməyə iddia ərizəsi ilə mraciət etmişlər. Lakin, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-922/2021 saylı, 23.02.2021-ci il tarixli qərardadı ilə iddia ərizəsi geri qaytarılmış, iddianın cavabdehin ünvanı üzrə verilməli olduğu qeyd edilmiş və aidiyyatı üzrə müvafiq məhkəməyə müraciət edilə biləcəyi izah edilmişdir. Bu əsasla cavabdeh təşikilatın ünvanı üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmək qərarına gəlmişlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişlər və orada mahiyyəti üzrə tam araşdırma aparılsa da, sonda Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli 2(006)-2974/2021 saylı qərardadı ilə icraata xitam verilməsi qərara alınmışdır. Qərardadın əsaslandırmasına görə, mübahisələndirdikləri əmr təbii inhisar subyektinin ümumi (publik) hüquq sahəsindəki qərarıdır və həmin qərardan irəli gələb mübahisə inzibati icraat qaydasında baxılmalıdır. Bu səbəbdən mülki iş üzrə icraata xitam verilməli və iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2974/2021 saylı qərardadından şikayət vermişlər. Şikayətə baxan məhkəmə onu təmin etməyərək apellyasiya instansiyasına göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 7383/2021 saylı, 14.07.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli 2(006)- 2974/2021 saylı qərardadı dəyişdirilməldən saxlanılmışdır. Belə olduqda, inzibati icraat qaydasında məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsinə müvafiq olaraq, iddiaya qarşı münasibət təqdim edilməsi məqsədilə sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, Xaçmaz rayonu, Çarxı dəmir yolu stansiyasından ayrılan, uzunluğu 960 p.m. olan dəmir yolu "xxxx" QSC-nin 31.05.2013-cü il tarixli 5203 nömrəli əmrinə əsasən İnfrastruktur departamentinin 1 saylı müəssisəsinin balansına verilmiş və hazırda infrastruktur deparamentinin 1 nömrəli Xaçmaz yol sahəsinin istifadəsindədir. Xüsusi ilə vurğulamaq istəyirlər ki, sözügedən dəmir yolunun mühafizə zonası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 fevral tarixli 33 nömrəli qərarı ilə təsdiq edilmiş “Dəmiryolları üçün və dəmiryolunun sanitariya-mühafizə zonası üçün torpaqayırma normaları”na əsasən 20 metr təşkil edir. Göstərilənlərə əsasən "xxxx" QSC tərəfindən dəmir yoluna aid torpaq sahəsini 31.05.2013-cü il tarixli 5203 nömrəli əmrlə İnfrastruktur departamentinin 1 saylı müəssisəsinin balansına vermişdir. Qanunvericiliyin tələbinə əsasən nəqliyyat təyinatlı torpaqlar xüsusi mülkiyyətə verilə bilməz və Xaçmaz rayon İcra Hakimiyyətinin nə dəmir yolunu, nə də dəmir yolunun mühafizə zonasında yerləşən torpaq sahəsini hansısa vətəndaşın istifadəsinə vermək səlahiyyəti müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 22-ci maddəsinin 1-ci bəndinə əsasən sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. Həmin Məcəllənin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlət mülkiyyətində olan torpaqlara daxildir. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.02.2005-ci il tarixli, 33 nömrəli qərarı ilə təsdiq edilmiş "Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydalan"nın 2-ci hissəsinin 3-cü abzasına əsasən təhkim zolağı - dəmir yolunun mühafizə zonasına aid olan və dəmir yolu xətlərinin torpaq yatağına bitişən, dəmir yolu nəqliyyatının təhlükəsiz fəaliyyət göstərməsi məqsədilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə və ya başqa təşkilatlara, müəssisələrə və ya idarələrə verilmiş dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardır. Həmin Qaydaların 15-ci bəndinə əsasən xüsusi mühafizə zonası hüdudlarında yalnız dəmir yolu obyektlərinin möhkəmliyi və dayanıqlığının təmin edilməsinə yönəldilmiş işlər görülə bilər. Bu qaydalarda nəzərdə tutulmuş fəaliyyət istisna olmaqla, xüsusi mühafizə zonası ərazisində hər hansı digər təsərrüfat fəaliyyəti qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 48.2. inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. Yuxarıda qeyd olunanları əsas tutaraq, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “əmrin etibarsız hesab edilməsi və cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, hal-hazırda məhkəmənin icraatında olan 2-1(112)-10916/2021 saylı inzibati iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, iddia ərizəsinin məzmunundan müəyyən edilir ki, iddiaçının hazırki iddia tələbini qaldırmaqda hüquqi marağı, Xaçmaz rayonu, Çarxı dəmir yolu stansiyasından ayrılan 1.0 kv.m uzunluğundakı dəmir yolu xəttinin altındakı torpaq sahəsi üzərindəki icarə hüququnun həyata keçirilməsinə maneələrin aradan qaldırılmasıdır. Göründüyü kimi, hazırki mübahisənin predmeditini müəyyən ərazi və daşınmaz əmlakla bağlı hüquq münasibəti təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxıldığından və hazırki iş üzrə mübahisə predmetini təşkil edən dəmir yolu xətti Xaçmaz rayonunda yerləşdiyindən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.1-ci maddəsi rəhbər tutularaq, hazırki inzibati iş aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 dekabr tarixli, 4 nömrəli, “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Qərarının 17.9-cu bəndinə əsasən Sumqayıt İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, Xaçmaz rayonu Bakı İnzibati Məhkəməsinin dislokasiya üzrə ərazisinə aid olmadığından, hazırkı iş aidiyyətı üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili, eləcə də, cavabdehin nümayəndəsi inzibati işin aidiyyəti üzrə göndərilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirdilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə əsasən «Predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi müvafiq səlahiyyətli məhkəməyə göndərir». Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 8.1.1, 8.2, 8.5 və 80-cı, maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı Xaçmaz rayonu, Çarxı stansiyası tək boğazında 17 saylı yoldəyişəndən ayrılan uzunluğu 960 p/m olan dəmir yolu xəttinin İnfrastruktur Departamentinin balansına verilməsinə dair "xxxx" QSC-nin 5203 saylı, 31.05.2013-cü il tarixli əmrinin ləğv edilməsi, Xaçmaz rayon İcra Hakimiyyəti başçısının 28.12.2005-ci il tarixli, 365/1 saylı “uzunmüddətli icarəyə torpaq sahəsi ayrılması haqqında” sərəncamı və digər hüquqmüəyyənedici sənədlər əsasında yaranmış icarə hüququnun həyata keçirilməsinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılmasına dair 2-1(112)-10916/2021 saylı inzibati iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-10916/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10916/2021
23.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver